5 Dekabr 2025

Cümə, 11:28

NÜFUZ VƏ MARAQLAR

Zəngəzur dəhlizi: ABŞ-nin diplomatiyası və İrəvanın seçimi

Müəllif:

01.08.2025

ABŞ 2024-2025-ci illərdə Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesində iştirakını gücləndirib. O, özünü neytral zəmanətçi kimi təqdim edir. İyulda Vaşinqton Zəngəzur dəhlizinin müvəqqəti olaraq ABŞ strukturları tərəfindən idarə olunması təklifini belə, irəli sürüb. Çoxları bu təşəbbüsü qarşılıqlı inamsızlığın aradan qaldırılmasına yönəlmiş strateji addım sayır.

 

Zəngəzur dəhlizi strategiyası

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən keçməklə birləşdirməli olan nəqliyyat marşrutu layihəsidir. Onun Ermənistanın nəzarəti olmadan fəaliyyət göstərməsi nəzərdə tutulur. Azərbaycanla Türkiyənin xüsusilə dəstəklədiyi bu təşəbbüsün reallaşdırılması həm də Ermənistanın 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərdən biridir. Bundan başqa, bu layihənin reallaşdırılmasını Çin ilə Avropa arasında Cənubi Qafqazdan keçən «Orta dəhliz»in – trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsi kimi də nəzərdə tutulur. O, Cənubi Qafqazın Asiya ilə Avropa arasında tranzit qovşağı kimi artan əhəmiyyətini göstərir, həmçinin trans-Xəzər logistika zəncirinin tərkib hissəsi kimi, Ermənistan iqtisadiyyatı üçün həyati önəm daşıyır. Lakin, təəssüf ki, layihə Ermənistanda revanşist qüvvələrin müqaviməti ilə üzləşib. Onlar mövqelərini guya «suverenliyin qorunması» bəhanəsi ilə əsaslandırırlar.

Azərbaycan Prezidenti İlham Əliyev III Qlobal Şuşa Forumunun iştirakçılarının suallarını cavablandırarkən ilk dəfə olaraq, bu layihənin daha bir əhəmiyyətinə toxunub: «Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə».

 

Tərəflərin mövqeyi

ABŞ «Orta dəhliz»ə Çin və Rusiya tranzitlərinə alternativ kimi baxır. Zəngəzur dəhlizinin bu logistika zəncirinin bir hissəsi kimi dəstəklənməsi də Avropanın Rusiya üzərindən keçən Avrasiya logistikasından asılılığının azaldılmasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir. Vaşinqton Ermənistana bu dəhlizin uzun müddətə (hətta 100 illik icarə əsasında) idarəçiliyinin Amerika strukturlarına verilməsi təklifini də bu səbəbdən irəli sürüb. O, bununla mümkün riskləri neytrallaşdırmağı, nəzarəti təmin etməyi hədəfləyir. Bəli, Amerika bu layihənin «neytral nəzarət» altında həyata keçirilməsinin vacibliyini təbliğ edir, amma eyni zamanda onu öz strateji maraqları sırasına qatır. Məqsəd Zəngəzur dəhlizinin Rusiya və İrandan asılı olmayan logistika şəbəkəsinin bir hissəsinə çevirməkdir. ABŞ bu layihə ilə bağlı ritorikada onun siyasiləşdirilməsindən maksimum uzaq durmağa çalışsa da, əslində onu geosiyasi vasitəyə çevirmək istəyir.

Regionda nəqliyyat inteqrasiyasının genişləndirilməsini Avropa İttifaqı da dəstəkləyir, beynəlxalq hüquqa, suverenliyə hörmətə əsaslanan marşrutların əleyhinə olmadığını göstərir.

Rusiyaya gəlincə, o da regional nəqliyyat əlaqələrinin tərəfdarı kimi çıxış edir, lakin mövqeyini Bakı, Tehran və Ankara ilə maraqlar balansı çərçivəsində formalaşdırmaq istəyir. Bu mənada onu narahat edən əsas məqam Azərbaycanın Türkiyə, Çin və Qərblə əlaqələri gücləndirməsidir. Xatırladaq ki, Rusiya 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin təminatçısıdır. Həmin sənəddə bütün nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulurdu. Bu, Moskva üçün FSB-nin nəzarətində olacaq dəhlizin yaradılması, nəticədə, həm logistik, həm də siyasi təsir imkanlarını artırmaq imkanı demək idi. Postmüharibə dövründə bu dəhlizin Rusiyanın təhlükəsizlik təminatı altında işləməsi Moskvanın bölgədəki nüfuzunu daha da gücləndirə bilərdi. Lakin Üçtərəfli Bəyannamənin imzalanmasından keçən dövrdə Kreml sözügedən dəhlizin açılması istiqamətində xüsusi fəallıq göstərməyib.

Baş verənlər fonunda Moskvada narahatlıq yaradan məqamlardan biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedən prosesdir. Bu mərhələdə Rusiya proseslərə nəzarəti itirməkdədir və əgər Zəngəzur dəhlizi onun institusional iştirakı olmadan açılacaqsa, bu, Moskvanın vəziyyətini daha da ağırlaşdıracaq.

Gələk İrana. O, Zəngəzur dəhlizini özünün strateji maraqlarına ciddi təhdid sayır. Tehranda əmindirər ki, ABŞ bu dəhlizdən onlara təzyiq üçün əlavə vasitə kimi istifadə edəcək. İranlıların fikrincə, onların Ermənistanın kommunikasiyalarına çıxışının olmaması regionu zəiflədəcək. Sərhədlərin dəyişməsi isə İran üçün «qırmızı xət»dir. Halbuki nəqliyyat marşrutunun açılmasının Tehranın kommunikasiya əlaqələrini necə kəsəcəyi, yaxud sərhəd dəyişikliyinə necə səbəb ola biləcəyi məlum deyil.

Ədalət naminə qeyd olunmalıdır ki, son zamanlar İranın bu mövqeyində müəyyən yumşalma hiss edilir. Bu, xüsusilə 12 günlük müharibə və Pezeşkianın Bakıya səfərindən sonra hiss olunmaqdadır.

Çin bu məsələdə rəsmi olaraq neytrallıq göstərir, Ermənistanın suverenliyinə hörmət etdiyini, sərhəd dəyişikliklərini dəstəkləmədiyini bildirir. Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin Pekinə səfəri, Çinin İrəvana yeni səfir təyin etməsi kimi diplomatik fəallıq analitiklər tərəfindən Bakı ilə çərçivə sazişinin imzalanmasının, dəhlizin açılmasının sürətləndirilməsi aləti kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Çin tezliklə bu marşrutun öz infrastruktur planlarına inteqrasiyasında maraqlıdır.

Nəhayət, Ermənistan artıq regional inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Lakin o, bunu yalnız öz ərazisinin tam müdafiəsi ilə mümkün sayır. İrəvan onun öz ərazisinə nəzarətini məhdudlaşdıra, İranla münasibətlərinə təhdid yarada biləcək Zəngəzur dəhlizinin əleyhinə çıxış edir. O, özünün «Sülh qovşağı» təşəbbüsünə üstünlük verir, nəqliyyat infrastrukturuna nəzarəti inkar edəcək formallıqlardan yayınmağa çalışır. Lakin Azərbaycan tərəfi «Sülh qovşağı» formatını çox məhdud və gecikmiş hesab edir. 2025-ci il GLOBSEC beynəlxalq forumunda Azərbaycan nümayəndələri bu konsepsiyanın regional inteqrasiyanın miqyasına uyğun olmadığını, faktiki olaraq əlaqələrin qurulması prosesini ləngitdiyini deyiblər.

Ermənistan bu istiqamətdə mütəmadi olaraq əlavə təkliflər irəli sürüb, lakin onların hamısı Zəngəzur dəhlizinin açılmasını ləngidən təkliflər olub. Məsələn, Nikol Paşinyan Ümumerməni Forumunda Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yolun açılmasını təklif edib, İrəvanın «buna hazır olduğunu» deyib, lakin bildirib ki, bu… İran ərazisilə çəkilmiş yolla eyni şərtlərə əsaslanmalıdır. Bununla yanaşı, müəyyən prosedurların sadələşdiriləcəyini də istisna etmir. Lakin bu yolun Naxçıvana İran vasitəsilə uzanan yolla eyni şərtlər altında fəaliyyət göstərməsi təklifi Bakını qane etmir. Bakıda hesab edirlər ki, Azərbaycan vətəndaşları və yükləri Azərbaycandan Azərbaycana hər hansı yoxlamadan keçmədən yollana bilməlidir. Bu, Bakı üçün əsas şərt olmaqla yanaşı, İrəvanın öhdəliyidir.

Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ilin yanvarında bildirib ki, onun ölkəsi Azərbaycandan müsbət cavab aldıqdan sonra Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması üçün konkret plan irəli sürüb. O, İrəvanın dəmir yolunun Ermənistan ərazisinə düşən hissəsini inşa etməyə hazır olduğunu da vurğulayıb.

Amma bu təklif Bakı tərəfindən qəbul edilə bilməzdi və edilməyib. Çünki Naxçıvandan fərqli olaraq, Qərbi Zəngəzur (Sünik) eksklav deyil və oraya daşımalar Ermənistan üzərindən də həyata keçirilə bilər. Bir sözlə, İrəvanın təklif etdiyi bütün variantlar onun beynəlxalq öhdəlikləri yerinə yetirmək istəməməsindən irəli gəlib.

Zəngəzur dəhlizi Ağbəndlə (Azərbaycanın Zəngilan rayonu) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu arasındakı yol hissəsidir. Ermənistanın yoxlamasız hərəkətlə bağlı beynəlxalq öhdəliyi də yolun yalnız bu hissəsinə aiddir. Çünki o, bir dövlətin əsas hissəsi ilə eksklavı birləşdirir. Yəni Zəngəzur dəhlizi Ordubadla Arazdöyən (Yerasx, Ermənistan) arasındakı marşrutu əhatə etmir, Yerevanın barəsində bəhs etdiyi «əvəzlilik prinsipi» də Zəngəzur dəhlizinə deyil, yalnız yolun Ordubad-Arazdöyən hissəsinə şamil olunur. Sonuncudan isə Azərbaycanla Ermənistan arasındakı digər kommunikasiyalar kimi, qarşılıqlı əsaslarla yalnız Zəngəzur dəhlizinin açılmasından sonra istifadə oluna bilər. Ermənistanın bu istiqamətdəki perspektivinə ən dəqiq qiyməti İlham Əliyev verib: «Təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar».

Baş verənlər fonunda Nikol Paşinyanla İlham Əliyev arasında Əbu-Dabidə keçirilmiş görüşdən sonra müəyyən ümidlər yaranıb. İndi Bakı Ermənistan tərəfinin ritorikasında və əməllərində daha çox konstruktivlik gözləyir.

Azərbaycan Ermənistandan birmənalı olaraq dəhlizin açılmasına dair razılaşmanı yerinə yetirməsini, ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin təminini tələb edir. Bu mövzu Qarabağ münaqişəsinin başa çatmasından dərhal sonra əsas müzakirə mövzusuna çevrilib və ona Cənubi Qafqazın «Orta dəhliz» çərçivəsində nəqliyyat inteqrasiyasının əsası kimi baxılır.

 

Ehtiyat plan

Amma Bakı Ermənistanla aparılan danışıqlarla yanaşı, öz ərazisində geniş logistika sistemi qurur, bununla da, marşrutu müstəqil şəkildə də reallaşdırmağa hazır olduğunu nümayiş etdirir. Artıq ölkə ərazisində bu istiqamətdə əhəmiyyətli infrastruktur hissələri (avtomobil yolları, tunellər, dəmir yolu, Araz çayı üzərində körpü) inşa olunub və işlər davam etdirilir. İlham Əliyev bildirir ki, «Biz, demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq». Bakı İran üzərindən alternativ logistika marşrutlarından istifadəni də istisna etmir.

Bu gün Azərbaycanın mövqeyi olduqca sərtdir. Onun aydın «B» planı var, mesajı isə tam açıqdır: Zəngəzur dəhlizi açılacaq – müxtəlif variantlar müzakirə olunsa da, əsas xətt dəyişməzdir.

 

İmkanlar və risklər

Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsi Ermənistan ərazisindən tranzit daşımalarını dəfələrlə artıracaq, böyük həcmdə investisiyaların – o cümlədən infrastruktur layihələrinə – cəlbinə yol açacaq, bu ölkənin beynəlxalq statusunu yüksəldəcək.

Bakı bu təşəbbüsü irəli sürməklə, Ermənistana qarşıdurma əvəzinə tərəfdaşlıq təklif edir. Bu layihədə Çin və Türkiyənin maraqlı olması isə onun daha tez zamanda istifadəyə verilməsinə, təsirinin daha güclü olmasına, nəhayət, regionda təhlükəsizliyin daha yaxşı təmininə yol aça bilər. Üstəlik, ABŞ-nin prosesdə iştirakı layihəyə etibarlılıq qazandıracaq, dəhlizin peşəkar və təhlükəsiz idarə olunması demək olacaq.

Şübhəsiz ki, müəyyən risklər hər zaman ola bilər: İranın təhdidləri, balansın pozulması, Rusiyanın müqaviməti, Qərbin Çinə qarşı inamsızlığı, qonşu fövqəldövlətlərin müqaviməti və s. Amma diplomatik səylər nəticəsində bütün bu çətinliklər aşıla bilər.

Beləliklə, hazırkı vəziyyətdə ABŞ və digər oyunçuların dəhlizlə bağlı səyləri Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması, tranzit marşrutunun açılması prosesini sürətləndirir. Vaşinqtonun məqsədi sadəcə bu yolu açmaq deyil, regionu Rusiya və İranın logistika marşrutlarına alternativ qərbyönümlü marşruta daxil etməkdir. O, «neytral» nəzarət ideyasını irəli sürərək, bu marşrutu Qərbin strateji maraqlarına uyğunlaşdırmağa çalışırlar.

Moskva isə xarici balansı qorumaq üçün bu prosesdə iştirakını təklif etsə də, Ermənistan və Azərbaycanla münasibətlərinin gərginləşməsindən sonra bu təşəbbüsü itirib. İndi bundan faydalanmaq qərarına gəlmiş Qərb regionda riskləri minimuma endirmək üçün dəhlizin neytral idarə olunması mexanizmini təklif edir. Dəhliz sadəcə yol deyil. O, regionda qüvvələr balansı aləti, təsir və nəzarət vasitəsidir.

Pekinə gəlincə, o, rəsmi olaraq neytrallığını qoruyub saxlayır. Lakin iqtisadi maraqlar Çini də maraqlı tərəfə çevirir ki, bu da Ermənistana bu istiqamətdən də təzyiqlərin artmasına səbəb ola bilər. Ermənistan hələ ki, «suverenliyin qorunması» bəhanəsi ilə alternativ əməkdaşlıq, kooperasiya formatları təklif edir, bununla dəhliz üzərində nəzarəti əldə saxlamağa çalışır. Amma bu gün İrəvan, həqiqətən, tarixi şans qazanıb. Nəqliyyat layihələrinin şaxələndirilməsi bu ölkənin subyektliyinin, təsir gücünün artmasına yol açacaq. Odur ki, Ermənistan hökuməti mövqeyini çoxsaylı platformalardan istifadə edərək öz ictimaiyyətinə çatdırmalı, nəqliyyat kommunikasiya layihələrinin həyata keçirilməsini dəstəkləyən tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməlidir.

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda sabit və dayanıqlı sülhün qurulması, region iqtisadiyyatında ciddi sıçrayışın baş verməsi şansıdır. Bunu region ölkələri, ilk növbədə isə Ermənistanın vaxtında başa düşməsi vacibdir.



MƏSLƏHƏT GÖR:

167