5 Dekabr 2025

Cümə, 09:03

İNVESTİSİYALAR ÜÇÜN TƏRƏFDAŞLIQ

İlk AIIF – 2025 forumunda 10 milyard dollarlıq niyyət memorandumu və layihə müqavilələri imzalanıb

Müəllif:

01.10.2025

Böyük enerji potensialına, Avropa ilə Asiyanın qovşağında əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan uzun illərdir ki, birbaşa xarici investisiyaların cəlb edilməsi üzrə regionda aparıcı mövqe tutur. İnvestisiya trekinin optimallaşdırılması üçün artıq altıncı ildir vergi islahatları çərçivəsində biznes mühiti liberallaşdırılır, güzəşt və üstünlüklər rejimi, həmçinin korporativ idarəetmənin beynəlxalq təcrübəsi tətbiq edilir.

Azərbaycanda investisiya fəallığının artırılması mexanizmlərinin sırasında dövlət-özəl sektor tərəfdaşlığı sistemi mühüm rol oynayır.

Bu sahədə nailiyyətlər və beynəlxalq donor təşkilatlarının planları haqqında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) bəhs edilib.

 

İlk forum

AIIF-2025 Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilib. Forum Şərq və Qərbin strateji kəsişməsində yerləşən dövlətlərin investisiya imkanlarının öyrənilməsi, həmçinin dünya ticarətinin və davamlı təchizat zəncirlərinin gələcəyinin formalaşdırılması üçün eksklüziv məkan kimi nəzərdə tutulub.

Onun effektivliyini forumun yekunları üzrə təxminən 10 milyard dollar məbləğində niyyət memorandumları, layihə müqavilələri və digər sənədlərin imzalanması göstərir. “Xarici investisiyaların cəlb edilməsi ilə yalnız qeyri-neft sektorunda həyata keçirilməsi planlaşdırılan layihələrin dəyəri 7 milyard dollardan çoxdur: ölkəmizə irihəcmli investisiyalar iqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların və texnologiyaların ötürülməsinin sürətləndirilməsi üçün yeni imkanlar açır” - iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.

İkigünlük tədbir ərzində iki plenar iclası və onlarla panel sessiyası keçirilib. Onlar regionların strateji inteqrasiyası, tranzit imkanları, innovasiyalar, “yaşıl enerji”, kiçik və orta biznesin inkişafı aspektləri və s. məsələlərə həsr olunub.

Bundan başqa, İqtisadiyyat Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Dövlət-özəl sektor tərəfdaşlığı sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq haqqında Saziş” imzalayıb. Bununla bilik və təcrübə mübadiləsi, əməliyyat və məsləhət xidmətləri çərçivəsində bu sahədə potensialın artırılması nəzərdə tutulur.

Forum çərçivəsində M.Cabbarovun IFC-nin Avropa üzrə regional meneceri Tomas Lübeklə görüşü baş tutub. “Müzakirələrimiz Azərbaycanda dövlət-özəl sektor mexanizmlərinin tətbiqinə, birgə infrastruktur və sosial layihələrin həyata keçirilməsinə, həmçinin bu proseslərdə IFC-nin perspektivli roluna həsr olunub”, - iqtisadiyyat naziri qeyd edib. Onun sözlərinə görə, forum zamanı bağlanmış saziş Azərbaycanda dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafında mühüm addımdır: “Bu, investisiya mühitinin yaxşılaşdırılmasına və davamlı iqtisadi artımın dəstəklənməsinə kömək edir”.

Bu əməkdaşlıq, həmçinin dövlət-özəl sektorda layihələrin həyata keçirilməsi üzrə strategiyanın hazırlanmasına, kadr potensialının artırılmasına, investisiya prosesinin baxılması mexanizminin təkmilləşdirilməsinə, həmçinin müvafiq layihələrin seçilməsi və icrasına dair sənaye rəhbərliyinin hazırlanmasına yönəldilib.

“Dövlət-özəl sektor mexanizmləri, xüsusilə su infrastrukturu sahəsində iri layihələrin həyata keçirilməsi üçün ən effektiv alət kimi görünür”, - AIIF 2025 iştirakçısı, Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiyada özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali deyib. Onun sözlərinə görə, hökumətlər siyasi dəstək, normativ-hüquqi baza, standartlar və özəl sektorun iştirakı üçün stimullar təmin etməlidir: “Özəl şirkətlər isə kapital, ekspertiza və zəruri texnoloji innovasiyalar gətirməlidir”.

Xatırladaq ki, sentyabrda Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və ADB Göyçay Kanalizasiya Təmizləyici Stansiyasının modernizasiyası üçün dövlət-özəl sektoru üzrə texniki yardım haqqında saziş imzalayıb ki, bu çərçivədə onun gücünün 200 min kubmetrə çatdırılması planlaşdırılır. Bu, cari ildə ADSEA və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında dəniz suyunun şirinləşdirilməsi zavodu tikintisi layihəsi müqaviləsinin bağlanmasından sonra dövlət-özəl sektor üzrə ikinci böyük layihə olub. Perspektivdə ADB digər təşəbbüsləri də dəstəkləməyə hazırdır. Buraya nəqliyyat, energetika, su təchizatı, təhsil və insan kapitalının inkişafı kimi sektorlarda dövlət-özəl sektor mexanizmlərini tətbiq edərək “yaşıl və davamlı infrastruktur”a investisiya qoymaq daxildir.

“Azərbaycanla əməkdaşlıq edərək, “UK Export Finance” öz maliyyələşdirmə alətlərini dövlət-özəl sektor sferasına uyğunlaşdırmaq və yönəltmək niyyətindədir”, - Bakı forumu zamanı “UK Export Finance”ın biznesin inkişafı üzrə baş mütəxəssisi Kris Allam bildirib.

“Daha konkret desək, Azərbaycana gəldikdə isə, bizim 5 milyard funt-sterlinqə qədər əlçatan imkanımız var. Dövlət-özəl sektor çərçivəsində şirkətimiz iki rol oynaya bilər: biz kommersiya bankları üçün riskləri azalda və layihələrə özəl kapital cəlb etməyə kömək edə bilərik”, - o vurğulayıb. K.Allamın sözlərinə görə, dövlət-özəl sektorun prioritet istiqamətləri sırasında pullu avtomobil yolları, dəmir yolu təşəbbüsləri, hava limanları, “yaşıl enerji” və dekarbonizasiya sektorları, həmçinin səhiyyə və təhsil layihələri ola bilər.

 

İşlək mexanizm

Beynəlxalq təcrübəyə görə, dövlət-özəl sektor tərəfdaşlığı ictimai əhəmiyyətli vəzifələrin həlli üçün dövlət və biznesin uzunmüddətli qarşılıqlı əlaqəsinə əsaslanır. O, infrastruktur, sosial, kommunal obyektlərin yaradılması, yenidən qurulması və istismarı, həmçinin əhaliyə məhsul və xidmətlərin göstərilməsi üçün özəl investisiyaların və səlahiyyətlərin cəlb edilməsini əhatə edir. Dövlət-özəl sektoru arasında əməkdaşlıq resurslarının birləşdirilməsinə və risklərin ədalətli bölüşdürülməsinə əsaslanır. Bu, dövlətə infrastruktur inkişaf etdirməyə və xidmətlərin keyfiyyətini artırmağa, biznəsə isə sabit gəlir və investisiyaların qaytarılmasını təmin etməyə, həmçinin yeni layihələrə və bazarlara uzunmüddətli çıxış əldə etməyə imkan verir. Dünyanın inkişaf etmiş ölkələrində belə əməkdaşlıq uzunmüddətli xarakter daşıyır, tərəfdaşın seçilməsi prosesi şəffaf rəqabət prosedurları əsasında həyata keçirilir və ictimai, ümumxalq əhəmiyyətli vəzifələrin həllinə və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönəldilir.

Maraqlıdır ki, dövlət-özəl sektoru sxemləri artıq 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq maliyyə təşkilatları, müxtəlif fondlar, donor strukturlarla əməkdaşlığında olduqca uğurla tətbiq edilir. Söhbət əsasən genişmiqyaslı və böyük kapitalın olduğu infrastruktur təşəbbüslərinin maliyyələşdirilməsndən, kənd icmalarının və fermer təsərrüfatlarının inkişafından, kiçik və orta biznes subyektlərinin dəstəklənməsindən gedir.

Dövlət-özəl sektoru sxemlərinin aktiv tətbiqi 2020-2021-ci illərin pandemiya böhranı dövründə biznesi dəstəkləyərək xilas qurşağı rolu oynayıb.

Son onillikdə bu üsul şəhərsalma sahəsində də aktiv tətbiq edilib. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq paytaxtda binaların sökülməsi həyata keçirilir ki, bundan sonra şəhər məhəllələrinin sonrakı tikintisi keçmiş sakinlərə sökülən evlərdən mənzillərin bir hissəsinin verilməsi ilə dövlət-özəl sektoru əsasında mənzil-tikinti kooperativləri tərəfindən aparılır. Xüsusilə, 2025-ci il sentyabrın ortalarında Nazirlər Kabineti tərəfindən dərc edilmiş məlumata görə, Bakıda dövlət-özəl sektoru prinsipləri əsasında bir neçə strateji əhəmiyyətli ərazilərin genişmiqyaslı yenidən qurulması planlaşdırılıb. Bu layihələr Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavoduna bitişik rayonları əhatə edəcək.

Dövlət-özəl sektoru mexanizmləri “yaşıl enerji”nin inkişafına, yerli və xarici investorların bərpa olunan enerji mənbələrinin (BOEM) generasiya obyektlərinin tikintisi üzrə müsabiqə və auksionlarda iştirakına olduqca effektiv şəkildə uyğunlaşıb. Belə ki, 2025-ci ilin əvvəlində Türkiyə şirkətləri dövlət-özəl sektoru modeli əsasında Qarabağda 13 MVt gücündə “yaşıl generasiya” obyektinin tikintisinə başlayıb. “Azərenerji” ASC-nin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə belə sxem üzrə daha iki enerji layihəsinin həyata keçirilməsinə hazırlıq aparılır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Green” öz növbəsində geotermiya, günəş, külək enerjisi, enerji saxlama sistemlərinin - akkumulyator texnologiyalarının yaradılması kimi sahələrdə yüksək texnologiyalı şirkətlərin cəlb edilməsi üçün dövlət-özəl sektoru mexanizmlərinin tətbiqini, həmçinin subsidiyaların və güzəştlərin verilməsini son dərəcə vacib hesab edir.

 

Qanunvericilik bazası

Dövlət-özəl sektoru alətlərinin inkişafında vergi güzəştləri son dərəcə mühüm rol oynayır. Vergi Məcəlləsinə əsas düzəlişlərdən biri BOEM seqmentində elektrik enerjisinin istehsalı layihələrinin təşviqinə aiddir. Belə ki, dövlət-özəl sektoru iştirakçılarına xidmətlərin göstərilməsi, zəruri “yaşıl infrastruktur”un yaradılması və idarə edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi üçün fiskal preferensiyalar verilir.

Prioritet istiqamətlərə, həmçinin müasir innovasiyalar və iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsinə aid edilməlidir. Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən IV Sənaye İnqilabının Təhlili və Əlaqələndirmə Mərkəzinin himayəsi altında 2030-cu ilə qədər rəqəmsal iqtisadiyyat strategiyası hazırlanır. Sənəd şəbəkə infrastrukturunun modernizasiyası prosesini, startapların inkişafını və Sənaye 4.0 konsepsiyası üzrə rəqəmsallaşdırmanı əhatə edən 51 iri təşəbbüsü müəyyən edir.

Bu sahədə əsas addım dövlət-özəl sektoru sisteminin normativ bazasının formalaşdırılması olub. Xüsusilə, 2022-ci il dekabrın 27-də Azərbaycanda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun qəbul edilib. Ona görə belə tərəfdaşlıq azad rəqabətin, şəffaflığın və səmərəliliyin, ərizəçilərin hüquqlarının bərabərliyinin və tərəflər arasında maraqların və risklərin balansının qorunması prinsipləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqə və ya birbaşa danışıqlar əsasında həyata keçirilə bilər. Dövlət-özəl sektoru layihələrinin icrasının maksimum müddəti 49 il müəyyən edilib ki, bu da beynəlxalq standartlara tam uyğun gəlir. Eyni zamanda, belə layihələrə “İnvestisiya fəaliyyəti haqqında” qanunla nəzərdə tutulmuş təşviq tədbirləri tətbiq edilir. Vergilər və digər dövlət ödənişləri üzrə üstünlüklər, həmçinin əlavə maliyyə dəstəyi, zəmanətlər, güzəştlər və kompensasiyalar verilir. Zəmanətlər və dövlət dəstəyi elementlərinin sırasına layihənin həyata keçirilməsi üçün mal, xammal, avadanlıqla təminat daxildir. Bundan başqa, istehsal olunan məhsulun müəyyən həcmlərinin dövlət satın alınması, subsidiyaların və ya güzəştli kreditlərin verilməsi, tənzimlənən qiymətlərin səviyyəsinin təmin edilməsi və s. zəmanət verilir.

İyul ayında İqtisadiyyat Nazirliyi Bakıda elmi-texnoloji parkın tikintisi, bir sıra regionlarda bioloji tullantıların və heyvan qalıqlarının utilizasiyası mərkəzləri, Kəlbəcər rayonunda turizm-rekreasiya zonasının formalaşdırılması və s. kimi belə layihələrin siyahısını açıqlayıb.

Beləliklə, yerli və xarici şirkətlərin cəlb edilməsi ilə geniş istiqamətlər sektorunu əhatə edən dövlət-özəl sektoru seqmenti ölkə iqtisadiyyatının müxtəlif sahələrinə aktiv investisiya yatırılması və iri layihələrin həyata keçirilməsi üçün qarşılıqlı əlaqənin olduqca perspektivli sxemi kimi görünür.



MƏSLƏHƏT GÖR:

51