«ADINDA NƏ VAR?»
Azərbaycanda təhqiramiz adlar: sosial fenomen, hüquqi normalar və dövlətin rolu
Müəllif: Sabirə ƏLƏKBƏR
Valideynlərin övladlarına verdiyi absurd adlar mövzusu mütəmadi olaraq Azərbaycan mediasında müzakirə edilir. Lakin bu haqda mütəmadi yazılan yazılara, verilən izahlara baxmayaraq, problem hələ də qalır, bu isə onun davamlı xarakter daşıdığını göstərir. Bəli, Azərbaycanda övladlarına qeyri-adi və ya Azərbaycan mənşəli olmayan adları verməyi xoşlayan valideynlər var. Məsələn, «X» və ya «D», yaxud mənşəyi məlum olmayan «Mansa», «Jekad», hətta «Xiyar», «Arxbala», «İngilis» və s.
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyir ki, bu məsələ daim gündəmə gəlirsə, müəyyən qənaət hasil olunur: uşaqlarına «Rəzil», «Kündə», «Şikayət», «Təcridxana» kimi adlar verməyə çalışan valideynlərin, güman ki, psixi pozuntuları var. Həqiqətən də, bir valideyn niyə övladına onun ləyaqətini alçaldan, gələcək həyatını çətinləşdirə biləcək ad versin?
Hesab olunur ki, bəzi valideynlər ana dilini kifayət qədər bilmədiyindən, yaxud sahədə övladının nadir ad daşımasını istədiyindən belə qərarlar verirlər. Nəticədə, bəzən ortaya Azərbaycanın ad ənənələrinə uyğun olmayan adlar, lazımsız predmet adları, absurd və gülünc söz birləşmələrindən ibarət, ya da tam xarici mənşəli, milli kontekstdən uzaq, mənasız adlar çıxır. Bəzi valideynlər isə elə adlar uydururlar ki, onun mənasını heç özləri də bilmirlər.
Ad, yoxsa damğa?
Ad sadəcə sənəddə yazılan hansısa söz deyil. Ad insanın şəxsiyyətini formalaşdırır, özünə qiymət verməsinə təsir göstərir, ətrafdakılar insanı həm də adına görə qəbul edirlər. «Rəzil» və ya «Şikayət» kimi adı daşıyan uşaq əslində elə uşaqlıqdan istehzalı münasibətə, sosial təcridə, psixoloji travmaya məhkumdur. Bu, onun həyatını alt-üst edə, insanı şəxsiyyət kimi elə ilkin mərhələdəcə «sındıra» bilər. Burada ortaya tamamilə haqlı bir sual çıxır: qəribə motivləri ilə uşaqlarına sağalmaz mənəvi zərbə vuran valideynlərin bu addımı atmasına icazə verilməlidirmi? Aydındır ki, məsələyə dövlət müdaxilə etməlidir.
Valideynlər övladlarını hələ ad seçimindəcə alçaldırlarsa, bu, ailədə qeyri-sağlam mühitin yaranmasına aparıb çıxara bilər. Bəlkə də, bu mənada, hüquqlarının və gələcəklərinin qorunması üçün onların nəzarətə, müdafiəyə ehtiyacı var.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ümumilikdə Azərbaycan dilinin qorunması və mühafizəsində mühüm rol oynayır. Adlarla bağlı məsələdə isə komissiyanın əsas funksiyası uşağa zərər verə biləcək, yaxud dil normalarını pozan adlardan istifadənin qarşısının alınmasıdır. Valideynlər bu meyarlara cavab verməyən adı qeydiyyatdan keçirmək istəyirlərsə, komissiya onlara bunun hansı səbəbdən problemli ola biləcəyini izah edir, səbəbləri açıqlayır. Belə valideynlərə alternativ variantlar da təklif olunur, adlar lüğətindən istifadə edə biləcəkləri onların nəzərinə çatdırılır. Ən sonda isə qeyri-adi adın qeydiyyatından qanuni əsaslarla imtina olunur.
Bu təcrübə həm Azərbaycan mədəni və dil kimliyinin qorunmasına, həm də uşaqların qeyri-adi adlarla bağlı qarşılaşa biləcəkləri sosial və psixoloji problemlərdən müdafiəsinə xidmət edir. Belə hallar, eyni zamanda dövlət qurumları ilə cəmiyyət arasında faydalı dialoqun əhəmiyyətini bir daha ortaya qoyur.
Nə olar, nə olmaz?
Azərbaycan qanunvericiliyinə əsasən uşaqlara təhqiramiz, istehza yaradan, cinsiyyətə uyğun olmayan və ya uşağın maraqlarına zərər verə biləcək adların qoyulması qadağandır. Valideynlər uşağa birdən artıq da ad verə bilməzlər (Məmmədhəsən, Əliəkbər kimi mürəkkəb adlar istisna olmaqla). Ailə Məcəlləsinə görə ad, soyad və ata adının dəyişdirilməsi yalnız uşağın 18 yaşına çatmasından sonra mümkündür.
Terminologiya Komissiyası indiyədək dəfələrlə aqressiya ifadə edən (məsələn, Hitler, Stalin), istehza yarada biləcək (məsələn, Traktor, Kombayn, Limonad, Pişik, Ben Laden) kimi adların qeydiyyatını qadağan edib. Yaxud çox uzun (iki və ya üç sözdən ibarət olan) və ya səslənməsi baxımından natamam (üç səsdən az olan) adların da qeydiyyatı qadağandır.
İşıqfor sistemi
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumatına görə, adların qeydiyyatında işıqfor prinsipindən istifadə olunur: yaşıl siyahı – milli və mədəni dəyərlərə uyğun adlar; sarı siyahı – gülüş doğuran və ya yersiz təsir bağışlayan adlar; qırmızı siyahı – qəti qadağan edilmiş adlar. Məsələn, təcavüzkarların adları və ya təhqiramiz ifadələr. Bəzi hallarda ilkin olaraq qeydiyyatına icazə verilməyən adların məhkəmə qərarı ilə qoyulmasına nail olunur. Buna uşağın qohumlarının arasında həmin adın daşıyıcısı olduğu halda da göz yumulur.
Hüquq mühafizə orqanları və sosioloqlar hesab edirlər ki, mənfi adlarla bağlı məhdudiyyətlərin tətbiqi uşağın maraqlarının və psixoloji sağlamlığının müdafiəsi üçündür.
Problem tək bizdə deyil
Qeyri-adi, uşağa zərər verə biləcək adlarla bağlı problem təkcə Azərbaycana xas deyil. Bir çox ölkədə, xüsusilə Avropa və Asiya ölkələrində adların qeydiyyatı ilə bağlı ciddi qanun və qaydalar mövcuddur. Məsələn, Almaniyada bu məsələyə xüsusilə həssas yanaşılır. Orada ad uşağın cinsini bəlli etməli, soyad olmamalı, əşya və ya məhsul adına bənzəməməlidir. Məsələn, Almaniyada oğlan uşağına Matti adını vermək olmaz, çünki o, qız adı kimi səslənir. Eyni zamanda bu ölkədə Lucifer, Adolf Hitler kimi adlar da məlum səbəblərdən qadağandır.
İsveçrədə isə valideynlər övladlarına ad qoymaq üçün İsveç Vergi Agentliyindən razılıq almalıdırlar. Orada bu sahədə ən məşhur hadisələrdən biri valideynlərin uşaqlarına Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116 («Albin» oxunur) adını vermək istəməsilə bağlı olub. Valideynlər bununla adlarla bağlı sərt qaydalara etirazlarını bildirməyə çalışıblar. Amma təbii ki, dövlət onun qeydiyyatına icazə verməyib. İsveçrədə İkea və Metallica kimi adlar da qadağandır. Bu, yüzlərlə nümunədən yalnız bir neçəsidir.
Göründüyü kimi, müxtəlif ölkələrdə bu məsələyə eyni motivasiya ilə yanaşılır – məqsəd uşağın hüquq və maraqlarının qorunmasıdır. Mədəni fərqliliklərə baxmayaraq, məqsəd birdir: ad uşaq üçün əzab, kompleks mənbəyinə çevrilməməli, dil və mədəni normalar qorunmalıdır.
Bu, niyə vacibdir?
Ad insanın «geyəcəyi» ilk kimlik, onun ömür boyu daşıyacağı ilk və ən mühüm eyniləşdirmə vasitəsidir. Odur ki, uşağa «Xiyar», «Arxbala», «Bombəxadur» və bu kimi başqa gülünc adlar vermək sadəcə qeyri-adilik yox, cəmiyyət və dövlətin də diqqəti tələb edən «SOS» siqnalıdır. Belə halların arxasında məsuliyyətsizliklə yanaşı, psixoloji qeyri-sabitlik, hətta uşaq üçün potensial təhdid də dayana bilər.
Bu mənada aydındır ki, belə ailələr sosial xidmətlərin nəzarətində olmalı, uşaqlar isə qeyri-adekvat fantaziyaların qurbanına çevrilməməlidirlər. Əks halda onlar bütün həyatları boyu hansısa alçaldıcı adın ağır yükünü daşımalı olacaqlar.
Ad psixoloji rahatlıq və özünə hörmətin formalaşmasında mühüm rol oynayır. Odur ki, qadağan olunmuş adların siyahısı aydın və başadüşülən, apellyasiya proseduru isə şəffaf və əlçatan olmalıdır. Valideyn uşağı ad qoyarkən bilərəkdən qurban vəziyyətinə salırsa, sosial xidmətlər məsələyə müdaxilə etməlidir, çünki bu prosesdə birbaşa uşağın maraqları nəzərə alınmalıdır.
Bununla yanaşı, balansın qorunması da vacibdir – uşaqların qorunması, dil normalarına riayət olunması və mədəni müxtəlifliyə hörmət eyni dərəcədə vacibdir.
MƏSLƏHƏT GÖR:





105

