HƏDD ÜZƏRINDƏ DIALOQ
Nəticəsiz görüşlər: danışıqlar ərazi münaqişəsinin kölgəsində
Müəllif: Samir VƏLİYEV
2025-ci ilin avqustunda Ukrayna müharibəsi ətrafında gedən diplomatik dinamikada vacib mərhələ sayıla bilər. Cəmi bir həftə içərisində baş vermiş iki önəmli hadisə qüvvələr nisbətini nümayiş etdirməklə yanaşı, danışıqlar prosesinin xüsusiyyətini də göstərib. Avqustun 15-16-da Ankoricdə ABŞ və Rusiya prezidentlərinin iştirakı ilə keçirilmiş sammit, həmin ayın 18-19-da isə Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderlərinin də dəvət olunduqları görüş diplomatiyanın yeni və daha fəal mərhələyə adladığını göstərib. Amma bu görüşlər sülhə aparan yolda hələ də ciddi ziddiyyətlərin olduğunu da bir daha ortaya qoyub.
Əsas problem hələ də ərazi məsələsidir. Məhz bu məsələdə kompromisin mümkün olduğunu göstərən əlamət yoxdur. Rusiya işğal etdiyi ərazilər üzərində nəzarətini hüquqi baxımdan rəsmiləşdirməyə çalışır, Ukrayna isə bu torpaqlardan imtina etməyi düşünmür. Kiyev və onun qərbli müttəfiqləri belə güzəştlərə gedilməsini sərhədlərin toxunulmazlığı prinsipinin pozulması, ümumiyyətlə, Avropa üçün təhlükəli presedent kimi qiymətləndirirlər. Avropa paytaxtları, xüsusilə Berlin və Paris bu məsələni «qırmızı xətt» sayırlar. Onlar hesab edirlər ki, bu məsələdə geri çəkilmək müharibədən sonra bütünlükdə Avropanın düzənini sual altına salacaq.
Putin kölgədən çıxır?
Ankoric görüşü Moskva üçün rəmzi irəliləyiş olub. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin başlamasından bu yana ABŞ-yə ilk səfərini edib. Ümumiyyətlə, bu, onun uzun illər sonra Qərb ölkəsinə ilk gəlişi idi. Vaşinqtona gəlincə, Donald Tramp administrasiyası bununla təcridetmə siyasətindən birbaşa dialoqa keçmək niyyətini ortaya qoyub. Görünən odur ki, amerikalılar bunu xüsusi nümayiş etdirməyə çalışırlar: qırmızı xalça, kortej, hətta prezidentlərin limuzində birgə hərəkəti. Bu, «bərabərlik» və hörmət atmosferinin yaradılmasına hesablanmışdı. Putin üçün bu görüş, əlbəttə ki, həlledici əhəmiyyət daşıyırdı. Belə ki, Kreml sahibi bununla ölkə ictimaiyyətinə yenidən qlobal siyasətin tamhüquqlu iştirakçısına çevrildiyini nümayiş etdirmək imkanı qazanmışdı.
Vaşinqtona gəlincə, baş verənlər onun üçün ritorikanın dəyişməsinə doğru addımdan başqa bir şey deyil. Qapalı danışıqlarda tərəflər nə atəşkəs, nə hər hansı çərçivə sazişi haqda razılığa gələ bilib. Tramp görüşün «məhsuldar» keçdiyini, lakin «hələlik heç bir razılaşmanın olmadığını» bildirib. Putin isə danışıqların qarşılıqlı hörmət şəraitində keçdiyini söyləməklə kifayətlənib.
Danışıqlarda əsas mövzu, təbii ki, Ukrayna müharibəsi olub ki, bu da maraqlar arasındakı ziddiyyətləri tam şəkildə ortaya çıxarıb. Rusiya Ukraynanın NATO-ya üzvlükdən imtinasını, ərazilərlə bağlı isə mövcud reallığı tanımasını tələb edib. Bu tələblər isə istər Kiyev, istərsə də Qərb ölkələri üçün qəbulolunmazdır. Belə bir vəziyyətdə Tramp məsuliyyəti faktiki olaraq Zelenskinin üzərinə qoyub, bundan sonra çox şeyin məhz Ukrayna liderinin mövqeyindən asılı olacağını söyləyib. Bu isə narahatlıq yaradıb: Kiyevdə və Avropanın bir hissəsində Vaşinqtonun bu gedişi ABŞ-nin Rusiya ilə ikitərəfli razılaşma ehtimalının olduğu qənaətini yaradıb. Ukrayna üçün bu, danışıqlar prosesindən kənarda qalmaq riski deməkdir.
Avropanın məsələyə reaksiyası birmənalı olmayıb. Məsələn, Almaniya ilə Fransa hesab edirlər ki, Moskva Kiyevin Avropa İttifaqına və NATO-ya üzvlüyü ilə bağlı şərt irəli sürə bilməz. Macarıstan, Slovakiya və İtaliya isə tərəflər arasında dialoqun baş tutması faktının özünü müsbət qiymətləndiriblər. Beləliklə, Ankoric Moskva üçün diplomatik uğur, ABŞ üçün çeviklik jesti, Ukraynaya narahatedici siqnal, Avropa üçün isə daha bir parçalanma amili kimi qiymətləndirilir.
Avropa Zelenskini dəstəkləyir
Görüşdən bir neçə gün sonra Vaşinqtonda Donald Tramp, Vladimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə daha bir sammit baş tutub. Ankoricdən fərqli olaraq, burada diqqət mərkəzində Ukrayna idi. Müzakirələr Trampla Zelenski arasında əvvəllər keçirilmiş görüşlərdən fərqli tonda aparılıb. Ukrayna Prezidenti bu dəfə maksimum diplomatik mövqedən çıxış edib, Tramp isə özünü vasitəçi kimi təqdim etmək, Avropanın ən böyük münaqişəsinin nizamlanmasında rol oynaya bilən siyasətçi imicini möhkəmləndirmək imkanı qazanıb.
Danışıqların əsas mövzusu təhlükəsizlik təminatı ilə bağlı olub. ABŞ bildirib ki, o, bu məqsədlə NATO mexanizminə tam bənzəməyən, lakin Ukraynanın müdafiəsini nəzərdə tutan konkret tədbirləri əhatə edən çoxtərəfli öhdəlikləri nəzərdən keçirməyə hazırdır.
Görüşdə təxminən 90 milyard dollarlıq müdafiə paketi müzakirə olunub. Buraya hava hücumundan müdafiə sistemləri və müasir təyyarələrin tədarükü də daxildir.
Ayrıca olaraq, ABŞ-nin Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarını alması məsələsi də müzakirə edilib. Bu, Vaşinqtonun Ukrayna müdafiə sənayesini öz təchizat zəncirinə inteqrasiya etmək niyyətini göstərib. Bu, Ukraynanın müdafiəsinin Vaşinqton üçün yalnız xarici siyasət məsələsi yox, həm də Birləşmiş Ştatların daxili maraqlarının bir parçasına çevrildiyini göstərir.
Avropa tərəfinə gəlincə, Emmanuel Makron, Kir Starmer, Fridrix Merts və digərləri daha sərt mövqeləri ilə seçiliblər. Onlar əmindirlər ki, tərəflər arasında atəşkəs hər hansı razılaşmadan öncə baş verməli, üstəlik, Kiyev heç bir ərazi güzəştinə getməməlidir. Danışıqların ritmini faktiki olaraq ABŞ müəyyənləşdirsə də, avropalı liderlərin bu mövqeyi Aİ-nin «eyni nöqtəyə vurduğunu» göstərib. Tramp Zelenski ilə Putin arasında birbaşa görüş təşkil etmək imkanının olduğunu söyləyib və bunu diplomatik təşəbbüsün mümkün kulminasiya nöqtəsi adlandırıb. Avropa isə bu məsələdə öz gündəliyini yaratmaqdan çox qeyd olunan kursu dəstəkləyə biləcəyini göstərib.
Kiyev üçün bu görüş öz mövqeyini gücləndirmək, ölkənin təhlükəsizliyi məsələsini ABŞ-nin maraqlar sisteminə daxil etmək imkanı kimi qiymətləndirilə bilər. Zelenski istəyir ki, Ukraynaya dəstək könüllü jest yox, strateji öhdəlik olsun. Gələcəkdə ABŞ-nin yardım göstərməkdən imtinasını çətinləşdirəcək çoxtərəfli təhlükəsizlik zəmanəti ideyasının fəal şəkildə müzakirəsi də bundan irəli gəlir. Bundan başqa, Kiyev müdafiə texnologiyaları sahəsində əməkdaşlığın institusional şəkildə rəsmiləşdiriləcəyinə ümid edir. Bu kontekstdə Kiyevin strategiyası praqmatik təsir bağışlayır. O, yalnız hərbi yardıma deyil, həm də Qərbin müdafiə zəncirinə uzunmüddətli inteqrasiyaya çalışır.
Danışıqlar prosesinin «Axilles dabanı»
Bütün bunlarla yanaşı, əsas mübahisəli məsələ həll olunmamış qalır – Rusiya işğal etdiyi ərazilərə nəzarətini rəsmiləşdirməyə çalışır, Kiyev ilə Qərb isə bunu rədd edir. Bu, Avropa üçün «qırmızı xət»dir. Onlar əmindirlər ki, Moskvanın bu tələbdən imtina etmədiyi halda sülhdən söhbət gedə bilməz. Hər bir halda, atəşkəs haqda Vaşinqtonda da razılığa gəlinməsi mümkün olmayın, Zelenski-Putin görüşünün təşkili təşəbbüsü isə təklif səviyyəsində qalıb.
Bu iki hadisənin müqayisəsi ortaya ziddiyyətli bir dinamika çıxarır. Ankoric Putin üçün diplomatik uğur olub, onun təcrid vəziyyətdən çıxmasına imkan yaradıb. ABŞ üçün o, tonun dəyişməsinə yönəlmiş bir jest olsa da, hər hansı praktiki nəticə verməyib. Ukrayna isə sanki bu görüşlərdən sonra bir addım geriyə düşüb. Çünki onun taleyi özünün iştirakı olmadan müzakirə edilib. Vaşinqton görüşünə gəlincə isə əksinə, Kiyev danışıqlar prosesinin mərkəzində yer alıb, ABŞ və Avropa yeni öhdəliklər götürməyə hazır olduqlarını bildiriblər, amma atəşkəs razılaşması yenə də əldə edilməyib.
Yaranmış vəziyyətin özəlliyi ondadır ki, danışıqlar prosesi eyni anda iki müstəvidə aparılır. Rusiya rəmzi mənada beynəlxalq arenaya qayıtmağa çalışır, ABŞ dialoqun təşkilinə qadir olduğunu göstərir, Avropa isə həmrəyliklə daxili parçalanma arasında qalıb. Kiyev Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirir, təhlükəsizlik zəmanətini institusional şəkildə rəsmiləşdirməyə çalışır, lakin əsas problem olan ərazi məsələsində hələ də bir irəliləyiş yoxdur. Demək, danışıqlar davam etsə də, onun səmərəliliyi məhduddur.
Belə bir vəziyyətdə sülh prosesinin perspektivi Vaşinqtonun özünü əsas vasitəçi kimi möhkəmləndirərək Ukraynaya dəstəyi ABŞ-nin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirə bilib-bilməyəcəyindən asılıdır. Moskvanın «qazancı» isə artıq aydındır: Putin qlobal siyasət səhnəsinə heç bir güzəştə getmədən qayıda bilib. Avropaya gəlincə, indi onun üçün əsas hədəf daxili fikir ayrılıqları fonunda birliyi qoruyub saxlamaqdır.
Bəs Ukrayna? İndiki mərhələdə onun əsas hədəfi ABŞ-nin öhdəlikləri olan müttəfiq mövqeyində saxlaya bilməkdir.
«Qızmar» payız ərəfəsində
Avqust görüşlərindən sonra belə nəticəyə gəlmək olar ki, Rusiya ilə Ukrayna arasında sülh danışıqları hələ ki, yalnız rəmzi irəliləyiş mərhələsindədir və bu istiqamətdə hər hansı real nəticə yoxdur. Qərbin Ukraynaya verdiyi zəmanətlərin yaxın vaxtlarda institusionallaşması, Vaşinqtonun vasitəçiliyi ilə sülh istiqamətində yeni cəhdlərin olacağı gözləniləndir. Amma ərazi məsələsində kompromisin olmaması sülhü, təbii ki, uzaqlaşdırır. Belə bir vəziyyətdə danışıqlar prosesi paralel olaraq, təhlükəsizlik arxitekturasının da formalaşdırılması istiqamətində irəliləyəcək: Ukrayna ABŞ-nin maraqlar orbitində yerini möhkəmləndirir, Avropa Moskvaya təzyiqləri davam etdirir, Rusiya isə qlobal siyasətdə legitimliyini möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə edir. Gələcək üçün çərçivə də bu cür müəyyənləşir: diplomatik proseslər davam edəcək, lakin o, daha çox müvəqqəti həllərin axtarışı, siyasi fəallığın nümayişi xarakteri daşıyacaq. Nə qədər ki əsas ziddiyyətlər aradan qalxmayıb, həqiqi və dayanıqlı sülh əlçatmazdır.
Payızın «isti» keçəcəyi gözlənilir. Belə ki, yaxın aylarda tərəflər arasında ikitərəfli görüşlərdən tutmuş, çoxtərəfli sammitlərədək ən müxtəlif təmaslar mümkündür. Ukrayna məsələsinin qarşıdakı aylarda da əsas gündəm olacağı aydındır. Yəqin ki, əsas vasitəçi rolunu öz üzərinə götürməyə çalışan Vaşinqton qarşıdakı aylarda avqust təşəbbüslərini praktik mexanizmlərə çevirməyə çalışacaq. Bu, yəqin ki, özünü həm də Kiyevə hərbi və iqtisadi yardım paketlərinin müzakirəsində, çoxtərəfli təhlükəsizlik zəmanəti formatının işlənib hazırlanmasında da göstərəcək. Avropa isə daxili fikir ayrılıqlarına baxmayaraq, vahid mövqeyini qoruyub saxlamaq məcburiyyətindədir. Demək, Paris və Berlinin sərt mövqeyi ilə Budapeşt və Romanın yumşaq yanaşması arasında balans tapılmalıdır.
Rusiyaya gəlincə, o, yaranmış manevr imkanlarından istifadə etməyə, beynəlxalq arenaya qayıdış effektini möhkəmləndirməyə, əsas tələbinin qalması şərtilə danışıqlara hazır olduğunu nümayiş etdirməyə çalışacaq.
Beləliklə, payızın diplomatik dinamikası avqust görüşlərinin prosesin başlanğıcı olub-olmadığını göstərəcək. Yəqin ki, qarşıda ABŞ-nin vasitəçiliyi ilə Putin-Zelenski görüşünün təşkili ideyası yenidən gündəmə gələcək. Amma ərazi mübahisəsində irəliləyiş olmadan bu təşəbbüslər yalnız siyasi jest olaraq qalacaq. Qarşıda Kiyevə danışıqlarda daha çevik mövqe tutması üçün təzyiqlərin artacağı da istisna deyil. Ukrayna isə öz növbəsində, ABŞ-nin dəstəyinin institusionallaşması və Qərbin müdafiə zəncirinə inteqrasiya xəttini davam etdirəcək.
Bu məntiqə əsaslansaq, payız diplomatik gedişlərin həddindən artıq fəallaşması dövrü ola bilər. Yəqin ki, tərəflər dialoqa hazır olduqlarını nümayiş etdirəcək, belə görüşlərdən həm də öz mövqelərini xarici auditoriyalara çatdırmaq üçün yararlanacaq. Lakin yaxın aylarda müharibənin dayandırılması istiqamətində məzmunlu addımların atılması ehtimalı azdır. Güman ki, diplomatik proses qarşıdakı aylarda da real nəticələr verməyən, lakin irəliləyiş xülyası yaradan intensiv məsləhətləşmələr şəklində davam edəcək.
MƏSLƏHƏT GÖR:



111

