5 Dekabr 2025

Cümə, 10:45

XANKƏNDİ: DƏYİŞİKLİK RƏMZİ

Vasitəçilərsiz və dramsız: İƏT üzvləri birlik və suveren qərarlar yolundadır

Müəllif:

15.07.2025

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirlən sammiti yalnız region ölkələri arasındakı münasibətlərdə yeni keyfiyyət göstəricisi deyil, həm də Avrasiyanın mərkəzi hissəsində siyasi proseslərin istiqamətini müəyyənləşdirəcək yeni dövrün rəmzi sayıla bilər. Bu mənada, İƏT-in ciddi geosiyasi oyunlarda sınaq meydanına çevrilmək istəməyən ölkələr üçün oyun qaydalarının formalaşdırılmasında rol oynayacaq səmərəli dialoq platforması statusu qazanması mümkündür.

Bu sammitin üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərlə bağlı bütün suallara aydınlıq gətirdiyini söyləyə bilərik. Toplantı həm Şimali Kipr məsələsində «türk dünyasının parçalanması» ilə bağlı səsləndirilən manipulyativ fikirləri aradan qaldırıb, həm də Azərbaycanla İran arasında «yeni böhran» haqda danışılanların əsassızlığını göstərib. Bundan başqa, sammit regional təhlükəsizlik məsələsində ortaq mövqenin olduğunu da nümayiş etdirib. Ən önəmlisi isə İƏT-in sadəcə formal qurum olmadığının, əksinə, effektiv fəaliyyət göstərən regional platformaya çevrildiyinin bir daha təsdiqlənməsidir.

 

Xankəndidən verilən mesajlar

Bütün bunlar İƏT-in 17-ci sammitinin nəticələrində öz əksini tapıb. İlk növbədə, qeyd olunmalıdır ki, sammitin keçirilməsi üçün Xankəndinin seçilməsi yalnız Azərbaycan tarixində yeni səhifənin açılmasını deyil, həm də bütün region üçün mühüm dönüş nöqtəsini simvollaşdırır. Məlumdur ki, şəhər Qarabağ xanlığının qurucusu Pənahəli xanın təşəbbüsü ilə təsis edilib və yüzilliklər sonra erməni separatçılığının möhkəmləndiyi məkana çevrilib. Bundan başqa, burada xarici güclər dəfələrlə sərhədlərin dəyişdirilməsi layihələrini həyata keçirməyə çalışıb, nəticədə, regional sabitlik üçün ciddi təhlükələr yaranıb. Azərbaycan Prezidentinin iştirakı ilə Xankəndidə ilk beynəlxalq forumun keçirilməsi sadəcə baş vermiş dəyişikliklərin etiraf olunduğunu deyil, həm də bu dəyişikliklərin bölgə ölkələri və beynəlxalq birliyi tərəfindən qəbul edildiyini göstərir. Bu sammit göstərib ki, regionun gələcəyilə bağlı qərarların qəbul olunması mərkəzi artıq elə regionun özündədir. Eyni zamanda region ölkələri artıq çətin məsələləri xarici vasitəçilər olmadan həll etməyə qadir olduqlarını da ortaya qoyublar. Bunun ən parlaq nümunəsi İran Prezidenti Məsud Pezəşkianın sammitə qatılmasıdır. İranda bəzi siyasətçilərin Azərbaycanı İsraili dəstəkləməkdə günahlandırması fonunda Pezəşkianın bu səfərdən imtina edəcəyini düşünənlər də var idi. Lakin səfər baş tutub və mövcud narahatlıqları aradan qaldırıb. Bu, Bakı ilə Tehran arasında ikitərəfli dialoqun davam etdiriləcəyini göstərən müsbət siqnaldır. İran və Azərbaycan liderlərinin səmimi görüşü qarşılıqlı anlaşma və yaxınlaşmanın ifadəsinə çevrilib.

Sammit ərəfəsində Pezəşkian yeni hökumətin İran azərbaycanlılarının doğma dildə təhsil alması ilə bağlı problemlərin kökündən həll olunmasına hədəfləndiyini əks etdirən fikirləpr səsləndirmişdi. Bu, yalnız Bakıda deyil, Ankara da müsbət qarşılanır və konstruktiv dialoq üçün zəmin yaradır. Təsadüfi deyil ki, İran liderinin Azərbaycan və Türkiyə prezidentləri ilə görüşləri də belə ruhda keçib. İran Prezidenti Xankəndidən qayıdarkən deyib: «Bəziləri mənə bildirirdi ki, bu səfər mənim üçün təhlükəli ola bilər. Amma görürsünüz ki, getdim və heç bir problem olmadan geri qayıtdım. Azərbaycan Prezidenti İlham Əliyev ilə dostca müzakirələr apardım. Türkiyənin dövlət başçısı ilə də yaxşı, konstruktiv görüşümüz oldu. Pakistanın baş naziri ilə isə ikitərəfli əlaqələri müzakirə etdik».

Sammitdən çəkilmiş fotolar iştirakçıların açıq, məzmunlu dialoqa münasibətlərini aydın şəkildə ifadə edir. Dövlət başçıları çıxışlarında dəfələrlə vurğulayıblar ki, İƏT-in inkişafında yeni mərhələ yalnız birgə təşəbbüslərin praktiki şəkildə həyata keçirilməsi, çoxtərəfli əməkdaşlığa dəstək verilməsi şərtilə uğurlu ola bilər.

Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqində sammitin Xankəndidə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaşanan humanitar məsələlərdən birinə toxunaraq Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisi) qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasının vacibliyini vurğulayıb. Dövlət başçısı nəqliyyat əlaqələri, ekologiya və investisiya sahəsində əməkdaşlıqdan da danışıb.

Ümumiyyətlə, tədbirdə çıxış edənlərin əksəriyyəti iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün inşa olunan və planlaşdırılan nəqliyyat dəhlizlərinin əhəmiyyətindən söz açıblar. Tərəfdaş ölkələr arasında ticarət dövriyyəsinin cəmi 8% təşkil etdiyi, bunun artırılmasının vacibliyi də xüsusi vurğulanıb. Hazırda İƏT ölkələrinin ümumi ÜDM-i 2,7 trilyon dollardır. Bu məbləğin təxminən yarısı region ölkələrinin əksəriyyəti üçün əsas ticarət tərəfdaşı olan Türkiyənin payına düşür.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü sammitdə diqqəti daha çox siyasi məsələlərə çəkib, həmkarlarını Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb, İsrailin siyasətini pisləyib, ekoloji dəyişikliklərin dövlətlərin siyasətində nəzərə alınmasının vacibliyini vurğulayıb.

 

Təhlükəsizlik əməkdaşlığın drayveri kimi

Sammitin daha bir vacib mövzusu təhlükəsizlik məsələləri olub. Geosiyasi təlatümlər və regional qeyri-sabitlik fonunda təhlükəsizlik dayanıqlı inkişaf üçün zərurət olaraq daha çox vurğulanır. Bu kontekstdə iştirakçılar Şimal-Cənub, Şərq-Qərb və Trans-Xəzər marşrutu kimi nəqliyyat və enerji dəhlizlərinin qorunması məsələsini də müzakirə ediblər.

Kluarlar müzakirələrində isə xüsusilə ikitərəfli münasibətlərdəki gərginliklər və artan rəqabət şəraitində İƏT-in yumşaq güc və diplomatik platforma potensialı diqqət mərkəzində olub. İnformasiya təhlükəsizliyi, rəqəmsal suverenlik, trasmilli təhdidlərə qarşı mübarizə kimi mövzular, o cümlədən ekstremis, narkotik maddələrin qaçaqmalçılığı, miqrasiya məsələləri müzakirə mövzuları arasında yer alıb.

Beləliklə, İƏT-in gündəliyində təhlükəsizlik məsələlərinin yer alması təşkilatın yalnız iqtisadi deyil, həm də kollektiv siyasi dayanıqlılıq iddiaları olan daha yetkin regional əməkdaşlıq formatına çevrildiyini göstərir. Ümumi geosiyasi kontekst isə sammit üçün vacib fona çevrilib: İranla İsrail arasında başa çatmış silahlı münaqişə, qlobal oyunçularla münasibətlərin gərginləşməsi, tarif və siyasi münaqişələrin qızışması region ölkələrinin milli maraqlarının qorunmasına yönəlmiş yeni, davamlı əməkdaşlıq formatlarının axtarışını aktuallaşdırır.

 

Regional əlaqə pazlı yerinə oturur?

Uzun illər sonra İƏT sammitinə ilk dəfə Əfqanıstan rəhbərliyi də qatılmışdı və bu, xüsusi əhəmiyyət daşıyır. Əfqanıstan baş nazirinin müavini Əbdül Qani Bəradər sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb, sammitdə isə geniş çıxış edib. «Taliban» hökumətinin nümayəndəsi bildirib ki, Əfqanıstanda daxili təhlükəsizliyin möhkəmləndirilməsi üçün radikal addımlar atılır. Bu isə öz növbəsində, investisiya qoyuluşu üçün əlverişli şərait yaradır. Qonaq İƏT-in növbəti sammitinin Kabildə keçirilməsi təklifini də irəli sürüb.

Maraqlıdır ki, sammit ərəfəsində Rusiya Əfqanıstanda «Taliban» hökumətini tanıyıb. O, bu qərarı verən ilk ölkədir. Rusiya Xarici İşlər Nazirliyi iyulun 3-də Əfqanıstanın Moskvadakı yeni səfiri Movlavi Qul  Həsənin etimadnaməsini qəbul edib və bu, «tarixi addım» kimi qiymətləndirilib.

Lakin buna baxmayaraq, hər kəs yaxşı anlayır ki, qonşu ölkələrlə konstruktiv dialoq olmadan Kabilin regiondan kənardakı oyunçularla məhsuldar münasibətlər qurması çətin olacaq. Bu mənada İƏT Əfqanıstan üçün dünya üçün əlaqələrin yaradılması işində özünəməxsus körpü rolunu oynaya bilər.

Maraqlıdır ki, sammit çərçivəsində Bakı ilə Aşqabad arasında uzun müddətdir fasilə yaranmış dialoq da yenidən canlanıb. Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun sammitdə iştirakı, Prezident İlham Əliyev ilə keçirdiyi görüş ölkələrin ikitərəfli əməkdaşlığı canlandırmaq niyyətini nümayiş etdirib.

Enerji sahəsində əlaqəli işləməyin vacibliyini Meredov xüsusi vurğulayıb. O, sammitdəki çıxışı zamanı İƏT üzvü olan ölkələr arasında enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün böyük potensialın mövcudluğunu bildirib, bu sahədə siyasətin koordinasiyası məqsədilə xüsusi mexanizmin yaradılmasını təklif edib.

Beləliklə, sammit həm də regionun bütün ölkələrinin rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrin tədbirdə iştirakı ilə tarixə düşüb. Bu, onların əməkdaşlığa kökləndiklərini göstərir və təşkilatın əhəmiyyətini artırır.

 

İƏT-də təkamül

İƏT haqqında danışarkən vurğulanmalıdır ki, o, bir neçə onillik ərzində müxtəlif siyasi sistemlərə, iqtisadi potensiala və xarici siyasətə malik dövlətlər üçün vacib dialoq platforması olub. Bu gün ciddi geosiyasi dəyişikliklər fonunda regional siyasi konfiqurasiyanın dəyişdiyi şəraitdə onun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün bütün imkanlar mövcuddur. İƏT-in potensialı mövcud mexanizmlərdə deyil, daha çox dərin inteqrasiya istəyi olmayan ölkələr arasında praqmatik və çevik əməkdaşlıq üçün platformaya çevrilmək imkanındadır. Bu, xüsusilə beynəlxalq sanksiyalar, Yaxın Şərqdəki qeyri-sabitlik və qlobal güclər arasındakı rəqabət şəraitində regional məsələlərin həllinin daha çox tələb olunduğu dövrdə aktualdır.

Miqyaslı sanksiya münaqişələri, logistika marşrutlarının dəyişməsi, Avrasiyada nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artması fonunda İƏT öz coğrafiyası daxilində mürəkkəb proseslərin tənzimləyicisinə çevrilə bilər. O, iştirakçılar arasında dialoqu dəstəkləməklə, münaqişə risklərini azalda, regional oyunçuların maraqlarının yaxınlaşmasına töhfə verə bilər. Xankəndi sammiti bunun bariz sübutudur.



MƏSLƏHƏT GÖR:

181