5 Dekabr 2025

Cümə, 09:58

ŞƏRQ KÜLƏYİ

Çinin hərbi şouları və geosiyasi mesajları

Müəllif:

15.09.2025

Son 100 ildən bir qədər artıq müddətdə siyasi anlam daşıyan bir çox coğrafi termin, həmçinin belə coğrafi və siyasi terminlərlə bu və ya digər dərəcədə bağlı effektli ifadələr meydana gəlib. Məsələn, Birinci Dünya müharibəsindən sonra “intermarium» («dənizlərarası) ifadəsi yaranıb. «Soyuq müharibə» dövründə SSRİ-nin nəzarəti altında olan ölkələrə münasibətdə «Şərqi Avropa» anlayışı yaranmışdı. Yaxın, Orta və Uzaq Şərq və s… Həmin illərdə istər SSRİ, istərsə də onun geosiyasi rəqibləri ümumilikdə eyni konsepsiyaya əsaslanırdılar: bəli, Şərq ölkələrinin böyük potensialı, zəngin resursları, böyük əhalisi var, amma onların müstəqil oyunçular kimi dünya arenasına çıxmaları hələ tezdir. Onların maksimum edə biləcəkləri «böyük ağ cənablar»ın əlaltısı olmaqdır. Bu cənabların bəziləri özlərini «yoldaş» adlandırsalar belə…

Sentyabrın ilk günlərində gələn xəbərlər – Çində İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80 illiyinin qeyd olunması, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının geniş tərkibdə sammitinin keçirilməsi isə artıq yeni siyasi meyillərdən xəbər verir. Bu yerdə yada Mao Tszedunun məşhur «Şərq küləyi Qərb küləyinə üstün gəlir» fikri düşür.

 

Unudulmuş müharibə

Yəqin ki, bu qədər təmtəraqlı bayramın öz çağırışları var idi. Əksər Qərb ölkəsində İkinci Dünya müharibəsinin başa çatması günü mayın 8-də qeyd olunur. Rusiya və postsovet məkanında bu mayın 9-dur. Üstəlik, o, hərbi güc nümayişindən çox xatirə günü kimi qeyd edilir. Doğrudur, yeni əsrdə Rusiya bu ənənəi dəyişməyə başlayıb. Belə ki, 9 May günü sadəcə dövlət bayramı olmaqdan çıxıb. Həmin gün «Qızıl meydan»da hərbi paradlar keçirilir, oraya xarici qonaqlar dəvət olunur, əsas mesaj isə «yenə bacararıq» şüarı olur. Lakin Ukrayna müharibəsinin başlamasından sonra bu təntənə azalıb.

İndi isə Çin öz Qələbə paradını keçirir və bununla bütün dünyaya xatırladır ki, o illərdə müharibə heç də yalnız Avropada getməyib. Yaponiya ilə Çin arasında savaş 1937-ci ildə – Avropadakı İkinci Dünya müharibəsindən iki il əvvəl başlamışdı. Üstəlik, müttəfiq qüvvələr Almaniyanın məğlubiyyətindən sonra Yaponiyaya qarşı döyüşləri davam etdirmiş, nəticədə o, təslim olmuşdu. Yaponiyanın təslim olması aktı sentyabrın 2-də ABŞ-nin «Missuri» zirehli gəmisində imzalanmışdı.

Amma bu, Çinin sadəcə qələbəsinin 80 illiyi münasibətilə təntənəli tədbir keçirməsi deyildi. Bu, həm də Pekinin qlobal rola iddiasının ifadəsi idi. Söhbət ən azı Rusiyanın Ukrayna ilə bağlı sanksiyalarla üzləşənə qədərki roluna bərabər səviyyəli roldan gedir.

Şübhəsiz ki, bu məqada Tyananmen meydanında təşkil olunmuş möhtəşəm parad da öz rolunu oynayıb. O, sadəcə hərbi sıra nümayişi deyildi. Çin öz iqtisadi nailiyyətlərini hərbi gücə çevirməyə çoxdan başlayıb. Amma Qərb ekspertləri Pekinin bu sahədəki nailiyyətlərindən, adətən, etinasız danışmağa üstünlük verirdilər. Onlar deyirdilər ki, bəli, Çin öz iqtisadiyyatını dirçəldə bilib, lakin əsl hərbi texnologiyalara gəldikdə, o hələ də «kağız pələng» olaraq qalmaqdadır. Lakin artıq bu rəy keçərli deyil. Hər halda, Çin paradda kifayət qədər effektiv və yüksək texnologiyalı silahlar nümayiş etdirib – əlbəttə ki, parad bu qənaətə gəlmək üçün kifayətdirsə.

Pekinin hərbi güc nümayişinin kimə ünvanladığına dair isə uzun-uzadı təhlillər aparmaq olar. Burada ən önəmli olanı «sülh istəyirsənsə, müharibəyə hazır ol» fikridir.

 

«Yumşaq güc»

Şübhəsiz ki, strategiyasında əsas rol hələ də «yumşaq güc»dədir. Bu mənada, parad lazımi təəssüratı yarada bilib. Son zamanlaradək elə görünürdü ki, Pekin yalnız hərbi rejimlə idarə olunan Myanma və ya bu qəbildən olan ölkələrin dəstəyinə arxalana bilər. Lakin Çinə Asiya-Sakit okean regionu dövlətlərinin başçıları ilə yanaşı, elə ölkələrin rəhbərləri səfər ediblər ki, bu, bir çoxları üçün gözlənilməz, müşahidəçilər üçün isə əsl sürpriz olub. Bu mənada, türk dövlətlərinin liderlərinin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı xüsusi vurğulanmalıdır. Yeri gəlmişkən, Türkiyənin NATO üzvü olduğunu unutmaq olmaz.

İlham Əliyevin Çinə səfəri, hava limanında onun səmimi və təntənəli qarşılanması, rəsmi ziyafətdə protokola xas yüksək diqqət – bütün bunları azərbaycanlı ekspertlər və analitiklər xüsusi diqqətlə izləyiblər. Bakı-Pekin münasibətləri inkişaf edir, yüksəliş dövrünü yaşayır. Bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İlham Əliyev bundan bir qədər əvvəl Çinə dövlət səfəri də etmişdi. İndi o, bu ölkəyə yenidən yollanmışdı və Çin rəhbərliyi, o cümlədən ölkənin başçısı Si Cinpinlə danışıqlar aparırdı.

Bu dövr ərzində, əlbəttə ki, bəzi şeylər dəyişib. Məsələn, sensasion Vaşinqton danışıqları, Bakının Vaşinqtonla münasibətlərdəki bir sıra problemləri çözməsi, ən əsası isə Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyişlər.

Nəzəri baxımdan sözügedən Vaşinqton danışıqları Çinlə münasibətlər istiqamətində müəyyən çətinliklər yarada bilərdi. Lakin Azərbaycan münasibətlərdə balansı tapmağı bacarır, çoxşaxəli diplomatiya yürüdür, üçüncü dövlətlərə qarşı yönəlmiş ittifaqlara qoşulmur, təhlükəli geosiyasi avantüralardan uzaq durmağa çalışır. ABŞ danışıqları da məhz bu səbəbdən Çində hər hansı ehtiyatlılıq və ya narahatlıq yaratmayıb. Əvəzində regional sabitlik və təhlükəsizliyin möhkəmlənməsi, yaxın gələcəkdə açılması gözlənilən Zəngəzur dəhlizi, hansı ki, istəyən onu «Tramp marşrutu» da adlandıra bilər – bunlar artıq tam fərqli məsələlərdir. Çin yenidən canlanan İpək yolu boyunca etibarlı logistika və əməkdaşlıq sisteminin qurulmasında maraqlıdır ki, bu məsələdə də türkdilli ölkələrdə baş verənlər diqqətdən kənarda qala bilməz. Çin bu regiona istər sərmayə, istər yüksək texnologiyalar, istərsə də başqa imkanlar təklif edir. O, yaxşı anlayır ki, türk dövlətləri dəyərli və perspektivli tərəfdaşlardır. İstər İlham Əliyevin, istər onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin Çində təntənəli şəkildə qarşılanmaları da bunun göstəricisidir. Yeri gəlmişkən, bu, Rusiya Prezidenti Vladimir Putinin qarşılanması zamanı müşahidə olunan sadəliklə əməlli-başlı təzad təşkil edirdi. Rusiya Çin üçün, əlbəttə ki, hələ də vacib və dəyərli tərəfdaşdır. Lakin Ukrayna müharibəsi, bununla əlaqədar ortaya çıxmış sanksiyalar, siyasi və geosiyasi risklər Pekini daha ehtiyatlı davranmağa vadar edir. Burada yenə də Mao Tszedunun «iki pələngin vadidəki döyüşünü dağın zirvəsindən izləyən müdrik meymun» taktikası gündəmə gəlir.

Azərbaycan üçün İlham Əliyevin Çin səfərinin nəticələri uğurlu sayıla bilər. Onun ŞƏT-in tamhüquqlu üzvünə çevrilməsi layihəsi hələ reallaşmasa da, Bakı bu məsələdə də Pekinin dəstəyini qazanmağa müvəffəq olub.

 

Olmayan xəbər

Rusiyalı ekspertlər, xüsusilə Kremlə yaxın olanlar bu vaxtadək Rusiya-Çin geosiyasi tandemində Moskvanı aparıcı, Pekini isə tabe olan tərəf kimi təqdim ediblər. Lakin artıq bu yanaşma yenidən nəzərdən keçirilməlidir. Üstəlik, bu, mümkün qədər tez edilməlidir. Hər halda, Pekində Putinin qarşılanma mərasimi çox şeydən xəbər verir. Çin Rusiya lideri üçün yerə hələ də qırmızı xalça sərir. Amma indi bunu əvvəlki təmtəraqla etmir.

Çin Vladivostokda təşkil olunmuş iqtisadi forumda da çox «zəif» iştirak edib. Halbuki müharibə və sanksiyalar fonunda Moskvanın bütün ümidləri Çinə idi. Görünən odur ki, Pekin bu ümidləri doğrultmağa tələsmir. Bunun isə öz səbəbləri var.

Rusiya Çindən ciddi hərbi və siyasi dəstək gözləyir. Belə bir vəziyyətdə mediaya zaman-zaman Çindən Rusiyaya hərbi məhsulların tədarükünə dair məlumatlar sızır, amma bu, Moskvanın gözlədiyi səviyyədə deyil. Pekin Rusiyaya tətbiq olunmuş sanksiyalardan yayınmağa da çalışmır və bu, özünü xüsusilə Moskva üçün son dərəcə ağrılı olan aviasiya sektorunda göstərir. Rusiya aviaşirkətlərinin əksəriyyəti xarici istehsal olan və lizinqlə icarəyə götürülmüş təyyarələrdən istifadə edir. Müharibənin başlamasından sonra həmin şirkətlər lizinq şərtləri ilə verdikləri təyyarələrini geri çağırıblar. Çünki mülki təyyarələrdən hərbi daşımalarda da istifadə oluna bilər. Bu cür xidmətləri ilə tanına Ruben Vardanyan Ukrayna ilə bağlı sanksiyalarla məhz buna görə üzləşmişdi. Bu, o Vardanyandır ki, hazırda Bakıda məhkəmə qarşısında əməllərinə görə cavab verir.

Rusiya sözügedən təyyarələri geri qaytarmaqdan imtina edib ki, bu da aviasiya sahəisndə «ən böyük oğurluq» kimi qiymətləndirilib. Nəticədə, həmin təyyarələri qeyri-qanuni status qazanıb. İndi onların sertifikatlaşmış texniki baxışdan keçməsi, ehtiyat hissələri və digər sərfiyyat materiallarının alınması mümkün deyil. Moskva bu problemi məhz Pekinin köməyilə çözmək istəsə də, istəyinə nail ola bilməyib. Belə ki, Çin şübhəli və riskli geosiyasi oyunlarda iştirak etmək istəmir. İndi Pekinin taktikası fərqlidir: qəbul edirik, amma əvvəlkitək qucaqlaşmırıq. Doğrudur, bu, Moskva-Pekin birliyindən keçmiş zamanda danışılması üçün əsas deyil. Tərəflərin qarşılıqlı maraqları hələ də çox dərindir. Lakin rusiyalı ekspertlərin öz ölkələrinin Çin üçün əhəmiyyətini çox şişirtdiklərinə də şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

110