GİROVSUZ DƏSTƏK
İpoteka və Kredit Zəmanət Fondu sahibkarların maliyyələşməyə çıxışını genişləndirir və kreditlərin dəyərini azaldır
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Potensial borcalanın kredit qabiliyyətini qiymətləndirmə prosesində banklar, bir qayda olaraq, biznesdən təminat – çox vaxt girov formasında – tələb edərək riskləri minimuma endirməyə çalışırlar. Lakin bütün sahibkarlar bu şərti yerinə yetirə bilmirlər və bunun bəzən tamamilə obyektiv səbəbləri var.
Sahibkarların bankların kredit resurslarına çıxışını asanlaşdırmaq, həmçinin onların maya dəyərini azaltmaq üçün 2017-ci ildə dövlət tərəfindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə kredit zəmanəti mexanizmi tətbiq edilib.
Bu sistem ölkə ərazisində layihələr həyata keçirməyi planlaşdıran və 17 müvəkkil bankdan birinə kredit üçün müraciət edən qeyri-neft sektorunun subyektlərinə yönəlib. Əvvəllər sahibkarların girov təminatının olmaması onların kredit almasını qeyri-mümkün edirdisə, Fondun zəmanətləri sayəsində onlar artıq girov təminatı yetərli olmadığı halda belə maliyyələşmə əldə edə bilirlər. Faiz dərəcəsinin subsidiyalaşdırılması isə zəmanətli kreditlərdən istifadə edən biznesin maliyyə yükünü azaltmış olur.
Bu, banklar üçün də faydalıdır, çünki riskləri Fondla bölüşməyə imkan verir ki, bu da kredit məhsullarını həm bankların özləri, həm də real sektordan olan borcalanlar üçün daha əlçatan və sərfəli edir.
Doğrulmuş ümidlər
Mexanizmin işləyib-işləmədiyini isə statistika göstərir: bu il iyulun 1-nə qədər olan məlumata əsasən, İKZF sahibkarlara 299,9 milyon manat məbləğində kreditlərə zəmanət verib. Bu kreditlərin 25%-i təmir xidmətləri, topdansatış və pərakəndə ticarət, elm və təhsil, 23%-i emal sənayesi, 22%-i tikinti sektoru, 13%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3%-i turizm və ictimai iaşə, 2%-i nəqliyyat və anbar təsərrüfatı, 12%-i isə digər sahələrdə xidmətlərin göstərilməsi üçün verilib.
Fondun Kredit Zəmanətləri Departamentinin direktoru Elşən Kərimovun sözlərinə görə, indiyədək zəmanətli biznes kreditləri üzrə cəmi dörd defolt qeydə alınıb ki, bu da tətbiq olunan metodun effektivliyini və əsaslılığını göstərir. “Qeydə alınan 4 defolt halına baxsaq, görərik ki, hamısı real hadisələrdir, məsələn, yanğın baş verib, biznes yanaraq kül olub. Həmin hallar üzrə ödənişləri tam təmin etmişik”, - o qeyd edib.
İKZF-də bildirirlər ki, Fond dərin qiymətləndirmə və kredit reytinq modeli tətbiq edir: “Yəni bank təhlilindən əlavə aralıq təhlili prosesi var. Bu səbəbdən də, Fondun portfeli kifayət qədər sağlamdır”.
Xatırladaq ki, qaydalara görə, İKZF ən azı 30 min manat dəyərində olan biznes kreditləri üzrə zəmanətləri üzərinə götürə bilər. Müvəkkil banklar tərəfindən bir borcalana verilən zəmanətli kreditlərin ümumi məbləği 5 milyon manatı, borcalanlar qrupuna isə 10 milyon manatı keçməməlidir. Daha bir vacib tələb kreditin müddətidir - o, 7 ili, kredit xətti isə 12 ayı keçməməlidir.
Proses tamamilə onlayn rejimdə həyata keçirilir. Fond müvəkkil bankın zəmanətin verilməsi üçün elektron formada ərizəsi ilə bağlı qərarı 10 iş günündən gec olmayaraq qəbul edir və onu elektron sistemdə dərc edir. Yəni hər şey o qədər sadələşdirilib və avtomatlaşdırılıb ki, istənilən biznesmen əlavə məsləhətçilərin köməyi olmadan ərizə təqdim edə bilər.
Bununla yanaşı, İKZF və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) ictimai birliyi vaxtaşırı mexanizmin daha da təkmilləşdirilməsinin yollarını müzakirə edirlər. Xüsusilə, gündəlikdə sahibkarlar arasında qarşılıqlı hesablaşmaların təmin edilməsi ilə bağlı risklərin azaldılması, “dəyər zənciri”nin fasiləsizliyinin qorunması, nağdsız hesablaşmaların stimullaşdırılması və həm yerli, həm də xarici bazarlarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yeni zəmanət metodlarının tətbiqi məsələləri olub.
Hər iki qurumun ekspertləri akkreditivlər, faktorinq və bank zəmanətləri kimi maliyyə alətləri üzrə zəmanətlərin verilməsi imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, 2025-ci il iyunun 1-nə olan məlumata əsasən, Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manat təşkil edib və bunun da 15,1 milyardı biznes kreditləridir.
Zəmanətli subsidiyalar
Biznes kreditlərinin əldə edilməsində çətinliklərlə yanaşı, sahibkarlar, demək olar ki, həmişə onların bahalığından şikayətlənirlər.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci il iyunun 1-nə olan məlumata əsasən, milli valyutada yeni kreditlər üzrə orta illik faiz dərəcəsi 18,9% təşkil edib. Bu zaman orta faiz dərəcələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,79 faiz bəndi artıb. Xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib və bu, ötən illə müqayisədə 0,84 faiz bəndi çoxdur.
Əgər bu faizlər iş adamları üçün münasib deyilsə, onlar İKZF-nin digər variantından - faizlərin subsidiyalaşdırılmasından istifadə edə bilərlər. Belə ki, fond kredit üzrə faizlərin bir hissəsinin ödənilməsini öz üzərinə götürə bilər. Məsələn, sahibkara illik 12% dərəcə ilə kredit verilir, bunun 8%-ni fond subsidiyalaşdıra bilər (investisiyaların təşviqi sənədi olduqda subsidiya 10% təşkil edəcək). Yəni faktiki olaraq kredit iş adamına cəmi illik 4%, hətta 2% dərəcə ilə başa gələcək (!).
Subsidiya 3 il müddətinə verilir, bu zaman illik dərəcə 20%-i keçməməlidir. İstənilən halda bu sahibkarlar üçün – və təkcə onlar üçün deyil – çox sərfəlidir.
Yeni alətlər
Keçən il İKZF tərəfindən tətbiq edilən yeni alətlər üzrə də irəliləyişlər var - bu, fondun yerli şirkətlər tərəfindən emissiya edilən qiymətli kağızlara zəmanət verməsi və agent banklara portfel zəmanətləri təqdim etməsidir.
Bu yenilik çərçivəsində fondun zəmanəti 5 mindən 50 min manata qədər məbləğdə kreditlər üzrə təqdim edilir. Bu zaman kredit üzrə illik faiz dərəcəsi 20%-dən yüksək olmamalı, müddəti 3 aydan az və 3 ildən çox olmamalı, bir borcalanın bütün müvəkkil banklar üzrə kreditlərinin ümumi məbləği isə 250 min manatı keçməməlidir.
Mexanizm, həmçinin sənədlərin daha sadələşdirilmiş yoxlanılmasını və maliyyə təhlilini nəzərdə tutur və bu da mikro və kiçik sahibkarlara kiçik məbləğlərə kreditlərə daha çevik çıxış əldə etməyə imkan verir.
“Təhlillər göstərib ki, bu alətə daha çox mikro və kiçik müəssisələr ehtiyac duyur. Məsələ ondadır ki, bank-kredit tarixçəsinin olmaması səbəbindən banklara müraciət edərkən onlar özləri üçün ağır olan girov təminatı tələbləri ilə üzləşirlər. Bəzi hallarda kifayət qədər perspektivli layihələr yalnız likvid girov təminatının olmaması səbəbindən reallaşdırılmamış qalır”, - E.Kərimov bildirib.
O qeyd edib ki, bu günə qədər artıq 173 sahibkarın sorğusu maliyyələşdirilib, onların kreditlərinin ümumi məbləği təxminən 2,4 milyon manat, zəmanətlərin məbləği isə 1,8 milyon manat təşkil edir.
Emissiya edilən qiymətli kağızlara zəmanətlərin verilməsi metodu istiqraz buraxmaq istəyən sahibkarlıq subyektlərinə yönəlib. “Bu mexanizmi əlavə borc alma üsulu kimi formalaşdırdıq. Bazarı təhlil edərək müəyyən etdik ki, təminatın olmaması səbəbindən istiqraz buraxmaq istəyən sahibkarlıq subyektləri onlar tərəfindən buraxılan istiqrazları yerləşdirə bilərlər", - E.Kərimov qeyd edib.
Yeni alətin tətbiqinin təşəbbüskarlarının fikrincə, bu, bazarın inkişafına töhfə verəcək və eyni zamanda istiqrazların cəlbediciliyini artıracaq. “Hazırda üzərində işlədiyimiz aktiv keyslərimiz var. Böyük ehtimalla növbəti ayda biz bu prosesi tamamlayacağıq və bir sıra istiqrazlar üzrə zəmanətlər təqdim ediləcək. İnvestisiya qoymaq istəyən sahibkarlıq subyektlərinin hansı proseslərdə iştirak edə biləcəyini nəzərə alaraq, onların həm maliyyə tarixçəsi, həm də hesabatı olmalıdır. Bunlar kifayət qədər iri korporativ müştərilərdir”, - E.Kərimov söyləyib.
Kredit-zəmanət mexanizmi həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün bütün resursların, o cümlədən özəl sektorda olan resursların səfərbər edilməsi üzrə hökumətin səylərini dəstəkləyir. Azərbaycanın azad edilmiş ərazilərində bu fəaliyyətlə məşğul olan sahibkarlar müvəkkil banklarda dövriyyə vəsaitlərinin artırılması üçün 2 ildən çox müddətə kreditlər ala bilərlər. Bu zaman İKZF təsərrüfat subyektinin adından müvəkkil banka 10% subsidiya vermək hüququna malikdir.
Beləliklə, həm beynəlxalq, həm də Azərbaycan təcrübəsi göstərir ki, kredit-zəmanət mexanizmi biznesin kredit resurslarına çıxışını yaxşılaşdırmaq üçün ən etibarlı alətdir. Bu, artıq özəl sektorun inkişafını və onun bütövlükdə ölkə iqtisadiyyatının gücləndirilməsində fəal iştirakını təmin etmək üçün işin yarısı deməkdir.
MƏSLƏHƏT GÖR:


131

