5 Dekabr 2025

Cümə, 10:01

XARİCİ SANKSİYALAR

Aİ ilə ABŞ Rusiya hərbi basqınının qarşısını almaq üçün sanksiyaların qlobal miqyasını genişləndirirlər

Müəllif:

01.08.2025

Avropa İttifaqının Rusiyaya 2025-ci ilin iyulunda tətbiq etdiyi sayca on səkkizinci sanksiyalar paketi onun müəllifləri tərəfindən Ukrayna müharibəsinin başlamasından bu yana Moskvanın üzləşdiyi ən miqyaslı və texnoloji baxımdan ən təkmil paketlərdən biri kimi qiymətləndirilir. Onun əsas xüsusiyyəti yalnız Rusiyaya deyil, həm də Moskvanın keçmiş sanksiyalardan yayınmasına kömək etmiş üçüncü ölkələrə və şirkətlərə də yönəlməsidir.

Aİ-nin Rusiya ilə bağlı sanksiya siyasətində ilk dəfədir ki, əlavə sanksiyalara da əl atılır. İndi təzyiqlə üzləşənlərin siyahısında Çin, Türkiyə, Hindistan, BƏƏ, Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrin hüquqi şəxsləri də var. Aİ-də hesab edirlər ki, həmin şirkətlər ikili təyinatlı məhsulların, elektronikanın və Rusiya hərbi sənaye kompleksində istifadə edilən komponentlərin Moskvaya tədarükündə əsas rola malikdirlər.

 

Xüsusi sanksiyalar

Bu dəfə yüksək texnologiyalı məhsulların, o cümlədən yarımkeçiricilər, ixtisaslaşdırılmış dəzgahlar, rabitə avadanlıqları, hərbi və kəşfiyyat sahələrində istifadə olunan proqram təminatlarının ixracına məhdudiyyətlər də genişləndirilib, Rusiyaya idxalı qadağan olunan məhsulların siyahısı böyüyüb. Burada sənayedə istifadə olunan kimyəvi maddələr, neft-qaz sənayesi üçün avandanlıqlar, atom enerjisi ilə bağlı məhsullar da var. Avropa şirkətlərinin Rusiyaya informasiya texnologiyaları xidmətləri göstərməsi, «bulud hesabları» yaratması da qadağandır. Xüsusilə kibertəhlükəsizlik, telekommunikasiya və rəqəmsal infrastruktur sahəsində proqram təminatlarının Rusiya şirkətlərinə satışına qadağa qoyulub.

Aİ maliyyə axınına nəzarəti də gücləndirib. Rusiya banklarına yeni məhdudiyyətlər tətbiq edilib, bir sıra iri maliyyə institutlarının aktivləri dondurulub, onlarla hər hansı maliyyə əməliyyatının aparılması qadağan edilib. İndi sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadənin qarşısının alınması üçün kriptoproqramlar və rəqəmsal aktivlərlə əməliyyatlara da ciddi nəzarət olunacaq.

Sanksiyalarla üzləşmiş fiziki şəxslərin siyahısı da genişlənib. Burada Rusiya hökumətinin nümayəndələri, hərbi rəhbərlikdə təmsil olunan şəxslər, həmçinin müdafiə sənayesi ilə əlaqəli iş adamlarının adları yer alır.

Ümumilikdə 18-ci sanksiyalar paketi Aİ-nin sanksiya siyasətində dəyişiklik cəhdi kimi qiymətəndirilə bilər. İndi konkret hədəflərə yönəlmiş tədbirlərdən daha geniş strategiyaya keçid edilir, məhdudiyyətlərə əməl olunmasına nəzarət gücləndirilir. Bu yanaşma istər hüquqi, istərsə də siyasi-iqtisadi baxımdan fərqli olmaqla, Aİ-nin sanksiya təzyiqinin coğrafiyasını öz sərhədlərindən kənara çıxarmaq niyyətini göstərir.

 

Sanksiya, yoxsa «bumeranq»?

Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin daha sərt və miqyaslı olmasına baxmayaraq, onun nə qədər effektiv olacağına dair fikirlər birmənalı deyil. Müşahidəçilər bildirirlər ki, xüsusilə üçüncü ölkələrə tətbiq olunan yeni məhdudiyyətlər daha çox rəmzi xarakter daşıya bilər. Başqa sözlə, Rusiyaya tədarük zəncirinin dərhal qırılacağı ehtimalı azdır. Ukrayna müharibəsinin davam etdiyi iki ildən artıq müddətdə sanksiyalardan yayınma mexanizmləri də təkmilləşdirilib: MDB ölkələri, Türkiyə, Çin və digər neytral ölkələr üzərindən keçən mürəkkəb logistika zəncirləri Moskvanın həyati əhəmiyyətli məhsullar, xüsusilə ikili təyinatlı komponentlərin idxalını davam etdirməsinə imkan yaradır. Bir sıra Aİ rəsmiləri və ekspertlər etiraf edirlər ki, bu cür kanalların aşkarlanması və kəsilməsi ciddi resurslar, zaman və siyasi iradə tələb edir ki, bu da Aİ-nin özünün daxilində belə, həmişə yetərli olmur.

Bundan başqa, əlavə sanksiyaların tətbiqi Aİ ilə bir sıra tərəfdaş ölkə, o cümlədən Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin korlanması riskini artırır. Bu dövlətlər Brüsselin belə addımlarını daxili işlərə, suveren xarici iqtisadi siyasətə müdaxilə kimi qiymətləndirirlər. Artıq bəzi ölkələr Aİ-nin son qərarından narazılığını açıq şəkildə ifadə edib. Onlar indi Rusiya ilə xüsusilə enerji və ticarət sahəsində əməkdaşlıq üçün alternativ yollar axtaracaqlarını bildirirlər.

18-ci sanksiyalar paketi Aİ-nin öz iqtisadiyyatına da ikili təsir göstərir. Bu addım bir yandan Avropa İttifaqının strateji muxtariyyətini gücləndirmək, daxili sənaye sahələrinin inkişafını stimullaşdırmaq məqsədi güdürsə, digər tərəfdən əlavə xərclər, iqtisadi qeyri-sabitlik, daxili fikir ayrılıqları vəd edir.

Sanksiyalar yaxın perspektivdə Rusiya ilə ticarət və investisiya münasibətlərini daha da çətinləşdirəcək. Bu, özünü xüsusilə enerji, maşınqayırma, kimya sənayesi, yüksək texnologiyalar sahəsində göstərir. İndi Rusiya ilə sıx əməkdaşlıq edən bəzi Avropa şirkətləri önəmli satış bazarını, xammal tədarükçülərini və sonda gəlirlərini itirir. Bu, daha çox Almaniya, İtaliya, Avstraliya, Macarıstan və Slovakiya kimi ölkələrin şirkətlərinə təsir göstərir. Çünki onların tarixən Rusiya ilə iqtisadi əlaqələri daha güclü olub.

Bundan başqa, təkrar ixracla (reeksport) məşğul olan ölkələr üçün əlavə sanksiyalar Avropa şirkətlərinin Mərkəzi Asiya və Türkiyə kimi üçüncü ölkə bazarlarındakı fəaliyyətini çətinləşdirə bilər. Bu isə Avropa biznesi, xüsusilə kiçik və orta sahibkarlıq üçün artan bürokratik çətinliklər, hüquqi qeyri-müəyyənliklər və geosiyasi risklər deməkdir.

 

Gecikmiş effekt

Bütün bunlarla yanaşı, sanksiyalar və Rusiya ilə enerji əlaqələrinin pozulması Aİ-nin enerji siyasətində miqyaslı yenilənməni sürətləndirib. İndi o, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirir, hidrogen və atom enerjisi, maye qaz infrastrukturlarına yatırımları artırır. Almaniya ilə Fransa bütün çətinliklərə baxmayaraq, Norveç, ABŞ, Azərbaycan və Qətərdən qaz tədarükü hesabına Rusiyadan «mavi yanacaq» asılılığını azalda biliblər. Bu isə vətəndaşlar və sənaye üçün qısamüddətli perspektivdə enerji xərclərini artırsa da, Avropanın dayanıqlılığını gücləndirib.

2022-2023-cü illərdə enerji daşıyıcılarının, nəqliyyat və logistika xidmətlərinin bahalaşması üzündən Avropada inflyasiya pik həddə çatmışdı. Lakin 2024-cü ilin ortalarına doğru onun səviyyəsi azalmağa başlayıb. Buna baxmayaraq, Avropa iqtisadiyyatı sənaye istehsalında, xüsusilə metallurgiya, şüşə və sement istehsalında hələ də ciddi çətinliklər yaşayır. Elektrik enerjisi ilə bağlı artan xərclər isə onun xüsusilə avtomobil sənayesinə ciddi zərbədir.

Daha bir vacib məqam da Aİ-də sanksiyaların siyasi dəyərinin artmasıdır. Xüsusilə Şərqi Avropa ölkələrində populistlərin, Avropanın birliyinə skeptik yanaşanların mövqeləri güclənməkdədir. Onlar iqtisadi problemlərin əsas səbəbi kimi məhz sanksiya siyasətini göstərir və bu siyasəti tənqid edirlər. Lakin Brüsseldə və Qərbi Avropanın əsas paytaxtlarında Rusiyaya təzyiqlərin davam etdirilməsinin vacibliyinə dair konsensus bütün çətinliklərə rəğmən, davam edir.

Sanksiyaların Rusiya iqtisadiyyatına mənfi təsirlərinə gəlincə, 18-ci paketin bu mənada ciddi effekt verəcəyini gözləyənlər azdır. Rusiya müdafiə sənayesindəki müəyyən çətinliklərə baxmayaraq, silah istehsalını davam etdirir. Bundan başqa, üçüncü ölkələr vasitəsilə oraya idxalın artdığı müşahidə olunur. Bu, xüsusilə Çin, BƏƏ və Türkiyədən elektronika, dəzgahlar və ehtiyat hissələrinin tədarükü hesabına baş verir. Rusiya Mərkəzi Bankı isə yeni maliyyə şərtlərinə uyğunlaşaraq rublun sabitliyini nisbətən təmin edib, ölkənin biznesi getdikcə Asiya bazarlarına daha çox yönəlir.

Amma uzunmüddətli perspektivdə bu effekt hiss olunur. Ölkə texnologiyalar sahəsində getdikcə daha çox geridə qalır, müasir Qərb texnologiyalarına çıxış çətinləşir, istehsal olunan məhsulların (o cümlədən mülki sahədə) keyfiyyəti aşağı düşür. Aİ-nin tranzit zəncirlərinə nəzarəti gücləndirməsi isə gələcəkdə paralel idxalın davamlılığını ciddi şəkildə poza bilər. Bununla yanaşı, skeptiklər hesab edir ki, Çin ilə koordinasiya və daha sərt beynəlxalq mövqe olmadan Aİ Moskvaya təzyiqi yetərincə artıra bilməyəcək. Demək, Rusiyada ən azı yaxın vaxtlarda ciddi iqtisadi dəyişiklikləri gözləməyə dəyməz.

 

ABŞ əl çəkmir…

Aİ ilə yanaşı, Rusiyaya təzyiqləri ABŞ da artırır. Moskvaya yeni sanksiyalar tətbiq edən Vaşinqton yalnız onun gəlirlərini məhdudlaşdırmağa çalışmır, həm də üçüncü ölkələrin Moskva ilə əməkdaşlığını əngəlləmək istəyir. Bu strategiyanın mərkəzində Prezident Donald Trampın təşəbbüsləri dayanır. Ağ Ev sahibi bildirib ki, Rusiyanın Ukrayna müharibəsini 50 gün ərzində dayandırmayacağı təqdirdə Vaşinqton Moskvadan neft alan ölkələrə 100%-lik tariflər tətbiq edəcək. Beləliklə, Amerikanın sanksiyaları da ikili xarakter alır – hədəf yalnız problemin mənbəyi yox, həm də onun ətrafıdır.

Paralel olaraq Senatda S.1241 saylı qanun layihəsi müzakirə edilir. Söhbət «Rusiyaya sanksiyalar aktı» adlı sənəddən gedir. O, Moskva ilə bağlı daha sərt tədbirlərin görülməsini nəzərdə tutur: enerji resurslarına qarşı 500%-dək tarifin tətbiqi, genişmiqyaslı maliyyə məhdudiyyətləri, investisiya qadağaları, «kölgə donanması»na (dənizdə neft ticarətində sanksiyalardan yayınma mexanizmi) nəzarətin gücləndirilməsi.

Vaşinqtonun hədəfi dəyişməzdir: Rusiyanın, ilk növbədə, neft və qaz ixracından əldə etdiyi gəlirlərin kəskin azaldılması, eyni zamanda qlobal enerji balansının qorunması. Lakin hələlik bazarlar bu tədbirlərə ehtiyatla reaksiya verirlər: neftin qiyməti sabit qalır, Hindistan və Türkiyə kimi ölkələr isə sərfəli Rusiya neftindən imtina etməyə tələsmir.

ABŞ-nin yeni sanksiyalar dalğasının məqsədi Rusiyanın iqtisadi təcridini gücləndirməkdən çox beynəlxalq təzyiq koalisiyasının qurulmasına yönəlib. Bu strategiyanın nə qədər effektiv olacağı digər ölkələrin Vaşinqtonun təzyiqinə boyun əyib-əyməyəcəyindən və Rusiyanın yeni şərtlərə uyğunlaşmaq bacarığından asılı olacaq.

 

Sanksiyalar öz yerində, müharibə isə davam edir

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiyalar paketinin Ukrayna müharibəsinə təsirindən danışarkən qeyd olunmalıdır ki, əvvəlki analoji addımlarda olduğu kimi, bu təsir də daha çox gecikmiş və dolayı təsir olacaq. Yəni onun dərhal və həlledici nəticə verəcəyini gözləməyə dəyməz. Rusiyanın müasir texnologiyalara, ikili təyinatlı komponentlərə, hərbi elektronika məhsullarını çıxışının məhdudlaşdırılması nəzəri baxımdan onun yüksək dəqiqlikli silahlar, pilotsuz uçuş aparatları, rabitə sistemləri, cəbhədə fəal istifadə olunan digər texnikalar istehsalını çətinləşdirməlidir. Amma təcrübədə bu addımların effekti özünü gec göstərir. Çünki Moskva hələ də üçün ölkələr və kölgə sxemləri vasitəsilə özünə lazım olan komponentləri əldə edə bilir. Bundan başqa, onun özü raket, pilotsuz uçuş aparatı və digər texnikaların istehsalı üçün lazım olan saysız-hesabsız çətin komponent hazırlayır. Bu isə ölkənin idxaldan asılılığını müəyyən qədər azaldır.

Bir sözlə, Rusiya hərbi maşınının yaxın vaxtlarda resurs çatışmazlığı ilə üzləşməsi ehtimalı azdır. Onun mövcud silah ehtiyatı, sənayedəki səfərbərlik, İran, Şimali Koreya və digər ölkələrin dəstəyi bir çox məhdudiyyətləri kompensasiya edir. Bununla belə, müəyyən tənəzzül əlamətləri də yox deyil: cəbhədə köhnəlmiş silah nümunələrindən istifadə artıb, yüksək dəqiqlikli raketlərin sayı azalıb, yerli istehsal olan bəzi pilotsuz uçuş aparatlarının keyfiyyəti Qərb analoqları ilə müqayisədə geri qalır.

Aİ-nin sanksiyalardan yayınma ilə mübarizəyə yönəlmiş mexanizmləri, həqiqətən, işlək olacaqsa, məsələn, Qazaxıstan, BƏƏ və Türkiyənin logistika mərkəzlərinə təzyiqlər real olacaqsa, gələcəkdə Rusiyada texnikanın istehsal tempi və cəbhədə rotasiyanın sürəti azalacaq. Belə bir vəziyyətdə xüsusilə mürəkkəb elektronika və optik sistemlərin istehsalı zəif nöqtə olaraq qalacaq. Çünki bunun yerli alternativinin tez bir zamanda hazırlanması mümkün deyil.

Bununla belə, etiraf olunmalıdır ki, 18-ci sanksiyalar paketi daxil olmaqla, heç bir analoji addım müharibənin gedişatında kəskin dönüş yaratmaq iqtidarında deyil. Döyüş meydanında qələbə və ya məğlubiyyət ümumilikdə hərbi resurslardan, logistika imkanlarından, əsgərlərin mənəvi vəziyyətindən, taktiki üstünlüklərdən və Qərbin Ukraynaya yardımının həcmindən asılıdır. Sanksiyalar, sadəcə, zamanla Rusiyanın hərbi və iqtisadi gücünü azaltmağa yönəlib. Bu da prosesə real nəzarət və qlobal koordinasiya ilə mümkündür. Əks halda Rusiya daha çox itki bahasına olsa belə, yeni şəraitə də uyğunlaşacaq. Bu halda isə müharibənin uzanması Ukrayna üçün daha ağır nəticələr verəcək. Çünki bu məsələdə əsas yük məhz onun çiyinlərinə düşür.



MƏSLƏHƏT GÖR:

129