MOSKVA İLƏ İRƏVANIN «BAŞQA PROBLEMLƏRİ»
Kreml Gümrüdəki bazanı niyə gücləndirir və bu nümayişkaranə addım kimə ünvanlanıb?
Müəllif: Tofiqəxanım QASIMOVA
Bir müddət əvvələdək «Rusiya Cənubi Qafqazı itirdi!», «Moskvanın təsiri yox olur!», «Regionun üç dövləti də Kremldən uzaqlaşır!» kimi proqnozlar siyasi axımdan çox aktual idi. Bununla yanaşı, bəzi ekspertlər hələ o zaman bildirirdilər ki, Rusiya regionda hələ də ciddi hərbi resurslara malikdir. Onlar Gürcüstanın işğal olunmuş regionlarındakı hərbi bazaları, Ermənistandakı hərbi bazanı, birgə quru qoşunları qruplaşmalarını, hava hücumundan müdafiə sistemlərini buna misal göstərirdilər.
Hər zaman olduğu kimi, bu dəfə də skeptiklər haqlı çıxıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin «Telegram» kanalında belə bir xəbər yayılıb: «Kreml Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi artırmaq məqsədilə Ermənistandakı Gümrü hərbi bazasını sürətlə komplektləşdirir. Xəbərdə qeyd olunur ki, «şəxsi heyət Rusiya Silahlı Qüvvələrinin Rostov və Volqoqrad vilayətlərində, həmçinin müvəqqəti işğal olunmuş Krımda xidmət çəkən hərbçilər arasından toplanır». «Bundan başqa, Rusiya Qafqazın əsarət altındakı xalqları arasında – xüsusilə Şimali Osetiya və Adıgey bölgələrində könüllülər axtarır», - deyə məlumatda vurğulanır. İdarənin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiyanın Ermənistana əlavə hərbi qüvvə göndərməsi Kremlin qlobal təhlükəsizliyin pozulmasına yönəlmiş kompleks strategiyasının tərkib hissəsidir. «Moskva etnik zəmində qarşıdurmaları qızışdırmaqla yanaşı, Qafqazda hərbi mövcudluğunu artırır. Böyük ehtimalla, Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsi əvvəlcədən planlaşdırılıbmış», - deyə o, bildirib. Ukrayna rəsmisinin bu fikirləri Azərbaycan daxil olmaqla, bir çox ölkələrin informasiya agentlikləri tərəfindən yayımlanıb.
İrəvan Ukrayna kəşfiyyatının məlumatına tələm-tələsik təkzib edib. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Yerevan öz ərazisindən qonşu ölkələrə zərbələr endirilməsinə imkan vermir. Amma bu açıqlama o qədər də inandırıcı görünməyib.
Regionda Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket zərbələrinin necə endirildiyini, 2008-ci ildə baş vermiş «beşgünlük müharibə» zamanı onun hərbi infrastrukturundan Rusiyanın Gürcüstana qarşı necə istifadə etdiyini hər kəs yaxşı xatırlayır. Belə keçmişə malik ölkənin Xarici İşlər Nazirliyinin «biz belə şey etmərik!» tərzinbə bəyanatı açıq desək, səmimi səslənmir.
Azərbaycana gəlincə, o, Ukrayna kəşfiyyatının məlumatına reaksiya verməyib. Unutmayaq ki, onun müvafiq orqanlarının özləri dəfələrlə yüksək peşəkarlıq, məlumatlılıq nümayiş etdiriblər. Bu mənada, böyük ehtimalla Bakı Rusiyanın Ermənistandakı hərbi bazasında baş verənlərdən xəbərdardır. Üstəlik, məlumatı Ermənistanın Xarici İşlər Nazirliyindən başqa heç kim təkzib etmirsə, bu, çox şeydən xəbər verir.
Bəs Rusiya Ermənistandan kimə «yumruq silkələyir»?
Hədəfdə kimdir?
Belə bir versiya var ki, baş verənlər Azərbaycana «təsir göstərməyə» növbəti cəhddir. Üstəlik, son dövrlərdə hər hansı açıq səbəb olmadan Rusiyanın rəsmi və yarımrəsmi nümayəndələrinin ritorikasında niyəsə Qarabağ mövzusu yenidən peyda olub.
Məsələn, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Qarabağı «mübahisəli region» adlandırıb. Qeyd olunmalıdır ki, beynəlxalq hüquqda «mübahisəli» və «işğal olunmuş» ərazilər arasında fərq bəllidir. «Mübahisəli» o ərazilərə deyilir ki, oraya bir neçə ölkə iddia edir, bu zaman onların hər biri öz iddiasını gücləndirmək üçün hüquqi əsaslar göstərir. Yəni bu iddialar «biz belə istəyirik» ilə deyil, ciddi arqumentlərlə irəli sürülür. Ermənistanın isə Qarabağla bağlı hüquqa və ya digər əsaslara söykənən iddiası yoxdur. Məsələn, Folklend adalarından fərqli olaraq, Qarabağ xəritələrdə heç zaman «mübahisəli ərazi» kimi ağ rəngdə göstərilməyib.
Demək olar ki, eyni gündə adı açıqlanmayan mənbə Rusiyanın TASS və RİA «Novosti» agentliklərinin jurnalistləri ilə söhbətində Azərbaycanı Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanımağa çağırıb. O bildirib ki, Bakı bu addımı atarsa, Moskva da Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına almayacaq.
Digər tərəfdən, Rusiyanın təbliğatçısı Vladimir Solovyov erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyanı müdafiə edən zaman açıq şəkildə «Arsax» sözünü işlədib. Bu, təbii ki, Bakı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş açıq hücum kimi qiymətləndirilib.
Bakı-Moskva münasibətlərində gərginlik görünməmiş həddə artır: Azərbaycana məxsus mülki təyyarə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulur, Azərbaycan diasporuna qarşı «informasiya müharibəsi» başladılır, Yekaterinburqda baş verən faciə də öz yerində…
Bundan başqa, Moskva Ermənistanda Qarabağda revanş tərəfdarı olan qüvvələrə açıq dəstək verir. Söhbət eyni zamanda, Rusiya ilə yaxınlaşma tərəfdarı olan qüvvələrdən gedir. Tarixi yaddaş isə silinməzdir: Moskvanın dəstəyi olmasaydı, Ermənistan Azərbaycan ərazisinin 20%-ni nə nəzəri, nə praktik olaraq işğal edə, nə də 30 il işğal altında saxlaya bilərdi.
Bakıda 44 günlük müharibədən əvvəl onun gedişində Ermənistana silah-sursat daşıyan təyyarələri də yaxşı xatırlayırlar.
Bu gün Qarabağ münaqişəsi səhifəsi artıq çevrilib. Kimsə revanş, münaqişəni yenidən avlovlandırmaq haqda düşünürsə, bunun Ermənistan üçün başqa risklər, belə planlara dəstək verəcək tərəflər üçün isə fərqli siyasi qiymət demək olacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ölkənin peşəkar, döyüş qabiliyyəti yüksək ordusu, beynəlxalq səviyyədə dəstəyi var. Bu halda növbəti təcavüzə əl atılması çox təhlükəli olacaq.
Üstəlik, indi 1990-cı illərin əvvəllərində istifadə olunmuş siyasi texnologiyalar da işə yaramayacaq.
«Türk sahili»
Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməyə başlamasının Türkiyəyə ünvanlandığına dair də arqumentlər var. Son zamanlar Ankara Moskvaya bir neçə «ağrılı iynə» vurub. Əvvəlcə Türkiyə Liviyada Rusiyanın açıq şəkildə dəstəklədiyi marşal Haftarın hakimiyyətə gətirilməsi planını pozub. Xatırladaq ki, Rusiya tərəfindən maliyyələşdirilən «Vaqner» muzdluları Liviyadakı münaqişədə Haftar tərəfindən döyüşür, ona silah yardımı edilirdi. Marşal Moskvada yüksək səviyyələrdə qəbul da olunurdu. Onun Ukrayna ordusu tərəfindən batırılmış «Moskva» kayserinə qonaq olduğu da məlumdur.
Bundan başqa, Türkiyə istehsalı olan «Bayraktar» pilotsuz uçuş aparatları Rusiyanın «Pantsir» hava hücumundan müdafiə sistemlərini hələ Ukrayna müharibəsindən, hətta Qarabağdakı 44 günlük savaş başlamazdan əvvəl uğurla sıradan çıxarırdı. Ukrayna müharibəsinin başlaması ilə isə Haftarın vəziyyəti daha da ağırlaşıb. Marşal hələ də müqavimət göstərməyə çalışsa da, nəticə onun gözlədiyi kimi olmur.
Amma Rusiyanın ən böyük iflası Suriyada olub. Bəşər Əsəd rejiminin süqutu ruslar üçün sadəcə bir müttəfiqin itirilməsi deyil. Bununla Moskva həm də «Hmeymim» hərbi bazasını, Tartusdakı Hərbi Dəniz Qüvvələrinin yerləşmə məntəqəsini itirib. Aralıq dənizində bu bazaları əvəzləmək faktiki olaraq, mümkünsüzdür. Üstəlik, həmin bazalar strateji baxımdan çox önəmli nöqtəyə yerləşdirilib – demək olar ki, Türkiyənin Adana şəhəri yaxınlığındakı «İncirlik» bazasının qarşısında. Buradan Livan və İsrailə çıxış çox asandır. Belə bir nöqtədə hərbi bazanın itirilməsi əsl hərbi-siyasi fəlakətdir.
Nəhayət, Türkiyə uzun illərdir davam edən PKK terroru problemini həll etməyə yaxındır. Qeyd edək ki, bu təşkilat vaxtilə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən yaradılıb. Daha sonra müxtəlif güclər «kürd kartı»ndan öz maraqları üçün istifadə etsələr də, onun «sovet mayası» heç zaman tam yox olmayıb. 2017-ci ildə İraq Kürdüstanının müstəqilliyini elan etmək cəhdinə Rusiyanın dəstəyi əbəs deyildi. Amma bu gün Ərbildə Rusiyanın nüfuzu getdikcə azalırsa, Türkiyənin mövqeləri əksinə, davamlı olaraq güclənir.
Belə bir şəraitdə Moskvanın bir vaxtlar məhz Türkiyəyə qarşı qurulmuş hərbi bazanı yenidən «silahla doldurmağa» başlaması tamamilə gözləniləndir.
Baza… Paşinyana qarşıdır?
Gümrü bazasına əlavə qüvvələrin göndərilməsinin Ermənistandakı daxili siyasi proseslərlə əlaqəli olduğu da istisna edilmir. Bu haqda çox danışılsa da, bir daha xatırladaq: 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Bu gün ölkədə baş nazir Nikol Paşinyanın mövqeləri xeyli zəifdir və bunu yaxşı anlayan Rusiya orada öz namizədini hakimiyyətə gətirmək istəyir. Söhbətin konkret kimdən getdiyinə dair fikirlər müxtəlifdir. Bu gün diqqət çəkən əsas fiqur «Ermənistanın İvanişvilisi» obrazında çıxış edən oliqarx Samvel Karapetyandır.
Amma əsas məsələ ondadır ki, indi Ermənistanda zorakılığa aparıb çıxara biləcək siyasi ssenarinin reallaşması riski kifayət qədər yüksəkdir. Bu ölkədə hələ Levon Ter-Petrosyanın dövründə «Daşnaksutyun» partiyasının miqyaslı terror planı ifşa olunmuş, nəticədə partiyanın fəaliyyəti qadağan olunmuşdu. Lakin bundan bir müddət sonra – 1998-ci Petrosyan siyasi qətllər və «sürünən çevriliş» yolu ilə hakimiyyətdən uzaqlaşdırıldı. Bu da son deyil. 1999-cu ilin oktyabrında Ermənistan parlamentinin binasında Robert Koçaryanın əsas siyasi rəqibləri güllələnərək öldürülüb.
Ermənistanda Serj Sarqsyanın hakimiyyəti dövründə də bir neçə qiyam və sui-qəsd planı ifşa edilib. «Vavid Sasunski» dastanını araşdıran ekspertlər tərəfindən yaradılmış qrupdan tutmuş, məşhur Samvel Babayanın prezidentin vertolyotunu «İqla» daşınabilən zenit raket kompleksi ilə vurmaq cəhdinədək bir çox hadisəni nümunə göstərmək olar. 2016-cı ilin iyulunda «Sasna Srer» terror təşkilatının üzvlərinin İrəvanda polis bazasını ələ keçirməsi, asayiş keşikçilərini girov götürməsi və uzun müddət girov saxlaması da bu qəbildən olan hadisələrdəndir.
Nəhayət, 2020-ci ildə ermənilərin Qarabağda üzləşdiyi məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının artıq sabiq rəisi Onik Qasparyanın baş tutmayan klassik dövlət çevrilişi cəhdi.
Buraya Ermənistanda «Yerkrap», VOMA və s. kimi çoxsaylı yarımrəsmi silahlı strukturların mövcudluğunu da əlavə etmək olar. Belə bir vəziyyətdə ortaya sual çıxır: Ermənistanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsi ssenarisi yenidən işə düşərsə, Rusiya proseslərə müdaxilə edəcəkmi?
Ekspertlər 1990-cı illərin əvvəllərində Rusiyanın Tacikistanda yerləşən qoşun hissəsinin ölkədə baş qaldırmış vətəndaş müharibəsinə necə son qoyduğunu, nəticədə, orada siyasi mənzərənin necə dəyişdiyini yaxşı xatırlayırlar. Bişkekdə baş vermiş son «Maydan» hadisələrindən sonra isə rusiyalı jurnalistləri bir sual maraqlandırırdı: Rusiyanın bu ölkədəki hərbi bazası hadisələrə niyə müdaxilə etmədi?
Bütün bunları nəzərə alsaq, Ermənistanda bənzər ssenarinin gerçəkləşməsi tamamilə mümkün görünür.
MƏSLƏHƏT GÖR:





123

