KEÇMİŞDƏN BƏYANAT
Revanş cəhdi, yoxsa Minsk qrupu ilə bağlı diplomatik xülya?
Müəllif: Namiq H. ƏLİYEV
8 aprel 2025-ci il tarixli Vaşinqton görüşü və Azərbaycanla Ermənistanın ATƏT ölkələrinə Minsk qrupunun ləğvinə dair birgə müraciəti fonunda keçmişə aid ritorika yenidən canlanıb. Bu mənada, bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində, Xankəndidə mövcud olmuş separatçı rejimin «parlamentinin sədri» Aşot Danielyanın ATƏT rəhbərliyinə müraciəti ortaya haqlı olaraq suallar çıxarıb.
Danielyanın müraciəti və Minsk qrupunun dirçəldilməsi cəhdləri
ATƏT-in Minsk qrupunu qoruyub saxlamağa çağıran Danielyan fikrini «qayıdış hüququ», «təhlükəsizlik zəmanəti», «inklüziv danışıqların vacibliyi» kimi «arqument»lərlə əsaslandırmağa çalışıb. Lakin onun bəyanatı Cənubi Qafqazdakı bugünkü reallıqla heç cür uyğunlaşmayan diplomatik xülyadan başqa bir şey deyil. Danielyanın ATƏT rəhbərliyinə ünvanladığı məktub aktuallığını və beynəlxalq dəstəyini çoxdan itirmiş Minsk qrupunun dirçəldilməsi cəhdidir. Müraciətin mətnində «erməni əhalinin zorla köçürülməsi», «qayıdış hüququ», həmçinin Minsk qrupunun guya Qarabağ münaqişəsinin həlli üçün yeganə legitim alət kimi «saxlanılmasının vacibliyi» haqda fikirlər yer alır.
Lakin bu ibarəli sözlərin arxasında Azərbaycan ərazisinin 20%-nin uzun illər ərzində işğalda saxlanılmasının nəticələrinin legitimləşdirilməsi cəhdindən başqa bir şey dayanmır. Halbuki, bakı 2020-2023-cü illərdə bu işğala hərbi və diplomatik vasitələrlə son qoyub.
Separatçılığın iflası və tarixi yenidən yazmaq cəhdi
Ermənistan tərəfi 2020-ci ildə baş vermiş 44 günlük müharibə, daha sonra isə Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində məğlubiyyətə uğrayaraq, faktiki olaraq, Qarabağa bütün təsir imkanlarını itirib. İşğal dövründə bu ərazidə yaşamış erməni əhali isə separatçı rejimin göstərişi ilə oranı tərk edib. Halbuki rəsmi Bakı onların Qarabağda qala biləcəklərini deyir, təhlükəsizliklərinə zəmanət verirdi. Yəni Aşot Danielyanın iddialarının əksinə olaraq, söhbət hər hansı «zorla köçürülmədən» yox, təşviş, dezinformasiya və erməni əhalinin Azərbaycanın hüquqi məkanına inteqrasiyasında maraqlı olmayan erməni siyasətçilərin müdaxiləsi ilə bölgənin könüllü şəkildə tərk edilməsindən gedir. Məhz həmin siyasətçilər bu gün revanşist mövqedən çıxış edirlər və bu da öz növbəsində, təbii olaraq, Cənubi Qafqazda sülh prosesinə, inteqrasiyaya mane olur.
Bakı isə əksinə, dəfələrlə bəyan etmişdi ki, Qarabağda yaşayan erməni əhali Azərbaycanın suverenliyini, Konstitusiyasını tanıyaraq xarici vətəndaşlıqdan imtina, Azərbaycan vətəndaşlığını qəbul edərsə, onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Lakin Bakının bu təklifini ya görmək istəməyiblər, ya da rədd edilblər. Nəticədə, erməni əhali kütləvi şəkildə bölgəni tərk edib – Bakının hər hansı təzyiqi ilə deyil, erməni tərəfinin strateji məğlubiyyətinin nəticəsi kimi.
ATƏT-in Minsk qrupu: perspektivi olmayan köhnəlmiş mexanizm
Danielyan ATƏT-in Minsk qrupunu danışıqlar üçün yeganə format adlandırır. Halbuki münaqişənin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə yaradılmış bu qurum 30 il ərzində heç bir əhəmiyyətli nəticə əldə edə bilməyib. 2020-ci ilin əvvəllərində isə onun təsir imkanlarını tam itirdiyi aydın olub. Qrupun münaqişənin həllindəki bacarıqsızlığı, maraqlı olmaması, həmsədrlər arasındakı parçalanmalar, eyni zamanda, mövcud olduğu dövrdə konkret hansısa nəticə əldə edə bilməməsi bu mexanizmi fəaliyyətsizliyin rəmzinə çevirmişdi. Bəli, Minsk qrupu mövcud olduğu illər ərzində nə erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına, nə bölgənin statusunun müəyyənləşdirilməsi ilə bağlı hansısa ciddi razılaşmaya nail ola bilmişdi. O, faktiki olaraq problemin həlli ilə yox, onun «dondurulması» üçün alətə çevrilmişdi. Məhz beynəlxalq institutların passivliyi nəticəsində münaqişə onilliklər ərzində uzanıb, saysız-hesabsız insanın həyatına son qoyub, bölgədə infrastruktur dağılıb, humanitar fəlakət yaşanıb. Qarabağdan 1990-cı illərdə qovulmuş təxminən 700 min azərbaycanlı onilliklər boyu öz ev-eşiyinə qayıtmaq arzusu ilə yaşayıb, beynəlxalq ictimaiyyət isə onlara minimald dəstək belə, verməyib.
Minsk qrupunun fəaliyyəti faktiki olaraq, «dalana dirənmişdi». 2020-2023-cü il hadisələrindən – münaqişənin həllindən, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinasından, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra isə bu qrup bütün siyasi təsirlərini və əhəmiyyətini tam itirmişdi. Odur ki, Azərbaycanla Ermənistan Minsk qrupunun mandatının dayandırılmalı olduğunu bəyan ediblər. Bu qurum artıq sülh və regional sabitlik maraqlarına cavab vermir.
Hüquqla manipulyasiya və yalançı analogiyalar
Danielyan bəyanatına hüquqi mahiyyət qazandırmaq üçün beynəlxalq hüquqa, o cümlədən İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin (1948) 13-cü maddəsinin 2-ci bəndinə istinad edib: «Hər bir insanın istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var». O, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966) 12-ci maddəsinin 4-cü bəndini də yada salıb: «Heç kim öz ölkəsinə qayıtmaq hüququndan əsassız şəkildə məhrum edilə bilməz». Danielyan müraciətində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarına da istinad etsə də, onun detallarını açıqlamayıb.
Lakin bu «arqument»ləri diqqətlə araşdırdıqda məlum olur ki, onların nə hüquqi, nə də siyasi əsasları var. Bu müddəalar suveren ölkə olan Azərbaycan ərazisinə siyasi separatizm şərtlərilə qayıdışa dair hallara şamil oluna bilməz. Qayıdış hüququ separatçı strukturların bərpası və ya BMT üzvü olan dövlətlərin ərazi bütövlüyünü pozan siyasi tələblərin gündəmə gətirilməsi üçün istifadə edilə bilməz. Belə olarsa, «qayıdış hüququ» «revanş hüququ»na çevrilər. Beynəlxalq hüquq isə ilk növbədə dövlətlərin, o cümlədən Azərbaycanın suverenliyini dəstəkləyir, hansısa ölkənin ərazisində kvazidövlətin yaradılması cəhdlərini yox.
Ermənistan Qarabağ bölgəsindən köçən ermənilərə qaçqın statusu verməyib. Çünki bu statusu əldə etmək üçün onların Azərbaycan vətəndaşı olmaları tələb edilir. Bu insanların öz istəkləri ilə Azərbaycan vətəndaşlığından imtina etmələri, Ermənistan, Rusiya və ya hər hansı digər ölkənin vətəndaşlığını daşımaları onlara qaçqın statusu almaq hüququ tanımır. Başqa sözlə, Qarabağdan getmiş ermənilər Azərbaycanı könüllü şəkildə tərk etmiş əcnəbilər sayılırlar. Qarabağda lokal antiterror əməliyyatının başa çatdığı vaxt onların heç biri Azərbaycan pasportu daşımırdı. Bu insanların əksəriyyəti Ermənistan, bəziləri isə Rusiya vətəndaşları idilər.
Əcnəbilər yalnız vətəndaşı olduqları ölkələrdə rezident sayılırlar. İnsanın vətəndaşı olmadığı ölkədə qalma müddəti isə beynəlxalq və milli hüquqi normalarla müəyyənləşir. Dünyada heç bir ölkənin onun ərazisini tərk etmiş əcnəbini geri qaytarmaq öhdəliyi daşımır.
Bakı işğaladək Qarabağda yaşamış erməni əhalinin oraya qayıdış hüququnu nəinki rədd etmir, əksinə onların etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Konstitusiyasına əməl edəcəkləri təqdirdə bütün vətəndaşlarla bərabər hüquqlarla təmin olunacaqlarını dəfələrlə xüsusi vurğulayıb. Azərbaycanın bütün digər vətəndaşları necə, onlar da elə.
Lakin Danielyan anlayışları təhrif edərək bildirir ki, «bütöv bir xalq tarixi vətənindən köçürülüb». Halbuki
Qarabağ Azərbaycanın bir bölgəsidir və burada ermənilər tərəfindən həyata keçirilmiş etnik təmizləməyə qədər iki icma birlikdə yaşayıb. Qarabağın əhalisini erməni və azərbaycanlı icması birlikdə təşkil edib. Amma onlar heç bir halda xalq sayıla bilməz. «Xalq» anlayışı siyasi kateqoriyadır və bu kontekstdə «xalq» kimi tanınanlar artıq öz müqəddəratlarını təyin etmiş Ermənistan Respublikasının və Azərbaycan Respublikasının vətəndaşları olan ermənilərlə azərbaycanlılardır. Bir sözlə, «xalq» termini Qarabağ əhalisinə aid edilə bilməz.
Beləliklə, Danielyanın istinad etdiyi heç bir konvensiya, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin qərarı pozulmayıb.
Azərbaycan – ərazi bütövlüyünün effektiv bərpası nümunəsi
Azərbaycan işğaldan azad etdiyi ərazilərində genişmiqyaslı bərpa proqramının icrasına başlayıb. Öz yurd-yuvalarından 1990-cı illərdə didərgin salınmış, məcburi köçkünə çevrilmiş azərbaycanlıların doğma torpaqlarına qayıdışı sürətlə davam edir. İnfrastruktur, ekoloji təhlükəsizlik, təhsil və səhiyyə layihələri bir-birini əvəzləyir. Bir vaxtlar Ermənistan azərbaycanlı qaçqınların həmin torpaqlara qayıtmaq hüququnu tanımırdısa, Bakı beynəlxalq hüquq normalarına uyğun davranır. ATƏT və digər beynəlxalq platformalardan istifadə edərək keçmiş status-kvonun bərpasına cəhdlər isə yalnız inteqrasiya prosesini ləngidir, beynəlxalq institutlara olan etimadı sarsıdır.
Aşot Danielyanın müraciəti və bəzi erməni «psevdosiyasətçi»lərin bu tipli açıqlamaları heç bir halda hüquq, sülh yolu ilə geri qayıdış, təhlükəsizlik məsələsi deyil. Bunlar konstruktiv təkliflər yox, revanşist cəhdlər, reallıq hissini itirmiş strukturlara siyasi təzyiq cəhdləridir. İşğalı, separatçılığı nə ATƏT, nə digər beynəlxalq qurumlar müdafiə edə bilər. Onlar bu işdə vasitəçi və ya hakim ola bilməzlər və olmamalıdırlar.
Qarabağ münaqişəsi bitib. Bu gün Azərbaycan bölgənin bərpası, vətəndaşlarının tarixi yurdlarına qayıtması və inteqrasiya istiqamətində real addımlar atır. «Böyük qayıdış» proqramı mərhələli şəkildə həyata keçirilir, bölgədə «ağıllı kənd»lər yaradılır, infrastruktur salınır, məktəblər, yollar, xəstəxanalar bərpa olunur. Keçmişə aid bəyanatlardan fərqli olaraq, Bakı ortaya real iş qoyur. Kimsə Qarabağda yaşamış erməni əhalinin gələcəyi ilə, həqiqətən, maraqlanırsa, anlamalıdır ki, bu yol nə Minsk qrupunun dirçəldilməsi cəhdlərindən keçir, nə də köhnə ritorikanı geri qaytarmaqdan. Yeganə yol reallıqla barışmaq, Azərbaycanın tərkibində bərpa prosesində iştirak, dinc həyat yaşamaqdır.
Geri qayıtmaq və Azərbaycanın tərkibində yaşamaq istəyən erməni əhalinin belə imkanı var. Bunun üçün yalnız Azərbaycanın suverenliyini, qanunlarını tanımaq, ictimai asayişə hörmət etmək lazımdır. Separatçılıq həsrəti ilə reallığı dəyişməyə istənilən cəhdin qarşısı qəti şəkildə alınacaq.
MƏSLƏHƏT GÖR:


137

