5 Dekabr 2025

Cümə, 09:02

AMERİKALININ AZƏRBAYCANLI ÜRƏYİ

Ceffri BERBOK: «Muğam dünyaya deyir ki, Azərbaycan özünəməxsus mədəni irsə malik unikal yerdir»

Müəllif:

15.09.2025

Muğam sənəti ilə maraqlananlara Ceffri Verbokun adı yaxşı tanışdır. Filadelfiyada doğulmuş bu amerikalı musiqiçi onilliklər boyu fəaliyyətini Azərbaycan musiqi irsinin öyrənilməsinə və təbliğinə həsr edib. Amerika Muğam Cəmiyyətinin sədri olan Verbok tar, kamança, ud və qaval kimi alətlərdə ifa etməyi bacarır. Bundan başqa, o, həm vokal müşayiətçi, ansambl üzvü və solo ifaçı kimi də çıxış edir.

Verbok rəhbərlik etdiyi «Mugham Society of America»nın (Amerika Muğam Cəmiyyəti) həm də yaradıcısıdır. O, bu təşkilat vasitəsilə mühazirələr, konsertlər, müxtəlif başqa tədbirlər təşkil edir, Qərbdə muğamı tanıtmağa çalışır. Ceffri Verbok dünyanın müxtəlif ölkələrində mühazirə-konsert formatında çıxışlar edir, muğamı «bəşəriyyətin musiqi duası» adlandırır. O, muğamın strukturu, sintaksisi, mikrotonallığı və improvizasiya elementləri ilə bağlı izahlar da verir. Verbok «Children Sing Mugham» («Uşaqlar muğam oxuyur») və «Young Voices, Ancient Song» («Gənc səslər, qədim havalar») adlı sənədli filmlər üzərində işləyib, bu filmləri dünyanın müxtəlif ölkələrində təqdim edib. Vaxtilə Azərbaycanın qaçqın düşərgələrini ziyarət edən Verbok orada gənc muğam ifaçılarını tapmaq, uşaqların bu mürəkkəb musiqi formasını necə mənimsədiyini göstərmək üçün də müxtəlif addımlar atıb. Onun filmlərində Azərbaycan ruhunun ağrısını və sevincini muğam vasitəsilə ifadə edir.

Verbok ABŞ-də, Avropada, Azərbaycanda və İsraildə ifaçı, pedaqoq və lektor kimi səyahətlərə çıxıb, çıxışlar edib. Onun həyatı fərqli mədəniyyətdən olan bir insanın Azərbaycan incəsənətinə ürəkdən bağlanmasının, onun əsl elçisinə çevrilməsinin nümunəsidir.

Ceffri Verbok ilə muğamın ənənəvi tərəfləri və Azərbaycan üçün vətənpərvərlik baxımından əhəmiyyətindən danışmışıq.

- Ceffri, zəhmət olmasa deyin, hər şey necə başladı? İlk dəfə muğama necə müraciət etdiniz və sizi həyatınızı bu musiqiyə verməyə nə vadar etdi?

- Mənim musiqiçi keçmişim var. Anam fortepianoda ifa edirdi, atam isə ABŞ-də «Böyük depressiya»nın yaşandığı illərdə ailəsini dolandırmaq üçün klublarda oxuyurdu. Onun bariton səsi var idi. Evimizdə virtouz ispan flamenkolarının yazıldığı bir neçə plastinka da var idi. Hələ 10 yaşımda flamenko gitarasında akkordlar vurur, melodiyalar öyrənirdim – özbaşıma. 60-cı illərin populyar musiqilərindən akkord ardıcıllıqlarını da ifa edə bilirdim. 15 yaşımda artıq öz bəstələrimi yazmağa başlamışam. 19 yaşımda isə doğma Filadelfiyadan Los-Ancelesə köçdüm – məqsədim musiqi baxışlarımı, arzularımı bölüşəcək musiqiçilərlə tanışlıq, eyni zamanda özümə dinləyici auditoriyası yığmaq idi. Məhz orada Dağıstanda doğulmuş bir kişi ilə tanış oldum. Azərbaycan kamançasında ifa edirdi. Doğrudur, bu şəxs Qafqaz musiqisinin çox sadə versiyalarını çalırdı, lakin möhtəşəm ritm hissi var idi. Onun muğam ifa edən zaman ortaya qoyduğu emosional güc məni heyrətə salmışdı. Onun ifasını – deyəsən, «Şur» muğamının sadələşdirilmiş versiyası idi – eşitdikdə anladım ki, bütün musiqi təcrübəm və maraqlarım bu ana hazırlaşırmış.

1973-cü ilin yanvarında tədrisə başladım. Kamança mənim üçün əsl sınaq idi. Çünki heç vaxt simli alətdə ifa etməmişdim. İlk andan hiss etdim ki, bu, mənim üçün doğma alətdir. İllər sonra Azərbaycan tarında ifa etməyə başladım. İlk müəllimim Zevulon Avşalomov kamança çalmağa razı olduqda qaval ifaçılığını öyrənmiş bir neçə baraban ifaçısı ilə ənənəvi trio yaradaraq, konsertlər verməyə başladıq.

- Muğamı Azərbaycanın qeyri-maddi irsinin incisi adlandırırlar. Ona fərqli mədəniyyətdən keçmiş bir şəxs kimi, sizin üçün bu musiqidə ilk kəşf nə olub?

- Bir amerikalı olaraq, mənim üçün Azərbaycan muğamı əvvəlcə «xarici» musiqi idi. Lakin çox tez bir zamanda özümü «evimdə» hiss etməyə başladım. Əksinə, artıq skripka mənim gözümə və qulağıma «yad» gəlirdi. İçimdə sanki bir musiqi inqilabı baş vermişdi. Bu gün də ənənəvi Azərbaycan musiqi alətlərini gördükdə yaşadığım hissləri ifadə edə bilmirəm. Onlara baxmaq belə, içimi izaholunmaz dərin bir duyğu ilə doldurur.

Deməliyəm ki, məni bu musiqiyə cəlb edən hisslər milliyyət və ya vətənpərvərliklə bağlı duyğular deyildi. Babam muğam dinləməyib. Ona görə də mənim bu musiqiyə münasibətim azərbaycanlıların münasibətindən bir qədər fərqli idi. Hər halda, onlar üçün muğam doğma vətənlərinin musiqisidir.

Bir məqamı da vurğulamaq istərdim ki, azərbaycanlılar muğamda kədər elementinin olduğunu deyirlər. Bu, yəqin ki, melodiyaların minor ladları və alətlərin nisgilli səsi ilə bağlıdır. Mənsə bu musiqidən yalnız sevinc, ilham və zövq alıram.

- Çətin anlarınızda güc aldığınız muğam və ya melodiya varmı?

- Hər bir muğam özünə xas möhtəşəmliyə malikdir. Lap erkən dövrdə anladım ki, bəzi Şərq musiqilərindən fərqli olaraq, muğamda yalnız bir-iki notu dəyişməklə onu başqa muğam adlandırmaq mümkün deyil. Hər bir muğamın öz xarakteri, öz şəxsiyyəti, əhvalı, hətta melodik quruluşu var. Onu bir neçə səsi dəyişdirməklə başqa muğama çevirmək olmaz.

Amma daha tez-tez ifa etdiyim muğamlar var. Müşahidə etmişəm ki, onlardan bəziləri sanki daha çox «bəstələnmiş» və dəyişməz, bəziləri isə improvizasiyaya açıqdır. Bu muğamların əsas hisslərini yeni, təzə fərqli yollarla ifadə etməyi xoşladığımdan, onlara daha çox müraciət edirəm. Ən çox məşqini etdiyim muğamlar məhz onlardır. Çıxışlarımda daha çox onlara üstünlük verirəm.

- Qərb auditoriyasına muğamın mənəvi dərinliyinin sözlərlə izah olunmadığını necə çatdırırsınız?

- Mənim Azərbaycan muğamları ilə çıxışlarımın böyük hissəsi universitetlərdə, kolleclərdə, musiqi məktəblərində, akademiyalarda və muzeylərdə olur. Odur ki, muğamı ilk dəfə dinləyənləri bu qeyri-adi müsiqi janrını dərk etməyə hazırlamaq üçün bir az vaxtım gedir – onlara muğamın strukturunu, elementlərini nümayiş etdirirəm. İstəyirəm ki, konsertlərimə gələn insanlar, əsasən də dünya musiqisi kursuna üz tutmuş tələbələr oradan unudulmaz təəssüratlarla ayrılsınlar. Onlarda diqqətlə dinləmək qabiliyyətini oyatmağın, müəyyən səs ardıcıllığı və musiqi teksturası ilə ifa olunan tonların yaratdığı hissləri şüurlu şəkildə qavramaq bacarığını yaratmağın ən yaxşı yol məhz budur. Bu isə Azərbaycan muğamının xarakterik cəhətlərindəndir. Mən bu insanlar üçün muğam ifa etdikdə onlar bu musiqinin təsirini anlayır, janrın ideyasını, dərinliyini qiymətləndirməyə başlayırlar.

- Ceffri, siz amerikalısınız, lakin qəlbən çoxdan Azərbaycana bağlısınız. Fikrinizcə, muğam kimi sənət incisini yaratmış Azərbaycan xalqının gücü, özəlliyi nədədir?

- Mən əlbəttə ki, hər hansı qrupun sosiopsixologiyası üzrə ekspert deyiləm. Amma bir şeyi deyə bilərəm ki, bu bölgədə bir çox ölkələr və etnik qruplar xalça toxuyur, onların arasında çox gözəl xalçalar var, amma məndə yalnız Azərbaycan xalçaları həzz, ruhumu tərpədən hiss yaradır. Te-tez düşünürdüm ki, xalçalara bu nqədər mürəkkəb geometrik naxışlar vuran insanlar sehirbazdırlarmı? Bu naxışlar çox vaxt dünyaca məşhur rəssamların abstrakt əsərləri ilə müqayisə olunar bilər. Bəzi hallarda isə onlardan daha üstündürlər. Bundan başqa, azərbaycanlıların paxlava kimi unikal şirniyyat növü ideyasına baxın. Azərbaycan mətbəxi də əsl kulinariya macərasıdır. Bütün bunlar Azərbaycan xalqının heyrətamiz və tükənməz kreativliyindən xəbər verir. Onlar bu yaradıcılıq enerjisini, fantaziyasını təsviri sənətə və mətbəxə tətbiq etdikləri kimi, musiqiyə də tətbiq ediblər və muğamı yaradıb, onu estetik təcrübənin ən yüksək zirvəsinə çatdırıblar.

- Müxtəlif ölkələrdə muğam ifa edərkən özünüzü Azərbaycanın səfiri kimi hiss edirsinizmi?

- Muğam ifaçılığı ilə bağlı çıxışlarımın əksəriyyətinin Azərbaycandan kənarda baş verdiyini nəzərə alsaq, bu ölkəyə, onun xalqına və mədəniyyətinə sevgimi gizlətməyə çalışmıram. Bu isə əlbəttə ki, dinləyicinin musiqini qəbuluna təsir edir, onlarda müsbət təəssürat yaradır.

- Fikrinizcə muğam dünyaya Azərbaycan və onun ruhu haqda nə danışır?

- Muğam dünyaya göstərir ki, Azərbaycan özünəməxsus mədəni irsə malik unikal yerdir. Şübhəsiz ki, Azərbaycan və onun muğamı bölgədəki digər ölkələrin, etnik qrupların musiqi ənənələri ilə müəyyən bağlılığa malikdir. Lakin bir-birinə yaxın bu janrları diqqətlə dinləməyə hazır olan istənilən şəxs yəqin ki, bir nəticəyə gələcək? Azərbaycan muğamı unikaldır və digərlərindən seçilir.

- Necə düşünürsünüz, bu musiqi niyə dünyanın hər hansı başqa nöqtəsində yox, məhz Azərbaycanda yaranıb?

- Bu heç də sadə sual deyil və yalnız tarixə ekskursiya yox, həm də dərin sosiopsixoloji təhlil tələb edir. Bu suala əslində böyük bir kitab həsr etmək olar. Amma qısa desək, xəritəyə baxmaq kifayətdir. Azərbaycan özünəməxsus coğrafi mövqedə yerləşir – mədəniyyətlərin kəsişməsində. Bir tərəfdə Şimali Qafqaz və İran, digər yanda Türkiyə və Türkmənistan, yaxınlıqda Rusiya, Mərkəzi Asiya, bir az o tərəfdə Əfqanıstan, Pakistan, Hindistan. Düşünürəm ki, Azərbaycan musiqisini bir çox ənənələrin möcüzəsinə məhz bu yerləşmə çevirib. Bu sintez Qərbin qulağı üçün xüsusi ekzotik və valehedici səslənir.

Burada ayrıca qeyd olunmalı bir məqam da var – aşıq sənəti. O, həqiqətən də, Azərbaycan xalqına məxsus bir hadisədir. Bəli, «aşıq» sözü Türkiyədə də işlənir, lakin orada bu anlayış tam fərqli məna daşıyır, fərqli səslənir. Azərbaycan aşığı özünəməxsus oxuyur, bu zaman yodlinq texnikasından istifdə edir, bu isə səsi kilometrlərlə uzağa yayımlaya bilən güclü bir vokal texnikadır. Güman ki, əvvəllər bu texnikadan dağ aşırımlarında, vadilərdə ünsiyyət vasitəsi kimi istifadə olunub. Zaman keçdikdə o, elektrik enerjisi kimi gərginlik və emosional yüklə dolu bənzərsiz sənət formasına çevrilib. Bu gün muğam kimi tanınan janrın Azərbaycan variantını məhz bu aşıq ifaçılığının təbii gücü formalaşdırıb, onu regiondakı digər musiqi ənənələrindən fərqləndirən əsas xüsusiyyətə çevrilib.

- Bu gün muğamı yeni kəşf etməkdə olan gənc azərbaycanlılara nə demək istərdiniz? Onlar bu ənənəni niyə qorumalıdırlar?

- Gənc azərbaycanlılardan dəfələrlə belə bir fikir eşitmişəm: indi mən muğama ona görə qulaq asır, bu musiqini ona görə qiymətləndirirəm ki, ona diqqətimi yad bir insan – amerikalı çəkib. Muğamı öyrənməyə yeni başladığım dövrdə, yəni müəllimim Avşalomovdan onun sadə versiyasını eşitdikdə bu şəxs Azərbaycan musiqisinin yaxşı bilicilərindən sayılırdı. O vaxt düşünürdüm ki, muğam ölməkdə olan sənətdir. 1989-cu ildə Azərbaycana ilk dəfə gəldikdə də muğam populyarlığını itirməkdə idi. Onu çox vaxt «keçmişin musiqisi» adlandırır, yalnız yaşlı nəslin dinlədiyi janr hesab edirdilər. Lakin Azərbaycan rəhbərliyinin səyləri nəticəsində bu gün muğam bəlkə də hər zamankından daha çox inkişaf edir, daha çox çiçəklənir. Bakı bulvarında Beynəlxalq Muğam Mərkəzi inşa olunub, Milli Musiqi Konservatoriyası var, muğam müsabiqələri keçirilir və televiziya ilə yayımlanır. Heydər Əliyev Fondu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bir çox mədəniyyət tədbirinə dəstək verir, Diasporla İş üzrə Dövlət Komitəsi muğam haqqında məlumatların yayılmasında mühüm rol oynamaqla yanaşı, həm ölkə daxilində, həm xaricdə insanlar arasında onu təşviq edir. Fürsətdən istifadə edərək Azərbaycan rəhbərliyinə istər ölkədə, istərsə də xaricdə qeyri-maddi milli irsin qorunması, dəstəklənməsi səylərinə görə təşəkkürümü bildirirəm.

Ölkənizin rəhbərliyi dünya ölkələrinə nümunədir. O, ənənəvi incəsənəti, mədəniyyəti qorumaq, təqdim etmək işində hər kəsə nümunə göstərir. Nəticədə, bu sahə yeni, görünməmiş səviyyəyə yüksəlir. Bu əhəmiyyətli işin davam etdirilməsini arzulayıram. Çünki bu, bütün azərbaycanlılar üçün bir çağırışdır: fəxr edin ki, siz azərbaycanlısınız.

- Fikrinizcə, muğamın Azərbaycan musiqisinin qəlbi, onun milli kimliyinin bir parçası olduğunu söyləyə bilərikmi?

- Əlbəttə. Muğam Azərbaycan mədəniyyətinin, milli kimliyinin ayrılmaz hissəsidir. İndi, muğamın beşiyi olan Şuşanın azad edilməsindən sonra – bu haqda yaxın günlərdə «YouTube» platformasında yayımlanacaq sənədli film çəkmişəm – orada hər gün muğam eşitmək mümkündür. Qoy Şuşa yenidən Azərbaycan musiqisinin bu böyük ənənəsinin mədəniyyət paytaxtı olsun.

- Azərbaycanın ruhunu musiqi ilə ifadə etsəniz, o necə olardı?

- Musiqi insanların qəlbində böyük yer tutur, ciddi rol oynayır. Lakin dünyanın hər yerində belə zəngin, müxtəlif musiqi ənənələri, janrları yoxdur. Hər ölkədə dövlət musiqiyə belə dəstək vermir. Azərbaycan musiqi janrlarını təşviq etmək nümunəsi göstərir. Azərbaycan musiqi mədəniyyətində də məhz muğam hökmranlıq edir.



MƏSLƏHƏT GÖR:

97