YENİ ÜMİDLƏR
Əbu-Dabi: tarixi şansdan istifadə olunacaqmı?
Müəllif: NURANİ
Yəqin ki, uzun müddət idi ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında danışıqlara dair xəbəri bu qədər diqqətlə gözləmirdilər. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan kifayət qədər uzun fasilədən sonra, nəhayət, danışıqlar masası arxasına əyləşiblər. Üstəlik, bu dəfə danışıqlar vasitəçilər olmadan – təkbətək baş tutub. Başqa sözlə, indi müzakirələr vasitəçilərin danışıqlar prosesini öz maraqlarına uyğun yönləndirmək cəhdləri olmadan keçib.
Görüş beş saat davam edib. Görüşdə sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanmasından tutmuş, Zəngəzur dəhlizinədək ən vacib və çətin məsələlər müzakirə olunub. Tərəflərin mətbuat xidmətlərinin görüşlə bağlı yaydığı məlumatlar bir-birinə bənzər olub. Ekspertlər bunu dolayısı ilə tərəflər arasında müəyyən razılaşmaların əldə olunduğunun göstəricisi kimi qiymətləndirirlər. Sadəcə, söhbətin hansı razılaşmalardan getdiyi hələ ki, gizli saxlanılır.
«İrəliləmək üçün impuls»
Bakı ilə İrəvan arasında gedən danışıqlar prosesin ən dəqiq qazax şairi və türkoloqu Oljas Süleymenovun QKÇP çevrilişindən sonra Xalq Deputatları Qurultayında səsləndirdiyi, siyasi baxımdan o qədər də korrekt sayılmayan sözləri ilə ifadə etmək olar: «Bu gün bir çoxları deyir ki, biz irəliləmək üçün impuls aldıq. Lakin bəzən bu impuls irəlidən deyil, arxadan vurulan möhkəm bir təpiklə alınır».
Qarabağla bağlı vasitəçilik missiyalarının ard-arda uğursuzluğa düçar olduğu danışıqların vəziyyəti də təxminən belədir. Bu işdə diplomatiyaya xüsusilə 1990-cı illərin ortalarında böyük ümidlər var idi. 1994-cü ildə bölgədə nisbətən dayanıqlı atəşkəsin əldə olunmasından sonra diqqət döyüşdən danışıqlara yönəlmişdi. Xüsusilə Azərbaycanda ictimaiyyətin və ekspertlərin beynəlxalq hüquqa, təzyiqlərə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və s. ümidi hələ də qalırdı. Lakin tədricən aydın oldu ki, diplomatiyaya, beynəlxalq hüquqa, BMT TŞ-nin qətnamələrinə ümidlər xeyli şişirdilibmiş. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq fikrində deyil, Bakının gec-tez bununla barışacağını düşünür. ATƏT-in məşhur Minsk qrupu çərçivəsində aparılan müzakirələr, Azərbaycan və Ermənistan nümayəndələrinin ən yüksək səviyyələrdə apardıqları danışıqlar məhz İrəvanın güzəşt haqda düşünməməsi üzündən nəticəsiz qalırdı. Dünya birliyinin isə Ermənistana təzyiq göstərməyə sadəcə, siyasi iradəsi çatmırdı. Beləliklə, Azərbaycanda diplomatiyaya olan ümid sarsılmış, münaqişənin hərbi yolla həllinə hazırlıqlara başlanılmışdı. Hər halda, heç kim torpağından vaz keçməyi düşünmürdü.
Bütün bu dövrdə beynəlxalq ictimaiyyət «münaqişənin hərbi həlli yoxdur», «problem danışıqlar yolu ilə həll olunmalıdır» kimi çağırışlar etməkdə idi. Lakin 2016-cı ilin aprel döyüşlərindən sonra hər kəs görmüşdü ki, münaqişənin hərbi həlli də var. Nəhayət, 2020-ci ilin payızında bu, reallığa çevrilib. Sonradan Ermənistan tərəfinin bu reallıqdan qaçmaq üçün vaxtı olmuşdu. Lakin onlar fürsətdən istifadə edərək siyasi müdriklik göstərə bilməmişdilər. Nəticədə, 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə məsələyə birdəfəlik nöqtə qoyulub.
Artıq postmüharibə dövründə bu dəfə Rusiyanın vasitəçilik missiyası iflasa uğrayıb. Buna Moskvanın danışıqlarda «Qarabağın təxirə salınmış statusu» məsələsini irəli çəkmək, Rusiya sülhməramlılarının himayəsi altında «miatsum»un yenidən gündəmə gətirmək cəhdləri səbəb olub.
Daha sonra vasitəçilik təşəbbüsü ilə Avropa İttifaqı çıxış edib. Xatırladaq ki, ona bu təklif İrəvan tərəfindən verilmişdi. Əslində, Aİ əvvəlcə bu işdə müəyyən uğurlar da qazanmışdı. 2022-ci ildə Praqada müvafiq sənədlər də imzalanmışdı. Söhbət Ermənistanın ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, həmçinin keçmiş SSRİ respublikalarının inzibati sərhədlərinin dövlət sərhədlərinə çevrilməsini nəzərdə tutan Almatı Bəyannaməsini tanımasını nəzərdə tutan sənədlərdən gedir.
Lakin bir il sonra – 2023-cü ilin oktyabrında Aİ-nin vasitəçiliyi faktiki olaraq, öz-özünü bitirib. Bu, Qranadada təşkil olunmuş görüşdən sonra baş verib. Avropalı vasitəçilər nədənsə bu görüşə Fransa Prezidenti Emmanuel Makronu da dəvət etmək qərarına gəlmişdilər. Halbuki Parisin açıq şəkildə Ermənistanı dəstəklədiyi heç kimə sirr deyildi. Bakı təbii ki, bu təkliflə razılaşmayıb və Azərbaycan Prezidenti İlham Əliyev ona qatılmaqdan imtina edib. Lakin görüş buna rəğmən keçirilib, Azərbaycanla bağlı məsələlər onun iştirakı olmadan müzakirə olunub. Bu isə Bakını haqlı olaraq, daha da qəzəbləndirib. Nəticədə, Aİ-nin vasitəçilik missiyasını davam etdirməsi mümkün olmayıb. Qranada görüşünün alınmadığını etiraf etmək «Avropalı qüruruna» uymasa da, Bakı bu formatda müzakirələrin davamı ilə razılaşmayıb.
Sonradan Azərbaycan və Ermənistan liderlərinin müxtəlif platformalarda bir araya gətirilməsinə bir neçə başqa cəhdlər də olub. Lakin sonda aydın olub ki, ən faydalı format vasitəçilərsiz formatdır. Sərhədlərin delimitasiyası kimi qəliz və həssas məsələyə dair razılaşma məhz bu formatda əldə olunub.
Nəhayət, Əbu-Dabi danışıqları. Bu görüşdən sonra ehtiyatlı da olsa, nikbinlik müşahidə olunmaqdadır. Hər halda, «görüş xətrinə görüş» beş saat çəkə bilməzdi. Demək, danışıqlar yenidən dinamika qazanıb.
Nikbinlik və reallıqlar
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Bakı Ermənistana sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan hərtərəfli sülh sazişi üzərində işlərə başlanılmasını təklif edib. Bu gün artıq həmin sazişin müddəaları razılaşdırılıb. Sanki onun imzalanmasına heç bir maneə qalmayıb. Amma…
Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra sülh sazişi daha çox Bakıya deyil, İrəvana lazımdır. Azərbaycan təhlükəsizliyinin təminində Ermənistanın imzasına deyil, öz ordusuna arxalanır. Sadəcə sülh sazişinin olması olmamasından daha yaxşıdır. Prosesi uzadan isə yenə də erməni tərəfidir. Əbu-Dabi görüşü nə qədər ümidverici təsir bağışlasa da, «suyun altındakı daşlar»ı unutmaq olmaz.
Əsas problem hələ də Ermənistan Konstitusiyası, daha dəqiq desək, orada ölkənin müstəqillik bəyannaməsinə istinadın qalmasıdır. Həmin bəyannamədə «miatsum»dan, yəni Qarabağın Ermənistana birləşdirilməsi ideyasından danışılır. Azərbaycan haqlı olaraq hesab edir ki, konstitusiyada belə maddənin olması «revanş üçün pəncərə»dir. Bakı çoxdan bəyan edib ki, həmin maddə Ermənistan Konstitusiyasından çıxarılmazsa, sülh sazişi imzalanmayacaq.
Ekspertlər bu faktlara əsaslanaraq, hələ həddindən artıq nikbinliyə qapılmağın doğru olmadığını düşünürlər. Onların fikrincə, Əbu-Dabi görüşünün necə başa çatmasından asılı olmayaraq, sülh sazişinin «gələn həftə» imzalanacağını gözləməyə dəyməz. Bakının şərti aydındır: «miatsum» məsələsi, yəni Qarabağın Ermənistana «birləşdirilməsi» məsələsinə istinad bu ölkənin konstitusiyasından çıxarılmalıdır. Bu isə ən nikbin ssenari ilə belə, 2026-cı ildən əvvəl baş verməyəcək. Nikol Paşinyan bildirir ki, həmin il ölkədə seçki ilə eyni vaxtda konstitusiya dəyişikliyinə dair referendum da keçiriləcək. Bəli, o, belə bir söz verib. Amma verdiyi sözə əməl edəcəkmi?
Razılaşma qabiliyyəti testi
Bəli, yeni konstitusiya referendum ilə təsdiqlənməlidir. Lakin Paşinyanın bunun üçün lazımi dəstəyi ala bilib-bilməyəcəyi sual altındadır. Bu gün Ermənistanda revanşist əhval yüksəkdir. Baş nazirə «küçə populyarlığı»nın kömək edə biləcəyini düşünmək olar. Lakin müşahidəçilər deyir ki, «kabab inqilabı»nın lideri indi bu populyarlığını da xeyli itirib. Gümrüdə keçirilmiş mer seçkisində müxalif namizədin qələbə qazanması kifayət qədər ciddi siqnal sayıla bilər. Bundan başqa, N.Paşinyan xarici oyunçularla da münasibətlərini davamlı şəkildə korlayıb və indi onların Ermənistanda arxalanacağı ordu, polis, nəhayət, kilsə kimi güclər var… Belə şəraitdə növbəti seçkidə qələbə qazanmaq heç də asan görünmür.
Demək, yeni konstitusiyada sülh sazişinin imzalanmasına əngəl yaradan maddənin olmayacağına da zəmanət yoxdur. Artıq Paşinyanın tam nəzarətində olan Ermənistan Konstitusiya Məhkəməsi həmin maddənin sülh müqaviləsinin imzalanmasına maneə olmadığı qənaətindədir.
Bundan başqa, Paşinyanın razılaşdığı məsələlərdən boyun qaçırması onun çoxdankı üslubudur. Buna ilk misal kimi MDB-nin Düşənbə sammitindəki danışıqlar ola bilər. Həmin toplantıdan sonra Ermənistanın baş naziri sosial şəbəkələrdə görüşün nəticələrini tam fərqli təqdim etmişdi.
Güman etmək olardı ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra İrəvan özü üçün lazımi nəticələri çıxarıb. Amma təəssüf ki, belə deyil. 2020-ci ilin 10 noyabr bəyannaməsini imzalayaraq Ermənistan qoşunlarının Qarabağdan çıxarılacağı öhdəliyini götürmüş Paşinyan Rusiya sülhməramlılarının məsuliyyət zonasında 15 minlik hərbi kontingent saxlayırdı – yüzlərlə tank, zirehli texnika, artilleriya, radioelektron mübarizə vasitələri və s.
Praqada guya Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanındığına dair sənədə imza atan baş nazir bundan sonra Xankəndidəki işğalçı xuntanı «müstəqillik günü» münasibətilə təbrik etmiş, orada «prezident seçkisi» adlı tamaşa qurmuşdu. Sual yaranır: İrəvan «hə» deməsəydi Xankəndidə Azərbaycan əleyhinə terror müharibəsinə başlaya bilərdilərmi?
Bütün bunların fonunda təbii olaraq, ortaya bir sual da çıxır: Əbu-Dabidə əldə olunmuş razılaşmalar yerinə yetiriləcəkmi?
Azərbaycan danışıqlarda heç zaman ikili oynamayıb, özünə qarşı da belə oyunlara imkan verməyəcək. Bunu vaxtında anlamaq daha yaxşıdır.
MƏSLƏHƏT GÖR:



176

