KÖHNƏ ŞABLONLARA UYĞUN
Venesuela böhranı – ideoloji və geosiyasi maraqların toqquşma nöqtəsi
Müəllif: Samir VƏLİYEV
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəddə, Atlantik okeanı və Karib dənizi sahillərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqda əmr verib. Bununla əlaqədar olaraq, həmin bölgəyə 25 min hərbçi göndəriləcək. O, bu səfərbərlikdə məqsədin «ölkənin milli suverenliyinin və təhlükəsizliyinin müdafiəsi» olduğunu bildirib. Venesuelanın müasir tarixində analoqu olmayan bu addım onun bəzi qonşularının ABŞ-nin Karakasa və Prezident Maduroya təzyiqlərini açıq şəkildə dəstəkləməyə başlaması ilə əlaqəlidir.
Məsələ ondadır ki, son aylarda ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuelaya qarşı təzyiqləri xeyli gücləndirib. Vaşinqton bunun əsas səbəbi kimi, Maduronun karokartellərə himayədarlıq etməsini, həmin kartellərin isə narkotik maddələri əsasən Birləşmiş Ştatlara satmasını göstərir. Vəziyyət o həddə çatıb ki, Maduronun «başına» 50 milyon dollar pul qoyulub ki, bu da siyasətdə çox nadir görünə biləcək hadisədir.
İndi regionda və ondan kənarda çoxları yaşananları Panama diktatoru Manuel Noryeqanın devrilməsi ilə müqayisə edir. Xatırladaq ki, vaxtilə Noryeqa narkokartellərlə əlaqələrdə ittiham olunmuş, hətta sonda bu ittihamla məhkəmə qarşısına çıxarılmışdı.
Maduro yeni Noryeqa kimi
Venesuelada baş verənlər bir sıra cəhətlərinə görə, həqiqətən də, 1980-ci illərin sonlarında Panamada yaşananları xatırladır. O zaman da narkotik ticarəti və təhlükəsizliyə təhdidlərlə mübarizə geniş strateji məqsədlərlə birləşdirilmişdi. Venesuela nümunəsində buraya enerji məsələləri də əlavə olunur. Belə ki, o, dünyanın ən böyük neft ehtiyatına malik ölkəsidir. Bu mənada, daxili siyasətdə baş verə biləcək dəyişikliklər Karakasla beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar aça bilər. Bu halda ABŞ şirkətləri də həmin əməkdaşlıqdan yararlana biləcək, eyni zamanda Rusiya və Çinin Venesueladakı mövqeləri zəifləyəcək. Məsələ ondadır ki, Moskva ilə Pekinin bu ölkədə mövqeləri məhz Maduronun dövründə güclənib. Çin artıq Venesuelanın əsas neft ixracatçılarından birinə çevrilib və bu ixrac həcmi davamlı şəkildə artır. Çin Venesuela neftini özünə sərf edən şərtlərlə alır ki, bu da onun iqtisadiyyatının rəqabət qabiliyyətini artırır. Burada, təbii ki, geosiyasi məsələlər də önəmlidir. Çin və Rusiya ilə rəqabət fonunda Latın Amerikası Vaşinqton üçün yenidən prioritet bölgəyə çevrilib. Çünki Moskva ilə Pekinin burada mövcudluğu qüvvələr nisbətinə ciddi təsir göstərir.
Daxili siyasət amilini də istisna etmək olmaz. Seçki ərəfəsində Venesuela mövzusu Donald Tramp üçün «sosialits rejimlər»ə qarşı çıxan, ABŞ sərhədlərinin təhlükəsizliyini qoruyan sərt lider obrazının formalaşdırılmasında öz rolunu oynayıb. Onun elektoratı Venesuela ilə bağlı məsələni «azad dünya» ilə onun rəqibləri arasındakı qarşıdurmanın rəmzi nümunəsi kimi qiymətləndirirdi.
Beləliklə, Tramp administrasiyasının Nikolas Maduroya qarşı atdığı addımlar cinayətkarlıqla mübarizə, iqtisadi maraqlar, geosiyasi rəqabət və daxili siyasi hesablamaları özündə cəmləşdirən çoxşaxəli strategiyanın elementi kimi qiymətləndirilə bilər. Noryegiyə qarşı keçirilmiş əməliyyat kimi, bu siyasət də kompleks xarakter daşıyır. Məqsəd regionda təsir dairəsinin yenidən bölüşdürülməsi, Vaşinqtonunr maraqlarının qorunması, dəyişən dünya düzəni fonunda Latın Amerikasında ABŞ-nin mövqelərinin gücləndirilməsidir.
Daxili siyasi parçalanmaya hesablanmış strategiya
Venesuela daxilində Tramp administrasiyasının addımları – narktik alveri ittihamı, Maduronun tutulmasına görə mükafat vədi, hərbi müdaxilə təhdidləri – cəmiyyəti ikiyə bölüb.
Maduro hökuməti üçün yaşananlar daxildə xarici qüvvələr, ilk növbədə ABŞ tərəfindən böhranın yaradıldığı haqda fikirlərin təsdiqidir. Onların fikrincə, Vaşinqton Venesuelanın sərvətlərini ələ keçirməyə, ölkəni suverenlikdən məhrum etməyə çalışır. Bu mənada rəsmi Karkasın ritorikası «imperialist təcavüz»ə əsaslanır və insanların vətənpərvərlik hissinə xitab edir. Maduro və ətrafı bildirir ki, onlar vaxtilə Panamada Noryeqaya qarşı həyata keçirilmiş ssenarinin Venesuelada təkrarlanmasına imkan verməyəcəklər, bunun qarşısını almaq üçün ordunu, qeyri-nizami qoşunları və xalqı səfərbər etməyə hazırdırlar. Hakimiyyət Vaşinqtonun təzyiqlərini cəmiyyəti birləşdirmək üçün vasitəyə çevirməyə çalışır. Daxildəki bəzi tənqidçilər belə, hərbi müdaxilə təhdidini suverenliyə qəsd kimi qiymətləndirir, müdafiə mövqeyinə keçməyə hazır olduqlarını göstərirlər.
Müxalifət isə əksinə, ABŞ-nin addımlarını alqışlayır. Amma bütün müxalifətin eyni fikirdə olduğunu söyləmək mümkün deyil. Məsələn, radikallar bunu Maduronu devirmək, Xuan Quaydo və digər liderlərin rəhbərlik edəcəyi yeni hökumət qurmaq üçün fürsət kimi görürlər, sanksiyaların, rejimin beynəlxalq təcrid vəziyyətinə salınmasının, hərbi müdaxilə təhdidinin Maduro hakimiyyətinin süqutunu sürətləndirəcəyini düşünürlər. Müxalifətin daha mülayim qanadı isə Vaşinqtonun addımlarının qiymətləndirilməsində ehtiyatlı davranırlar. Onlar hesab edirlər ki, Trampın hərbi ritorikası ölkədə münaqişənin dərinləşməsinə, mülki əhali arasında itkilərə aparıb çıxara bilər. Bundan başqa, xarici amillərə həddindən artıq bağlıdış müxalifətə qarşı kənar qüvvələrlə əməkdaşlıq ittihamlarını gücləndirir, onların legitimliyini zəiflədir.
Beləliklə, ABŞ-nin Venesuela ilə bağlı strategiyası bu ölkəyə ikili təsir göstərir. Bu, hakimiyyət üçün «anti-imperialist» gündəmin gücləndirilməsi, müstəqilliyin qorunması ideyası ətrafında birlik üçün bəhanəyə çevrilibsə, müxalifət üçün rejimin zəiflədilməsi perspektivini yaradıb. Amma bu, müxalifəti həm də çətin vəziyyətə salıb. Vaşinqtondan asılılıq onların daxili konsensusa nail olmasını çətinləşdirir, Maduro əleyhidarları arasında parçalanmanı dərinləşdirir. Nəticədə, Venesuela böhranı sadəcə daxili qarşıdurma olmadqdan çıxaraq, həm də qlobal geosiyasi mübarizə səhnəsinə çevrilir. Bu mübarizədə isə daxili siyasi aktorlar xarici oyunçularla çıx əlaqədə olurlar.
Latın Amerikası seçim qarşısında
Trampın addımlarına Latın Amerikası dövlətlərinin reaksiyası çox maraqlıdır. Heç də birmənalı olmayan bu reaksiyalar regionda siyasi parçalanmanın olduğunu açıq şəkildə ortaya qoyur. Bəzi ölkələr Vaşinqtonun sərt xəttini dəstəkləyir, onu Venesuelada hakimiyyət dəyişikliyini surətləndirmək, Karakasdan qaynaqlanan qeyri-sabitlik təhlükəsini zəiflətmək üçün imkan kimi qiymətləndirirlər. Başqaları əksinə, Tramp administrasiyasının siyasətinin Latın Amerikasının daxili işlərinə ənənəvi müdaxilənin bir forması sayır, istənilən hərbi ssenariyə qarşı çıxırlar. Vaşinqtonun təşəbbüslərinə əsas dəstək sağ və mühafizəkar qüvvələrin hakimiyyətdə olduğu ölkələrdən gəlir. Məsələn, Kolumbiya hökuməti Venesuela böhranını özünün milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Kolumbiyada hesab edirlər ki, oradan mümkün qaçqın axını və Venesuelanın bu ölkə ərazisindəki silahlı qruplarla əlaqəsi bu təhdidi daha da artırır.
Çili, Peru və Karakasa diplomatik təzyiqləri koordinasiya temək məqsədilə yaradılmış «Lima qrupu»na daxil olan digər ölkələr də bənzər mövqedədir. Braziliya Maduro hökumətini tənqid etməsinə baxmayaraq, Vaşinqtonun sanksiyalar və təzyiq siyasətini pisləyir, bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.
Trampın siyasətinə qarşı çıxanlar isə solçu və mərkəzçi qüvvələrin hakimiyyətdə olduğu ölkələrdir. Meksika ABŞ ilə sıx əlaqələrinə rəğmən, təmkinli davranır, tərəfləri dialoqu, böhranı sülh yolu ilə həll etməyə çağırır. Quaydonu tanımaqdan imtina edən Meksika istənilən hərbi müdaxilə təhdidlərini də pisləyir.
Kuba ilə Nikaraqua Maduroya açıq dəstək verir, Vaşinqtonun son addımlarını Monro daktrinası rudunda rejim dəyişikliyi siyasətinin davamı kimi qiymətləndirir. Solçu hökumətə malik Boliviya da Vaşinqtonun addımlarını kəskin tənqid edir, Maduroya açıq dəstək verir.
Nəticədə region iki yerə bölünüb. Kolumbiya, Çili, Peru, Argentina kimi ölkələr ABŞ-nin sərt addımlarını dəstəkləyir, bunun Maduro rejiminin süqutunu sürətləndirəcəyini, bunun isə onların öz sabitlikləri üçün mövcud olan riskləri azaldacağını düşünürlər. Meksika, Kuba, Nikaraqua və Boliviya kimi ölkələr isə hesab edirlər ki, baş verənlər Vaşinqtonun köhnə müdaxilə siyasətinin davamı, regionun suverenliyinə təhdiddir.
Region qlobal konfrantasiya güzgüsündə
Venesuela böhranı sırf daxili məsələ olmaqdan çıxaraq, siyasi, iqtisadi və geosiyasi amilləri özündə birləşdirən çoxşaxəli prosesə çevrilib. Karakas üçün o, sanksiyalar və təzyiqlər şəraitində siyasi sabitliyi, resurslar bazasını qorumaq uğrunda mübarizədirsə, müxalifət üçün beynəlxalq dəstəyə arxalanaraq hakimiyyət dəyişikliyinə nail olmaq imkanı, amma eyni zamanda, cəmiyyətin gözündə müstəqilliyini itirmək riskidir.
Region ölkələri üçün baş verənlər Venesueladakı vəziyyət regional həmrəylik üçün bir sınaqdır. Vaşinqtonu dəstəkləyən Kolumbiya, Çili, Peru və digər ölkələr mövqelərini miqrasiya, narkotik ticarəti və regional təhlükəsizlik məsələləri ilə əsaslandırırlarsa, Meksika, Boliviya, Kuba və Nikaraqua ölkələrin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu, hər bir halda böhranların diplomatik həll yollarının axtarılmasının vacibliyini önə çəkirlər.
Nəticədə, artıq qeyd edildiyi kimi, Latın Amerikası iki düşərgəyə ayrılıb. Amma burada söhbət yalnız ideoloji fərqlilikdən yox, həm də qlobal sistemə inteqrasiya yollarına yanaşmadan gedir.
Bununla yanaşı, daha qlobal mənada Venesuela böhranı həm də dünyanın aparıcı gücləri arasında rəqabətin elementi kimi çıxış edir. ABŞ vəziyyəti Qərb yarımkürəsindəki siyasi vəziyyətin tərkib hissəsi kimi qiymətləndirir, Rusiya ilə Çin isə investisiyalar, ticarət və hərbi-texniki əməkdaşlığa üstünlük verərək, burada öz mövqelərini gücləndirirlər. Karakasın özünə gəlincə, o, xarici əlaqələrdən daxili sabitliyin təmin olunması üçün alət kimi istifadə edir, balanslaşdırma siyasəti yürütməyə çalışır.
Daha geniş konteksdə Venesuela böhranı beynəlxalq düzənin dəyişməkdə olduğunun daha bir göstəricisi sayıla bilər. Çoxqütblü dünyanın formalaşdığı şəraitdə regional münaqişələr getdikcə daha çox maraqların toqquşduğu ocaqlara çevrilir. Bu mənada, Latın Amerikası yalnız xarici rəqabət meydanı deyil, həm də öz gündəliyini formalaşdıran fəal aktor kimi çıxış edir.
MƏSLƏHƏT GÖR:





75

