5 Dekabr 2025

Cümə, 11:28

BİR BAYRAQ ALTINDA MÜXTƏLİFLİK

Rio sammiti ümumi geosiyasi qeyri-müəyyənliyi bir daha ortaya qoydu

Müəllif:

15.07.2025

İyulun 6-7-də Rio-de-Janeyroda Braziliya, Rusiya, Hindistan, Çin, həmçinin onlara sonradan qoşulmuş CAR, Misir, İran, BƏƏ, Efiopiya və İndoneziyanı özündə birləşdirən BRICS-in növbəti sammiti keçirilib. Görüşün sonunda qəbul olunmuş bəyannaməni müşahidəçilərin əksəriyyəti «çox dişsiz» sayır. Sammit iştirakçıları ənənəvi olaraq silahlı münaqişələrdən, humanitar böhranlardan, iqlim dəyişikliyinin nəticələrindən narahatlıqlarını ifadə ediblər.

Daha konkret məsələlər olaraq, Bretton-Vuds institutlarının – o cümlədən BVF və Dünya Bankının transformasiyasının vacibliyi, birtərəfli sanksiyaların ləğvinin və ÜTT-nin transformasiyasının zəruriliyi vurğulanıb. Amma bütün bunlara necə nail olunacağına dair hər hansı konkret plan yoxdur.

ABŞ-nin tarif siyasəti dünya iqtisadiyyatına təhdid adlandırılıb, onun «beynəlxalq iqtisadi və ticarət fəaliyyəti üçün qeyri-müəyyənlik yaratdığı» bildirilib.

Məsələn, birgə valyutanın tətbiqi ilə bağlı da hər hansı konkret, köklü plan irəli sürülməyib.

 

Vaşinqtondan «sürprizlər»

Lakin uzun müddətdir BRICS-i tənqid edən, onu trans-Atlantik birliyə alternativə görə ABŞ Prezidenti Donald Tramp üçün bu da kifayət edib. O, bildirib ki, birlik üzvləri dolların gücünü sarsıtmağa çalışarlarsa, «100%-lik tariflərlə üzləşəcəklər». Tramp eyni zamanda, «BRICS-in anti-Amerika siyasətinə qoşulacaq istənilən ölkənin əlavə olaraq 10%-lik gömrük rüsumu ilə cəzalandırılacağını» da deyib.

Ağ Ev sahibinin bu təhdidlərinə dolayısı ilə cavab verən Kreml və Çinin Xarici İşlər Nazirliyi BRICS çərçivəsində əməkdaşlığın hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini bəyan ediblər. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, BRICS ölkələri milli valyutaların rolunun artırılması, yeni investisiya platformasının yaradılması məsələlərini müzakirə etsələr də, vahid valyutanın yaradılması gündəmdə deyil.

Eyni zamanda müşahidəçilər Trampın açıq hədə-qorxuları ilə yanaşı, Ağ Ev tərəfindən dolayı təzyiqlərin hiss olunduğunu da bildirirlər. Məsələn, Səudiyyə Ərəbistanı BRICS-ə tamhüquqlu üzv olmaq istəsə də, hələlik bu addımı atmır. O, hələlik təşkilatın dəvətli üzvü olaraq qalır. Son sammitə ev sahibliyi edən Braziliyanın ABŞ və İsrailin tənqid olunması məsələsinə son dərəcə ehtiyatla yanaşdığı da hiss olunub.

Amma əslində Trampın BRICS-lə bağlı narahatlığı əsassız deyil. Dünya əhalisinin təxminən yarısı, qlobal iqtisadiyyatın 40%-i, 60 trilyon dollarlıq aktivlər bu birlikdə cəmləşmiş ölkələrin payına düşür. Bu göstəricilərə görə o, artıq «Böyük yeddilik» (G7) ölkələrini belə, geridə qoyur. Üstəlik, BRICS-in ixtiyarında nəhəng xammal bazarı, içməli su ehtiyatları, meşələr, nadir torpaq metalları, son dərəcə önəmli ticarət yolları var.

 

Ruhən yaxın, mahiyyətcə fərqli

Lakin bütün bunlar Qərb ölkələri üçün o zaman ciddi təhdidə çevrilərdi ki, BRICS üzvləri öz aralarında razılığa gələ bilsin. Bu isə mümkün deyil. Çünki təşkilatda yer alan ölkələr bir-birindən çox fərqlənirlər – istər resurslar və iqtisadi imkanlar baxımından, istərsə də daxili siyasi vəziyyət, geosiyasi məqsədlər, ideologiya və dünyada tutduqları mövqeyə görə. Bu ölkələr arasında nəinki ciddi kommunikasiya, hətta qarşılıqlı inam, etibar da yoxdur. Onların əksəriyyəti Çinin hökmranlığından ehtiyatlanmaqla yanaşı, həm də ABŞ-dən gələ biləcək sanksiyalardan qorxurlar. Misal kimi, xüsusilə Hindistan-Çin münasibətlərindəki ziddiyyətləri göstərmək olar. Hindistan bəyan edib ki, onun Pakistanla son müharibəsi zamanı Pekin İslamabada silah və kəşfiyyat məlumatları verməklə, Yeni Dehliyə qarşı çıxıb. Belə bir vəziyyətdə birliyin bu yaxınlardakı genişlənməsi, üzvlərinin sayının iki dəfə artması üstünlükdən çox mənfi hadisə kimi qiymətləndirilə bilər. Halbuki BRICS tərəfdarları bunu sevinclə qarşılayıb.

BRICS-in mövqelərini itirməyə başladığına dair fikirlər Çin və Rusiya liderləri Si Cinpin ilə Vladimir Putinin onun son sammitinə qatılmamaları ilə daha da güclənib. Pekin indiyədək birliyin toplantılarına hər zaman ən ali səviyyədə qatılırdısa, bu dəfə Braziliyaya baş nazir Li Çan yollanmışdı. Amma bunu yalnız BRICS-ə marağın azalması ilə əlaqələndirmək də doğru deyil. Çin mediası yazır ki, Cinpin son dövrlərdə Latın Amerikasının bütün liderləri ilə görüşüb, mayda isə ali səviyyəli «Çin-Latın Amerikası» formatlı görüşə qatılıb. Yeri gəlmişkən, həmin sammitdə Pekin Braziliyaya xüsusi diqqət ayırmış, bu ölkənin başçısı Luis İnasiu Lulu da Silva «etibarlı strateji tərəfdaş» adlandırılmışdı.

Yeri gəlmişkən, Çinlə Braziliya 2028-ci ilədək milli valyutalarla hesablaşmalara keçidə hazır olduqlarını təsdiqləyiblər. Ümumiyyətlə, Pekin yaxın dövr üçün Latın Amerikası və Karib hövzəsi ölkələrinə 10 milyard ABŞ dollarından çox (lakin Çin yuanı ilə) kredit ayırmağı planlaşdırır.

Rusiya ilə bağlı vəziyyət də bənzərdir. Bu arada, Vladimir Putin ilə Si Cinpinin avqustun sonu, sentyabrın əvvəlində görüşəcəkləri məlum olub. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Bu, Yaponiya üzərindəki hərbi qələbənin və İkinci Dünya müharibəsindəki zəfərin 80-ci ildönümü ilə bağlı təntənəli tədbirlə eyni vaxta düşəcək.

Putinin Rio-de-Janeyroya getməməsi isə qeyd olunduğu kimi, daha çox Beynəlxalq Cinayət Məhkəməsinin məlum qərarı və ev sahibinin bu məsələyə dair qeyri-müəyyən mövqeyi ilə bağlı olub.

Yeri gəlmişkən, sammitə Misir Prezidenti də qatılmayıb. Görünür, o da ABŞ ilə münasibətləri çətinləşdirmək istəmir. Tədbirə qatılmayan daha bir lider isə İran Prezidenti Məsud Pezeşkian olub. Sammitdə Tehranı xarici işlər naziri Abbas Ərəqçi təmsil edib.

 

Uyğunlaşma mərhələsi

Çoxları hesab edirlər ki, Braziliya görüşü son dərəcə dağınıq keçib. Amma bu, yalnız konkret olaraq BRICS-in «zəif tərəfləri» ilə əlaqəli olmaya da bilər. Belə nəticələr daha çox ümumi trendlə bağlı olur. Hər halda, «Böyük yeddilik» və NATO-nun son sammitlərində də əvvəlki qədər ciddi nəticələr əldə olunmayıb. Bunun əsas səbəbi beynəlxalq geosiyasi vəziyyətin təxminedilməzliyidir. Dünya bu gün bir növ yol ayrıcındadır. Hələlik bu vəziyyətdən çıxış yolu görünmürsə, əvvəlki proqnozlaşdırıla bilən, nisbətən sakit dövrlərdə yaranmış və güclənmiş qurumlardan konkret, dəqiq bəyanatlar gözləmək sadəlöhvlük olardı. Bəlkə də indi ümumi coğrafiya, qarşılıqlı maraqlar və ümumi hədəflər uğrunda formalaşmış yeni regional təşkilatların dövrüdür. Məsələn, Türk Dövlətləri Təşkilatının.

Son hadisələr aydın şəkildə göstərib ki, BRICS-də birləşdirici ideya yoxdur. Onun tərəfdarları təşkilatın üstünlüyünü hər zaman qarşıdurmadan qaçmağa yönəlmiş bəyanatlar verməsindən görürlər. «Reuters» agentliyinin qeyd etdiyi kimi, «BRICS çoxtərəfli diplomatiya tərəfdarları üçün sığınacağa bənzəyir». Həqiqətən də, üzv dövlətlər yalnız konsensus əsasında fəaliyyət göstərirlər. Onlar kiməsə qarşı deyil, yalnız öz maraqları naminə dostluq edirlər. Bu isə əlbəttə ki, önəmlidir. Eyni sözləri TDT haqqında da söyləmək olar. Lakin problem ondadır ki, BRICS-də bu maraqlar çox fərqli, bəzən isə hətta bir-birinə ziddir. Bəziləri hesab edir ki, bu qurumun son iki sammitində ona çox sayda yeni üzvlər qoşulduğunudan, hazırda təşkilat uyğunlaşma mərhələsindən keçir ki, buna da iki və ya üç sammit lazım gələ bilər. İndi bizə nəticəni gözləmək qalır. BRICS-in ümumi bəyanatlardan, qeyri-müəyyən ifadələrdən konkret əməllərə keçə bilib-bilməyəcəyini, nizamnaməsinin, mənzil qərargahının və beynəlxalq təşkilatlara məxsus digər atributlarının olub-olmaycağını zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

92