NÜVƏ DİLEMMASI
Avropa sanksiya təzyiqini artırır. İran sərt ritorika ilə güzəşt taktikası arasında qalıb
Müəllif: İlqar VƏLİZADƏ
İsraillə İran arasında 12 gün davam etmiş qarşıdurmadan sonra Tehranın nüvə dosyesi ətrafında diplomatik fəallıq kəskin artıb. Avropa «üçlüyü» (E3) – Böyük Britaniya, Fransa və Almaniya İranın iştirakı ilə bir neçə danışıqlar raundu təşkil edib və bu prosesin kulminasiyası avqustun 26-da Cenevrədə keçirilən görüş olub. Bu, Yaxın Şərqdə eskalasiyanın növbəti mərhələsindən sonra avropalıların İranın nüvə proqramı ilə bağlı problemi diplomatik çərçivədə saxlamaq cəhdi kimi qiymətləndirilirdi.
Lakin nəticə əvvəlcədən də gözlənildiyi kimi, mənfi olub. Aparılan müzakirələrin sonunda Tehran üzərinə hər hansı real öhdəlik götürməkdən imtina edib. İran tərəfi, sadəcə, dialoqa hazır olduğunu bildirərək ümumi bəyanatlarla kifayətlənib, konkret güzəştlərə (məsələn, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması, MAQATE müfəttişlərinin ölkənin nüvə obyektlərinə giriş imkanlarının genişləndirilməsi və s.) getməkdən isə boyun qaçırıb.
Maraqlar mübarizəsi
Nəticədə E3 «snapback» mexanizmini işə salmaq qərarına gəlib. Söhbət BMT-nin sanksiyalar sisteminin bərpasından gedir. Avropa bununla, diplomatik səylərin nəticə vermədiyini etiraf edib, İran tərəfi üçün isə bu, Qərbin danışıqlardan, sadəcə, təzyiq vasitəsi kimi istifadə etdiyi fikrinin təsdiqi olub. Yüksək rütbəli İran rəsmilərindən biri «Reuters»ə açıqlamasında Avropanın son addımlarının «qanunsuz və təəssüfləndirici» olduğunu deyib, bununla yanaşı, «diplomatiya üçün qapının açıq qaldığını» söyləyib. Onun «İran təzyiqlər qarşısında geri çəkilməyəcək» fikri isə Tehranın mövqeyində ikili yanaşmanın olduğunu göstərir: iranlılar siyasi oyun aləti kimi danışıqları davam etdirməyə hazır olsalar da, real güzəştlər haqda düşünmürlər.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Ərəqçi «The Guardian» qəzetində dərc olunmuş məqaləsində bildirir ki, sanksiyaların ləğv olunacağı təqdirdə Tehran nüvə proqramı üzərində beynəlxalq nəzarəti və məhdudiyyətləri qəbul etməyə razılıq verəcək. Buradan məlum olur ki, İranın mövqeyində çeviklik yoxdursa da, o, ən azı «böyük stavkalar»ın olduğu açıq sövdələşmələrə hazırdır.
Tehranın nüvə proqramı ətrafında yaşananlarda Moskva ilə Pekinin rolu da az deyil. «New York Times» yazır ki, Rusiya ilə Çin BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların tətbiqinin altı ay müddətinə təxirə salınmasına dair qətnamə layihəsi hazırlayıblar. Bu, Tehrana həm vaxt qazanmaq, həm də Qərb qarşısında tək olmadığını nümayiş etdirmək imkanı verir.
Amma bu təşəbbüsün taleyi, demək olar ki, əvvəlcədən bəllidir. Avropa ölkələri artıq onu veto edəcəklərini bildiriblər. Beləliklə, Moskva ilə Pekinin qurmağa çalışdığı diplomatik «təhlükəsizlik yastığı»nın İranı sanksiyalardan qoruyacağı inandırıcı deyil.
Amma bu cəhdin özü strateji konteksti anlamaq üçün kifayətdir. Bu, İranın getdikcə daha çox Şərqə – Rusiya və Çinə – arxalandığını, onlara Qərbə qarşı əks-cəbhə kimi baxdığını göstərir. Bu isə diplomatik oyunun çoxqütblülüyünü gücləndirməklə yanaşı, Tehranın həssaslığını da ortaya qoyur: o, qısa fasilə əldə etmək üçün belə, xarici himayədarlardan asılı vəziyyətdədir.
Danışıqların kölgəsində
Cenevrə danışıqlarının konteksti İsrail və İran arasındakı münaqişənin nəticələri ilə sıx bağlıdır. Bu qısamüddətli hərbi eskalasiya ölkə daxilində milli birliyi xeyli artırıb. Cəmiyyətin xarici təhlükə qarşısında sıx birləşdiyi şəraitdə danışıqlarda gediləcək istənilən güzəşt avtomatik olaraq xəyanət kimi qəbul edilir, bu isə manevr imkanlarını xeyli məhdudlaşdırır. Hətta siyasi elita daxilində kompromisə meyilli qüvvələr olsa da, indi onlar öz yanaşmalarını xarici siyasətə tətbiq etmək imkanından məhrumdurlar. Çünki siyasi atmosfer sərt xətt tələb edir. Bütün bunları nəzərə alsaq, Cenevrə danışıqlarının «diplomatik dalan»la bitməsi gözlənilən idi.
Bu vəziyyətdə Əli Laricani fiquru xüsusi əhəmiyyət kəsb edir. Ölkə parlamentinin sabiq sədri, danışıqlar aparmaq üzrə böyük təcrübəyə malik, ali liderlə birbaşa təmas imkanları olan siyasətçi olan Laricani uzun müddətdir ki, nüvə məsələsində çevik mövqedən çıxış edə biləcək nadir praqmatiklərdən sayılır. Onun uranın zənginləşdirilmə səviyyəsinin azaldılması mövzusunda ehtiyatlı açıqlamaları göstərir ki, artıq İran elitası daxilində anlayış formalaşıb: hədsiz inadkarlıq ölkənin tam təcrid olunması ilə nəticələnə bilər. Lakin İsraillə qarşıdurmadan və yeni sanksiyalarla bağlı təhdidlərdən sonra bu cür manevrlər üçün imkan xeyli məhdudlaşıb.
Bununla belə, gələcəkdə «mərkəzçi ssenari» məhz Laricani ətrafında formalaşdırıla bilər. Təcrübəsi, əlaqələri və təmkinli praqmatik imici onu Xameneidən sonrakı dövr üçün əsas əlaqələndirici fiqur olmağa namizədə çevirir. Bu mənada, nüvə proqramı yalnız xarici siyasət aləti deyil, həm də İranda gələcək liderlik uğrunda mübarizə meydanıdır. Laricani danışıqlar üçün minimal imkan belə, qoruyub saxlaya bilərsə, bu, onun siyasi modelinin xeyrinə ciddi arqumentə çevriləcək.
Bununla yanaşı, İranda daxili qarşıdurma da dərinləşməkdədir. İqtisadi böhran, inflyasiya və korrupsiya islahatçı qanad olan Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi cinahın mövqelərini getdikcə zəiflədir. Nəticədə, radikal qüvvələr vəziyyətdən istifadə edərək daha kəskin kurs tələb edirlər. İslahatçılar isə əksinə, beynəlxalq təzyiqlərin yumşaldılmasının iqtisadi dirçəliş üçün zəruri olduğunu vurğulayırlar.
Baş verənlər fonunda Ayətullah Xamanei radikalların prezidentə təzyiqini tənqid edərək, bu yolla sistem daxilində balansı qorumağa çalışır. Lakin dini liderin ABŞ ilə danışıqlardan imtinası müqavimət strategiyasının hələ də davam etdiyini göstərir.
Bu ziddiyyətlər hakimiyyətin ötürülməsi məsələsi ilə də sıx bağlıdır. Hər kəs anlayır ki, Xamaneidən sonra bir sualın meydana çıxması qaçılmazdır: nüvə proqramına və xarici siyasətə nəzarət kimdə olacaq? Əgər radikallar üstünlük qazanacaqsa, İran tam qarşıdurma rejiminə keçəcək, bu isə onu daha ciddi təcridlə, daha ağır iqtisadi vəziyyətlə üz-üzə qoyacaq. Yox, əgər əsas rolu Laricaninin oynayacağı «mərkəzçi» ssenari üstün olacaqsa, Tehran sərt ritorikanı qorusa da, dünya ilə əlaqələri tam üzməkdən çəkinəcək, çevik manevr taktikasına üstünlük verəcək.
Cenevrədə iflas, Vyanada irəliləyiş
Ümumilikdə danışıqların Cenevrə raundu əlamətdar hadisə olub. O, Avropanın İranı güzəştə razı salmaq məsələsində aciz olduğunu, Rusiya və Çinin dəstəyinin məhdudluğunu və Tehranın sanksiyalar qarşısında nə qədər həssas olduğunu ortaya qoyub. Cenevrə raundu İran daxilindəki problemlərə də işıq salıb. Məlum olub ki, millətçilərin səfərbərliyi və elita daxilindəki mübarizə kompromisi mümkünsüz edir.
Bununla belə, Tehran «güzəşt oyunu»nda iştirak etməsəydi, İran diplomatiyası özünə bənzəməzdi. İran nümayəndələrinin Vyanada Tehranın əvvəllər danışıqlar aparmaqdan imtina etdiyi MAQATE təmsilçiləri ilə görüşü bu qəbildəndir. Yəni tərəflər arasındakı dərin, aşılması mümkünsüz görünən ziddiyyətlərə baxmayaraq, razılaşmaya cəhdlər davam edir.
İranın XİN başçısı Abbas Ərəqçinin sözlərinə görə, Vyana görüşü «yaxşı keçib». Nazir bildirib ki, Vyanada tərəflər «ikitərəfli əməkdaşlığın yeni çərçivələrini müəyyənləşdirməyə yaxınlaşıb». Ərəqçi bundan əvvəl də bildirmişdi ki, İranla MAQATE gələcək əməkdaşlıq formatını müzakirə ediblər və agentlik yeni əməkdaşlıq sisteminin yaradılmasının zəruriliyini qəbul edir.
Bundan əvvəl isə MAQATE-nin baş direktoru Rafael Qrossi Tehranı nüvə obyektlərində yoxlamalara razılıq verməyə çağırmışdı. O, yaxın vaxtlarda İran nümayəndələri ilə daha bir görüş keçirməyə çalışacaqlarını söyləmişdi.
Xatırladaq ki, İranın bir sıra nüvə obyektlərinə ABŞ ilə İsrailin iyunda endirdikləri zərbələrdən sonra MAQATE müfəttişləri bu ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. Ardınca İran parlamenti onların səlahiyyətlərini məhdudlaşdıran, hər bir yoxlamanın Ali Milli Təhlükəsizlik Şurasının icazəsi ilə həyata keçirilə biləcəyini nəzərdə tutan qanun qəbul edib. Bu, agentliklə əməkdaşlığın, demək olar ki, tam dondurulması demək idi ki, nəticədə, qərar Qərbin ciddi narahatlığına səbəb olmuşdu.
Bununla belə, avqustun sonrasından etibarən bu istiqamətdə ehtiyatlı da olsa, dinamika müşahidə olunmağa başlayıb. İran «Büşəhr» Atom Elektrik Stansiyasına az sayda müfəttiş buraxılmasına razılıq verib və bu, rəmzi də olsa, əhəmiyyətli addım kimi qiymətləndirilib. Rafael Qrossi bildirib ki, tərəflərin razılığa gəlməsi üçün vaxt çox azdır və uranın zənginləşdirildiyi obyektlərə tamhüquqlu giriş imkanları yaxın günlərdə təmin olunmalıdır. Qrossi deyib ki, MAQATE-nin İranın nüvə obyektlərində ətraflı yoxlamalar aparması onlara zərbələrin endirilməsi ehtimalını azalda bilər.
Təcriddən çıxmaq cəhdləri
Bu bəyanatlar fonunda İran diplomatiyası yeni formul təklif edib: xarici işlər naziri Ərəqçi ölkəsinin geniş monitorinqə və müəyyən məhdudiyyətlərə razılaşa biləcəyini, bunun əvəzində sanksiyaların ləğvinin vacibliyini bildirib. Əslində bu, məlum nüvə sazişinin məntiqinə qayıtmaqdır. Sadəcə, bu dəfə Tehran beynəlxalq yoxlamalara qapıları açmazdan əvvəl real iqtisadi güzəştlər tələb edir.
Beləliklə, hazırkı mərhələ seçim anı kimi xarakterizə oluna bilər. Bir yandan istər İranın, istərsə də beynəlxalq ictimaiyyətin ortaq nöqtələr axtardığını göstərən diplomatik canlanma müşahidə edilir. Digər tərəfdən isə razılaşmanın pozulması riski son dərəcə yüksək olaraq qalır. Kompromis əldə edilməzsə, vəziyyət yenidən çıxılmaz hala qayıda, sərt sanksiyalar bərpa oluna bilər.
Hadisələrin inkişaf perspektivi tərəflərin təhlükəsizlik tələbləri ilə iqtisadi maraqları arasında tarazlığın tapılıb-tapılmayacağından asılı olacaq. İran üçün bu, sanksiya təzyiqlərinin əhəmiyyətli dərəcədə azaldılması şansıdırsa, Avropa və MAQATE üçün dünyanın ən həssas nüvə proqramlarından biri üzərində heç olmasa, qismən nəzarətin təmin olunmasıdır.
İran Prezidentinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yubiley sessiyasına qatılması da Tehranın nüvə proqramı ilə bağlı diplomatik blokadanı yarmaq istəyinin göstəricisi kimi qiymətləndirilə bilər. Üstəlik, bunun ABŞ Dövlət Departamentinin iranlıların BMT-yə səfərini məhdudlaşdırmaq cəhdləri fonunda baş tutması hadisələrin dramatizmini daha da artırır.
Bir sözlə, İranın nüvə proqramı hələ də əsas mübarizə meydanı olaraq qalır – yalnız İranla Qərb arasında deyil, həm də İranın elitası daxilində. Bu məsələ Tehranın Xamaneidən sonra hansı yolla gedəcəyinin göstəricisi olacaq. O, qarşıdurma və təcrid yolunu seçəcək, yoxsa sərtliyi praqmatizmlə uzlaşdıra bilən dövlət? Hazırda aparılan danışıqların nəticələri və Laricani kimi fiqurun rolu isə nüvə məsələsindən kənarda da böyük əhəmiyyət daşıyır. Bütünlükdə İranın siyasi sisteminin gələcəyini məhz bu amillər müəyyənləşdirə bilər.
MƏSLƏHƏT GÖR:



101

