«YEKATERİNBURQ İMTAHANI»
Vurulmuş təyyarədən nümayişkaranə qisasadək. Rusiya-Azərbaycan münasibətləri necə soyudu?
Müəllif: Tofiqəxanım QASIMOVA
«Burada əsrlər boyu çətinliklər yaşanıb, Burada Nikolaşkanı öldürüblər, hər bir qala isə Demidovlar ailəsini xatırladır». Bir vaxtlar məşhur rus şanson ifaçısı və bəstəkarı Aleksandr Novikov Yekaterinburq haqda belə oxuyardı.
Bu gün isə Yekaterinburqu bir çox ekspert Bakı-Moskva münasibətlərində yeni, görünməmiş böhranın başlanğıc nöqtəsi kimi qəbul etməyə hazırdır. Azərbaycan Xarici İşlər Nazirliyinin sərt bəyanatı, mediada gedən tənqidi məqalələr, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfərinin təxirə salınması, Azərbaycanda rusiyalı artistlərin iştirakı ilə keçirilməli olan tədbirlərin ləğvi – Azərbaycan-Rusiya ikitərəfli münasibətləri SSRİ-nin dağılmasından bu yana belə vəziyyətə düşməmişdi.
Səbəb məlumdur – Rusiya güc strukturlarının Yekaterinburqda etnik azərbaycanlılara qarşı kütləvi basqını. Bu basqın nəticəsində təxminən 50 nəfər saxlanılıb. Ölənlər də var – Hüseyn və Ziyəddin Səfərov qardaşları. Şahidlərin sözlərinə görə, güc strukturlarının nümayəndələri onları sadəcə, ölənə qədər döyüblər. Cəsədlər üzərində Bakıda aparılmış ekspertiza göstərib ki, ölümə çoxsaylı xəsarətlərin yaratdığı travmatik şok səbəb olub. Rusiya tərəfinin rəsmi açıqlaması isə belədir: qardaşlardan biri ürək tutmasından, digəri emboliyadan ölüb. Məhkəmə-tibbi ekspertizasının belə saxtakarlığına nadir halda rast gəlmək olar.
«Qətl» yazılır, bəs əslində nə baş verib?
Rəsmi versiyaya görə Rusiyanın hüquq mühafizə orqanları Yekaterinburqun etnik azərbaycanlılara məxsus kafelərindən birində 2001-ci ildə baş vermiş qətl hadisəsilə bağlı istintaqı bərpa edib. Prinsipcə bu, normaldır. Təcrübədə hüquq mühafizə orqanlarının çoxdan qapadılaraq arxivə atılmış cinayət işi ilə bağlı istintaqı bərpa etməsi halları kifayət qədərdir. Belə ki, bir sıra hallarda tam başqa cinayət işi ilə bağlı araşdırmalar zamanı illər əvvəl baş vermiş hadisənin məlum olmayan detalları üzə çıxır və s.
Lakin Yekaterinburqda bu, reallığa heç cür uymur. Əvvəla həbsləri Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlıları həyata keçirib, halbuki Rusiyada FTX «adi» cinayət işləri ilə məşğul olmur. İkincisi, saxlanılanların sayı həddindən artıq çoxdur. Üçüncüsü, həbslər zamanı hadisənin törədildiyi vaxt cəmi 3-4 yaşında olmuş uşaqları da aparıblar! Nəhayət, silahsız insanların saxlanılması zamanı iki nəfərin ölməsi, beş nəfərin xəstəxanaya düşməsi istənilən halda, normal hal kimi qiymətləndirilə bilməz. Üstəlik, şahidlər onlara da az qala ölüm həddinədək işgəncə verildiyini bildirirlər. Bildirilir ki, saxlanılan zaman insanların bədəninə elektrik cərəyanı buraxılıb, onlar amansızlıqla döyülüb və s.
Bütün bunlardan yalnız bir qənaətə gəlmək olar: Yekaterinburqda etnik zəmində repressiya baş verib. Bəli, insanlar sadəcə azərbaycanlı olduqları üçün saxlanılıblar.
«Miqrantlarla mübarizə», yoxsa «nümayişkaranə cəzalandırma»?
Əlbəttə, düşünmək olar ki, baş verənlər ksenofobiyanın, «miqrantofobiya»nın növbəti təzahürlərindəndir. Hər halda, bu gün Rusiyada miqrantları bütün bəlaların səbəbkarı kimi göstərmək sanki bir dəbə çevrilib. Cinayətlərin real statistikası kimi «xırdalığa» heç kim diqqət yetirmir. Yetirsə, orada miqrantların heç də «ön sıralar»da yer almadığını görəcək. Bununla yanaşı, Ukrayna müharibəsi və bir neçə səfərbərlik dalğası fonunda artıq Rusiyanın əmək bazarında işçi qüvvəsi çatışmazlığı hiss olunmaqdadır. Buna baxmayaraq, hakimiyyət miqrantları «yem»ə çevirərək Ukrayna cəbhəsinə göndərməkdədir. Şahidlər bildirirlər ki, belə bir vəziyyətdə Rusiyada «miqrant ovu» mütəmadi şəkildə həyata keçirilir. Bu zaman yalnız azərbaycanlılar deyil, Mərkəzi Asiyadan olan miqrantlar da hədəfə alınır. Bu zaman saxlanılanlara, xüsusilə yerli vətəndaş olmayanlara ordu ilə müqavilə imzalamaları, cəbhəyə yollanmaları «təklif edilir». Əks halda onlar deportasiya, iş icazəsindən məhrum olunma, hətta «ciblərinə narkotik atılması» ilə hədələnirlər.
Rusiyanın öz sərhədlərindən kənarda belə, insanları ələ almaq cəhdlərinə rast gəlinir. Qırğızıstandakı «Rus evi» ətrafında yaranmış qalmaqalı buna misal göstərmək olar. Məlum olmuşdur ki, bu qurum cəbhəyə muzdlu döyüşçülər yığmaqla məşğuldur.
Bir sözlə, hər şeyi öz adı ilə çağırsaq, əminliklə deyə bilərik ki, Yekaterinburqda istər Rusiya vətəndaşı olan, istərsə də Azərbaycan pasportu daşıyan etnik azərbaycanlılara qarşı nümayişkaranə şəkildə repressiya aparılır.
Bakı ilə Moskva arasında münasibətlər 2024-cü ilin sonlarınadək kifayət qədər konstruktiv və yaxşı idi. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı teleaparıcı Dmitri Kisilyova müsahibə də vermişdi. Lakin baş vermiş bir faciə ilə hər şey dəyişib. Söhbət Azərbaycana məxsus mülki təyyarənin Qroznı hava limanına eniş etməyə hazırlaşarkən bu ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasından, nəticədə, təyyarənin Qazaxıstanın Aktau şəhərinə məcburi eniş etməyə çalışarkən qəzaya uğramasından gedir.
Ekspertlər əmindirlər ki, həmin vaxt Moskva bu hadisənin siyasi böhrana çevrilməsini əngəlləmək üçün bütün imkanlara malik idi. Bunun üçün, sadəcə, məsuliyyəti qəbul etmək, adekvat şəkildə üzr istəmək, baş verənlərin obyektiv araşdırılmasına şərait yaratmaq kifayət idi. Lakin Rusiya bütün bunların əvəzinə hadisəni «ört-basdır» etməyə çalışaraq, qəzanın səbəbini «təyyarənin quş sürüsü ilə toqquşması» kimi absurd versiya ilə izah etməyə çalışıb, hadisənin araşdırılmasını tələb edən Azərbaycanın bu istəyi isə açıq narazılıqla qarşılanıb. İki ölkə arasındakı münasibətlərdə böhranın başlanğıcı məhz həmin an sayılır.
O zaman Rusiya tərəfi Bakının prinsipial mövqeyinə cavab olaraq Azərbaycan diasporuna qarşı «nifrət kampaniyası»na başlayıb. Bu işdə əvvəlcə «Tsarqrad» adlı media resursu xüsusi fəallıq göstərməyə başlayıb, daha sonra işə Solovyov tipli təbliğatçılar, müxtəlif «Telegram» kanalları və s. də qoşulub.
Nəhayət, Yekaterinburqdakı nümayişkaranə cəzalandırma əməliyyatı. Orada baş verənlər, həqiqətən də, hüquq mühafizə orqanlarının normal təcrübəsi ilə heç bir şəkildə uzlaşmır. Bu mənada, Bakının yaşananlara sərt reaksiyası heç də təəccüblü deyil. O, özünü istər Xarici İşlər Nazirliyinin bəyanatında göstərib, istər Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfərinin təxirə salınmasında, istər rusiyalı artistlərin qostrollarının ləğvində, istərsə də jurnalistikadan uzaq fəaliyyətlə məşğul olan «Sputnik» agentliyinin Bakı ofisində keçirilən əməliyyatda.
Bundan başqa, Azərbaycanda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri də saxlanılıb. Onlar narkotik və istifadəsi qadağan olunan digər maddələrin satışında, kiberdələduzluqda və s. cinayətlərdə ittiham olunurlar.
Agentlər həbs olunursa, demək, bu, kiməsə lazımdır
Bakıda «Sputnik» agentliyinin iki əməkdaşı – İqor Kartavıx və Yevgeni Belousovun saxlanılması, həmçinin qurumun daha yeddi jurnalistinin qanunsuz sahibkarlıq və dələduzluqda ittiham edilməsi hazırda medianın gündəmini zəbt etmiş əsas hadisədir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova baş verənlərlə bağlı sərt bəyanatla çıxış edib. Daha sonra Azərbaycan tərəfinin «dost olmayan addımları» haqda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da çıxış edib. Sən demə, Yekaterinburqda azərbaycanlılara qarşı nümayişkaranə şəkildə həyata keçirilən repressiya, Azərbaycan diasporunun düşmən obrazında təqdim olunması «dost addımları» imiş…
Ekspertlər Rusiyanın «Sputnik» agentliyinin bir çox ölkələrdə tez-tez FTX və digər xüsusi xidmət orqanlarının «krışa»sı kimi fəaliyyət göstərdiyini xatırladırlar. Xüsusilə hazırkı gərgin vəziyyətdə onun Bakı filialının da eyni rolda çıxış etdiyi istisna olunmur.
Azərbaycanın konfidensial və son dərəcə effektiv diplomatiya ilə bağlı kifayət qədər böyük təcrübəsi var. Məhz bunun nəticəsində əvvəllər rusiyalı teleaparıcıların üzr istəməsinə, Almaniyanın artıq vəzifədən getmiş kanslerinin bəyanatındakı «şübhəli» ifadələrə düzəliş verməsinə və s. nail olunub. Xüsusi xidmət orqanları yığılıb qalmış problemlərin «səs-küysüz», «toz-tozanaq qoparmadan» həll etməyin çox üsulunu bilir. Belə bir vəziyyətdə Bakı Marqarita Simonyanın «sevimli layihəsi» olan agentliyin ofisində açıq şəkildə əməliyyat keçirmək qərarına gəlirsə, ardınca isə əməliyyat nəticəsində FTX agentlərinin saxlanıldığını açıqlayırsa, demək, buna ciddi əsaslar və səbəblər var.
Bakı Yekaterinburqda törədilən repressiyalara sərt cavablar verir. Lakin Azərbaycanın hüquq mühafizə orqanları bu addımları qanun çərçivəsində atır, prosessual normaları pozmur, təqsirləndirilən şəxslərin hüquqlarına hörmətlə yanaşır. Rusiya Jurnalislər İttifaqı və Xarici İşlər Nazirliyinin sərt bəyanatları ilə FTX əməkdaşlarını «vicdanlı jurnalistlər» kimi təqdim etmək mümkün deyil.
Məlumatlı şəxslər deyirlər ki, vicdanlı və peşəkar jurnalistləri təhlükəyə atmamaq üçün bir çox ölkələr xüsusi xidmət orqanları agentlərini media əməkdaşı adı altında işə cəlb etməkdən çəkinirlər. Görünür, Rusiyada yanaşma fərqlidir.
Bəs sonra?
Bütün bunların fonunda, şübhəsiz ki, suallar yaranır: bəs sonra? Bakı-Moskva münasibətlərini hansı gələcək gözləyir? Tunelin sonunda işıq nə vaxt görünəcək və ümumiyyətlə, görünəcəkmi? Eskalasiya davam edəcək, yoxsa tərəflər bu vəziyyətdən minimal itki ilə çıxmağa çalışacaq?
Təbii ki, eskalasiyanın davam etməsində heç kim maraqlı deyil. Azərbaycan öz qanuni maraqlarını mülafiə edir. Münasibətlərin normallaşması imkanlarını bir-birinin ardınca qaçıran məhz Rusiya tərəfidir. Bəlkə də, orada Bakının öz maraqlarını bu qədər əzmlə və prinsipial şəkildə müdafiə edəcəyinə sadəcə, hazır deyilmişlər. Hətta Moskvanın tələbləri və isterika reaksiyaları bahasına belə. Halbuki, siyasəti dəyişmək, münasibətləri qarşılıqlı hörmət əsasında qurmaq üçün real imkanlar yox deyildi.
Bu gün Moskva xüsusilə diaspor xətti ilə təzyiq siyasətini davam etdirir. Amma onlar Azərbaycanla təzyiq dilində danışmağın işə yaramayacağını çoxdan anlamalı idilər.
MƏSLƏHƏT GÖR:







117

