5 Dekabr 2025

Cümə, 10:03

İNVESTİSİYA DALĞASINDA

“Yaşıl enerji”, nəqliyyat, innovativ sənaye – Azərbaycan-Çin iqtisadi əlaqələrinin üç təməli

Müəllif:

15.09.2025

Son illərdə Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri alıb. Bu, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Çinin Dövlət Şurasının sədri Si Cinpin arasında aparılan sıx dialoq və ticarət-iqtisadi əlaqələrin genişlənməsinə yönəlmiş səylər nəticəsində mümkün olub.

Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinq zamanı qeyd edib ki, iki dost dövlətin başçılarının görüşü bu tərəfdaşlığın növbəti inkişaf mərhələsi üçün istiqamət müəyyən edib. Söhbət sənaye, logistika və nəqliyyat, İT texnologiyaları, “yaşıl enerji” sahələrində birgə təşəbbüslərin həyata keçirilməsinin sürətləndirilməsi, həmçinin investisiya komponentinin inkişafından gedir.

 

Əsas komponent

Azərbaycan-Çin işgüzar əməkdaşlığı ticarət və nəqliyyat sazişlərinin möhkəm təməli üzərində qurulub: ölkəmiz uzun illərdir ki, Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. Regionda Çin ilə bütün ticarət dövriyyəsinin təxminən yarısı Azərbaycanın payına düşür. Ötən ilin nəticələrinə görə, ölkələr ticarət dövriyyəsini 21% artıraraq 3,7 milyard dollara çatdırmağa nail olublar. Bu müsbət tendensiya 2025-ci ilin yanvar-iyul aylarında davam edib. Həmin dövrdə ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 26,7% çoxdur. Bununla yanaşı, hesabat dövründə Azərbaycan məhsullarının Çinə ixracı 4,5 dəfə artıb.

Eyni zamanda Orta Dəhliz marşrutları üzrə tranzit daxil olmaqla, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində  mühüm həlqə rolunu oynadığını nəzərə almaq lazımdır.

“Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb”, - Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib. “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”, - Azərbaycan lideri vurğulayıb.

Ticarət və nəqliyyat təşəbbüslərinin genişləndirilməsi ilə yanaşı, Bakı və Pekin investisiya komponentinə və birgə müəssisələrin yaradılmasına diqqət yetirir. Ölkəmizdə Çin kapitalı ilə təxminən 275 şirkət qeydiyyata alınıb, Çin investisiyalarının həcmi isə Azərbaycanda 942 milyon dollara çatıb. Bununla yanaşı, Azərbaycanın Çinə yatırımları, o cümlədən Dövlət Neft Fondunun vəsaitləri təxminən 2,1 milyard dollar təşkil edib.

Bu gün iki dövlət investisiya potensialını genişləndirməyi planlaşdırır. Birgə istehsal əməkdaşlığı imkanları Çinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində müzakirə olunub. Bu sərgidə Azərbaycan “Invest in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Eyni zamanda Çin-Azərbaycan ikitərəfli investisiya təşviqi tədbiri də keçirilib.

“Azərbaycan və Çin münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. Bu müsbət tendensiyanın davamlılığı, həmçinin ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə bağlıdır”, - CIFIT 2025-də iştirak edən Baş nazirin müavini, Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev qeyd edib.

Oxşar ismarış hökumətlərarası komissiyanın həmsədri, Çinin ticarət nazirinin müavini Lin Cinin çıxışında da səslənib, o, Azərbaycan-Çin iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

 

Enerji səmərəliliyi prioritetdir

Azərbaycan-Çin tərəfdaşlığının ən səmərəli istiqamətlərindən biri bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq olub. “Azərbaycanın günəş və külək enerjisi potensialının Çinin qabaqcıl texnologiyaları ilə sintezi birgə layihələrin uğurla həyata keçirilməsi üçün şərait yaradır və gələcəkdə enerji keçidi sahəsində tərəfdaşlığı daha da genişləndirməyə imkan verəcək”, - investisiya forumunun iştirakçısı, Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Çin şirkətləri, həqiqətən də, Azərbaycanın “yaşıl enerji” layihələrinə böyük maraq göstərir. Ümumilikdə, ümumi gücü 2 GVt olan bərpa olunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Çinli podratçılar artıq Füzulidə günəş elektrik stansiyasının tikintisi layihəsində (160 MVt) iştirak edirlər. Çin şirkətləri həmçinin ən böyük “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisində (240 MVt) iştirak edirlər, yaxın vaxtlarda “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisi (100 MVt) başlanacaq: bu, Azərbaycanda birbaşa Çin investisiyalarının iştirakı ilə hərrac nəticəsində həyata keçirilən ilk bərpa olunan enerji layihəsidir.

Bundan əlavə, “Sichuan Sunsync Photovoltaic Technology” şirkəti ilə danışıqlar aparılır. Bununla şirkətin Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı üzrə müəssisə yaratması və məhsulun bir hissəsini ixrac etmək imkanı nəzərdə tutulur. BOEM sahəsində əməkdaşlıq həmçinin “China Energy Engineering Corporation Limited” şirkəti ilə SOCAR arasında əməkdaşlığın əsasını təşkil edir. Dənizdə külək elektrik stansiyalarının tikintisi və Azərbaycanda su hövzələrində fotovoltaik panellərin quraşdırılması, tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi əməliyyatlarının optimallaşdırılması perspektivləri öyrənilir.

Çin şirkətləri, həmçinin ənənəvi istilik energetikası üçün əsas podratçılar və avadanlıq təchizatçıları kimi çıxış edirlər. Buna misal olaraq, bui ilin iyun ayında istifadəyə verilmiş Mingəçevirdəki “8 Noyabr” İstilik Elektrik Stansiyasını (1880 MVt) göstərmək olar.

Nəqliyyat sektorunda enerji səmərəliliyinin inkişafı təşəbbüsləri çərçivəsində Çinin “BYD Company Limited” şirkəti ilə elektrik avtobuslarının alınması, həmçinin onların Sumqayıtda yığılmasının lokallaşdırılması barədə razılıq əldə edilib.

Əməkdaşlığın mühüm hissəsi kimi Çin nou-hau və kapitalının yerli qeyri-neft sektoruna, yüksək texnologiyalar və innovasiyalar sahəsinə cəlb edilməsi, sənaye və aqrar sektorun rəqəmsallaşdırılması, süni intellektin inkişafı sahəsində qarşılıqlı fəaliyyət nəzərdə tutulur.

Sənaye istiqaməti də unudulmayıb: bu ilin iyul ayında Pekində “AzerGold” QSC-nin törəmə müəssisəsi olan “Daşkəsən Filizsaflaşdırma” ASC “Sinosteel Equipment & Engineering Co. Ltd” ilə saziş imzalayıb. Çin şirkəti mineral ehtiyatların, həcminin yenidən qiymətləndirilməsi və Daşkəsəndəki mədənlərin istismarı üçün yeni planın hazırlanması, bu yataqda dəmir filizi emalı müəssisəsinin tikintisi üçün texniki-iqtisadi əsaslandırma hazırlamalıdır.

 

Nəqliyyat və logistika

Nəqliyyat və logistika sahəsində Azərbaycan-Çin tərəfdaşlığının gücləndirilməsi məsələləri Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Şanxay Beynəlxalq Tədqiqatlar İnstitutu tərəfindən təşkil edilmiş “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı forumda müzakirə edilib.

Bu mövzu, həmçinin Abşeron Logistika Mərkəzində keçirilmiş, Çin-Avropa ekspress marşrutunun beşilliyinə və trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə hərəkət edən 237-ci Yivu-Bakı blok qatarının qarşılanması mərasiminə həsr olunmuş tədbirdə müzakirə olunub.

Xatırladaq ki, TBNM-dən istifadə zamanı blok qatarları yolda 20-25 gün qalır ki, bu da Çindən Süveyş kanalı vasitəsilə yüklərin daşınması müddətindən iki dəfə azdır, bu isə orta hesabla 40-50 gün çəkir. Bu üstünlük Çindən multimodal konteyner blok qatarları vasitəsilə tranzit daşımaların artmasına kömək edir: keçən il Çindən Avropaya TBNM vasitəsilə 358 belə qatar göndərilib. “Cari ildə Azərbaycan vasitəsilə Çinə 450 blok qatarın göndərilməsi planlaşdırılır, orta müddətli perspektivdə isə bu göstərici ildə 1000 blok qatara çatdırıla bilər. İnanırıq ki, iki ölkənin qarşılıqlı səyləri sayəsində bu rəqəm daha da artacaq”, - Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev tədbirdə çıxışı zamanı bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə “X” sosial şəbəkəsindəki hesabında Bakıda keçirilən görüşlərin nəticələrini paylaşıb. Xüsusilə, Çinin Zhejiang vilayətində yerləşən Ningbo limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşdırma və rəqəmsallaşdırma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması razılaşdırılıb. “Ölkəmizə səfər edən, Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Bu görüşdə Azərbaycan Çin ilə logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə edib. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi apardıq”, - o vurğulayıb.

Beləliklə, Azərbaycan-Çin tərəfdaşlığı ənənəvi ticarət çərçivəsindən inamla çıxaraq, investisiyalar, “yaşıl enerji”, nəqliyyat və innovasiyalar üçün kompleks strateji platformaya çevrilir. İki ölkənin potensiallarının sinerjisi Bakı və Pekinin dünya iqtisadiyyatında mövqelərinin daha da güclənməsini və davamlı inkişafa birgə töhfəsini gözləməyə imkan verir.



MƏSLƏHƏT GÖR:

67