ERMƏNİSTAN: İDEOLOJİ PARÇALANMA
Paşinyan köhnə rəmzləri və elitaları dağıdaraq, ölkəni təcriddən, postmünaqişə durğunluğundan çıxarmağa çalışır
Müəllif: Namiq H. ƏLİYEV
Ermənistan 2020-ci ildə Qarabağ müharibəsində yaşadığı məğlubiyyətdən, xüsusilə də 2023-cü ildə Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsindən sonra dərin sosial-mədəni qarşıdurma içərisindədir. Qarşıdurma müasirləşməni, praqmatizmi, xarici siyasi istiqamətin dəyişməsini dəstəkləyənlərlə ənənəçilik, müqəddəslik, tarixi ardıcıllıq və erməni kimliyinin «toxunulmazlığı»na tərəfdar olanlar arasında gedir.
Nikol Paşinyanın başçılıq etdiyi hökumət islahatlar aparmağa, xüsusilə qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa, milli kimliyin həssas elementləri kimi qəbul olunan rəmzləri, təcrübələri dəyişməyə çalışır. Lakin bütün bunlar müxalifətin (mühafizəkar millətçilərin, həmçinin keçmiş «Qarabağ elitası»nın müxtəlif qruplarının), vətəndaş cəmiyyətinin bir hissəsinin narazılığına, ənənəvi institutların, xüsusilə də kilsənin müqaviməti ilə qarşılanır. Paşinyan komandasının aparmağa çalışdığı islahatlara Fransanın timalında Qərb, Avropa İttifaqı və ABŞ da dəstək verir. Məsələ ondadır ki, Paşinyan və komandasının strategiyası Ermənistanın «təcrid və məğlubiyyət» vəziyyətindən çıxarılması üçün xarici siyasəti yeniləməyə, Türkiyə ilə münasibətləri normallaşdırmağa, Rusiyadan hədsiz asılılığın aradan qaldırılmasına, Moskva ilə daha praqmatik münasibətlərə keçilməsinə yönəlib. Daxili siyasətdə isə hədəf köhnə elitaların, o cümlədən kilsə-oliqarx və post-Qarabağ strukturlarının dağıdılması, dünyəvi, rasional dövlətin qurulmasıdır.
Ermənistan öz tarixinin güzgüsündə: eks-prezidentlər haqqında
Baş nazir Paşinyanın «Facebook» sosial şəbəkəsindəki səhifəsində ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanla bağlı kəskin tənqidi fikirlər paylaşması Ermənistanda geniş ictimai rezonans yaradıb. Onun «Qələbə çalan prezidentlər»in, əslində, «Ermənistanı uçuruma apardıqları» haqda fikirləri yalnız siyasi irsi deyil, həm də postsovet dönəminin Ermənistan-Azərbaycan münaqişəsi tarixinin yenidən qiymətləndirilməsinə yol açıb. Paşinyanın fikirlərinin əsas elementi ondan ibarətdir ki, xalq keçmiş üç prezidentin heç birini heç zaman həqiqətən dəstəkləməyib. Bu, istər 1996-cı il (Ter-Petrosyan), istərsə də 2003 və 2008-ci illərin (müvafiq olaraq Koçaryan və Sarqsyan) seçkilərinə aiddir – Paşinyan hər üç seçkinin kütləvi etiraz aksiyaları, saxtalaşdırma ittihamları ilə müşayiət edildiyini xatırladıb.
Baş nazirin qoyduğu sual, əslində, ritorik xarakter daşısa da, kifayət qədər qətidir: əgər siz xalqı qələbəyə aparmışdızsa, niyə xalq heç zaman sizə səmimi dəstək verməyib? Bu arqument milli səfərbərlik və xarici münaqişə şəraitində hakimiyyətin legitimliyi məsələsini fundamental səviyyəyə qaldırır. Aydındır ki, N.Paşinyanın sözləri, sadəcə, siyasi ritorika deyil. O, həm də tarixi yenidən qiymətləndirmək cəhdidir. Baş nazirin fikirləri ortaya sual çıxarır: keçmiş illərin «qələbə»si, həqiqətən, real nailiyyət idi, yoxsa sadəcə «baha satılan» xülya?
Ermənistanın sabiq prezidentlərinin fəaliyyətinə Qarabağ münaqişəsi prizmasından baxdıqda aydın olur ki, onların heç birinin idarəçiliyi ölkə üçün davamlı sülhü təmin etməyib. Demək, keçmişə görə siyasi məsuliyyət məsələsi hələ də aktualdır. Bu sualın cavabı yalnız tarix məsələsi yox, həm də Ermənistan, həmçinin bütünlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı məsələdir.
Dördüncü Respublika, yeni konstitusiya və ərazi iddialarından imtina
Ermənistanın hakim «Vətəndaş müqaviləsi» partiyasının VII qurultayında baş nazir Paşinyan miqyaslı strateji təşəbbüslə çıxış edib – o, Dördüncü Respublika layihəsini təqdim edib. Bu konsepsiyanın mərkəzində siyasi və hüquqi institutların sistemli şəkildə yenilənməsi, həmçinin yeni konstitusiyanın hazırlanması, xarici siyasi kursun yenidən formalaşdırılması dayanır. Layihə yalnız cari siyasi dövrlə məhdudlaşmır. Onun məqsədi dövlət quruculuğunun əsas sahələrini əhatə edən dərin institusional transformasiyadır.
Dördüncü Respublika ideyası Ermənistan kontekstində sadəcə elitaların dəyişməsi və ya hakimiyyətdə islahatlar yox, dövlətçilik modelinin tamamilə yenidən düşünülməsini nəzərdə tutur. Söhbət konstitusion quruluşun tamamilə yenilənməsindən – hakimiyyətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsindən, parlamentin və prezidentin rolunun yenidən nəzərdən keçirilməsindən, balanslı və qarşılıqlı yoxlamalar sisteminin yaradılmasından, həmçinin qonşu ölkələr, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının tamamilə aradan qaldırılmasından gedir.
Bu yanaşma, əlbəttə ki, Cənubi Qafqazda sülh şəraitində qonşularla münasibətlərin yenidən qurulması baxımından əhəmiyyətlidir.
Paşinyanın kilsə ilə mübarizəsi
Nikol Paşinyan kilsəni siyasətə müdaxilə edən mühafizəkar institut kimi qiymətləndirir. Onun siyasətə qarışmamasını vacib sayan baş nazir kilsənin ayrı-ayrı yüksək rütbəli nümayəndələrini, o cümlədən katolikos II Qareginin özünü «oliqarxik ruhani qurum» vasitəsilə dövlət çevrilişinə cəhddə günahlandırır. Baş nazir hətta Qaregini istefaya çağırır, onun yerinə adam belə, axtarır. Kilsə rəhbərliyi isə öz legitimliyini qorumağa çalışır, dövlətin kilsənin muxtariyyətinə müdaxilə etdiyini, xalqın milli və mədəni əsaslarına təhdid yaratdığını bildirir. II Qaregin və digər yepiskoplar Paşinyanı daxili münaqişəni qızışdırmaqda, kilsə mövzusunu siyasi məqsədlər üçün istismar etməkdə də günahlandırırlar.
Bu il iyunun 27-də hakimiyyət Şirak yeparxiyasının başçısı Mikael Acapaxyanı həbs edib. Ermənistanın İstintaq Komitəsi onu Cinayət Məcəlləsinin 442-ci maddəsinin 2-i bəndi ilə həbs etməyə hazırlaşırdı. Söhbət hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusion quruluşun zorla dəyişdirilməsinə açıq çağırışlardan gedir. Güc strukturlarının əməkdaşları ilə kilsə və bir qrup dindar arasındakı qarşıdurmadan sonra Acapaxyan özü Eçmiədzini tərk edərək vəkilləri ilə birlikdə İstintaq Komitəsinə yollanıb, bunun ardınca İrəvan məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Müdafiə tərəfi məhkəmənin qərarını qanunsuz saydıqlarını bəyan edib.
Münaqişə Paşinyanın katolikosu istefaya çağırması ilə müşayiət olunub. Kilsə rəsmilərini öz öhdəliklərini yetirə yetirməməkdə, kilsə qanunlarını, o cümlədən sədaqət andını pozmaqda günahlandıran baş nazir daha sonra yeni katolikosun seçilməsi üçün təcrübə və əxlaqla bağlı meyarlar əsasında səsvermənin təşkili üçün məşvərətçi qrupun yaradılması ideyasını da irəli sürüb.
Baş verənlər fonunda Ermənistan ictimaiyyəti arasında ciddi parçalanma müşahidə olunur. Şəhər gəncliyi (20-35 yaş) praqmatizmi, münasibətlərin normallaşdırılmasını dəstəkləyir və kilsəyə güvənmir. Kənd bölgələrinin yaşlı əhalisi isə kilsəyə bağlıdır. Onlar Paşinyanı ənənələrə təhdid kimi görürlər. Orta təbəqə və intellektuallara gəlincə, onlar da iki yerə bölünüb. Bir hissə müasirləşməni, sülh prosesini dəstəkləyirsə, digər qrup «suverenliyin itiriləcəyindən» qorxur. Bir də diaspor var. Erməni diasporunun böyük hissəsi müxalifəti dəstəkləyir və baş verənləri «kapitulyasiya» sayır. Eyni zamanda hərbçilər və vaxtilə Qarabağın işğalında iştirak etmiş keçmiş döyüşçülərin də çoxu Paşinyana qarşıdır. Onlar baş naziri «hər şeyi satmış» şəxs kimi qiymətləndirirlər. Bununla yanaşı, həmin təbəqə hələ də Rusiyanı əsas müttəfiq, Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi görür, Moskva ilə inteqrasiyanı (hətta ittifaqın yaradılmasını) zəruri sayırlar.
Bütün bunlar, əlbəttə ki, müəyyən risklər yaradır. Birincisi, dövlətlə kilsə arasında, xüsusilə də kilsənin ənənəvi olaraq güclü olduğu dindar cəmiyyətlərdə qarşıdurma cəmiyyətin potensial olaraq parçalanması üçün zəmin yaradır. İkincisi, əhalinin kilsəni milli yaddaşın qoruyucusu sayan hissəsi, həmçinin elitanın bir bölümü bu addımı kilsə institutunun zəiflədilməsi cəhdi kimi qiymətləndirərək, ona müqavimət göstərir. Üçüncüsü, dövlətin bu istiqamətdəki addımları «həddin aşılması» kimi qiymətləndirilərsə və dini azadlığın pozulması kimi qəbul edilərsə, bu da eskalasiya üçün şərait yarada bilər.
Qeyd edilməlidir ki, Ermənistanın ondan uzaqlaşmasını yaxşı qarşılamayan Moskva İrəvana ikinci təzyiq rıçaqı (Qarabağdan sonra) olan kilsənin itirilməsi təhlükəsi ilə də barışmaq istəmir. İrəvan məhz bu səbəbdən zaman-zaman Kremlə jestlər etməyi lazım bilir: ritorika yumşaldılır, Paşinyan və komandası Rusiyaya daha sıx-sıx səfərlər edir. Baş nazir Paşinyan hakim partiyanın son qurultayında bildirib ki, Ermənistan Rusiya ilə münasibətləri möhkəmləndirmək yolu tutacaq və hazırda bu münasibətlər transformasiya mərhələsindədir.
İmpiçment
Parlamentdəki «I Have Honor» («Şərəfim var») və digər müxalifət fraksiyaları Paşinyana etimadsızlığın elan edilməsi üçün impiçment prosedurunu işə salmağa çalışırlar. Bu, kilsənin, «Qarabağ klanı»nın və hərbi elitanın özünü qorumaq cəhdlərinin təzahürüdür. Prosedura başlanılması üçün 36 deputatın imzası tələb olunur. Lakin bu, hələ ki, alınmır. Çünki müxalifət parçalanmış vəziyyətdədir, hakim partiyanın parlament fraksiyası isə kifayət qədər güclüdür. Bəzi müstəqil deputatlar hakim fraksiyanı tərk etsələr də, parlamentdə hələ də baş nazirin vəzifədən uzaqlaşdırılması üçün tələb olunan sayda imza toplamaq mümkün olmur.
Qanun çərçivəsində impiçmentin elan edilməsi üçün ya parlamentdə müxalifətə dəstək əhəmiyyətli dərəcədə artmalı, ya da müxalifətçilərlə hakim partiyadan olan dissidendlər arasında blok yaradılmalıdır. Bu isə xüsusilə 2026-cı il parlament seçkisi ərəfəsində çəkişmələr, daxili dəyişikliklər riski deməkdir.
İmpiçment təşəbbüsünü irəli sürmək mümkün olarsa belə, prosedurun sonrası məhkəmə və konstitusiya presedentlərindən, həmçinin ictimaiyyətin bu addımı necə qəbul edəcəyindən asılı olacaq – qanuni məsuliyyət mexanizmi, yoxsa siyasi təzyiq vasitəsi kimi.
Ümumilikdə hazırda impiçment təşəbbüsləri əsassız hesab olunur, onun «yalan və manipulyasiyaya əsaslandığı» bildirilir. Burada əsas səbəblərdən biri Paşinyanın keçmiş hakimiyyətləri tənqid etməsi, Qarabağ doktrinasından imtinasıdır.
Gümrü və Parakar merləri
2025-ci ilin aprelində Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrü şəhərində mer postuna Vardan Qukasyan seçilib. Müxalif qüvvələrlə assosiasiya olunan Qukasyanı «vətənpərvər qüvvələrin oyanış rəmzi» kimi təqdim edənlər də var. Daha mühafizəkar və millətçi mövqedən çıxış edən Qukasyan xüsusilə Paşinyanın xarici siyasətini tənqid atəşinə tutur, Rusiya ilə «ittifaq dövləti» ideyasını dəstəkləyir. Onun mer seçilməsi ölkənin ən böyük ikinci şəhərində, uzun müddətdir ki, müxalif əhvali-ruhiyyənin, rusiyapərəstliyin yüksək olması ilə tanınan Gümrüdə hakimiyyətin rəmzi məğlubiyyəti kimi də qiymətləndirilir.
Bu arada, Ermənistan Antikorrupsiya Məhkəməsi mer Vardan Qukasyanın ölkədən çıxışına qadağa qoyub, bunun üçün 5 milyon dram (təxminən 13 min dollar) girov müəyyənləşdirib.
Lakin müşahidələr göstərir ki, Gümrüdəki vəziyyətin ölkədəki ümumi proseslərə təsiri minimumdur. Paşinyan komandasının regionlardakı məğlubiyyətləri adətən müvəqqəti xarakter daşıyır.
Armavirdə isə vəziyyət daha qəlizdir. Sentyabrın 24-nə keçən gecə bu vilayətin Parakar qəsəbəsinin rəhbəri Volodya Qriqoryan güllələnərək öldürülüb. O, qeyd edilən vəzifəyə bu ilin martında keçirilən seçkidə hakim «Vətəndaş müqaviləsi» partiyasının namizədini məğlub edərək seçilmişdi. Qriqoryan hazırda Bakıda mühakimə olunan erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın Ermənistanda təsis etdiyi «Yaşamaq üçün ölkə» partiyasını təmsil edirdi. O, Parakar meri postuna digər rusiyapərəst müxalif partiyaların da dəstəyi ilə seçilmişdi.
Türkiyə ilə münasibətlər və simvolika
Ermənistanla Türkiyə arasında münasibətlərin hər hansı ilkin şərt irəli sürülmədən tam normallaşdırılması ilə bağlı danışıqlar aparılır. Hər iki ölkənin nümayəndələri arasında texniki görüşlər keçirilir, sərhədlərin açılması, Gümrü-Qars dəmir yolu, elektrik enerjisi təminatı və s. kimi məsələlər müzakirə olunur. 2025-ci ilin iyununda isə baş nazir Paşinyan İstanbulda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Onun bu səfəri İrəvan-Ankara münasibətlərinin normallaşması baxımından rəmzi səfərlərdən biri kimi qiymətləndirilir.
Baş verənlər fonunda Ermənistan hökuməti 2025-ci il sentyabrın 11-də sərhəd keçid məntəqələrində pasportlara vurulan giriş-çıxış möhüründən Ağrı dağının (ermənilər “Ararat” adlandırır) təsvirinin çıxarılması haqda qərar qəbul edib. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Xatırladaq ki, qeyd olunan möhürlərdə 2004-cü ilədək Ağrı dağı olmayıb. Paşinyan və hökumət üzvləri hesab edirlər ki, son qərar qonşular – Türkiyə və Azərbaycanla münasibətlər kontekstində simvolikanın təhrikedici olmaması, həmçinin sənədlərdə daha «praktik» və «neytral» yanaşmaya keçilməsi məqsədi daşıyır.
Lakin əhalinin bir hissəsi bunu milli kimliyin əsas rəmzlərindən sayılan Ağrı dağının rəsmi simvolikadan çıxarılması, milli-ideoloji ritorikadan uzaqlaşdırılması kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, Ağrı dağı coğrafi baxımdan Türkiyə ərazisində yerləşir və həmin ərazilər heç zaman Ermənistanın tərkibində olmayıb.
Türkiyə rəsmiləri ümumilikdə bu normallaşma prosesinə müsbət yanaşır, lakin onun tam reallaşmasını Azərbaycanla sülh sazişinin imzalanması üçün şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirirlər.
Lakin Ermənistan bu gün konsensusun olmadığı ölkədir. Burada siyasi mübarizə təkcə hakimiyyət uğrunda yox, həm də kimlik, yaddaş və rəmzlər uğrunda aparılır. Paşinyanla kilsə arasında baş verənlər də sadəcə siyasi qarşıdurma yox, həm də bütöv bir dövrün dəyişməsinin ifadəsidir.
Rasional müasirləşməni, Paşinyanın Dördüncü Respublikaya aparan sülh kursunu dəstəkləyən şəhər elitaları ənənəçilər tərəfindən rədd olunur və bu, ölkədə sabitliyə əlavə təhdid yaradır. Millətçi-dini kursa sadiq olan müxalifət, kilsə və regionlar isə Qərblə qarşıdurmaya, təcridə və iqtisadi geriləməyə səbəb ola bilərlər. Belə bir şəraitdə Paşinyan hökuməti texniki və infrastruktur layihələrində (TRIPP, dəmir yolları, elektrik şəbəkələri, sərhədlərin açılması və s.) irəliləyiş əldə edə bilərsə, Ağrı dağının əksinin möhürlərdən çıxarılması kimi rəmzi güzəştlər cəmiyyət tərəfindən daha geniş iqtisadi və geosiyasi qazancların qiyməti kimi qəbul oluna bilər. Belə bir vəziyyətdə hadisələrin gələcəyi bir neçə amildən asılı ola bilər: 1) hakimiyyətin qarşıdurma səviyyəsini, məsələn, dialoq vasitəsilə azaltmaq bacarığı; 2) müxalifətin cəmiyyəti destruktiv ssenarilərə əl atmadan birləşdirmək imkanları; 3) islahatların, o cümlədən konstitusiya islahatlarının real effekti, TRIPP (Zəngəzur dəhlizi) layihəsinin səmərəliliyi – iqtisadiyyat və təhlükəsizlik güclənəcəksə, simvolik güzəştlər bağışlana bilər.
MƏSLƏHƏT GÖR:


111

