KÖNLÜ BALIQ İSTƏYƏNİN...
Dəniz məhsullarının sənaye istehsalının genişləndirilməsi Azərbaycanın yeni ixrac vektoruna çevrilir
Müəllif: Ağasəf NƏCƏFOV
Son onillikdə sürətlə dayazlaşan Xəzər hövzəsinin ixtiofaunasının tükənməsi tendensiyası süni hövzələrdə və sənaye tipli balıqyetişdirmə müəssisələrində kommersiya məqsədli balıq istehsalına keçməyi zəruri edir.
Artıq Azərbaycanda bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib. Avropa İttifaqı və dünyanın digər ölkələrinin bazarlarına hədəflənən Azərbaycan istehsalçıları qara kürü, həmçinin akvakultura metodu ilə yetişdirilmiş nərə, qızılbalıq və digər qiymətli balıq növlərinin ixracını artırırlar.
Təbiidən süni istehsala
Xəzərdə balıqçılıq sənayesi artıq bir neçə onillikdir ki, kommersiya balıq növlərinin davamlı azalması səbəbindən ciddi çətinliklərlə üzləşir. Azərbaycanın ekoloq alimləri və müvafiq beynəlxalq təşkilatların mütəxəssislərinin araşdırmalarına görə, qlobal istiləşmə və digər iqlim problemləri son onillikdə Xəzər hövzəsinin ixtiofaunasının tükənməsini nəzərəçarpacaq dərəcədə sürətləndirib. Dayazlaşan Xəzər hövzəsinə tökülən bütün çayların məcrasının tənzimlənməsi, onilliklər boyu neft hasilatı və təmizlənməmiş sənaye axıntılarının tökülməsinin nəticələri, ekoloji balansın dəyişməsi və yem bazasının kəskin azalması, həmçinin qanunsuz ov qiymətli balıq növlərinin populyasiyasının sayını hiss olunacaq dərəcədə azaldıb.
Bu mənfi təsiri Xəzəryanı beş dövlət də hiss edir. Bu baxımdan, qanunsuz ovla mübarizə aparılır, ekoloji nəzarət tədbirləri və ölkələr üzrə balıq ovu kvotaları razılaşdırılır. 2014-cü ilin sentyabrında bu dövlətlər Xəzər dənizinin su bioresurslarının qorunması və səmərəli istifadəsi və birgə ehtiyatların idarə edilməsi üzrə Komissiya yaradılması haqqında saziş imzalayaraq, elmi-tədqiqat məqsədləri istisna olmaqla, nərə balıqlarının sənaye ovuna moratorium tətbiq ediblər.
Buna baxmayaraq, Xəzərdə dəniz ovu iqtisadiyyatın getdikcə daha çətin və az rentabelli sahəsinə çevrilir ki, bu da akvakulturanın inkişafı üçün ardıcıl sektoral keçidi qaçılmaz edir. Beynəlxalq təcrübəsinin göstərdiyi kimi, hazırda dünya dəniz məhsulları istehsalının yarıdan çoxu onun payına düşür.
Süni su hövzələrində və müxtəlif tipli balıqyetişdirmə müəssisələrində kommersiya məqsədli balıq istehsalı Azərbaycanda da inkişaf edir. Ölkədə Şəki, Zaqatala, Qəbələ, Qusar, Mingəçevir və s. yerlərdə təxminən on beş iri balıqyetişdirmə təsərrüfatı yaradılıb. Burada qiymətcə əlçatan kommersiya balığının əsas həcmi yetişdirilir - bu, qalınalın, ağ amur, sazan, karp, çapaq, kütüm, həmçinin daha bahalı forel və digər qızılbalıq növləridir.
Azərbaycan akvakulturanın inkişafında ən böyük irəliləyişə son 6-7 ildə nail olub. Buna Neftçala, Pirallahı, İsmayıllı rayonlarında, həmçinin Mingəçevir su anbarında yaradılmış bir neçə iri sənaye tipli obyektin yaradılması kömək edib, burada nərə, qaya balığı, ağbalıq, qızılbalıq növləri yetişdirilir, qiymətli kürü istehsalı təşkil edilib. Akvakultura sahəsində növbəti iri müəssisə Qarabağ regionunda yaradılır - Laçın rayonunda Həkəri balıqçılıq təsərrüfatında rəngli forel və Kür nərəsinin istehsalı təşkil ediləcək.
Ümumilikdə ölkəmizdə təxminən 500 kiçik özəl hovuz təsərrüfatı fəaliyyət göstərir. Lakin onlardan bəziləri lazımi qeydiyyat, fiskal, sanitar və digər nəzarət olmadan fəaliyyət göstərir. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqlarda hovuz təsərrüfatlarının yaradılması qaydalarının pozulması halları da az deyil.
Akvakultura təsərrüfatlarının fəaliyyətinin tənzimlənməsi üçün Prezident İlham Əliyev Milli Məclis tərəfindən bu il iyulun 14-də qəbul edilmiş Torpaq Məcəlləsinə və “Balıqçılıq haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliklərə əsasən, balıq və digər su bioresurslarının yetişdirilməsi təsərrüfatlarının yerləşdiyi torpaqların hüquqi statusunu və kateqoriyalarını tənzimləyən normalar dəqiqləşdirilir.
“Kimyasız” balıq
“Qlobal akvakultura və balıqçılıq sektoru sürətlə inkişaf edir, lakin əsas məsələ keyfiyyətli məhsul yetişdirməkdir: əgər akvakultura təmiz sularda aparılırsa, bu sularda yetişdirilən ixtiofauna da sağlam olacaq. Balıq məhsullarının emalı prosesinin riayət edilməsinə də az diqqət yetirilməməlidir”, - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) balıqçılıq və akvakultura üzrə beynəlxalq məsləhətçisi Tomas Eşli Şipton “Ümumdünya ərzaq təhlükəsizliyi günü: Elm fəaliyyətdə” konfransında bildirib.
Ekspertin sözlərinə görə, kiçik ərazidə və ya az su həcmində çoxlu sayda kommersiya balığının saxlanılması və yetişdirilməsi müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur. Bu halda istehsalçılar kimyəvi maddələr və antibiotiklərdən istifadə etməyə meyilli olurlar ki, bunun nəticəsində emal zamanı son məhsulun çirklənməsi riskləri əhəmiyyətli dərəcədə artır.
Hazırda akvakultura təsərrüfatlarının əsas vəzifəsi kimyəvi preparatların, xüsusilə antibiotiklərin istifadəsinin minimuma endirilməsi və suyun təmizlənməsi üçün bioloji mexanizmlərin tətbiqi ilə bağlıdır. FAO-nun son məqsədi ekoloji təmiz məhsullar istehsal edən biotəhlükəsiz balıqçılıq təsərrüfatlarının sayının artırılmasına dəstək verməkdir.
Azərbaycan akvakultura sahəsində səmərəli təcrübənin tətbiqi sahəsində FAO və digər beynəlxalq profil qurumları ilə fəal əməkdaşlıq edir. Belə ki, bir neçə il əvvəl ölkəmiz Mərkəzi Asiya ölkələri və Türkiyə ilə birlikdə balıqçılıq və akvakulturun dayanıqlı idarə edilməsi üzrə regional layihədə iştirak edib. Türkiyə hökuməti tərəfindən maliyyələşdirilən layihə balıqçılığın inkişafında potensialın artırılmasına, ixtiofaunanın süni yetişdirilməsində təhlükəsizlik və ekoloji normaların təmin edilməsinə yönəlib. FAO proqramı əsasında yaradılan bu platforma balıqçılıq və akvakultura sahəsində qabaqcıl təcrübə, texnologiya və yeniliklərin mübadiləsini təmin edib.
Ümumiyyətlə, balıq yetişdirmə sənayesinin inkişafı üzrə kommersiya layihələri Türk Dövlətləri Təşkilatının üzvləri ilə gələcək əməkdaşlıq üçün maraq doğurur. Bu baxımdan, Azərbaycan və Qırğızıstan arasında balıqçılıq təsərrüfatları üçün keyfiyyətli yem istehsalı zavodunun birgə yaradılması ilə bağlı əməkdaşlıq planlarını qeyd etmək yerinə düşər.
Dövlət proqramı çərçivəsində
Sənaye miqyasında balıq yetişdirmə təsərrüfatlarının inkişafı, ən müasir texnologiyaların və beynəlxalq ekoloji standartların tətbiqi, həmçinin digər perspektivli sahə trendlərinin tətbiqi üçün “Azərbaycanda akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Bu istiqamətdə əlamətdar qərar Prezident İlham Əliyevin 19 dekabr 2024-cü il tarixində imzaladığı “Azərbaycanda balıqçılıq və akvakulturanın inkişafına dair əlavə tədbirlər haqqında” Fərmanı olub. Sənəd ölkədə balıqçılıq və akvakulturanın inkişafına - məhsuldarlığın artırılmasına, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsinə, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq ehtiyatlarının formalaşdırılmasına, həmçinin müasir tələblərə uyğun olaraq balıqçılıq və akvakultura təsərrüfatlarının təşkili və tənzimlənməsinə yönəlib.
Bu vəzifələrin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Yeni qurumun vəzifələrinə balıqçılığın təşkili, idarə edilməsi, o cümlədən akvakultura sahəsində, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, qorunması və nəzarəti sahəsində fəaliyyətin həyata keçirilməsi daxildir. Dövlət başçısının fərmanına uyğun olaraq, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycanda kənd təsərrüfatı, balıq məhsulları və akvakultura istehsalı və emalının inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın hazırlanmasını həyata keçirir.
“Dövlət başçısının təşəbbüsü ölkəmizdə balıqçılıq və akvakultura sektorlarının daha sistemli və dayanıqlı inkişafını təmin etməyə, həmçinin özəl sektor üçün yeni imkanlar açmağa imkan verəcək”, - Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Zaur Salmanlı qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları məhduddur, ona görə də bu məsələdə dövlət və özəl sektorların əməkdaşlığı vacibdir. Su ehtiyatlarının səmərəli idarə edilməsi, su hövzələrinin çirklənmədən qorunması və gələcək nəsillər üçün qorunması Azərbaycan üçün prioritetdir.
Ümumiyyətlə, Azərbaycanın aparıcı balıq yetişdirmə müəssisələri akvakultura sahəsində qabaqcıl beynəlxalq təcrübəni fəal şəkildə tətbiq edir və məhsulun keyfiyyət standartlarına Avropa İttifaqının tələbləri səviyyəsində riayət olunmasını təmin edir. Bunun sayəsində ixrac istiqamətində əhəmiyyətli irəliləyiş təmin olunub: 2023-cü ildə xarici ölkələrə (əsasən Sinqapur, BƏƏ, ABŞ və Rusiyaya) 600 kiloqrama yaxın nərə kürüsü ixrac edilib ki, bu da əvvəlki ilin göstəricilərindən iki dəfədən çoxdur.
Bu arada, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səyləri ilə Milli Monitorinq Planı hazırlanıb və Avropa İttifaqının müvafiq qurumlarına təqdim edilib, iki il əvvəl ölkəmiz akvakultura şəraitində yetişdirilən nərə və qızılbalıq kürüsünün Aİ ölkələrinə ixracına icazə alıb.
AQTA-nın dərc etdiyi məlumata görə, qurum balıq məhsullarının Aİ bazarlarına çıxışını təmin etmək üçün Monitorinq Planı hazırlayıb və onu Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edib. Müvafiq Avropa qurumu tərəfindən texniki qiymətləndirmədən sonra Monitorinq Planı təsdiqlənib və qəbul edilib, nəticədə, Azərbaycandan Aİ-yə akvakultur nərə kürüsünün ixracına icazə 2025-2026-cı illər üçün uzadılıb.
MƏSLƏHƏT GÖR:



133

