5 Dekabr 2025

Cümə, 10:03

ABŞ VƏ Aİ-nin TƏZYİQİ ALTINDA

Qərb Gürcüstana qarşı sanksiyaları gücləndirəcəkmi?

Müəllif:

01.10.2025

Gürcüstan-Qərb münasibətlərində böhran davam edir. «Gürcü arzusu» hökuməti Avropa İttifaqı ilə ABŞ-ni qərbpərəst kursa strateji sadiqliyinə inandırmağa çalışsa da, qarşı tərəf tərəfdaşlıq münasibətlərinin əvvəlki səviyyəsini bərpa etməyə tələsmir. Bundan başqa, rəsmi Tbilisiyə sanksiyalar təzyiqi də davam edir.

 

Hipper, Fişer və Uord

Gürcüstan-Aİ dialoqunda intensiv şəkildə «yadlaşma» gedir. Gürcüstanda 2024-cü ildə keçirilmiş parlament seçkisindən sonra Aİ «Gürcü arzusu» hökumətinin legitimliyini tanımaqdan imtina edir. Məsələ ondadır ki, həmin seçkinin nəticələri radikal qərbpərəst Gürcüstan müxalifəti tərəfindən mübahisələndirilir. Belə bir vəziyyətdə Brüssel gürcü müxalifətinin vaxtaşırı Tbilisidə və ölkənin digər şəhərlərində təşkil etdiyi kütləvi etiraz aksiyalarına dəstəkdən də imtina etmir.

Gürcüstanda hakimiyyətlə müxalifət arasındakı parçalanmanın, eləcə də Aİ ilə fikir ayrılıqlarının əsasını geosiyasi amillər təşkil edir. «Gürcü arzusu» hökuməti rusiyapərəst kurs yürütməkdə, Avro-Atlantik məkana inteqrasiyadan imtina etməkdə təqsirləndirilir. Halbuki ölkənin baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumət Tbilisinin Avro-Atlantik məkana inteqrasiya kursuna sadiq olduğunu bildirir, lakin bunun Gürcüstanın suverenliyinin, milli kimliyinin qorunması şərti ilə həyata keçirilməsinin vacibliyini deyir.

Lakin artıq Tbilisi ilə Brüssel arasındakı münasibətlərdə yaranmış böhranın ideoloji ziddiyyətlər çərçivəsini aşdığı görünməkdədir. Məsələ o həddə çatıb ki, Aİ Gürcüstana sanksiyalar tətbiq etməyə belə hazırdır. Avropa Komissiyasının rəsmisi Anite Hipper Gürcüstana nəinki sanksiyaların tətbiqini, hətta tərəflər arasında vizasız rejimin «dondurulması»nı» belə istisna etməyib. O, bildirib ki, «artıq Aİ artıq Tbilisi ilə siyasi əlaqələri azaldıb, Gürcüstan hökumətinə maliyyə yardımını dayandıraraq, vətəndaş cəmiyyətinə dəstəyi gücləndirib».

Brüsselin narazılığına növbəti səbəb qərbpərəst «Dəyişikliklər naminə» koalisiyasının liderləri Zurab Japaridze, Nika Qvaramiya, Nika Meliya və Elene Xoştariyanın həbsi olub. Brüssel onları siyasi məhbus sayır, onlarla «tam həmrəyliyini» bildirir və hökuməti sözügedən şəxsləri «dərhal azad etməyə» çağırır.

Gürcüstanın ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərində də böhran dərinləşməkdədir. Məsələn, Almaniya Tbilisi ilə münasibətləri korlamaqdan çəkinmir. Bu, özünü Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin mütəmadi olaraq «Gürcü arzusu» hakimiyyətini tənqid etməsində, müxalifətə açıq dəstək verməsində də göstərir. Qeyd olunan səbəbdən səfir Gürcüstan Xarici İşlər Nazirliyinə də çağırılıb, ona bildirilib ki, «Vyana Konvensiyasına əsasən diplomatik missiyanın əməkdaşı çalışdığı ölkənin qanunlarına və qaydalarına hörmət etməli, həmin dövlətin daxili işlərinə qarışmamalıdır». Almaniya XİN-i isə buna cavabında səfirin federal hökumətin mövqeyini ifadə etdiyini, onun fəaliyyətinin Vyana Konvensiyasına tam uyğun olduğunu bəyan edib. Bu, Berlinin Tbilisi ilə qarşıdurma xəttini davam etdirməyə hazır olduğunu aydın şəkildə göstərir.

Səfir «ehtiras»ları Fişerin fəaliyyəti ilə məhdudlaşmır. Bu kontekstdə Böyük Britaniyanın Gürcüstandakı diplomatik missiyasının başçısı Qaret Uord da öndədir. Birləşmiş Krallıq Aİ üzvü olmasa da, onun Gürcüstan siyasəti Brüsselin mövqeyi ilə tam üst-üstə düşür. Üstəlik, London artıq «Gürcü arzusu»nun qurucusu, milyarder Bidzina İvanişvilinin yaxın ətrafına daxil olan bəzi şəxslərə qarşı sanksiyalar da tətbiq edib. Sanksiyalarla üzləşənlər Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladze və mediamaqnat Levan Vasadzedir. Onlar Rusiya-Ukrayna müharibəsində Moskvanı dəstəkləməkdə ittiham olunurlar.

Uord, eyni zamanda rəsmi Tbilisinin siyasətinə qarşı da müəyyən addımlar atır, bəyanatlar səsləndirir. Bu üzdən o da Fişerin ardınca Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Tbilisi-Qərb dialoqundakı çətinliklər özünü Gürcüstanın ABŞ ilə münasibətlərində də göstərir. Doğrudur, Donald Trampın Ağ Evə qayıdışı ilə bu münasibətlərdə özünəməxsus xüsusiyyətlər müşahidə edilməkdədir. Lakin ümumilikdə hər şeyin yüksək səviyyədə olduğunu söyləmək mümkün deyil.

 

Tramp və Kavelaşvili Nyu-Yorkda

Birləşmiş Ştatlar Bidzina İvanişviliyə ilk fərdi sanksiyaları hələ 2024-cü ilin sonunda, demokrat administrasiyanın dövründə tətbiq edib. O zaman Vaşinqton gürcü milyarderi «demokratik prosesləri pozmaqda» və «Rusiya ilə yaxınlaşmaqda» günahlandırırdı. Tərəflər arasında münasibətlərin hansı səviyyədə korlandığını Vaşinqtonla Tbilisi arasındakı strateji tərəfdaşlıq sazişinin ləğvində, həmçinin baş nazir İrakli Kobaxidzenin BMT Baş Assamleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Co Bayden tərəfindən qəbulunun təxirə salınmasında da görmək mümkün idi.

Bu kontekstdə növbəti süjet «Gürcüstanın hesabatlılıq, dayanıqlılıq və müstəqillik imkanlarının gücləndirilməsi və genişləndirilməsi haqqında» qanunla (o, daha çox MEGOBARI qanunu kimi tanınır) bağlıdır. Qanun layihəsi ABŞ Konqresinə 2024-cü ilin mayında təqdim olunmuş, bir neçə dəfə rədd edildikdən sonra 2025-ci ilin əvvəlində gündəliyə yenidən daxil olunmuşdu. Nəhayət, martda Senatın xarici əlaqələr komitəsi onu təsdiqləmiş, mayda isə Nümayəndələr Palatası tərəfindən qəbul edilmişdi. MEGOBARI qanunu Birləşmiş Ştatların Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasını dəstəklədiyini təsdiqləyir və «Gürcü arzusu» hökumətinə sanksiyaların tətbiqini nəzərdə tutur. Qanunun vacib müddəaları özündə Vaşinqtonla Tbilisi arasında münasibətlərin tam şəkildə yenidən nəzərdən keçirilməsi təşəbbüsünü, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi, xüsusilə Rusiyanın davam edən qeyri-qanuni işğalı fonunda gürcü xalqı və Gürcüstan Konstitusiyasının «Gürcü arzusu» hökumətinin qeyri-münasib davranışlarından qorumağa çalışan vətəndaş cəmiyyətinə dəstəyi əks etdirir. Qanunun qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiqlənməsi və Prezident Trampın onu imzalaması lazımdır. Gürcüstan rəhbərliyi ümid edir ki, Ağ Evin hazırkı rəhbərliyi bu qanunu imzalamayacaq, əksinə Vaşinqton-Tbilisi münasibətlərini inkişaf etdirəcək.

Xatırladaq ki, baş nazir Kobaxidze hələ 2025-ci ilin mayında – Trampın Ağ Evə qayıdışından təxminən 4 ay sonra ona və vitse-prezident Cey Di Vensə məktubla müraciət edib. Məktubda Kobaxidze keçmişdəki bəyanatlarını xatırladaraq Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığa «yeni səhifədən, konkret «yol xəritəsi» ilə yenidən başlamağa hazır olduğunu» bildirib.

Sentyabrın 1-də isə Gürcüstan Prezidenti Mixail Kavelaşvili Trampa açıq məktubla müraciət edib. O da tərəflər arasında münasibətlərin konkret «yol xəritəsi» əsasında «təzə səhifədən» başlamasına töhfə vermək niyyətində olduğunu bildirib. Kavelaşvili Bayden administrasiyası tərəfindən ləğv olunmuş ikitərəfli strateji tərəfdaşlığın bərpasına çağırış edib, ABŞ-nin keçmiş administrasiyasının «müxtəlif suveren dövlətlərə qarşı yürütdüyü» bu siyasəti «ədalətsiz, kobud və aqressiv» adlandırıb. Kavelaşvili Gürcüstan və ABŞ rəhbərliklərinin dəyərlər və dünyagörüşünün üst-üstə düşdüyünü vurğulayıb, bu baxımdan Ağ Evin yeni rəhbərliyinin Tbilisiyə hələ də lazımi diqqət göstərməsini anlaşılmaz hal kimi qiymətləndirib. Gürcüstan Prezidenti qeyd edib ki, bu gün Tramp onun ölkəsinin bütün qonşularına diqqət ayırır: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına yardım edir, Türkiyə ilə fəal əməkdaşlıq qurur, hətta Vladimir Putinlə belə, tərəfdaşlığı bərpa edir. O, ABŞ administrasiyasının bu passivliyi fonunda Amerika «dərin dövlət»inin daha fəal işlədiyini istisna etməyib.

Gürcüstan-ABŞ münasibətlərinin bərpasına əsas maneənin Amerika «dərin dövlət»i ola biləcəyinə elə həmin gün – sentyabrın 1-də baş nazir Kobaxidze də işarə edib. Kavelaşvilinin Trampa məktubunu şərh edən baş nazir deyib: «Bizim mesajımız hamıya aydındır: biz yeni səhifədən başlamaq, Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığı konkret «yol xəritəsi» ilə bərpa etmək istəyirik. Əgər «dərin dövlət» daha da güclənməzsə, Vaşinqtonla Tbilisi arasında münasibətlərin bərpasına heç nə mane ola bilməz».

Bir qədər sonra eyni mövzuya Tbilisinin meri, «Gürcü arzusu – Demokratik Gürcüstan» partiyasının baş katibi Kaxa Kaladze də toxunub. Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması və «dərin dövlət»in ifşası kimi iki əsas vədini xatırladan Kaladze Gürcüstan hökumətinin Vaşinqtonla münasibətlərə «yeni səhifədən başlamağa, bu münasibəti dərinləşdirməyə, dostluğa çevirməyə hazır olduğunu» deyib.

Lakin Tramp administrasiyası ya Gürcüstan məsələsinin onun üçün prioritet olmaması səbəbilə, ya da Aİ kimi, Tbilisinin siyasətinin Qərbdən çox Rusiyanın maraqlarına cavab verdiyini düşündüyü üçün tərəfdaşlığın bərpası istiqamətində heç bir addım atmır. Hətta ABŞ-nin dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda təşkil edilmiş şam süfrəsinə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini dəvət etməyib. Halbuki həmin ziyafətə NATO və Aİ üzvü olan ölkələrin XİN başçıları ilə yanaşı, Azərbaycan, Ermənistan, Ukrayna və İsveçrənin də xarici siyasət idarələrinin rəhbərləri dəvət olunmuşdular.

Doğrudur, Gürcüstan Prezidenti Kavelaşvili amerikalı həmkarı Trampın qəbuluna dəvət olunub və həmin tədbirdə iştirak edib. Lakin o, Trampla şəxsi söhbətində ikitərəfli münasibətlərə «yeni səhifədən» başlanılmasını təklif etsə də, ABŞ liderində konkret cavab ala bilməyib. Gürcüstan Prezidenti sonradan bildirib ki, Tramp ona bu məsələni diqqətdə saxlayacağını, «mövzuya mütləq qayıdacağını» deyib. «Cavab gözləyirik», - deyə Kavelaşvili jurnalistlərə açıqlamasında bildirib.

Bu arada, Gürcüstan Prezidenti BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Tbilisinin suveren siyasətə sadiqliyini bəyan edib. Ölkəsinin qlobal və regional əhəmiyyətli məsələlərlə bağlı bütün tərəflərlə dialoqa açıq olduğunu deyən prezident eyni zamanda bildirib ki, «bu işlər milli maraqların nəzərə alınması ilə aparılmalıdır». Kavelaşvili Tbilisinin xüsusilə ABŞ və Aİ ilə «qarşılıqlı hörmətə, qarşılıqlı faydalara əsaslanan konstruktiv münasibətlər» qurmaq niyyətini dilə gətirib: «Biz istənilən dialoqa, əməkdaşlığa açığıq. Lakin eyni zamanda ədalətli və ləyaqətli münasibət tələb edirik. Gürcü xalqı ultimatum, şantaj, təhdid dilini heç zaman qəbul etməyəcək».

Bu vəziyyətdə sual yaranır: Qərb Gürcüstanın Avro-Atlantik məkana suverenliyi və kimliyi nəzərə alınmaqla inteqrasiya olunmaq siyasətini qəbul edəcəkmi?

Bu sual həm tərəfdaşlarla münasibətlərini onların neoliberal, anti-dövlət modellərinə uyğunluğundan asılı edən Avropa İttifaqına qınaq kimi səslənir, həm də əslində ABŞ administrasiyası üçün bir növ sınaqdır.  Yəni Gürcüstan hökumətinin Trampdan gözlədiyi cavab bir məqama da aydınlıq gətirməlidir: o, dövlətlərin suverenliyi prinsipinin müdafiəsində, milli dəyərlərin qorunmasında və özünün davamlı şəkildə təbliğ etdiyi neoliberal qloballaşma ilə mübarizədə nə qədər israrlıdır? Onun bu istiqamətdəki «trampçı» səyləri Birləşmiş Ştatların sərhədləri ilə məhdudlaşmır ki?


MƏSLƏHƏT GÖR:

73