ƏRƏBSAYAĞI NATO
Misir İsrailin zərbələri və regional qeyri-sabitlik fonunda ərəb ölkələrinin hərbi alyansının yaradılması ideyasını yenidən ortaya atıb
Müəllif: İlqar VƏLİZADƏ
İsrailin Dohaya zərbələr endirməsindən bir neçə gün sonra «The Times of Israel» qəzeti xüsusi hesabata istinadən bir məqalı dərc edib. Məqalədə iddia olunur ki, Misir ərəb dövlətlərinin xarici çağırışlara birlikdə cavab vermələri üçün NATO-nun analoqunu yaratmalı olduqlarını növbəti dəfə bəyan edib. Bu müzakirələrin yenidən canlamansına səbəb yalnız regionda yaşanan və mövcud təhlükəsizlik sisteminin nə qədər həssas olduğunu göstərən son hadisələr deyil. Burada Qahirənin ərəb dünyasının əsas güc mərkəzlərindən biri kimi mövqeyini gücləndirmək istəyi də rol oynayır. Lakin onun «ərəb NATO-su»nun yaradılması ideyasına yenidən qayıtması, əlbəttə ki, bölgədəki qeyri-sabitliyin artması ilə bağlıdır. Məsələ ondadır ki, ərəb ölkələri belə təhdidlərlə getdikcə daha çox üzləşir və onlarla təkbaşına mübarizə aparmağın çətin olduğu getdikcə özünü daha aydın göstərir. Söhbət istər beynəlxalq terrorçuluqdan, istər xarici güclərin təsirinin artmasından, istərsə də qonşu ölkələrlə münaqişələrdən gedir. Bu mənada, İsraillə münasibətlərdə gərginliyin artması fonunda Misir kollektiv müdafiə sisteminin regionu daha müstəqil, qlobal proseslərə daha çox təsir göstərə biləcək subyektə çevirəcəyini düşünür.
Hər şey necə başlayıb?
«Ərəb NATO-su»nun yaradılması ideyası ilk dəfə Ərəb Dövlətləri Liqasının 2015-ci ildə Şarm əl-Şeyxdə keçirilən sammitində səsləndirilib. O zaman ideya Yaxın Şərq və Şimali Afrikada artan təhlükəsizlik tədbirləri ilə əlaqədar irəli sürülmüşdü. Prezident Əbdülfəttah Əs-Sisi bildirmişdi ki, ərəb dövlətləri təhdidlərə xarici ölkələrə tərəf boylanmadan çevik reaksiya göstərəcək kollektiv müdafiə sistemi yaratmalıdırlar. Onun irəli sürdüyü konsepsiya vahid komandanlığa bağlı, öz aviasiyası, hərbi-dəniz qüvvələri və xüsusi təyinatlıları olan təxminən 40 min nəfərlik birgə silahlı qüvvələrin yaradılmasını nəzərdə tuturdu. Əs-Sisi hesab edirdi ki, bu, regionun təhlükəsizlik sistemindəki boşluğunu doldurar, ərəb dövlətlərinin öz maraqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyətini artırardı.
O zaman ideyanın meydana çıxması əsasən beynəlxalq terror təhdidlərinin artması, ilk növbədə, İŞİD-in İran və Suriyada, İranda, Livan və Yəməndə mövqelərini gücləndirməsindən, həmçinin ABŞ və NATO-dan asılılığın azaldılması istəyindən irəli gəlirdi. Misirdə hesab edirdilər ki, ərəb dünyasının öz hərbi alyansını yaratması onların daha koordinasiyalı şəkildə hərəkət etməsinə, milli rejimlərin qeyri-sabitlikdən qorunmasına, onların müstəqil güc mərkəzinə çevirməsinə imkan yaradacaq.
Lakin həmin vaxt Qahirənin təşəbbüsü ciddi çətinliklərlə qarşılaşmış, onu həyata keçirmək mümkün olmamışdı. Məsələ ondadır ki, ərəb dövlətləri arasında təhlükələrin prioritetliyi ilə bağlı ciddi fikir ayrılıqları var idi və onu aradan qaldırmaq mümkün deyildi: biri üçün əsas düşmən terrorçular idisə, digəri üçün İranın regionda genişlənməsi, bir başqası üçün İsraillə münaqişə idi. Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası daxilində, ilk növbədə isə Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı fikir ayrılıqları isə bu işə əlavə mane idi. Bundan başqa, bəzi hökumətlər bir sıra səlahiyyətlərin transmilli strukturlara verilməsini hərbi suverenliyin itirilməsi kimi qiymətləndirirdilər. Bütün bunlarla yanaşı, prosesin icrası məsələsində ABŞ-nin mövqeyi də əhəmiyyətli amillərdən biri olmuşdu. Vaşinqton bir yandan müttəfiqlərinin müdafiə sahəsindəki müstəqilliyini alqışlayırdısa, digər yandan o, özünün regiondakı hərbi mövcudluğu ilə rəqabət apara biləcək alyansın yaradılmasında maraqlı deyildi.
Beləliklə, «ərəb NATO-su» ideyası real layihədən çox, birliyə can atmanın rəmzinə çevrilib və o cür də qalıb. Reallıqda ərəb dövlətləri müvəqqəti koalisiyalarla (Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsində olduğu kimi), birgə hərbi təlimlərin təşkili ilə kifayətləniblər. Qeyd edək ki, hələ 1945-ci ildə yaradılmış, qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası birgə müdafiəyə dair müqaviləyə malikdir. Amma bu, daimi birgə silahlı qüvvələrin yaradılması ilə nəticələnməyib. Ərəb ölkələrinin orduları uzun illər ərzində dəfələrlə İsraillə savaşlarda birgə fəaliyyət göstərsələr də, birgə manevrlər təşkil etsələr də, daimi əsaslarla birgə hərbi mexanizm yarada bilməyiblər. Səbəb isə artıq qeyd olunduğu kimi, maraqlardakı ziddiyyətlər, komanda strukturlarının təşkilindəki çətinliklərdir.
Hərbi quruculuğun iki lokomativi
İndi «ərəb NATO-su»nun yaradılması təşəbbüsü yenidən konkret şəkil alıb. Bu dəfə əsas düşmən kimi, İsrail nəzərdə tutulur. Misir yaradılacaq birgə qüvvələrin qərargahının Qahirədə yerləşməli olduğunu deyir, ona komandanlığın rotasiya qaydasında həyata keçirilməsini təklif edir. Bu prinsipə əsasən komandanlığa Ərəb Dövlətləri Liqasına üzv olan 22 dövlətin hər biri növbəli şəkildə rəhbərlik etməli, ilk olaraq isə bu iş Qahirəyə tapşırılmalıdır. Təşəbbüs müəllifləri yeni yaradılacaq qurumun baş katibinin mülki şəxs olmasını vacib sayır.
Məlumata görə, birgə qüvvələrə dəniz, hava, quru qoşunlarının, həmçinin xüsusi əməliyyatlar və terrorçuluqla mübarizə üçün elit hərbçilərin daxil edilməsi təklif olunur. Bu qüvvələr yalnız döyüşlərdə deyil, həm də sülhməramlı missiyalarda iştirak etməlidirlər. Fəaliyyətin koordinasiyası üçün planlaşdırma şurası yaradılmalı, şəxsi heyətin təlimi, logistika və silah sistemlərinin standartlarının müəyyənləşdirilməsi ilə məhz o məşğul olmalıdır. Birgə qüvvələrə hər ölkənin töhfəsi onun ordusunun şəxsi heyətinin sayından və imkanlarından asılı olacaq, bu qüvvələrdən istifadə isə maraqlı yalnız dövlətlərin rəsmi müraciəti əsasında Ərəb Dövlətləri Liqası komandanlığının razılığı ilə mümkün olacaq.
Misir ordusu təxminən 1,2 milyon nəfərdən ibarətdir. Yeni birgə silahlı qüvvələrin qeyri-rəsmi lideri roluna da məhz o iddia edir. Hərbi gücü onlarla meyar əsasında müəyyənləşdirən «Power Index» reytinqinə görə Misir bu göstəriciyə görə ərəb dövlətləri arasında birinci, regionda isə dördüncü yerdədir. O, bu indeksə görə (0.3427) Səudiyyə Ərəbistanını da (0.4201) xeyli üstələyir. Səudiyyə ordusunun təchizat səviyyəsi çox yüksək olsa da, şəxsi heyətin sayına və komplektləşməyə görə o, Misir Silahlı Qüvvələrindən çox geridədir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası üzvləri arasında ən böyük orduya malik ölkədir. Burada hələ 1984-cü ildə qərargahı Ər-Riyadda olan «Peninsula Shield Force» çevik reaksiya qüvvələri də yaradılıb. Regional münaqişələrdə həmin qüvvələrdən məhdud miqyasda da olsa, dəfələrlə istifadə edilib.
Beləliklə, bu gün ərəb dünyasının iki aparıcı hərbi gücü kimi Misirlə Səudiyyə Ərəbistanı çıxış edir. Odur ki, onların təhlükəsizlik sahəsindəki münasibətlərində hər zaman rəqabət elementi də var. Qahirə «ərəb NATO-su» konsepsiyasını irəli sürməklə liderliyi özündə saxlamağa çalışırsa, Ər-Riyad Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsindəki mexanizmləri inkişaf etdirməyə, özünün «yarımadanın qalxanı» rolunu gücləndirməyə üstünlük verir. Doğrudur, onların arasındakı bu rəqabət qarşıdurmaya çevrilmir. Amma rəmzi liderlik, regionun gündəmini formalaşdırmaq gücü uğrunda mübarizə hər zaman davam edir.
Rəqabət və əməkdaşlıq
Qahirə-Ər-Riyad münasibətlərini müəyyən mənada Fransa-Almaniya münasibətləri ilə müqayisə etmək olar. Parislə Berlin aralarındakı rəqabəti NATO və Avropa İttifaqının sərt çərçivələri daxilində quraraq, onu sabitliyin əsas sütununa çeviriblər. Ərəb dünyasında belə institusional əsas yoxdur. Ona görə də xüsusilə kollektiv müdafiə ideyalarının müzakirəsi zamanı Misirlə Səudiyyə Ərəbistanı arasındakı rəqabət fikir ayrılıqlarının mənbəyi olaraq qalır. Maraqlıdır ki, Qahirənin sözügedən təşəbbüslə çıxış etdiyi bir vaxtda Ər-Riyad Pakistanla strateji qarşılıqlı müdafiəyə dair saziş imzalayıb. Bu, Pakistanın baş naziri Şahbaz Şərifin Ər-Riyada səfəri zamanı baş verib. Sənədə əsasən, tərəflərdən birinə ediləcək hücum hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndiriləcək. Söhbət faktiki olaraq, hərbi alyansdan gedir. Beləliklə, güclü orduya və nüvə silahına malik Pakistan Səudiyyə Ərəbistanı üçün qeyri-regional tərəfdaşlar arasında ən optimal seçim olub.
Ər-Riyad üçün İslamabadla ittifaqın bir sıra üstünlükləri var. Bu, ilk növbədə, krallığın müdafiə qabiliyyətini gücləndirir, İran və digər rəqiblərlə münasibətlərdə daha sərt mövqedən çıxış etməsinə imkan yaradır, həmçinin beynəlxalq arenada onun çəkisini artırır. Yaxın Şərq kontekstində Pakistan ordusuna arxalanmaq, nüvə yayındırıcılığı kimi amillər Ər-Riyad üçün həm İran, həm də İsraillə münasibətlərdə yeni imkanlar açır. İndi Fələstin məsələsində Pakistanın Səudiyyə Ərəbistanına dəstəyi institusional səviyyədə təsbit olunub ki, bu da Ər-Riyadın diplomatik mövqeyini gücləndirir.
Beləliklə, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında bağlanmış saziş ikitərəfli əməkdaşlıq çərçivələrini aşır və əslində, Ər-Riyadın strategiyasını əks etdirir – tələsik şəkildə geniş, müxtəlif tərkibli «ərəb NATO-su»nu yaratmaqdansa, güclü qeyri-regional tərəfdaşlara arxalanmaq daha yaxşıdır.
Lakin «ərəb NATO-su» ilə bağlı müzakirələrin kəsilməməsi, əksinə getdikcə daha konkret şəkil alması perspektivdə bu ideyanın reallaşa biləcəyini də göstərir. Yaxın Şərq siyasətinin arxitekturası məhz gələcəkdə hansı qərarların veriləcəyindən çox asılı olacaq. Bu işdə isə bütün ziddiyyətlərə baxmayaraq, ərəb ölkələri arasındakı hərbi əməkdaşlıq əhəmiyyətli rol oynayacaq.
MƏSLƏHƏT GÖR:



54

