ETİMAD VƏ DÜRÜSTLÜK STANDARTLARI
Halal sənaye Azərbaycanın qlobal islam iqtisadi sisteminə inteqrasiyası üçün güclü alət ola bilər
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Bu gün “halal sənaye” anlayışı yalnız qida məhsullarını deyil, həmçinin turizm xidmətlərini, islam maliyyəsini, kosmetika istehsalını, ixtisaslaşmış tibb müəssisələrinin fəaliyyətini özündə birləşdirən böyük bir ekosistemi ifadə edir. İqtisadiyyatın bu istiqaməti ildə 10%-dən çox artım nümayiş etdirir və prosesə getdikcə daha çox ölkələri cəlb edir.
Azərbaycan islam dünyasının bir hissəsi, həmçinin tolerantlıq və multikulturalizm prinsiplərinə əməl edən bir ölkə olaraq, əlbəttə ki, bu qlobal trendə qoşulub və halal sənayesinin potensialını aktiv şəkildə inkişaf etdirməyə çalışır. Bunun necə sürətli və keyfiyyətli şəkildə edilə biləcəyi haqqında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Bakıda təşkil edilən II Azərbaycan Halal Biznes Forum və Sərgisində (AZHAB) müzakirə olunub.
Yeni etimad standartları
II AZHAB forumu çərçivəsində KOBİA ilə Türkiyənin “İnformasiya Texnologiyaları Vadisi” və Malayziyanın İnvestisiya, Ticarət və Sənaye Nazirliyi nəzdində “Halal Development Corporation Berhad” arasında iki anlaşma memorandumu imzalanıb. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kiçik və orta müəssisələr (KOB) şəbəkəsinin yaradılması qərara alınıb və təsis yığıncağının nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.
İki gün ərzində 30-dan çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların, akademik dairələrin nümayəndələri, iş adamları və mütəxəssislər ünsiyyət qurmaq imkanı qazanıblar. Fikir mübadiləsi aparılıb, ticarət və investisiya sahəsində əməkdaşlıq, beynəlxalq bazarlara çıxış, halal sənayesinin potensialı və yeni tendensiyaları, innovasiyalar və texnologiyaların bu sahədə rolu və s. kimi geniş məsələlər müzakirə edilib.
“Artıq ikinci ildir ki, təşkil olunan AZHAB forumu yalnız iqtisadi əlaqələrin qurulmasına deyil, həm də halal ticarətin mahiyyətinə - dürüstlük, etimad və ədalət prinsiplərinə yenidən diqqət çəkməyə yönəlib. Bu dəyərlər olmadan nə real bazar, nə də sahibkarlıqda dayanıqlı uğur mümkündür. Azərbaycan bu dəyərləri əsrlər boyu qoruyan və eyni zamanda multikulturalizm yanaşmasını qoruyub inkişaf etdirən ölkə kimi tanınır”, - KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
İndiyədək misli görünməmiş və sürətlə dəyişən iqtisadi, texnoloji və sosial reallıqlar dünyasında halal sənayesinin bütün potensialının üzə çıxarılmasının əhəmiyyətini qiymətləndirmək mümkün deyil. İƏT-in Baş katibinin iqtisadi məsələlər üzrə müşaviri Ahmad Kavesa Senqendonun sözlərinə görə, halal iqtisadi fəaliyyətin potensialı və inkişafı yalnız 1,9 milyarddan çox müsəlman üçün deyil, həm də bütün bəşəriyyət üçün böyük imkanlar açır. “Halal bu gün yalnız dinlə əlaqəli deyil. “Halal” etiketi haqlı olaraq keyfiyyət və sağlamlıq simvoluna çevrilib”, - o əlavə edib.
Qeyd edək ki, təkcə 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanla İƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 6 milyard dollar təşkil edib. Eyni zamanda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin qeyd etdiyi kimi, əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına investisiyaların artmasını təmin edir. “Bundan əlavə, qonşu və regional ölkələrlə 10 ikitərəfli azad ticarət sazişi imzalanıb ki, bu da Yaxın Şərqdən MDB regionuna ticarət axınlarını artırır və iqtisadi əməkdaşlığı genişləndirir”, - E.Əliyev vurğulayıb.
Dürüst sahibkarlıq həm müştərilərin, həm də tərəfdaşların və cəmiyyətin etimadını qazanmağın ən təsirli yoludur. Bu mənada Azərbaycan halal prinsiplərinin təkcə dini və ya etik konsepsiya kimi deyil, həm də müasir biznes modeli kimi formalaşdırılmasının tərəfdarıdır. “Dünyada halal iqtisadiyyatı bu gün təxminən 3 trilyon dollar həcmində bazarı əhatə edir, lakin onun dəyəri rəqəmlərlə deyil, etimadla müəyyən edilir. Bu istiqamətdə biz halal sertifikatlaşdırma sistemlərinin təkmilləşdirilməsi üzərində işləyirik, sahibkarlara təlim və məsləhət xidmətləri göstərir, həmçinin halal brendini beynəlxalq səviyyədə təşviq edirik”, - O.Məmmədov söyləyib.
Bundan başqa, Azərbaycanın azad edilmiş ərazilərində və Naxçıvan Muxtar Respublikasında halal sənayesinin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində işlər aparılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin sözlərinə görə, bu, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı onlara xüsusilə təhlükəli heyvan xəstəliklərindən azad ərazilər statusu verdikdən sonra mümkün olacaq.
Dəyərlər prizmasından turizm
Qlobal halal sənayesinin inkişafında halal standartlarının beynəlxalq harmonizasiyası ciddi rol oynayır. Bu da təkcə ticarət münasibətlərini asanlaşdırmır, həm də istehlakçıların bu məhsullara etimadını əhəmiyyətli dərəcədə gücləndirir.
“Standartların harmonizasiyası sayəsində hər bir ölkədə təkrar sertifikatlaşdırma zərurəti aradan qalxır. Bu, zamana və maliyyə vəsaitinə qənaət deməkdir. Daha vavib məsələ odur ki, harmonizasiya istehlakçıların etimadını artırır. İnsanlar əmin olurlar ki, bir ölkədə halal kimi sertifikatlaşdırılmış məhsul digər ölkədə də etibarlı olacaq. Bu etimad və səmərəlilik şirkətlərə regional və hətta dünya bazarlarına çıxışı asanlaşdırır və nəticədə standartların harmonizasiyası əsl biznes uğuruna çevrilir”, - İslam Ölkələrinin Standart və Metrologiya İnstitutunun Baş katibi İhsan Övüt bildirib.
Bu mənada Azərbaycan qlobal halal turizmin də bir parçası ola bilər. Bu sahənin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inkişaf etdirilməsi ortaq dəyərlər, kimlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
TDT-nin Baş katibinin müavini Merey Mukajan Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolundan danışarkən qeyd edib ki, bu mövzu xüsusilə özünəməxsus sivilizasiya irsinin cəmləşdiyi türkdilli dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir: “Tarixi şəhərlər və abidələr islam incəsənəti və memarlığının ən yaxşı ənənələrini əks etdirir. Halal turizmi bu irsi qorumaq və onu mənəvi zənginlik kimi dünyaya təqdim etmək üçün unikal imkan yaradır. Bu, həmçinin kiçik biznesi dəstəkləyir, incəsənət və qonaqpərvərlik sahəsinin inkişafına təkan verir, həmçinin investisiyaların cəlb edilməsi sayəsində yerli iqtisadiyyatı gücləndirir”.
Pakistan Standartlar və Keyfiyyətə Nəzarət İdarəsinin Halal Təchizat Zənciri Komitəsinin sədri Muhammed Abu Baker isə əlavə edib ki, KOB-lar qlobal halal biznesin 90%-ni təşkil edir, iş yerlərinin 70%-ni yaradır və atmosferə zərərli tullantıların 50%-i üçün məsuliyyət daşıyır: “Bu onları etik, ticarət və iqlim diplomatiyasının əsas amilinə çevirir”.
O, həmçinin İƏT-ə üzv ölkələr üçün yeni “Üçqat uyğunluq modeli”ni təqdim edib. “Modelin mərkəzində “yaşıl halal müəssisəsi” konsepsiyası durur ki, bu da tullantısız təchizat zənciri və dairəvi iqtisadiyyat prinsiplərini birləşdirərək daha etik və ekoloji cəhətdən davamlı biznes mühiti formalaşdırır”, - o vurğulayıb.
Bir sözlə, bu forumun nəticələri göstərib ki, Azərbaycan regional və qlobal halal ekosistemdə əsas oyunçu kimi özünü inamlı şəkildə təqdim edir. Bu model dini çərçivələrlə məhdudlaşmır - o, etimad, davamlılıq və yeni əməkdaşlıq formatlarına açıqlıq üzərində qurulur. Onun inkişafı texnoloji inkişaf, ekoloji davamlılıq və mədəni dəyərləri birləşdirən yeni biznes etikasına təkan verəcək.
MƏSLƏHƏT GÖR:


48

