BARRİKADALAR ƏVƏZİNƏ KÖRPÜ
Nəqliyyat razılaşması uzunmüddətli sülhün əsası kimi
Müəllif: İlqar VƏLİZADƏ
2025-ci ilin avqustu Cənubi Qafqaz tarixində dönüş nöqtəsinə çevrilib. Uzun illər boyu davam etmiş qarşıdurma, xroniki qeyri-sabitlik dövründən sonra avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Bu, hər iki dövlətin qarşıdurmadan imtina edərək, münasibətlərin birdəfəlik tənzimlənməsinə, regionda yeni siyasi reallığın formalaşdırmasına hazır olduqlarını ortaya qoyub.
Artıq «Vaşinqton sazişi» adlandırılan bu razılaşma iki dövlət arasında sabit əlaqələrin qurulması, qarşılıqlı iddialar təcrübəsindən imtina və sistemli əməkdaşlığa keçin üçün çərçivələri müəyyənləşdirib.
Zəngəzur dəhlizinə yeni nəfəs
Razılaşmanın əsas elementlərindən biri Zəngəzur dəhlizi olub. Söhbət Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək nəqliyyat marşrutundan gedir. Tərəflər bu məsələdə də kompromisə gəlib: Ermənistan marşrutun keçəcəyi ərazi üzərində suverenliyini saxlayır, dəhlizin idarə olunması onun qanunvericiliyi çərçivəsində həyata keçirilir. Lakin, eyni zamanda Azərbaycan öz məqsədinə, yəni öz eksklavı ilə maneəsiz əlaqənin təmininə nail olur. ABŞ-yə gəlincə, o, TRIPP («Trump Route for International Peace and Prosperity» - «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu») layihəsi çərçivəsində bu marşrutun idarə olunması üçün 99 illik konsessiya əldə edir. Bu, öz növbəsində qeyd olunan dəhlizi beynəlxalq infrastruktur obyektinə çevirməklə yanaşı, ikitərəfli təzyiqlər riskini də azaldır. Beləliklə, illər boyu kəskin qarşıdurma predmetinə çevrilmiş əsas məsələ beynəlxalq-hüquqi tənzimləmə müstəvisinə keçir, Vaşinqton isə prosesdə həm vasitəçi, həm də zəmanətçi qismində çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyev paraflamadan danışarkən bunu qarşıdurmanın başa çatması, Azərbaycan-Ermənistan münasibətlərinin tam şəkildə tənzimlənməsi kimi xarakterizə edib. O, Azərbaycanın sənəddə bütün strateji maraqlarının nəzərə alınmasına nail olduğunu deyib, prosesin Bakının bərabərlik prinsipinə və beynəlxalq öhdəliklərə əməl olunduğu şəraitdə dialoqa hazır olduğunu göstərdiyini söyləyib. Dövlət başçısı, eyni zamanda deyib ki, real tənzimləmə yalnız Ermənistan Konstitusiyasındakı revanşist müddəaların ləğvi ilə mümkündür. Söhbət konstitusiyanın Azərbaycan ərazilərinə iddiaları əks etdirən maddələrindən gedir. Bu kontekstdə İlham Əliyev Ermənistan Konstitusiyasında dəyişikliklərin vacibliyini açıq şəkildə ifadə edib, ikitərəfli münasibətlərin normallaşmasını bu məsələ ilə birbaşa əlaqələndirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə paraflamanı ölkəsi və bütövlükdə region üçün «yeni dövrün başlanğıcı» kimi qiymətləndirib. O, köhnə qarşılıqlı iddialar siyasətindən imtinanın çətin, lakin zəruri addım olduğunu vurğulayıb. Baş nazir hesab edir ki, bu addım Ermənistanın sistemli şəkildə müasirləşməsinə, suverenliyini möhkəmləndirməsinə, beynəlxalq təcriddən çıxmasına kömək edəcək. Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin tam tənzimlənməsinin ölkə daxilində siyasi-hüquqi bazanın dəyişdirilməsindən keçdiyini də əlavə edib. O, təbii ki, Ermənistan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutur. Bu prosesin ölkədə 2026-cı ildə keçirilməsi nəzərdə tutulan parlament seçkisindən sonra referendumun təşkili ilə reallaşdırılması nəzərdə tutulur.
Nikol Paşinyan ölkəsi üçün əsas prioritetin yeni nəqliyyat və enerji layihələrində iştirak olduğunu da vurğulayıb. O, bu layihələrin iqtisadi yüksəlişə, regional inteqrasiyanın güclənməsinə şərait yaradacağını söyləyib.
Vaşinqton üçün sınaq
Liderlərin bəyanatlarına baxmayaraq, reallıq mürəkkəb olaraq qalır. Saziş paraflansa da, hələ ki, qüvvəyə minməyib. Buna əsas maneə isə Ermənistanın konstitusiya islahatları məsələsidir. Müxalifət Paşinyanın bu planlarını güzəşt kimi qiymətləndirir, onun ünvanına ittihamlar yağdırır, üstəlik, xarici qüvvələrin dəstəyi ilə ölkə daxilində siyasi təxribatlara çalışır. Baş nazir isə bu dəyişikliklərin sülhün təmin edilməsi, yekun nizamlanmaya nail olunması üçün yeganə yol olduğunu bildirir. Bakıya gəlincə, o, Ermənistanın bəyanatlarla kifayətlənməyərək, real addımlar atmasını gözləyir. Belə ki, Ermənistandakı daxili çağırışlar fonunda sazişin konkret müddəalarının icrası ilə bağlı məsələlər hələ də açıq qalır. Söhbət Zəngəzur dəhlizinin fəaliyyət mexanizmi, gömrük prosedurları, hərəkət təhlükəsizliyinin təmini, iqtisadi gəlirlərin bölüşdürülməsi kimi məsələlərdən gedir. Ekspertlər hesab edirlər ki, bu məsələlərin əksəriyyəti imzalanmış sənəddən kənarda qalıb və danışıqlar prosesinin növbəti mərhələsində ABŞ-nin də fəal dəstəyi ilə həllini tapmalıdır.
«Vaşinqton sazişi»nə regionun reaksiyası da əhəmiyyətlidir. Əvvəllər Bakı-İrəvan münasibətlərinin nizamlanmasında əsas vasitəçi sayılan Rusiya indi proseslərdən kənarda qalıb. Bu, təbii ki, Moskvanın Cənubi Qafqazdakı mövqeyinə ciddi zərbədir. İrana gəlincə, o, Zəngəzuru ənənəvi olaraq öz nüfuz zonası hesab edir. Bu səbəbdən də, Amerikanın burada mövcudluğundan narahatlığını ifadə edir, onu özünə əlavə təzyiq kimi qiymətləndirir.
Avropa İttifaqı isə sazişi müsbət qarşılayıb. Brüsseldə hesab edirlər ki, bu, gərginliyin azaldılması, nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün yeni imkandır.
Türkiyəyə gəlincə, Azərbaycanın Naxçıvan ilə əlaqələrini genişləndirməsi fonunda Ankara mövqeyini gücləndirir, regiona təsir imkanlarını artırır. Bu, Türk Dövlətləri Təşkilatının rolunu da yüksəldir.
Sazişin əsas benefisiarı olan ABŞ artıq qeyd edildiyi kimi, bu prosesdə vasitəçiliklə yanaşı, həm də zəmanətçi kimi çıxış edir. Ağ Ev sahibi Tramp əldə olunmuş razılaşmanı özünün diplomatik uğuru kimi təqdim edir, onu «birbaşa dialoq və ədalətli razılaşma yolu ilə sülhə nail olunması modeli» adlandırır. Tramp bu nəticədən daxili siyasətdə də istifadə edir, onu əksər institutların uğursuzluğu fonunda özünün sülhə nail olmaq bacarığının sübutu kimi göstərir.
Yeri gəlmişkən, əldə olunmuş razılaşmaya görə Donald Trampa təşəkkürünü bildirən İlham Əliyev onun Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiyini bəyan edib.
Cənubi Qafqaz üçün yeni şans
Hər kəsə yaxşı bəllidir ki, Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbə, Bakının Ermənistana hərbi-siyasi təzyiqləri olmasaydı, Vaşinqton razılaşması da olmazdı.
«Vaşinqton sazişi» daha geniş mənada Cənubi Qafqazda inkişafın yeni mərhələsinin başlanğıcıdır. Saziş reallaşarsa, region qarşılıqlı əlaqələrə əsaslanan dayanıqlı sistemi qurmaq imkanı qazanacaq, bölgədə uzun illər mövcud olmuş bölücü xətlər yerini nəqliyyat əlaqələrinə, iqtisadi münasibətlərə verəcək. Ermənistan üçün bu, təcriddən çıxmaq, daxili sabitliyi möhkəmləndirmək şansı, Azərbaycan üçün isə strateji nailiyyətlərini möhkəmləndirmək, regionun əsas tranzit mərkəzinə çevrilmək imkanıdır. Xarici aktorlara gəlincə, bu, onlara öz təsir imkanlarını artırmağa imkan verəcək layihələrin həyata keçirilməsi üçün bir platformadır. Bunun üçün Bakının yaratdığı reallıqları qəbul etmək lazımdır.
Amma qeyri-müəyyənlik də davam etməkdədir. Ermənistanda konstitusiya dəyişikliyi daxili siyasi böhrana yol açar, dəhlizin reallaşması isə texniki və siyasi çətinliklərlə üzləşə bilər. Rusiya və İran kimi xarici aktorların prosesə təsir göstərməyə çalışacaqları da istisna deyil. Bunlar Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli həllinə aparan yolu, əlbəttə ki, çətinləşdirən amillərdir.
Bununla belə, proses keyfiyyətcə yeni mərhələyə keçib və bu, önəmlidir. «Vaşinqton sazişi»nin paraflanmasından sonra artıq söhbət müvəqqəti razılaşmadan yox, regionda münasibətlər arxitekturasının əsaslı şəkildə dəyişməsindən gedir. Onilliklər sonra ilk dəfədir ki, Bakı ilə İrəvan yekun nizamlama yoluna çıxıblar. Qarşıda maneələr çox olsa da, bu faktın özü Cənubi Qafqazda güc balansını və regionun perspektivini dəyişir.
TRIPP-ə doğru
Bu arada Türkiyə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində əhəmiyyətli praktiki addım atıb – belə demək mümkünsə, TRIPP-ə doğru gedib. Ankara Qars-İğdır dəmir yolunun tikintisinə başlayıb. Bu xətt Naxçıvanla birləşdirici halqa rolunu oynayacaq və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Azərbayan ərazisinə çıxışı təmin edəcək. Layihə Türkiyəni «Orta dəhliz» xətti üzrə Mərkəzi Asiya və Çinlə birləşdirəcək gələcək nəqliyyat arteriyasının əsas elementi kimi qiymətləndirilir. Rusiya və İran üzərindən keçən marşrutlardan fərqli olaraq, Kars-İğdır dəmir yolu aşkar geosiyasi xarakter də daşıyır. O, Ankara və Bakı arasında müstəqil logistik ox formalaşdırmaqla, xarici oyunçulardan asılılığı minimuma endirir.
Layihənin icrasına Türkiyənin aparıcı inforastruktur podratçıları olan «Cengiz Holding», «Kolin İnşaat» və «TCDD Taşımacılık» dəmir yolu operatoru cəlb ediliblər. Bu istiqamətdə Türkiyə və Azərbaycanın Nəqliyyat nazirlikləri, maliyyə institutları və özəl sektor nümayəndələrinin daxil olduğu birgə işçi qruplar da fəaliyyət göstərir. Onların əsas vəzifəsi tikinti qrafiklərini uyğunlaşdırmaq, texniki standartları razılaşdırmaq və vahid tarif rejimini hazırlamaqdır.
Bu dəmir yolunun perspektivləri regional layihə hüdudlarını aşır. Ankarada bu marşrut «Orta dəhliz» təşəbbüsü ilə birgə dəyərləndirilir. Söhbət Xəzər və Cənubi Qafqaz üzərindən keçməklə Çinlə Avropa arasında yük daşımalarını təmin edəcək alternativ yoldan gedir. Bundan başqa, Qars-İğdır dəmir yolu Cənubi Qafqazın yeni siyasi arxitekturasının da tərkib hissəsi kimi qiymətləndirilir.
Beləliklə, region onilliklər boyu qonşular arasında münasibətləri müəyyənləşdirən blokada, təcrid məntiqindən tədricən uzaqlaşır, daha geniş tranzit məkanına çevrilir. Bu vəziyyətdə Türkiyə infrastruktur layiəhələrinin reallaşdırılmasına üstünlük verməklə, regionun aparıcı oyunçusu statusunu möhkəmləndirir. Azərbaycan isə hərbi-siyasi uğurlarını uzunmüddətli iqtisadi nailiyyətə çevirmək üçün alət əldə edir. ABŞ-yə gəlincə, vasitəçi və zəmanətçi qismində çıxış edən Vaşinqton regionda beynəlxalq-hüquqi formatda mövcudluğunu təsdiqləyir və Rusiya ilə İranı proseslərdən kənarlaşdırır.
Bütün yaşananlar fonunda Ermənistan seçim qarşısında qalır: ya daxili islahatlar apararaq, revanşist gündəmdən imtina edərək yeni əlaqələr sisteminə tam inteqrasiya olunmaq, ya da siyasi mübahisələrin yerini real iqtisadi əlaqələrə verdiyi transformasiya prosesindən kənarda qalmaq.
Beləliklə, Cənubi Qafqazda tədricən yeni arxitektura formalaşır. Bölgədəki bölücü xətlər yeni nəqliyyat marşrutları ilə əvəzlənir, qüvvələr balansı hərbi güclə yox, regionun əsas dəhlizlərinə nəzarət etmək, onların öz maraqlarına uyğun inteqrasiyasına nail olmaq bacarığı ilə müəyyənləşməyə başlayır.
MƏSLƏHƏT GÖR:



151

