SÜLH SAMMİTİ
Trampın Yaxın Şərq strategiyası Amerikanın xarici siyasətinin yeni mərhələsinin indikatoruna çevrilib
Müəllif: Samir VƏLİYEV
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilməsə də, bu, onun Yaxın Şərqdə sülhün bərqərar edilməsi istiqamətində göstərdiyi səyləri azaltmayıb. Məhz onun təşəbbüsü ilə İsraillə HƏMAS arasında münaqişənin nizamlanmasına dair plan qəbul olunub, HƏMAS artıq planın icrasına başlayaraq, 20 girovu Qırmızı Xaç Komitəsi nümayəndələrinə təhvil verib.
Planı hamı dəstəkləyir, amma müəyyən şərtlərlə
ABŞ Prezidenti Donald Tramp Qəzza sektorundakı münaqişənin həllinə dair öz planını hələ sentyabrın 29-da Vaşinqtona səfərə gəlmiş İsrailin Baş naziri Binyamin Netanyahuya təqdim etmiş, nəticədə, həmin sənəd dərhal Yaxın Şərq siyasətinin əsas mövzusuna çevrilmişdi. Planın iyirmi maddəsində döyüşlərin dayandırılması, girovların azad olunması, HƏMAS-ın hərbi infrastrukturunun tam ləğvi, beynəlxalq sabitlik qüvvələrinin yaradılması və beynəlxalq nəzarət altında bölgədə tədricən vətəndaş idarəçiliyinə keçid nəzərdə tutulur. Lakin bütün humanitar formulların əsas məqsədi Yaxın Şərqin ABŞ-nin nüfuzunun bərpası və regional qüvvələr nisbətinin yenidən formalaşdırılması ilə idarə edilməsinin təminidir.
Vaşinqton üçün bu təşəbbüs onun ənənəvi «beynəlxalq hakim» rolunun geri qaytarılması məqsədi güdür. Sadəcə, indi buna yeni şəraitə uyğun nail olunmalıdır – artıq birbaşa hərbi iştirak yox, siyasi nüfuzun müxtəlif ittifaqlar tərəfindən dəstəklənməsi, iqtisadi layihələr, diplomatik təşəbbüslər daha effektivdir. Tramp sözügedən sənədi Fələstin-İsrail münaqişəsinin ən gərgin dövründə təqdim etməklə Vaşinqtonun hələ də gündəmi müəyyən etməyə, regional təhlükəsizlik mexanizmlərinə təsir göstərməyə qadir olduğunu ortaya qoyub.
Planda əsas məqam onun «Fələstin məsələsi»nin yekun həllini təklif etməməsidir. Əksinə, o, ABŞ-nin koordinator rolunu saxlamaqla yanaşı, məsuliyyətin bir hissəsini regional oyunçuların üzərinə qoyur, çevik proseslər çərçivəsi formalaşdırır. Bir neçə illik fasilədən sonra ABŞ ilk dəfədir ki, birtərəfli buyuruğa yox, «birgə nəzarət» arxitekturasının yaradılmasına üstünlük verir. Bu, Qərblə ərəb dünyası arasında əlaqələrin modelini dəyişə bilər.
Lakin təşəbbüsə beynəlxalq reaksiyalar onun iddialı olduğunu təsdiqləsə də, müəyyən zəif cəhətlərini də üzə çıxarıb. Vaşinqtonun Avropadakı əsas müttəfiqləri – Fransa, Almaniya, İtaliya kimi ölkələr təşəbbüsü deeskalasiya istiqamətində atılmış doğru addım kimi qiymətləndirsələr də, davamlı sülhün yalnız iki dövlətin yaradılması ilə mümkün olacağını bildiriblər. Onlar düşünürlər ki, beynəlxalq hüququn pozulduğu şəraitdə birdəfəlik sülh mümkün görünmür. Beləliklə, Avropa məsələyə dair ənənəvi mövqeyini qoruyub saxlayır – o, ABŞ-ni rəsmi olaraq dəstəkləyir, lakin diplomatik müstəqilliyini itirməmək üçün bəzi məhdudiyyətlər də irəli sürür.
Ərəb dövətlərinin məsələyə yanaşması daha praqmatikdir. Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Trampın planını bölgədə nisbi sakitliyin əldə olunması, regional təhlükəsizlikdə öz rollarının güclənməsi üçün bir vasitə sayırlar. İslam dünyasının digər ölkələri, məsələn, ənənəvi olaraq fələstinliləri dəstəkləyən Türkiyə bildirib ki, bir plan islam dünyasının maraqlarına zidd olmayacaqsa, Ankara onun iştirakçısı olmağa hazırdır. Pakistan, İndoneziya və İran daha ehtiyatlı davranaraq, planı fələstinlilərin öz müqəddəratlarını təyin etməsi hüququnun təmini şərtilə dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Beləliklə, Trampın planı nəinki ziddiyyətli mövqeyə malik düşərgələr yaratmayıb, əksinə, yeni çevik ittifaqlar konfiqurasiyasının formalaşmasının təşviqinə çerilib. Burada hər bir dövlət, əlbəttə ki, öz diplomatik marağını güdməkdədir.
İsrailə gəlincə, onun üçün bu sənəd ikili xarakter daşıyır. O, bir yandan Netanyahuya təhlükəsizlik məsələlərinə nəzarəti qorumaqla Vaşinqtona loyallıq nümayiş etdirmək, beynəlxalq təzyiqləri azaltmaq imkanı verir, digər yandan daxili mübahisələrə səbəb olur. Belə ki, Baş nazirin sağçı düşərgədən olan tərəfdarları hərbi mövcudluğun qorunacağına, sərhədlərə nəzarətin təmininə zəmanət istəyirlər. Belə məlum olur ki, Təl-Əviv bu planı daha çox məcburiyyət qarşısında dəstəkləyir. Onun Netanyahunun Vaşinqton səfəri zamanı açıqlanmasının özü də rəmzi məna daşıyır: Tramp müttəfiqlərini öz təşəbbüsləri çərçivəsində saxlaya bildiyini göstərib, İsrail isə dialoqa ciddi güzəştlər etmədən getdiyini nümayiş etdirib.
Güzəştlərlə sağ qala bilmək arasında
Baş verənlərdə ən gözlənilməz məqam HƏMAS-ın mövqeyi olub. ABŞ-nin təşəbbüsünə oktyabrın əvvəlinə cavab verən hərəkat uzun müddət sonra ilk dəfə kompromisə hazır olduğunu bildirib. O, beynəlxalq zəmanətlərin verilməsi və «uyğun şəraitin yaradılması» şərtilə bütün girovları azad etməyə, qətlə yetirilmiş şəxslərin isə cəsədlərini təhvil verməyə hazır olduğunu bəyan edib. HƏMAS Qəzzada idarəçiliyi müstəqil texnokrat orqana təhvil verə biləcəyini də açıqlayıb. Müşahidəçilər bunu mümkün dönüş anı, yaxud ən azı məcburi uyğunlaşma göstəricisi kimi qiymətləndiriblər.
Lakin HƏMAS daxilindəki ziddiyyətlər istənilən razılaşmanı son dərəcə zəif şəklə salır. Hərəkatın Qətərdəki siyasi rəhbərliyi humanitar fəlakətin aradan qaldırılması, eyni zamanda öz siyasi simasını qorumaq üçün diplomatiyaya meyillənirsə, Qəzzadakı hərbi komandirlər danışıqları daxili nəzarətə təhdid sayır, müvafiq zəmanətlər olmadan silahları təhvil verməyin əleyhinə çıxırlar. Beləliklə, HƏMAS siyasi güzəştlər zərurəti ilə kimliyini itirmək təhlükəsi arasında qalıb. Hərəkatın silahları tədricən təhvil verməyə hazır olduğuna dair məlumat əvvəlcə onun mətbuat xidməti tərəfindən təkzib edilib. Bu, nümayiş olunan çevikliyin kapitulyasiyaya hazırlıq anlamına gəlmədiyini göstərib.
Məlum olub ki, razılaşmanı «xilas etmək» üçün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin yeznəsi Cared Kuşner HƏMAS nümayəndələri ilə şəxsən görüşüblər. Lakin görünür, onların səyləri də gözlənilən nəticəni verməyib. Hər halda, bu mürəkkəb vəziyyətdə əsas rol vasitəçilərin üzərinə düşür. Əvvəllər HƏMAS ilə əlaqə üçün əsas kanal Qətər idisə, indi danışıqların mərkəzi Qahirəyə tərəf yönəlib. Misir ABŞ-nin təşəbbüsündən istifadə edərək, əsas regional moderator mövqeyini möhkəmləndirməyə, sərhəd keçidlərinə, humanitar axınlara, israillilərlə fələstinlilər arasında əlaqə kanallarına nəzarəti gücləndirməyə çalışır. Bu isə yalnız Qahirənin mövqeyini gücləndirmir, həm də mötədil ərəb rejimləri ilə ABŞ arasında yeni əməkdaşlıq xəttini formalaşdırır. Bu halda Qətər sadəcə maliyyə donoru və qeyri-rəsmi vasitəçi kimi, ikinci dərəcəli rolla kifayətlənmək məcburiyyətindədir.
Maraqlıdır ki, İsraillə HƏMAS-ın «ilk mərhələ» planı üzrə oktyabrın 8-də gəldikləri razılıqdan, girov mübadiləsi və İsrail hərbçilərinin Qəzzanın bəzi hissələrindən qismən çəkilməsindən faydalanan əsas tərəflərdən biri məhz Qahirə olub. Beynəlxalq birlik bu hadisəni ehtiyatlı nikbinliklə qarşılayıb: proses İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, Pakistan və İndoneziya tərəfindən dəstəklənib. BMT-nin Baş katibi Antonio Qutyerreş də razılaşmanı «nadir ümid işığı» adlandırıb. Lakin keçmiş təcrübə nəzarət və etibarın olmaması üzündən belə razılaşmaların tez-tez pozulduğunu göstərdiyindən, onun dayanıqlı olub-olmayacağına yanaşma da ehtiyatlıdır. Amma tərəflərin addımı sanki artıq «geri dönüşün olmadığını» da nümayiş etdirir. İndiki vəziyyətin fərqi ondadır ki, Trampın təşəbbüsü ABŞ və əsas regional oyunçular üçün strateji dəyər daşıyan hər hansı güzəştdə belə, xarici siyasi çərçivə formalaşdırır. HƏMAS-ın razılaşmadan cəmi bir neçə gün sonra sağ qalan bütün girovları Qırmızı Xaça təhvil verməsi də təsadüf deyildi. İsrail parlamentində çıxış edən Donald Tramp isə Qəzzada müharibənin sona çatdığını rəsmən bəyan edərək bildirib ki, «İsrail güc yolu ilə nəyə nail ola bilərdisə, olub» və artıq bölgə üçün sülh, rifah dövrü başlayır.
Beləliklə, son illərdə Qəzzanın müharibədən əziyyət çəkən yüz minlərlə sakini, nəhayət, artilleriya zərbələrindən qorxmayaraq, dinc gələcəyə ümid edərək rahat nəfəs ala bilər.
Siyasi hesablama və Amerika diplomatiyasının sərhədləri
Donald Tramp üçün «Qəzza planı» yalnız diplomatik deyil, həm də daxili siyasət baxımından əhəmiyyətli mərhələdir. Yaxınlaşan seçki fonunda Ağ Ev onun «müharibəni dayandırmağa qadir prezident» imicini möhkəmləndirməyə çalışır.
Amma planın beynəlxalq icrası müəyyən struktur əngəlləri ilə qarşılaqşıb. Belə ki, beynəlxalq sabitlik qüvvələrinin yaradılması üçün BMT Təhlükəsizlik Şurasının mandatı tələb olunur. Rusiya və Çinlə yaşanan qarşıdurmalar fonunda bu mandatın əldə ediləcəyi çox da inandırıcı görünmür. Bununla yanaşı, özü böhran içərisində olan Avropa Qəzzanı maliyyələşdirməyə hazır deyil, körfəz ölkələri isə təhlükəsizlikdən çox infrastruktur sahəsinə investisiya qoymağı üstün tutur. Nəticədə, ABŞ-nin təşəbbüsünün real işlək mexanizmdən çox diplomatik səylərin rəmzinə çevrilməsi riski var.
İstənilən halda, bu təşəbbüsün Vaşinqton üçün siyasi dəyəri böyükdür. Plan ABŞ-nin bölgəyə təsir imkanlarını qoruyub saxlamasına imkan yaradır. Xatırladaq ki, buna digər qeyri-region oyunçuları, məsələn, Çin də cəhd edir.
Daxili siyasətdə isə Tramp seçicilərinə «güc ilə sülh» təmin etmək bacarığını nümayiş etdirmək istəyir. Bu, adətən, zəiflikdə günahlandırılan demokratlara münasibətdə daha bir gedişdir. Bu imic xüsusilə müharibələrdən yorulmuş, qlobal xərclərdən bezmiş cəmiyyətlərdə daha çox tələbolunandır. İndi Trampın «güc ilə sülh» yanaşması postmüdaxilə şəkli alır: Amerika böhranları birbaşa müdaxilə ilə deyil, sanksiyalar, ticarət rıçaqları və diplomatik vasitəçiliklə çözlür.
İsrail üçün Trampın planı beynəlxalq təzyiqlərin azalması, humanitar böhranın məsuliyyətinin beynəlxalq strukturların üzərinə qoyulması imkanı yaradır. İsrail bölgəyə hərbi nəzarəti saxlayaraq, dalixi sabitliyi təmin etmək, mötədil ərəb rejimləri ilə əlaqələri möhkəmləndirmək üçün vaxt qazanır. Bu isə öz növbəsində yeni oxun – ABŞ-İsrail-Misir-Səudiyyə Ərəbistanı xəttinin yaranmasına səbəb ola bilər. Bu halda bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması mümkündür.
Sülh sazişinin bütün dünya tərəfindən tanınması baxımından kulminasiya Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən «sülh sammiti» olub. Bu, diplomatik səylərin institusionallaşdırılması, Qərbin aparıcı gücləri ilə ərəb dünyası və beynəlxalq təşkilatların bir araya gətirilməsi cəhdi idi. Donald Trampın, BMT Baş katibinin, Fransa və Türkiyə Prezidentlərinin, İordaniya, Pakistan, İtaliya, İspaniya liderlərinin iştirak etdikləri sammit sanki Yaxın Şərq məsələləri ilə bağlı nadir razılaşmanın əldə olunduğu «kiçik BMT» statusu qazanıb. Sammitin gedişində ABŞ, Misir, Qətər və Türkiyə liderləri vasitəçilərin iştirakı ilə Donald Trampın irəli sürdüyü sülh planı əsasında Qəzzada atəşkəsə dair sazişi imzalayıblar. Orada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı da xüsusi rəmzi əhəmiyyət daşıyırdı. Məsələ ondadır ki, iki ay əvvəl Vaşinqtonda məhz onların iştirakı ilə Cənubi Qafqaz tarixində yeni səhifə açan daha bir sənəd imzalanmışdı.
Amerika lideri Azərbaycan Prezidentinin regionda dayanıqlı sülhün yaradılmasındakı xüsusi xidmətlərini bu toplantıda da vurğulayıb. Sammitdə azərbaycanlı həmkarını salamlayan Ağ Ev sahibi Azərbaycan Prezidentini «sülhsevər» adlandırıb, eyni zamanda bildirib ki, «onunla düşmən olmaq istəməzdiniz». Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan D.Tramp avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi görüşü xatırladaraq deyib: «Onlar Oval kabinetdəki görüşdə qarşı-qarşıya əyləşmişdilər. Bu iki ölkə arasında müharibə düz 31 il davam etmişdi. Biz işimizi bitirdikdən sonra isə onlar qucaqlaşdılar. İndi onlar dostdurlar və çox yaxşı yola gedirlər. Buna görə hər ikinizə (Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə) təşəkkür edirəm. Bu, inanılmazdır».
Maraqlıdır ki, bütün bu mühüm hadisələr Nobel Komitəsi tərəfindən nəzərə alınmayıb. Sülh mükafatı bir çoxlarına görə layiqli namizəd olan ABŞ Prezidenti Donald Trampa verilməyib. Prezidentin xüsusi nümayəndəsi Paolo Zamponi deyib: «İronik olan odur ki, Alfred Nobelin sərvəti Azərbaycan neftindən yaranıb, amma mükafat Azərbaycanda sülhün əldə edilməsinə köməklik göstərmiş şəxsə verilmir». Zamponi bu qərara cavab olaraq öz «Tramp mükafatı»nın təsis olunması təklifini də irəli sürüb.
İstənilən halda, «Qəzza planı» sadəcə, münaqişənin həlli üçün alət yox, həm də Amerikanın xarici siyasətində yeni mərhələnin başlanğıcıdır. Bu, daha praqmatik, məhdud və rəmzi effektlərə yönəlmiş mərhələdir. Tramp üçün bu, daxili və xarici siyasi maraqların kəsişmə nöqtəsidir. Qismən barışığın əldə olunması belə, diplomatik qələbə kimi təqdim edilə, Vaşinqtonun «qlobal hakim» rolunu birbaşa müdaxilələrə əl atmadan da qoruyub saxlamaq bacarığının göstəricisi kimi qiymətləndirilə bilər. Amma bu strategiyanın dayanıqlılığı ABŞ-nin ritorikasından çox, regional oyunçuların yeni güc konfiqurasiyasını qəbul edib-etməyəcəyindən, ABŞ-nin artıq hökmran yox, koordinator kimi qəbul etməyə nə qədər hazır olub-olmayacağından asılıdır.
MƏSLƏHƏT GÖR:






104

