İNERSİYA ƏVƏZİNƏ İNNOVASİYALAR
Düzgün normativ stimullaşdırma və cəmiyyətin dəstəyi ilə tüstüsüz gələcəyə daha tez nail olmaq mümkündür
Müəllif: Nurlanə QULİYEVA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, siqaret çəkmək hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Bu rəqəm müharibələr və təbii fəlakətlərdən ölənlərin sayından onlarla dəfə çoxdur. Lakin dünya üzrə hər gün 1 milyarddan çox insan siqaret çəkməyə və sağlamlığına zərər verməyə davam edir...
ABŞ-nin “Philip Morris International” (PMI) şirkəti elmi cəhətdən əsaslandırılmış tüstüsüz alternativlər portfelinin yaradılmasına 14 milyard dollardan çox sərmayə yatırıb və bu gün innovativ məhsullar təxminən 34 milyon insana daha sağlam həyat tərzinə keçməyə kömək edib. Məhdud məlumatlılıq, hökumət strukturları tərəfindən məhdudiyyətlər və digər amillər olmasaydı, onların sayı daha çox ola bilərdi.
Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada növbəti ənənəvi “Technovation” konfransı keçirilib. Konfransda tüstüsüz məhsullara keçidin bu son dərəcə zərərli vərdişdən imtina etmək istəməyənlər üçün daha az zərərli seçim olması barədə ən son tədqiqatlar müzakirə edilib.
Zəhərli tüstü
Siqaret tüstüsündə 6000 kimyəvi maddə var, onlardan təxminən 100-ü ictimai səhiyyə orqanları tərəfindən zərərli və ya potensial zərərli komponentlər kimi təsnif edilib. Bəli, müasir araşdırmalar sübut edib ki, məhz tüstü siqaret çəkməklə bağlı xəstəliklərin əsas səbəbidir. Halbuki nikotinin özü də əlbəttə ki, zərərsiz deyil - o, siqaret çəkənləri “qarmağa keçirən” asılılıq yaradır. Lakin tədqiqat işlərinin nəticələri, xüsusilə də Böyük Britaniyanın Səhiyyə və Tibbi Yardımın Təkmilləşdirilməsi üzrə Milli İnstitutunun qənaətinə görə, “xəstəlik və ölümə, ilk növbədə, səbəb olan nikotin deyil, tütün tüstüsündəki toksinlər və kanserogenlərdir”.
“Technovation” konfransında qeyd edildiyi kimi, gündəlik praktikalarında siqaret çəkməyin “qurbanları” ilə qarşılaşan aparıcı həkim-mütəxəssislərin bildirdiyinə görə, siqaret tüstüsü təkcə ağciyər, ağız boşluğu, qırtlaq və digər orqanların onkoloji xəstəliklərinə deyil, həm də ürək fəaliyyətinə demək olar ki, geri dönüşü olmayan zərər vurur, xroniki obstruktiv ağciyər xəstəliyinin sürətli inkişafının əsas səbəbi olur.
Zərərin miqyasını rəqəmlər aydın şəkildə göstərir: ağciyər xərçəngi xəstələri arasında siqaret çəkənlər çəkməyənlərdən 8 dəfə (!) çoxdur.
Əslində, bütün bu məlumatlara sahib olan bir insan (ki, bu gün bu məlumatlar internetdə geniş şəkildə mövcuddur) bu vərdişdən tamamilə imtina etməyə çalışmalıdır. Lakin statistika göstərir ki, təbliğata, xəbərdarlıqlara və hətta qadağalara baxmayaraq, bu, baş vermir, əksinə, dünyada siqaret çəkənlərin sayı hər il artır.
Buna görə də alternativin, daha az zərərli əvəzedicinin axtarışına ehtiyac yaranıb və son iyirmi ildə profil elmi laboratoriyaların və institutların tədqiqatları məhz buna yönəlib.
PMI-ın kommunikasiyalar və əməkdaşlıq üzrə vitse-prezidenti Tommaso Di Giovanni “Technovation” konfransındakı çıxışında qeyd edib ki, alimlərin çoxillik işinin nəticələri siqaret çəkməyin zərərini azaltmaq məqsədlərinə yanma və ya yandırma prosesinin aradan qaldırılması yolu ilə nail olmağın mümkünlüyünü sübut edib - tüstü əmələ gəlmədiyindən zərərli kimyəvi maddələrin səviyyəsini siqaret tüstüsü ilə müqayisədə əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
İnnovasiyalara müqavimət
Bəs onda niyə bu məhsullar hələ də bir sıra ölkələrdə qadağandır? Tommaso Di Giovanninin qeyd etdiyi kimi, bəzi səhiyyə qurumları və tütünə qarşı olan təşkilatlar tüstüsüz məhsulların potensialını bir qayda olaraq rədd edir və onların siqaret çəkmə səviyyəsinin azaldılmasında effektivliyini inkar edirlər. Bununla yanaşı, onlar ən yeni elmi məlumatlarla tam şəkildə işləməkdən imtina edirlər.
Lakin pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyən əyani statistika var: innovasiyaların qəbul edildiyi və istehlakçıya əlçatan olduğu olduğu regionlarda. Məsələn, Yaponiyada siqaret çəkmə səviyyəsi 2014-2022-ci illər ərzində 45,9%, İsveçdə - 49,5% (2014-2022), İslandiyada - 50% (2014-2023), Yeni Zelandiyada - 52,8% (2013-2023) azalıb. Avstraliya, Braziliya, Sinqapur, istifadəyə qadağa və ya məhdudiyyətlərin olduğu Tailand və Türkiyə kimi ölkələrdə isə siqaret çəkmə səviyyəsi ya çox zəif azalır, ya da hətta artım müşahidə olunur.
PMI nümayəndəsinin fikrincə, bu vəziyyət əksəriyyətin innovasiyalara bəsit müqaviməti və inamsızlığı səbəbindən yaranır. Vaxtilə telefon, avtomobil, hətta soyuducunun gündəlik həyata daxil edilməsi zamanı da belə olmuşdu.
“Tarix göstərir ki, hər hansı bir innovasiya əvvəlcə inamsızlıqla qarşılanır. Lakin zamanla o, gündəlik həyatımızın bir hissəsinə çevrilir. Bərpa olunan enerji və elektromobillərin təcrübəsi göstərib ki, dövlət tənzimləməsi qlobal çağırışları uğurla həll edən sənaye innovasiyalarına mane olmaq əvəzinə, onlara kömək edə bilər. Amma başa düşmək lazımdır ki, vakuumda olan innovasiyalar tətbiq üçün şərait olmadan çox az şey ifadə edir. Bu gün biz məhz bu vəziyyətlə üzləşirik”, - Tommaso Di Giovanni vurğulayıb.
PMI-ın MDB üzrə korporativ məsələlər direktoru Aleksey Kim isə əlavə edib ki, bəzən qadağalar əks effekt verir, yəni “qara bazar”ın genişlənməsinə imkan yaradır və o zaman artıq istehlakçılara təhlükəsizlik standartlarından uzaq məhsullar satılır. Nəticədə, bazarda belə məhsulların üstünlük təşkil etməsi və onların istehlakının təbii mənfi effekti ümumiyyətlə tüstüsüz alternativlərin zərəri haqqında yanlış təəssürat yaradır. Bəli, lisenziyalı mallar daha bahalıdır, lakin bu qiymətin arxasında təkcə keyfiyyət deyil, həm də istehsalçının zəmanətləri və məsuliyyəti dayanır. Digər tərəfdən söhbət ölkə büdcələri üçün əhəmiyyətli itkilərdən gedir, çünki “qara bazar”ın malları vergiqoyma sistemlərindən məharətlə yan keçirlər.
Yeri gəlmişkən, A.Kimin fikrincə, hökumətlər nikotin tərkibli məhsullara tətbiq olunan vergi və aksizləri onların insan sağlamlığına mənfi təsir dərəcəsindən asılı olaraq differensiallaşdırmalıdırlar.
Ümumilikdə, ekspertlər hesab edirlər ki, tütünə nəzarət sahəsində siyasət zamanla ayaqlaşmalıdır, çünki bir çox ölkələrdə onilliklərlə əvvəl yanacaq tütün məmulatlarının istehlakı ilə mübarizə üçün hazırlanmış mövcud nəzarət tədbirləri bu gün müasir çağırışlara tam cavab vermir.
Düzgün normativ stimullaşdırma və cəmiyyətin dəstəyi ilə tüstüsüz gələcəyə daha tez çatmaq olar.
Xəyal deyil, realdır
Azərbaycanda son 5 ildə siqaret çəkənlərin payı əhalinin 30-32% səviyyəsində qalır, bu da kifayət qədər ciddi göstərici hesab edilə bilər. Nəzərə alsaq ki, ÜST-nin parametrlərinə görə, siqaret çəkməkdən azad ölkə siqaret çəkənlərin sayı əhalinin 5%-ni keçməyən dövlət hesab olunur. Bu, həmçinin son 7 ildə ölkəmizdə ictimai yerlərdə siqaret çəkməni kifayət qədər sərt şəkildə məhdudlaşdıran qanunvericilik aktlarının qəbul edilməsi, yüksək aksizlərin və digər məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə bağlıdır.
“Dərhal demək istərdim ki, Azərbaycan bizim üçün xüsusilə vacibdir, çünki əslində, bu, gəlirlərimizin 100%-nin tüstüsüz məhsullardan gəldiyi ilk ölkədir. Növbəti addımımız siqareti tərgitməyən bütün istehlakçıların tüstüsüz alternativlərə keçdiyinə əmin olmaqdır”, - Tommaso Di Giovanni “Technovation” çərçivəsində Azərbaycan mediasına müsahibəsində bildirib.
Əlavə edək ki, ümumiyyətlə, PMI 2030-cu ilə qədər xalis mənfəətinin təxminən üçdə ikisini tüstüsüz məhsullardan əldə etməyi planlaşdırır. Uzunmüddətli planlar - müvafiq tənzimləmə və ictimai dəstək olan ölkələrdə 10-15 il ərzində siqaret satışını tamamilə dayandırmaqdır.
Beləliklə, Astanada keçirilən “Technovation” konfransı göstərib ki, tüstüsüz gələcək təkcə iddialı xəyallar deyil, həm də hökumətlər və cəmiyyət tərəfindən dəstək olduğu təqdirdə tam əldə edilə bilən bir hədəfdir.
Bütün bunların ən yaxşı yekun akkordu Tommaso Di Giovanninin hər “Technovation” konfransında dəyişməz olaraq səsləndirdiyi PMI-in şüarı olacaq: “Əgər siqaret çəkmirsinizsə - başlamayın, əgər çəkirsinizsə - tərgitməyə çalışın, əgər tərgitmirsinzsə - dəyişin”.
MƏSLƏHƏT GÖR:


58

