ASILILIQ FORMULU
Yeni Kaledoniyaya islahatlar adı altında nəzarət
Müəllif: İlqar VƏLİZADƏ
Məlum olduğu kimi, iyul ayında Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları ilə əleyhdarları arasında on gün davam edən danışıqlardan sonra Fransa tərəfindən tarixi hadisə kimi qiymətləndirilən saziş imzalanıb. 13 səhifəlik həmin sənədə görə Fransanın tərkibində xüsusi statusa malik Yeni Kaledoniya dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq almaq imkanı verir – həm Fransa, həm də Yeni Kaledoniya vətəndaşlığı. Bununla yanaşı, yeni status kaledoniyalıların milli kimliyini tanıyır, eyni zamanda Parislə əlaqələrini qoruyub saxlayır. Sazişə əsaən indi digər ölkələr Yeni Kaledoniyanı dövlət kimi tanıya bilər.
Saziş yalnız institusional məsələlərlə məhdudlaşmır. O, özündə Yeni Kaledoniya iqtisadiyyatının əsas dayaqlarından olan nikel sənayesinin inkişafını nəzərdə tutan strateji planı da əhatə edən iqtisadi və maliyyə islahatları paketini də özündə ehtiva edir. Bu mənada sənəd kanak xalqının öz hüquqları uğrunda apardığı mübarizədə qələbə kimi təqdim olunur. Sazişin qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada referendum keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev II Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı bu məsələyə xüsusi toxunmuş, bildirmişdi ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verənlər tarixi presedentdir. Bununla yanaşı, dövlət başçısı yaşananları hekayənin sonu yox, yalnız başlanğıcı kimi qiymətləndirmişdi: «Ümid edirəm ki, birinci addımın davamı olacaq. Əminəm ki, Fransanın müstəmləkə hakimiyyəti altında olan bütün ərazilərin hazırda Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş dövlətlərarası münasibətləri qurmaq imkanı olacaq».
Parisin məkrli planları
Lakin Fransa ilə yerli hakimiyyətlər arasında «yeni saziş»ə dair aparılan müzakirələr əslində elə həmin müstəmləkəçilik məntiqinin XXI əsrə uyğunlaşdırılmış versiyasının gizlədilməsinə hesablanıb. Parisin «demokratik proseslər» və «bütün tərəflərin maraqlarının nəzərə alınması» ilə bağlı bəyanatlarına baxmayaraq, son ayların reallıqları göstərir ki, Fransanın məqsədi yalnız keçmiş metropoliyanın maraqlarına cavab verən siyasi həllin qarşı tərəflərə zorla qəbul etdirilməsidir. «Dövlət yaradılması» ideyası, əslində, asılılıq sisteminin qorunub saxlanılması təşəbbüsündən başqa bir şey deyil. Bu sistemdə Fransa təhlükəsizlikdən tutmuş, iqtisadiyyata qədər bütün idarəçilik rıçaqlarını öz əlində saxlayır, öz müqəddəratını təyin etmək hüququnu «sabitlik və tərəqqi» şüarı ilə əvəzləyir.
Bu kontekstdə xüsusilə 2024-cü ilin may-iyun aylarında baş verənlər narahatlıq doğurur. Belə ki, o zaman yerli əhalinin seçki qanunvericiliyinə dəyişikliklərə etiraz olaraq keçirdiyi aksiyalar zamanı Fransa hökuməti arxipelağa jandarm qüvvələri və xüsusi təyinatlılar göndərərək, sərt cəza tədbirlərinə əl atıb. Elektoratın tərkibinin zorla dəyişdirilməsinə etiraz edən insanlar kütləvi həbslərə, güc tətbiqinə, informasiya məkanının blokadasına məruz qalıblar. İnternet və sərbəst hərəkət azadlığına məhdudiyyətlər qoyulub ki, bütün bunlar insan hüquqlarını tənzimləyən beynəlxalq normaların açıq şəkildə pozulması deməkdir. Parisin «Konstitusiya quruluşunun müdafiəsi» adı altında atdığı bu addımlar bir daha göstərib ki, Fransa strateji və iqtisadi maraqlarına təhdid yarada biləcək real dialoqa hazır deyil.
Yeni Kaledoniyanın artıq müəyyən muxtariyyəti var, lakin əsl özünüidarə xülyadan başqa bir şey deyil. Çünki burada hər hansı alternativ fikir dərhal zor gücü ilə boğulur. Müzakirə olunan «yeni saziş» çərçivəsində də Paris yerli hakimiyyətin səlahiyyətlərinin genişləndirilməsini təklif etsə də, müdafiə, valyuta, xarici siyasət və strateji resurslar kimi əsas məsələləri öz nəzarətində saxlayır.
Bundan başqa, arxipelaqda sərvətlərin, ilk növbədə, nikel ehtiyatının metropoliya və transmilli şirkətlərin maraqlarına uyğun istismar olunduğu iqtisadi model qalmaqdadır. Halbuki bu hasilat ciddi ekoloji fəsadlara – torpağın çirklənməsinə, sahilyanı ekosistemin dağılmasına, su ehtiyatlarının tükənməsinə səbəb olur. Yerli icmaların Fransaya məxsus mədən şirkətlərinin fəaliyyəti nəticəsində yaranmış bu vəziyyətlə bağlı şikayətləri isə davamlı olaraq ya qulaqardına vurulur, ya da şikayətçilər susdurulur.
«Nəzarət olunan suverenlik»
Müzakirə olunan müddəalara əsasən yeni razılaşma yerli orqanların səlahiyyətlərinin genişləndirilməsini, bəzi səlahiyyətlərin (vergiqoyma, təhsil, miqrasiya) sırf yerli hakimiyyətə verilməsini nəzərdə tutsa da, müdafiə və beynəlxalq münasibətlər əvvəlkitək Parisin nəzarətində qalacaq.
Bu, daha çox «assosiasiya dövlətləri» modelinə yaxındır. Bu modeldə əraziyə formal olaraq dövlətçilik əlamətləri verilir, əslində isə o, metropoliyanın təsir dairəsində qalır. Dünyada belə nümunələr var. Məsələn, Qrenlandiya formal olaraq Danimarkanın tərkibinə daxil olsa da, onun geniş muxtariyyəti var və təbii ehtiyatlarına özü nəzarət edir. Analoji olaraq Palau, Marşal adaları və Mikroneziya Federativ Ştatları formal olaraq müstəqil dövlətlərdir və onların ABŞ ilə «azad assosiasiya» bağlılığı var. Onların müdafiəsini Vaşinqton təmin edir, hər birinə maliyyə yardımı göstərir və daxili proseslərinə ciddi təsir imkanlarını qoruyub saxlayır. Daha bir nümunə Puerto-Rikodur. O, ABŞ-nin qeyri-inkorporativ ərazisi olaraq qalır. Onun öz idarəetmə sistemi olsa da, nə tam müstəqilliyə malikdir, nə də ştat statusu var.
Beləliklə, Yeni Kaledoniya üçün nəzərdə tutulan model «nəzarətdə olan suverenlik» modelinə tam uyğundur. Fransa bu modellər vasitəsilə Sakit okean regionunda strateji və iqtisadi nüfuzunu davam etdirmək istəyir. Bu isə xüsusilə geosiyasi amillər (o cümlədən Sakit okeanın cənub və qərb hissələrində Çinin mövcudluğunu artırması) fonunda mühüm əhəmiyyət daşıyır. Parisin zəngin nikel ehtiyatlarına və strateji mövqeyə malik ərazi üzərində nəzarəti davam etdirməsi onun regionda rolunu artırmasına imkan verməklə yanaşı, həm də postmüstəmləkə münaqişəsinin «sivil yolla» tənzimlənməsi nümunəsi göstərməsinə yol açır.
Parislə razılaşma yalnız başlanğıcdır
Bu vəziyyətin dünya səviyyəsində dərk olunmasında Bakı Təşəbbüs Qrupunun (BTQ) xüsusi rolu var. O, dekolonizasiya uğrunda mübarizə aparan xalqlar üçün platforma kimi yaradılıb. Azərbaycanın dəstəyi və Yeni Kaledoniya məsələsinin BMT-nin, həmçinin digər beynəlxalq təşkilatların gündəminə gətirilməsi Fransanın «maarifçi metropoliya» obrazını sarsıdır, bu sahədə ikili standartların mövcudluğunu açıq şəkildə ortaya qoyur. Məsələn, Paris bir yandan «Ukraynanın suverenliyi», «ayrı-ayrı regiondakı xalqların azadlığı» ilə bağlı çağırışlar edir, digər tərəfdən öz dənizaşırı ərazilərindəki xalqların müqəddəratlarını təyin etmə hüququnu tanımır, onlara «keçid dövlət formaları» adı altında öz maraqlarına uyğun modelləri zorla tətbiq edir.
Belə vəziyyətdə zorakılıq hallarından imtina olunmadan, ədalətli referendum keçirilmədən, müstəmləkə mirasına yenidən baxılmadan «yeni dövlətin yaradılması» haqda danışmaq sadəcə, manipulyasiyadır. Məqsəd həmin ərazilərə siyasi və iqtisadi nəzarəti davam etdirməkdir. Yeni Kaledoniya əhalisi, xüsusilə yerli kanak xalqı getdikcə danışıqların subyektinə yox, inzibati və güc vasitəsilə təzyiqlərin obyektinə çevrilir. Bu mənada müstəqillik artıq yalnız gələcəklə bağlı seçim deyil, həm də xaricdən diktə şəraitində kanak xalqının mədəni, siyasi və ekoloji kimliyinin qorunub saxlanılması məsələsidir.
Beləliklə, «yeni saziş» dekolonizasiya problemini həll etmir, sadəcə olaraq köhnə sistemə müasir şəkil verir. Etirazların zorla yatırılması, yerli əhalinin fikrinə laqeyd münasibət, resursların ekologiyaya ciddi zərər verməklə istismarı, suverenlik istəyinin nəzərə alınmaması – bütün bunlar Fransanın rəsmi mövqeyinə inamı ciddi şəkildə sarsıdır. Belə bir vəziyyətdə böhrandan yeganə çıxış yolu Parisin nəzarət məntiqindən imtinası, Yeni Kaledoniya xalqının təzyiqsiz, vasitəçilərin «tələ»si olmadan, siyasi tələblərlə üzləşmədən öz müqəddəratını təyin etməsinə imkan yaradılmasıdır.
Bütün bunlarla yanaşı, baş verənlərin əsas səbəblərindən biri məhz Bakının bu sahədə atdığı fəal addımlardır. Bu addımlar qarşısında Fransa görünməmiş kompromislərə getmək məcburiyyətində qalıb – bu, faktdır.
Keçmişdən indiyə və gələcəyə
BTQ Yeni Kaledoniyanın müstəmləkə keçmişi, yerli kanak xalqının hüquqları uğrunda davam edən mübarizəsi haqda ətraflı hesabat hazırlayıb. Sənəddə adada 1853-cü il ilhaqından sonra başlamış Fransa hökmranlığının nəticələri geniş təhlil olunur, göstərilir ki, orada həmin dövrdən etibarən uzunmüddətli və sistemli zülm dövrü başlayıb: kanaklar torpaqlarından məhrum edilib, əmək istismarına məruz qalıb, onların hüquqları məhdudlaşdırılıb və assimilyasiyaya məruz qalıblar. Xüsusilə nikel hasilatı başda olmaqla, təbii ehtiyatların istismarı arxipelaqda sosial bərabərsizliyi daha da dərinləşdirib.
Hesabatda 1878 və 1917-ci illərdəki silahlı üsyanlardan tutmuş, 1980-ci illərin iğtişaşlarınadək uzun və dramatik müqavimət tarixindən bəhs olunur. Bu toqquşmalara siyasi təcrid, resursların qeyri-bərabər paylanması və s. səbəb olub. Bölgədə 2018, 2020 və 2021-ci illərdə müstəqilliklə bağlı keçirilmiş referendumlardan sonra yeni etiraz dalğası başlayıb. Hər dəfə bu referendumların legitimliyi sual altına alınıb, çünki kanakların səsvermədə iştirakı çox aşağı səviyyədə olub. Bu, əsasən koronavirus pandemiyası ilə bağlı idi.
Vəziyyət 2024-cü ildə xüsusilə gərginləşib. Həmin vaxt Fransa bölgədə yerli olmayan əhalinin seçki hüququnun genişləndirilməsini nəzərdə tutan seçki islahatları təşəbbüsü ilə çıxış edib ki, bu, arxipelaqda kütləvi etirazlara yol açıb. Nəticədə, insanlara güc tətbiq edilib, həbslərə başlanılıb və bölgədə fövqəladə vəziyyət elan olunub. Hesabatda bildirilir ki, Fransa hökumətinin etirazçılara qarşı atdığı addımlar insan hüquqları baxımından ciddi narahatlıq doğurur.
Sənəddə Yeni Kaledoniyada baş verənlərə beynəlxalq marağın artdığı da vurğulanır. İndi dekolonizasiyanı dəstəkləyən bir sıra insan hüquqları təşkilatları və dövlətlər kanak xalqı ilə həmrəylik nümayiş etdirirlər. Bu kontekstdə hesabatda BMT və digər beynəlxalq qurumlar dekolonizasiya prosesində daha fəal iştiraka, kanakların öz müqəddəratlarını təyin etmələri hüququnun qorunmasına çağırılırlar.
Sənəddə Azəbaycanın bu proseslərdəki roluna da xüsusi yer ayrılıb. Qeyd olunur ki, rəsmi Bakı beynəlxalq platformalarda, o cümlədən Qoşulmama Hərəkatında bu məsələni ardıcıl şəkildə gündəmə gətirir. Məhz Bakının təşəbbüsü və BTQ-nin fəaliyyəti nəticəsində indi regionun müstəmləkə irsi ilə bağlı problemlər daha geniş beynəlxalq diqqət və dəstək əldə edib.
BTQ-nin hesabatı Yeni Kaledoniyanın müstəmləkə keçmişinin yenidən dəyərləndirilməsinə ciddi töhfə verir. Sənəddə bildirilir ki, bu məsələ yerli əhalinin hüquqları və iradəsinə əsaslanan ədalətli, dinc həllini tapmalıdır.
Kanak xalqının müstəqillik uğrunda mübarizəsinin gələcəyi hərəkatın daxili birliyi, beynəlxalq dəstək və Fransanın siyasi addımlarından asılıdır. Odur ki, beynəlxalq arenada fəallıq, o cümlədən Azərbaycanın bu məsələnin beynəlxalq gündəmə çıxarılması səyləri xüsusi önəm daşıyır. Risklər olsa da, kanak xalqının əsl müstəqillik arzusunun müdafiə olunduğu, beynəlxalq ictimaiyyətin təzyiqlərinin davam etdiyi şəraitdə bu istəyin sülh və ədalət çərçivəsində gerçəkləşməsi imkanı qalmaqdadır.
MƏSLƏHƏT GÖR:




162

