DİQQƏTLƏR BÖYÜK BRİTANİYADA
Amerika Prezidentinin Londona səfəri həm yeni alyansları, həm köhnə böhranları üzə çıxarıb – siyasətdən miqrasiyayadək
Müəllif: İrina XALTURİNA
ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri gözlənildiyi kimi, dünya mediasının diqqət mərkəzində olub. Onun Vindzor sarayında Britaniya kralı III Karl tərəfindən təşkil edilmiş qəbulu isə media tərəfindən «möhtəşəm tamaşa» kimi qiymətləndirilib. Ağ Ev rəhbərinin davranışı göstərib ki, o, baş verənlərdən məmnundur. Tramp kral ailəsi ilə davranış protokolunu bir neçə dəfə pozsa da, narahatlıqların əksinə olaraq, hər hansı təxribatçı fikir səsləndirməyib, son dərəcə nəzakətli davranıb. «Krallıq xalqının şirürəkliliyi»ni vurğulayan Donald Tramp III Karlı «böyük centlmen və böyük kral» adlandırıb.
ABŞ Prezidentinin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ictimaiyyətin qarşısında keçirilən görüşü də qüsursuz olub. Tərəflər gömrük rüsumları və Rusiyaya təzyiq kimi mövzulara çox toxunmadan, iki ölkə arasındakı «xüsusi münasibətlər»dən danışıb, bu münasibətlərin «yeni dövrün başlanğıcını qoyduğunu» bildirib. Starmer ABŞ ilə Britaniyanın müdafiə və ticarət, həmçinin elm və texnologiya sahələrində əsas tərəfdaşlar olduqlarını söyləyib. «Biz bu əsrin inkişaf istiqamətlərini birgə müəyyən etməyə hazırıq – ötən əsrdə olduğu kimi», - deyə Baş nazir qeyd edib. O, bu zaman süni intellekt texnologiyalarını, kvant hesablamalarını və atom enerjisini nəzərdə tutub.
Tramp da öz növbəsində, «texnoloji tərəqqiyə dair yeni saziş» haqqında nikbin danışıb. O, bu sazişin «növbəti böyük texnoloji inqilabda Vaşinqtonla Londonun liderliyini təmin edəcəyini» söyləyib: «Bu səfər bir çox sektorlarda əldə olunmuş razılaşmalar üzrə milyardlarla dolları hərəkətə gətirib… Bu, yaxın müttəfiqlər üçün təbii tərəfdaşlıqdır».
Britaniyada və Avropada siyasi qeyri-sabitlik
Tariflər, immiqrasiya, iqlim və dünyada yaşanan münaqişələrlə bağlı mövcud fikir ayrılıqlarını kənara qoysaq belə, Qərbin aparıcı dövlətlərinin liderliyini davam etdirməli olan bu tərəfdaşlığın təməllərinin nə dərəcədə möhkəm olduğu ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Böyük Britaniyada daxili siyasi vəziyyət, hələ ki, sabitlikdən xeyli uzaqdır. Görünən odur ki, Starmerin hökumətin başına keçən zaman verdiyi bir sıra ümidlər, vəd etdiyi planlar həyata keçməyəcək. Hər halda, Britaniya hökuməti və hakim Leyboristlər Partiyası, hələ ki, «qızdırma içərisində»dir. «The Economist» yazır ki, hazırda hökumətin siyasətini seçicilərin yalnız 20%-i dəstəkləyir. Baş nazir Starmerin şəxsi reytinqi isə bundan da aşağıdır. Bundan başqa, ölkədə qeyri-populyar büdcə, zəif iqtisadi artım, sürətlə artan inflyasiya ilə bağlı narahatlıq, dövlət xidmətlərinin effektivliyi ilə əlaqəli yaranan suallar, güclü antimiqrant əhvalı da ümumi vəziyyətə öz təsirini göstərir. Bütün bunların nəticəsi olaraq isə müxalifət, ilk növbədə, populistlər və qatı sağçı Naycel Fərəcin başçılıq etdiyi İslahatlar Partiyası mövqelərini getdikcə gücləndirir. Artıq günlərin birində onun Starmeri əvəzləyəcəyinə şübhə edilmir.
Ekspertlər bildirirlər ki, Böyük Britaniyada hər zaman etibarlı hesab olunan siyasi mərkəz artıq əvvəlki qədər möhkəm deyil, çünki 2010-2014-cü illərdə hakimiyyətdə olmuş Mühafizəkarlar Partiyasında da böhran yaşanır və o da davamlı olaraq gücünü itirir. Belə bir vəziyyətdə mövcud hökumət üçün həm qatı sağ, həm də qatı solçu düşərgənin təzyiqlərinə tab gətirmək getdikcə çətinləşir. Leyboristlər solçulara, tori (mühafizəkarlar) isə İslahatlar Partiyasına uduzur. İndi ölkədə əvvəllər ciddi qəbul edilməyən siyasətçilərin nüfuzu durmadan artır. Bu, yalnız Fərəcə deyil, həm də sol-yaşılların təmsilçisi Zak Polanskiyə, sabiq leyborist, hazırda «yeni solçu» kimi tanınan Ceremi Korbinə də aiddir.
Miqrasiya, radikallaşma və beynəlxalq parçalanmada yeni xətlər
Bənzər vəziyyət Böyük Britaniyanın rəsmi şəkildə ayrıldığı, lakin faktiki olaraq problemlərini bölüşməyə davam etdiyi Avropa İttifaqında da müşahidə olunur. İqtisadi artımın zəifləməsi, müəssisələrin rəqabət qabiliyyətinin azalması, dövlət borcunun yüksək olması, əhalinin miqrasiya siyasətindən, büdcə vəsaitinin bölüşdürülməsindən, dövlət qurumlarının fəaliyyətindən narazılığı fonunda seçicilərin mövqeyində radikallaşma baş verir və insanlar vaxtaşırı bu hisslərini küçələrə çıxaraq ifadə edirlər. Nəticədə bu gün bütünlükdə «Köhnə dünya»da hakim koalisiyaların dayanıqlılığı pozulur, mərkəzçi partiyalar elektoratını itirir, siyasi təşkilatlar arasında qütbləşmə, parçalanma dərinləşir.
Məsələn, Almaniya kansleri Fridrix Mertsin təmsil etdiyi Xristian-Demokrat İttifaqı Patiyası ölkənin sıx məskunlaşmış sənaye mərkəzi olan Şimali Reyn-Vestfaliya əyalətində 2025-ci il sentyabrın 15-də keçirilmiş yerli seçkilərdə qalib gəlib. Amma əsas diqqət buna yox, ultrasağçı, bəzi əyalətlərdə isə hətta ekstremist kimi tanınan «Almaniya üçün alternativ» (AüA) partiyasına yönəlib. Məsələ ondadır ki, partiya lideri Alisa Vaydelin liderliyi ilə 2020-ci il seçkisində göstərdiyi nəticələri üç dəfə yaxşılaşdırıb. Hazırda o, ölkənin ikinci güclü partiyasına çevrilib və artıq Almaniyanın əsas müxalifət partiyasıdır. Əvvəllər əsasən Şərqi Almaniyada populyar olan AüA qərbə doğru irəliləməkdədir. Müşahidəçilərin fikrincə, o, növbəti seçkilərdə qələbə qazanmaq üçün real imkana malikdir.
Bundan başqa, sentyabrda Fransada mərkəzçi Bayru hökuməti süquta uğrayıb. Büdcə xərclərini azaldan hökumət bir anda həm qatı sağ, həm də qatı sol düşərgənin «hücum»larına məruz qalıb və onlara cavab verə bilməyib. Amma bu da son deyil. Son iki ildə Fransanın sayca beşinci baş naziri olan Sebestyan Lekörnün də bu vəzifədə uzun müddət qala bilməyəcəyi ehtimal edilir. Bütün bunlar isə Marin Le Pen tərəfdarlarının fəallığı fonunda baş verir. Xatırladaq ki, məhkəmə bir müddət əvvəl Le Penin siyasi vəzifə tutmasını qadağan etsə də, siyasətçi apellyasiya qaydasında bu qərarın ləğvinə nail olub.
İspaniyada Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi sosialist koalisiyası da çətin durumdadır. İtaliyada isə hökumət başçısı Corca Meloni, hələ ki, dayanıqlılığını qorusa da, onun da rəhbərlik etdiyi koalisiyada daxili rəqabət var və bu, birliyin dağılması riskini yaradır. Niderland, Belçika, Polşa, Rumıniya, həmçinin Avropanın bir sıra digər ölkələrində də daxili siyasi vəziyyət bu cür qeyri-sabitdir.
Maraqlıdır ki, eyni sözləri ABŞ haqqında da demək mümkündür. Halbuki Prezident Donald Tramp hər şeyin nəzarətdə olduğunu göstərməyə çalışır. Birləşmiş Ştatlarda bir tərəfdə «Amerikanı yenidən ucaldaq» (MAGA) hərəkatı dayanır, digər yanda isə yerli xüsusiyyətlərə malik solçu qüvvələr. Üstəlik, Avropadan fərqli olaraq, ABŞ-də zorakılığın səviyyəsi daha yüksəkdir. O, sağçı fəal, Tramp tərəfdarı olan Çarli Kirkin qətlindən sonra daha da artıb. Solçular onun ölümünü sevinclə qarşılayaraq, sosial şəbəkələrdə az qala «bayram» edirlər. Belə bir vəziyyətdə 2028-ci ildə keçirilməli olan növbəti prezident seçkisinin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Bəziləri seçkinin xüsusilə istər demokratların, istərsə də respublikaçıların güclü olduğu kimi Kolorado kimi ştatlarda dinc keçməyə biləcəyini belə, düşünürlər.
Həm ABŞ, həm də Avropada bu cür siyasi vəziyyətin yaranması həm də miqrasiya ilə bağlıdır. Böyük Britaniyada miqrantlara qarşı dəfələrlə etiraz aksiyaları keçirilib. Sentyabrda Londonda «Krallığı birləşdir» («Unite the Kingdom») şüarı ilə təşkil edilmiş etiraz aksiyasına isə indiyədək görünməmiş sayda insan toplaşıb. Aksiyanın təşkilatçısı olan qatı sağçı «İngilis müdafiə liqası»nın qurucusu Tommi Robinson insanların qarşısına çıxaraq «inqilabın başladığını» bəyan edib. Robinson islamofob və antimiqrant mövqeyi ilə tanınır. Onun 2009-cu ildə yaratdığı «İncilis müdafiə liqası» əsasən küçə yürüşləri təşkil etməklə məşğuldur. Əlbəttə, Böyük Britaniyada inqilabın gözləndiyini düşünmək olmaz, lakin son dövrün tendensiyasını nəzərə almamaq da mümkün deyil.
Maraqlıdır ki, ABŞ mediasının bir hissəsi Britaniyada keçirilən etirazları Donald Trampın MAGA hərəkatı ilə əlaqələndirir. İddialara görə Avropada qatı sağçılara, o cümlədən Robinsona amerikalı sahibkar İlon Mask dəstək verir. Tramp isə Britaniyaya səfəri zamanı miqrasiya böhranına toxunaraq bildirib ki, Bayden administrasiyası dövründə ABŞ sərhədlərini milyonlarla insan nəzarətsiz şəkildə keçib və onların çoxunun keçmişi «qaranlıqdır». Ağ Ev sahibi bu axının istənilən vasitə ilə dayandırılmalı olduğunu söyləyib.
Həqiqətən də, Böyük Britaniyada qeyri-qanuni miqrantların sayı Avropanın digər ölkələri ilə müqayisədə daha çoxdur. Onların əksəriyyəti Aİ üzvü olmayan Hindistan, Nigeriya, Pakistan kimi ölkələrdən gəliblər. Bir sıra Avropa ölkəsi kimi, Britaniya da bu yolla doğum səviyyəsinin azlığını kompensasiya etmək istəyir. Məlumdur ki, doğum səviyyəsinin aşağı olması ölkədə ciddi iqtisadi, siyasi və sosial fəsadlara yol açır. Hazırda Aİ əhalisinin yarısı 44 və daha yüksək yaş qrupuna aiddir. Bu isə ilk növbədə, dövlətin işləyən insanların pensiyaçıları dolandırmasını nəzərdə tutan sosial modelinə təhdiddir. Bu vəziyyətdə miqrantların köməyə çatacağı düşünülə bilər. Lakin əslində onların gəlişi ilə vəziyyət daha da ağırlaşır.
Qeyd edək ki, Donald Tramp BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Avropa ölkələrinin miqrant siyasətini sərt tənqid edərək bildirib ki, immiqrantlara qucaq açan ölkələr öz mədəniyyətini, iqtisadiyyatını, hüquq sistemini dağıdır. «Açıq sərhədlər adlı uğursuz eksperimentlərə son qoymağın vaxtıdır […] Ölkələriniz cəhənnəmə sürüklənir. Avropa böyük bəlaya düşüb. İndi onun ərazisində misli görünməmiş böyük qeyri-leqal miqrant ordusu var… Siz siyasi baxımdan korrekt olmağa çalışırsınız, lakin bununla öz irsinizi məhv edirsiniz. Londonda dəhşətli bir mer var. Şəhər çox dəyişib», - deyə Donald Tramp qeyd edib. Miqrasiyanın qarşısının alınması üçün göstərdiyi şəxsi səylərdən də söz açan Ağ Ev sahibi bildirib ki, onun bu davranışı xarici liderlər üçün nümunə olmalıdır.
Britaniyanın «Reform UK» partiyası və onun lideri Naycel Fərəc Trampla eyni fikirdədir. Fərəc immiqrasiyanın (hətta leqal immiqrasiyanın) azaldılmasının, polis heyətinin artırılmasının, həmçinin müdafiə xərclərinin yüksəldilməsinin tərəfdarıdır. Bununla yanaşı, Trampın sözlərinin AüA lideri Alisa Vaydel və Marin Le Pen kimi avropalı siyasətçilərin də ürəyindən olduğu hiss olunur. Sual isə başqadır: bu siyasətçilər «yeni dövr»də, həqiqətən, ölkələrinə liderliyi ələ alacaq, əsrin inkişaf istiqamətini müəyyənləşdirəcək liderlərə çevriləcəklərmi?
Beynəlxalq münasibətlər getdikcə ənənəvi sabit çərçivələri aşır. Texnoloji tərəqqinin nə vaxtsa miqrasiya siyasəti ilə bu qədər sıx bağlı olacağı kimin ağlına gələ bilərdi? Amma bu, artıq reallıqdır…
MƏSLƏHƏT GÖR:




45

