5 Dekabr 2025

Cümə, 09:59

MÖHÜRLƏRİN ƏVƏZİNƏ RƏQƏMLƏR

Şengenə girişin yeni Avropa sistemi

Müəllif:

15.09.2025

2025-ci il oktyabrın 12-dən Avropa İttifaqı ölkələrində yeni sərhəd nəzarəti sistemi işə düşür. O, «Entry/Exit System» (EES) adlanır. Söhbət demək olar ki, bütün Şengen ölkələrini əhatə edən miqyaslı rəqəmsal islahatdan gedir. Bu yeniliyin əsas məqsədi pasportlara ənənəvi möhür vurulmasının ləğvi, üçüncü ölkə vətəndaşları tərəfindən sərhəd keçidinin avtomatlaşdırılmış şəkildə qeydə alınmasıdır. Bundan sonra Aİ tarixində ilk dəfə olaraq üçüncü ölkə vətəndaşlarının oraya giriş-çıxış məlumatları vahid biometrik bazada toplanacaq. Yeni sistemin əsas vəzifəsi isə təhlükəsizliyi gücləndirmək, miqrasiya rejiminin pozulması hallarını azaltmaq, həmçinin sərhəd keçidi prosesini sürətləndirməkdir.

 

EES nədir və nə üçündür?

«Entry/Exit System» Şengen zonasının xarici sərhədlərini keçən üçüncü ölkə vətəndaşları haqqında məlumatların toplanaraq saxlanacağı mərkəzləşdirilmiş informasiya sistemidir. Onun işə düşməsindən sonra Aİ-yə ilk dəfə daxil olan səyahətçilərdən 10 barmaq izi götürüləcək və onların rəqəmsal üz şəkilləri çəkiləcək. Pasport məlumatları, viza haqqında məlumat, sərhədin keçilmə vaxtı və yeri də qeydiyyata alınacaq. Yeni qaydalara əsasən bütün bu məlumatlar beş il müddətində bazada saxlanılacaq (əvvəllər bu müddət 3-5 il arası dəyişirdi). Eyni şəxsin Şengen zonasına təkrar girişi zamanı sistem yeni məlumatları avtomatik olaraq bazadakı məlumatlarla müqayisə edəcək. Beləliklə, EES pasportlara möhürün vurulması kimi köhnə sistemi əvəzləyəcək, qanunsuz təkrar və ya yanlış giriş hallarının qarşısını alacaq. Avropa Komissiyası bildirir ki, bu sistem vicdanlı, qayda-qanunlara əməl edən insanlar üçün səyahəti asanlaşdıracaq, sərhəd yoxlamalarını sürətləndirəcək və növbələri azaldacaq.

Sistem Kipr və İrlandiya istisna olmaqla, Aİ-nin 25 ölkəsini əhatə edəcək. O, Aİ-yə daxil olmayan, lakin Şengen zonasında yer alan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə də tətbiq ediləcək. İslahatların 2026-cı ilin aprelində tam başa çatdırılması planlaşdırılır. O vaxtadək yeni sistem köhnəsi ilə paralel işləyəcək. Yəni bu dövrdə pasportlara möhür vurulması davam edəcək.

EES-in ilk tətbiq nöqtələri Frankfurt, Paris, Amsterdam şəhərlərinin hava limanları, həmçinin bəzi quru və sərhəd keçid məntəqələri olacaq. Onun tətbiqi ilə bağlı əsasən turizm mövsümündə, xüsusilə də mövsümün ilk aylarında müvəqqəti gecikmələrin, yüklənmələrin ola biləcəyi vurğulanır.

Sistemin yaradıcıları bildirirlər ki, onun tətbiqində əsas məqsəd miqrasiyaya nəzarəti gücləndirmək, viza rejimi pozuntularını ilə mübarizənin effektivliyini artırma, həmçinin təhlükəsizliyin təminidir. Sistem Şengen zonasında icazə verilmiş müddətdən artıq qalınması, sənəd saxtalaşdırılması və digər sui-istifadə hallarının üzə çıxarılmasını da asanlaşdırmalıdır. Rəsmi məlumata görə yalnız 2024-cü ildə Aİ-də bir milyondan artıq icazəsiz qalma faktı qeydə alınıb. Pasportlara möhürlərin vurulması sistemi bu pozuntunun effektiv izlənməsinə imkan vermir. Rəqəmsal bazanın tətbiqi ilə Aİ üzvü olan dər bir ölkə sərhəd keçidi ilə bağlı real vaxt rejimində dəqiq məlumat əldə edə biləcək.

Bununla yanaşı, EES vicdanlı səyahətçilər üçün sərhəd keçidinin sürətləndirilməsinə də hesablanıb. Bunun üçün avtomatlaşdırılmış nəzarət proseduru tətbiq olunacaq. Bu, ilk Şengen zonasına giriş zamanı başlayacaq. Səyahətçi bu zaman biometrik qeydiyyat terminalından keçəcək, sistem onun barmaq izlərini, üz şəklini, pasport və viza məlumatlarını qeyd edəcək. 12 yaşa qədər uşaqlar barmaq izi verməyəcək, 75 yaşdan yuxarı insanlar, həmçinin əlilliyi olanlar və ya biometrik eyniləşdirmə prosedurunu keçə bilməyənlər üçün isə ayrıca sadələşdirilmiş yoxlama proseduru nəzərdə tutulur.

Sonrakı girişlər zamanı sərhədi avtomatlaşdırılmış qapılardan, sərhəd xidməti əməkdaşları ilə ünsiyyətə girmədən keçmək mümkün olacaq. Sistem hər hansı pozuntu aşkar etməzsə, keçid cəmi bir neçə dəqiqə çəkəcək. Texniki nasazlıq və ya xəbərdarlıq siqnalı olduğu halda isə yoxlamanı sərhəd xidməti əməkdaşı aparacaq.

 

Risklər, tənqid, məxfilik

«EES-in mərhələli tətbiqində məqsəd üzv ölkələrin yeni imkanlardan tədricən istifadəsinə şərait yaratmaq, həmçinin sərhəd xidmətləri, nəqliyyat sektoru və səyahətçilər üçün uyğunlaşma dövrünü təmin etməkdir», - deyə Avropa Komissiyasının açıqlamasında bildirilir.

Məsələyə münasibət bildirən Danimarkanın miqrasiya və inteqrasiya naziri Kaare Dyubvad Bek deyib: «Sərhəd Aİ-nin təhlükəsizliyinin ilk xəttidir. Yeni sistem üçüncü ölkə vətəndaşlarının qaydalara əməl edib-etmədiklərinin müəyyənləşdirilməsinə kömək göstərəcək. Bu, sərhədləri daha təhlükəsiz, nəzarəti isə daha effektiv vəziyyətə gətirəcək».

Bununla belə, EES-in tətbiqi qərarı insan hüquqları təşkilatları və rəqəmsal təhlükəsizik ekspertləri tərəfindən tənqidlə qarşılanıb. Əsas narahatlıqlar toplanacaq məlumatların həcmi, onların saxlanma müddəti və şəxsi məlumatların sızması riski ilə bağlıdır.

Müstəqil analitiklər düşünürlər ki, bu sistemin tətbiqi ilə həssas əhali qrupuna aid insanlar ayrı-seçkiliyə məruz qala, barmaq izi ilə yoxlanılması mümkün olmayan şəxslər üçün çətinliklər yarana, sistemi mümkün səhvləri müxtəlif çaşqınlıqlara və problemlərə yol aça bilər. Qeyd edək ki, layihə 2013-cü ildən hazırlanır. Bu müddətdə müxtəlif texniki problemlər, hava limanlarının hazırlıqlı olmaması, mövcud məlumat bazasının inteqrasiya ilə bağlı çətinliklər onun tətbiqinin dəfələrlə təxirə salınması ilə nəticələnib.

Almaniya ilə Fransa artıq narahatlıqlarını ifadə edərək bildirirlər ki, texniki infrastruktur yeni sistemin tətbiqinə hazır olmaya bilər ki, bu halda sərhəddə gecikmələr və xaos qaçılmaz olacaq.

Qeyd edək ki, bir sıra inkişaf etmiş ölkələrdə illərdir ki, bənzər sistemlərdən istifadə olunur. Məsələn, ABŞ-də fəaliyyət göstərən «US-VISIT» sistemi xarici vətəndaşların ölkəyə giriş-çıxışı zamanı onların barəsində biometrik məlumatları toplayır. Kanada, Avstraliya, Böyük Britaniya və bir sıra digər ölkələrdə də barmaq izlərinin, fotoşəkillərin toplanması, səyahətin əvvəlcədən elektron şəkildə təsdiqlənməsi daxil olmaqla, avtomatlaşdırılmış sərhəd nəzarəti platformalarından istifadə edilir.

Başqa sözlə, əslində Aİ ildə 300 milyon sərhəd keçidinə dair məlumatları emal edəcək sistemin tətbiqi ilə qlobal tendensiyaya qoşulmağa çalışır. EES-in fərqləndirici xüsusiyyəti onun əhatə dairəsinin genişliyində, məlumatların ölkələr arasında real vaxt rejimində sinxronlaşmasında olacaq.

 

Şengen vizasında dəyişiklik olacaqmı?

Bəzi insanlarda sual yarana bilər: yeni sərhəd keçidi qaydalarının tətbiqi Şengen vizasının verilməsinə necə təsir göstərəcək? Aİ rəsmiləri bu sahədə ən azı yaxın vaxtlarda hər hansı dəyişikliyin olacağına dair heç nə demirlər. Demək, Şengen vizası, onun əldə olunması proseduru və çoxsaylı sənədlərin tələb (anket, sığorta, bron, maliyyə zəmanəti, müxtəlif arayışlar və s.) edilməsi dəyişməz qalacaq. Yəni EES yalnız sərhəd keçidi prosedurunu dəyişəcək, viza verilməsi qaydalarını yox.

Aİ ilə viza rejiminin olduğu ölkələrin, məsələn, Azərbaycanın vətəndaşları viza almaq üçün əvvəlki qaydada konsulluqlara müraciət edəcəklər. Sadəcə, Şengen zonasına ilk daxil olduqları vaxt onların mütləq şəkildə barmaq izləri götürüləcək, rəqəmsal fotoları çəkiləcək. Yəni ilk səfər zamanı biometrik qeydiyyat üzündən sərhəddə ləngimələr mümkündür. Sonrakı səfərlərdə isə viza şərtlərinin pozulmayacağı halda onlar avtomatik terminallardan sürətli şəkildə keçid edə biləcəklər. Bundan sonra sistem şəxsin səfər etdiyi ölkədə icazə verilən müddətdə qalmasına avtomatik nəzarət edəcək. Viza rejiminin pozulması halında isə nəzarətdən yayınmaq xeyli çətinləşəcək.

Beləliklə, xüsusilə qısamüddətli vizalarla tez-tez səfərlər edən Azərbaycan vətəndaşları, eləcə də əvvəllər viza rejimini pozmuş şəxslər üçün yeni giriş qaydaları ilə əvvəlcədən tanış olmaq vacib əhəmiyyət daşıyır. Artıq belə pozuntular sistem tərəfindən qeydə alınacaq. Demək, pozuntulara yol vermiş insanların növbəti səfərlərinə qadağa qoyula bilər.

 

2026-cı il üçün vacib anons

Aİ 2026-cı ildə xarici qonaqlar üçün daha bir mühüm yeniliyin tətbiqinə hazırlaşır. Söhbət ETIAS («European Travel Information and Authorisation System») sistemindən gedir. Bu sistem Şengen zonasına və bəzi digər Aİ ölkələrinə qısamüddətli səfərlər (180 günlük dövr ərzində 90 günədək) üçün əvvəlcədən elektron icazə sistemidir. ETIAS Aİ ilə vizasız rejimii olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulur – ABŞ, Böyük Britaniya, Ukrayna və s.

ETIAS viza deyil. O, ABŞ-ın ESTA və Kanadanın «eTA» sistemləri ilə bənzər funksiyalara malik səyahət icazəsi sistemidir. Onun tam işə salınması 2026-cı ilin son rübü üçün planlaşdırılır – EES-in tətbiqindən təxminən bir il sonraya. Bu sistem vasitəsi ilə icazənin alınması ödənişli olacaq. İlkin olaraq bunun üçün 7 avro məbləğində ödəniş nəzərdə tutulsa da, Avropa Komissiyası inflyasiya, kibertəhlükəsizlik və texniki dəstək xərcləri ilə əlaqədar, məbləğin 20 avroya qaldırılmasını təklif edir. 18 yaşa çatmamış və yaşı 70-dən yuxarı olan şəxslər icazəni pulsuz əldə edə biləcəklər. Aİ vətəndaşlarının ailə üzvləri və bəzi digər kateqoriyadan olan insanlar da ödənişdən azad olacaqlar.

Beləliklə, pasporta möhür vurulmasından imtina və biometrik məlumatlara keçid Şengen zonasının tarixində yeni mərhələ olacaq. Bu, səyahətçilər üçün prosedurların sadələşdirilməsi istiqamətində addım sayıla bilər. Amma o, eyni zamanda həm də diqqət, texnoloji savadlılıq və dəyişikliyə hazırlıq tələb edir.



MƏSLƏHƏT GÖR:

73