DƏHLİZ SİNDROMU
Ermənistan xarici diplomatiya ilə daxili böhran arasında
Müəllif: Namiq H. ƏLİYEV
Cənubi Qafqazın gələcəyinə birbaşa təsir edəcək əsas hadisədən – Vaşinqton sammiti və Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasından sonra bölgədə sanki çoxdan gözlənilən sabitliyə aparan yol açılmışdı. Lakin həmin görüşdən dərhal sonra Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində təşkil olunmuş toplantısında Ermənistanın baş naziri Nikol Paşinyan yenidən köhnə taktikasına – kəskin ritorikaya qayıdıb. Səbəb gözlənilməz idi: Azərbaycan Prezidenti İlham Əliyev regional logistika layihəsi olan «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu»ndan (TRIPP) danışarkən onu Zəngəzur dəhlizi adlandırmışdı. Bundan narazı qalan baş nazir deyib: «Əliyevin ritorikası əldə olunmuş razılaşmanı əks etdirmir».
İlk baxışdan belə təəssürat yaranır ki, söhbət sadəcə terminlərlə bağlı mübahisədən gedir. Lakin bu ritorikanın arxasında daha dərin proseslərin gizləndiyi istisna deyil – xarici siyasətdə manevr, daxili nəzarəti qoruyub saxlamaq cəhdi və regionda nüfuz uğrunda geosiyasi oyun.
TRIIP, yoxsa dəhliz?
İlk baxışdan Paşinyanın narazılığı sanki yalnız adla bağlıdır. Zəngəzur dəhlizi, ya «Tramp yolu» - nə fərqi var? Amma Cənubi Qafqazda infrastruktur layihələrinin adları belə, siyasi mübarizə rəmzinə çevrilir. Azərbaycan üçün «Zəngəzur dəhlizi» termini ciddi önəm daşıyır. Yəni bu, sadəcə coğrafi anlayış deyil, həm də tarixi ədalətin bir parçasıdır. Bu termin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı tarixi ərazi bağına vurğudur. Bu bağ Sovet Rusiyası tərəfindən yüz il əvvəl Azərbaycandan alınaraq Ermənistana verilmiş Qərbi Zəngəzur ərazisi vasitəsilə olub.
Ermənistana gəlincə, bu ifadə onun üçün uzun müddətdir trigger rolunu oynayır. O, bu ölkədə suverenliklə bağlı narahatlıqlar yaradır. Çünki bu ifadə kommunikasiya xəttinə eksterritorial status verilməsi ehtimalını gündəmə gətirir ki, bu da Ermənistan ictimaiyyəti tərəfindən təhdid kimi qəbul olunur. Ermənistanın siyasi elitası hesab edir ki, bu adın arxasında daha böyük məna dayanır. Söhbət Azərbaycan və Türkiyənin regional təsirinin artmasından, burada eksterritorial ərazinin yaradılmasından və ən əsası, Yerevanın oraya nəzarəti itirməsindən gedir. Halbuki, ermənilər Azərbaycanın ikiyə ayrılmış hissələri arasında nəqliyyat bağlantısının başqa statusda olmasının mümkünsüzlüyünü yaxşı anlayırlar. Onlar, sadəcə, müxtəlif nəqliyyat rejimi variantları irəli sürməklə, öz aləmlərində «diplomatik oyun» oynayır, daxili auditoriyaya xoş görünməyə çalışırlar.
TRIIP layihəsi əvvəlcədən geniş regional logistika təşəbbüsü kimi təqdim olunub. O, Türkiyə, Azərbaycan, Ermənistan, İran, Rusiya və Mərkəzi Asiya ölkələrini birləşdirməlidir. Bu, şübhəsiz ki, bütün tərəflər üçün faydalı variantdır. Amma layihə heç bir eksterritorial statusu təlqin etmir: yol Ermənistanın yurisdiksiyası altında qalır, lakin beynəlxalq zəmanətlə təmin olunur. Amma buna baxmayaraq, bu layihə belə, Ermənistanı narahat edir. Səbəb aydın və sadədir. Daxili qeyri-sabitlik Paşinyanın bu layihənin İrəvana yalnız fayda gətirəcəyini açıq şəkildə söyləməsinə imkan vermir. Əvəzində, o, ənənəvi ritorikadan istifadə edir: «bizi məcbur edirlər», «bizə təzyiq göstərirlər», «bizi sözlərlə alçaldırlar» və s.
Paşinyan qorxu ilə diplomatiya arasında
Paşinyan niyə sülhə naidr sənədlərin imzalanmasından sonra belə, şikayətlənməyi davam etdirir? Bu sualın cavabı daxili siyasətdədir. Ermənistanda hələ açıq siyasi böhran müşahidə olunmasa da, o, siyasi burulğanlar içərisindədir. Yaranmış vəziyyətin əsas xüsusiyyətləri klassik xarakter daşıyır və digər ölkələrdəki bənzər durumlardan fərqlənmir: hakimiyyətə etimadın az olması, lakin cəlbedici alternativin olmaması; vaxtaşırı keçirilən etiraz aksiyaları, lakin onların geniş miqyas almaması; cəmiyyətin xüsusilə eynilik, müttəfiqlər və xarici siyasət məsələləri mövzularında parçalanması.
Ermənistanda daxili siyasi vəziyyət kənardan sabit görünsə də, əslində qeyri-sabitliyin astanasındadır. Cəmiyyətdə çox ciddi qütbləşmə var. Bir tərəf dərhal sülh və kommunikasiyaların açılmasını tələb edir, digər tərəf hakimiyyəti xəyanətdə günahlandırır. Belə bir vəziyyətdə iqtisadiyyatı «yerində addımlayır», miqrasiya artır, atılan hər yeni diplomatik addım isə inamsızlıqla qarşılanır.
2020-ci il müharibəsindəki faciəvi məğlubiyyətdən, ardınca isə Ermənistanın Qarabağ siyasətinin tam iflasından sonra Paşinyan beynəlxalq ictimaiyyətin tələbləri ilə narazı xalq arasında balans axtarışındadır. O, «xəyanətkar» kimi qəbul edilməsinə yol verə bilməz, amma eyni zamanda, sülh sazişinə qarşı da açıq çıxışlar etmək alınmır. Nəticədə, baş nazir manevrlər etmək məcburiyyətindədir. Çünki güzəştə getsə dəstəyini itirəcək, getməsə beynəlxalq təcriddə qalacaq. Belə vəziyyətdə onun xarici siyasəti həm də daxili sabitliyi qorumaq üçün bir alətə çevrilir: şikayətlər, bəyanatlar, görüşlər daxili auditoriyaya hesablanan mesajlara çevrilir.
İlham Əliyevdən şikayətlənmək, diqqəti «yanlış terminologiya»ya çəkmək də, şübhəsiz ki, daxili auditoriyaya hesablanmış gedişdir. Yəni «baxın, susmuram, mübarizə aparıram». Bu, sanki bir tamaşada oynanılan roldur. İrəvanın Qərblə yaxınlaşdığı, Rusiyadan uzaqlaşdığı bir vaxtda bu cür ritorika xüsusi aktuallıq qazanır.
Nikol Paşinyanın daxili siyasəti xərclərin minimuma endirilməsinə yönəlib. Baş nazir ölkə daxilində ciddi təzyiqlərlə üz-üzədir. 2020-ci ildən sonra cəmiyyətin ona etimadı azalıb. Lakin ölkədə müxalifət parçalanmış vəziyyətdədir. Belə şəraitdə istənilən «güzəşt» cəhdi son dərəcə ağrılı qəbul olunur. Paşinyan məhz bu üzdən prosesi nəzarətdə saxladığını, hətta İlham Əliyevə qarşı sərt mövqe tuta bildiyini göstərməyə çalışır. Onun əsas məqsədi beynəlxalq ictimaiyyətlə daxili təzyiqlər arasında manevr etməkdir. Bu gün İrəvanın xarici siyasəti əsasən Paşinyanın simasının qorunmasına yönəlib. Müharibədəki məğlubiyyətdən sonra Ermənistan cəmiyyətinin Bakı-İrəvan münasibətlərinə münasibətdəki həssaslığını nəzərə alan baş nazir göstərmək istəyir ki, o, sülhə doğru getsə də, milli maraqlardan vaz keçmir. Bu mənada, Paşinyanın əsas vəzifəsi Ermənistanı trans-Atlantik kontekstə «yerləşdirmək»dir. Qərblə, xüsusilə ABŞ və Fransa ilə yaxınlaşmağa çalışan İrəvan bununla 2020-ci ildə təhlükəsizlik sahəsində ermənilərin ümidlərini doğrultmayan Rusiyadan asılılığı balanslaşdırmaq istəyir.
Ermənistan müxalifəti: tənqid edir, amma təklif etmir
Ermənistanın istər parlament müxalifəti, istərsə də qanunverici orqanda təmsil olunmayan müxalifət hazırkı formatda aparılan sülh danışıqlarına son dərəcə mənfi yanaşır. Onlar Vaşinqton görüşü və həmin görüşdən sonra atılan addımları da narazılıqla qarşılayıblar. Müxalifətin tənqidi əsasən üç məqama söykənir. Birincisi, onlar hökuməti milli maraqlardan imtina etməkdə günahlandırırlar. Paşinyan «təslimçi» adlandırılır və bu istər Qarabağ məsələsinə, istərsə də Zəngəzur dəhlizi mövzusuna aid edilir. Müxalifət hesab edir ki, sülh prosesi İrəvanın güzəştləri hesabına irəliləyir. İkincisi, müxalifət «gizli razılaşmalar»ın olduğunu, şəffaflığın olmadığını bildirir. Onlar iddia edirlər ki, Paşinyan xalqdan xəbərsiz gizli razılaşmalara gedir, proses geniş ictimai və ya parlament müzakirəsi olmadan aparılır, bu isə hansısa gizli güzəştlərin olduğundan xəbər verir. Üçüncü ittiham isə Qərbə meyilliliklə bağlıdır. Rusiyadan istina edərək Qərbə yönəlmək müxalifət tərəfindən riskli addım kimi qiymətləndirilir. Onlar Paşinyanın qərbpərəst siyasətini macərapərəstlik sayır, bunun Ermənistan ənənəvi müttəfiqi olan Rusiyadan birdəfəlik qopara biləcəyini düşünürlər.
Lakin Ermənistan müxalifətinin legitimlik problemi var. Bu gün müxalifətdə təmsil olunanların bir çoxu keçmişin cinayətkar və korrupsioner hakimiyyətləri ilə, həmçinin Qarabağ klanı ilə assosiasiya olunurlar. Bu üzdən də əhali onlara etimad göstərmir. Nəticədə, bütün kəskin bəyanatlara baxmayaraq, müxalifətin ən azı yaxın dövrlərdə Ermənistanda sabitliyi pozmaq gücü çox məhduddur. Bəli, zaman-zaman etiraz aksiyaları keçirilir, lakin bu aksiyalar belə, parçalanmış şəkildə təşkil olunur, hakimiyyətə qarşı kütləvi xalq hərəkatı görünmür. İnsanlar Paşinyanı sevmir, amma heç kim onlara daha yaxşı alternativ təklif etmir.
Eskalasiyadan kim qazanacaq?
Yaxın müddətdə heç kim. Orta və uzunmüddətli perspektivdə isə mənzərə bir qədər fərqli şəkil ala bilər. Azərbaycan öz mövqeyini möhkəmləndirir, müxtəlif iqtisadi və logistika layihələri həyata keçirir, regional tədarük zəncirlərinə inteqrasiya olunur. Ölkə ardıcıl olaraq iqtisadi və geosiyasi inkişaf strategiyası həyata keçirir, nəqliyyat dəhlizlərini təşviq edir və ən əsası, konstruktiv proseslərin təşəbbüskarı rolunu oynayır.
Paralel olaraq, Türkiyə Cənubi Qafqazda mövcudluğunu artırır. O, iqtisadi və təhlükəsizlik məsələlərindən güc aləti kimi istifadə edir, region ölkələrinə yeni iqtisadi imkanlar açır. Rusiya isə bölgədə formal mövcudluğuna baxmayaraq, mövqelərini itirməyə davam edir. Amma o, təbii ki, regionda təsir rıçaqlarını hələ də qoruyub saxlayır. Məsələn, Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi baza fəaliyyətini davam etdirir, Ermənistan sərhədlərini Rusiyanın Sərhəd Qonşuları qoruyur və s. Qərbə gəlincə, o, bu gün Cənubi Qafqazda gedən proseslərə təsir etmək üçün «pəncərə» əldə etsə də, hələ ki pərakəndə şəkildə davranır. Görünən odur ki, Qərb hələ ki, bu region üçün konkret və tam strateji baxışa malik deyil.
Baş verənlər fonunda İran belə, logistik imkanlardan ümumi maraqlar nöqtəsi kimi danışmağa başlayıb.
Belə bir vəziyyətdə Ermənistan bu oyunçular arasında güclü müttəfiqi, ümumi strateji planı və lazımi resursları olmayan, dəqiq mövqe nümayiş etdirə bilməyən ölkəyə çevrilib. O, yeni strategiya qurmağa çalışsa da, bu səylər hələlik yalnız çarəsizlikdən yaranan cəhdlərə bənzəyir.
Epiloq: strategiya əvəzinə ritorika
Paşinyanın dəhlizin adı ilə bağlı şikayəti sadəcə bir irad deyil. Bu, İrəvanda mövcud olan dərin qeyri-müəyyənliyin göstəricisidir. O, sülh zərurəti ilə güzəştlər qorxusu, Qərbə yönəlmə ilə suverenliyin itirilməsi riski, dünya ictimaiyyətinin mövqeyi ilə daxili narazılıqlar arasında qalıb. Ermənistan yeni reallığı qəbul etməli olduğu mərhələdədir. Amma Paşinyan hələ də bunun əvəzinə diplomatik «sancmalar»ı, simasını qorumaq cəhdlərini, «bizə təzyiq edirlər» «ağlaşma»sını davam etdirir.
Erməni politoloqlardan biri «Azatutyun»a müsahibəsində deyib: «Xalq sülh istəyir, lakin onun ardınca kapitulyasiyanın gələcəyindən qorxur. Hakimiyyət isə kapitulyasiyanın olmadığını bildirsə də, bunu aydın şəkildə izah etməyi bacarmır».
Bugünkü Ermənistanın əsas paradoksu məhz budur. Sülh prosesi davam edir, lakin onun hər addımı yeni gərginlik dalğası ilə müşayiət olunur. Zəngəzur dəhlizi (və ya «Tramp yolu») kimi, bu proses də şikayətlənməkdənsə, qurub yaratmağa üstünlük verən qonşuya qarşı qorxu, inamsızlıq, əsassız rəqabətlə dolu «minalanmış ərazi»dən keçir.
MƏSLƏHƏT GÖR:



118

