5 Dekabr 2025

Cümə, 09:03

SANKSİYALAR VƏ ESKALASİYA

ABŞ ilə İsrail İrana yenidən hücum edə bilərmi?

Müəllif:

15.10.2025

İran və onun nüvə proqramının başı üzərini yenidən qara buludlar alır. BMT ilə Avropa İttifaqının Tehrana qarşı miqyaslı sanksiyaları bərpa etdiyi bir vaxtda ABŞ-nin dəstəyinə arxalanan İsrail İran İslam Respublikasına qarşı güc tətbiqi imkanlarını yenidən nəzərdən keçirir.

 

Diplomatiyanın sonu?

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) son qiymətləndirməsinə görə, İran nüvə silahına malik olmayan, lakin uranı 60%-dək zənginləşdirmiş yeganə dövlətdir (halbuki, dinc xarakterli atom enerjisindən istifadə üçün bu zənginləşdirmənin 3,67% olması kifayətdir). Bununla yanaşı, Tehranla nüvə proqramına dair yeni saziş üzərində danışıqların faktiki olaraq iflasa uğraması BMT Təhlükəsizlik Şurasının önəmli qərar qəbul etməsinə səbəb olub. Söhbət Tehranla 2015-ci ildə onun nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qəbulundan sonra dayandırılmış tədbirlərin bərpasından gedir. Xatırladaq ki, İranla «beynəlxalq altılıq» (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında imzalanmış razılaşmanın bəndlərindən biri Tehranın ciddi pozuntulara yol verəcəyi təqdirdə BMT-nin sanksiyaları bərpa edəcəyini nəzərdə tuturdu. Bununla yanaşı, sazişin iştirakçılarının İranla bağlı müvafiq şikayətlərinin olduğu halda TŞ-nin üzvləri sanksiyaların bərpasının əngəlləmək üçün veto hüququndan istifadə edə bilməz. Odur ki, BMT-nin İrana sanksiyaları bərpa etməsi Moskva ilə Pekinin ürəyincə olmasa da, onlar Qərb dövlətlərinin bu istəyini əngəlləyə bilməyiblər.

Amma məsələ bununla bitməyib. BMT-nin anti-İran sanksiyalarını bərpa etməsindən dərhal sonra Avropa İttifaqı da oxşar addım atıb. Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, onların İranla son bir ayda qurduqları intensiv diplomatik təmaslar nəticəsiz qalıb. Odur ki, Brüssel BMT TŞ-nin qərarını nəzərə alaraq, Tehrana qarşı dərhal bütün məhdudiyyətlərin bərpası haqqında qərar qəbul edib. Kallas eyni zamanda bildirib ki, sanksiyaların bərpası «diplomatiyanın sonu olmamalıdır». Onun sözlərinə görə, Brüssel hər şeyə rəğmən, danışıqların davam etdiriləcəyinə ümidlidir.

Antiiran sanksiyalarının əsas hissəsi ABŞ-yə aiddir. Odur ki, bu qərarı dəstəkləməyən Avropa ölkələri belə, ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə üzləşməmək üçün qərarları nəzərə almaq məcburiyyətindədir. Ümumilikdə məhdudiyyətlər silah embarqosundan, maliyyə təcridindən, ikili təyinatlı malların ixracına, İrandan neft məhsullarının, metalların alışına, onun iqtisadiyyatın əsasını təşkil edən digər malların idxalına qoyulan qadağalardan ibarətdir.

Bəs İranın baş verənlərə cavabı necə olacaq? Hələlik Tehran «İran xalqının maraqlarına və hüquqlarına qarşı yönəlmiş hər hansı addıma qətiyyətli cavabın veriləcəyini» bildirir. İranın Xarici İşlər Nazirliyi BAEA ilə əməkdaşlığa yenidən baxılacağını, avropalı trio (Böyük Britaniya, Fransa və Almaniya) ilə danışıqlardan imtina olunacağını da bəyan edib. XİN bildirir ki, «onlar son aylarda İranın nüvə proqramı ilə bağlı destruktiv mövqe sərgiləyib, BMT TŞ-də BHFP-dən ABŞ-nin maraqları naminə sui-istifadə ediblər».

Bundan başqa, Tehranın Nüvə Silahlarının Yayılmamasına dair Müqavilədən (NSYM) çıxa biləcəyinə dair fikirlər də səsləndirilir. Bəs İran Qərbdən olan düşmənləri qarşısında nüvə mübahisəsində həqiqətənmi bu qədər irəli getməyi düşünür? Görünən odur ki, Tehranın bu istiqamətdə gələcək siyasətilə bağlı ölkə rəhbərliyi daxilində də ciddi fikir ayrılıqları var. Hər halda, İran Prezidenti Məsud Pezeşkianla xarici işlər naziri Abbas Ərəqçinin xarici siyasi kursu İran rəhbərliyinin mühafizəkar qanadı tərəfindən tənqid olunur. Birincilər BMT-nin sanksiyaları bərpa etməsindən sonra belə, Qərblə danışıqların davam etdirilməsini dəstəkləyir, İranın NSYM-i tərk etməsini məqsədəuyğun saymırlar. Lakin İran İslam Respublikasının siyasi təcrübəsinə əsasən, burada son sözü ali dini lider ayətolla Əli Xamenei deyir. İndi Tehranın danışıqları qayıdaraq nəticə etibarilə Qərbin nüvə proqramının dayandırılmasına dair tələbini qəbul edib-etməyəcəyini o müəyyənləşdirməlidir.

Hələlik Tehran ABŞ-nin uranın zənginləşdirilməsi prosesinin tamamilə dayandırılması tələbini rədd edir, MAQATE müfəttişlərinin ölkənin bütün nüvə zavodlarına buraxılması tələbi (əvəzində sanksiyaların bir hissəsinin aradan qaldırılması və İran neftinin ixracının bərpası) qarşısında İsrail və ABŞ-nin iyunda baş vermiş 12 günlük hücumu zamanı bombalanmış nüvə obyektlərinin yaxın zamanlarda bərpa olunacağını bildirir.

Bu arada, İran ətrafında baş verənlərdə əsas oyunçulardan biri də İsraildir. Bu ölkənin Baş naziri Binyamin Netanyahu bildirib ki, İranın 12 günlük müharibədən əvvəl və onun gedişində gizlətdiyi zənginləşdirilmiş uranı harada saxladığı İsrailə məlumdur. Baş nazirin sözlərindən belə məlum olur ki, onlar bu məlumatları Vaşinqtonla da bölüşüblər. Bu isə BMT və Qərbin son sanksiya qərarları ilə yanaşı, ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdıqlarına dair də fikirlərin yayılmasına da zəmin yaradır.

 

«Yaralı heyvan» hədəfdə

İsrailin İrana qarşı aktiv hərbi əməliyyatları bərpa edə biləcəyi heç kimdə şübhə doğurmur. İsrail mediasının yazdığına görə BMT-nin Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra yəhudi dövlətinin ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yəhudi siyasətçilərin – istər hakimiyyətdəki, istərsə də müxalifətdəki – bəyanatları da bunu göstərir. Məsələn, «Evimiz İsrail» partiyasına rəhbərlik edən sabiq müdafiə naziri Aviqdor Liberman həmvətənlərini İranla müharibəyə hazırlaşmağa çağırıb. O, «Aslan kimi millət» adlı əməliyyatın Təl-Əvivə taktiki uğurlar qazandırdığını, lakin əsas hədəfə – İran təhlükəsinin aradan qaldırılmasına nail olunmadığını söyləyib. Liberman deyib ki, indi «yaralı heyvan» vəziyyətində olan İran xüsusi təhlükə yaradır və getdikcə daha qətiyyətli hərəkətlər edir.

Aydındır ki, yəhudi dövlətinin məqsədi Tehranın nüvə proqramını məhv etməklə yanaşı, İsrail üçün düşmən sayılan İran mollakratiya rejiminə də son qoymaqdır. Bununla yanaşı, İsraildə anlayırlar ki, onlar bu strateji məqsədlərinə yalnız ən yaxın müttəfiqləri olan ABŞ-nin köməyi ilə çata bilərlər. Bu səbəbdən İsrail Vaşinqtonu inandırmağa çalışır ki, İrana yeni zərbələrin endirilməsi hər an zərurətə çevrilə bilər. Təl-Əvivdə hesab edirlər ki, bu zərurətin ən yaxın zamanlarda yaranması mümkündür və bu, yalnız İsrailin deyil, həm də ABŞ-nin maraqlarına uyğundur. Baş nazir Netanyahu açıq şəkildə bildirib ki, İran Birləşmiş Ştatlar üçün də təhlükə yaradacaq yeni silah növləri hazırlayır. Onun sözlərinə görə, söhbət 8 min kilometrədək məsafəni vura bilən ballistik raketlərdən gedir. «Daha 3 min kilometr əlavə edin və İranın nüvə silahı artıq Nyu-York, Boston, Vaşinqton, Mayami və Mar-a-Laqoya təhdid yarada bilər», - deyə B.Netanyahu qeyd edib. Bununla o, İsrailin «faktiki olaraq, Amerikanı İran təhdidinə qarşı qoruduğu»na eyham vurub.

Vaşinqtonun İranın nüvə proqramına münasibəti İsrailin münasibəti qədər birmənalıdır. Yəni, ABŞ əmindir ki, Tehran nüvə silahına malik olmamalıdır. Bu mövqeyi həm Prezident Donald Tramp, həm də onun administrasiyasının üzvləri mütəmadi olaraq dilə gətirirlər. Xüsusilə Birləşmiş Ştatların energetika naziri Kris Rayt MAQATE-nin Vyanada keçirilən illik toplantısında bildirib ki, «İranın uranın zənginləşdirilməsi, plutonium emalı və sair kimi silah istehsalına aparan bütün nüvə imkanları yox edilməlidir».

Bəs Vaşinqton bu problemi birdəfəlik həll etmək üçün həqiqətən də İrana zərbələr endirmək niyyətindədirmi? Yaxud o, İsrailin bu ölkəyə mümkün hücumuna real dəstək verməyə hazırdırmı?

Qərb mediası yazır ki, ABŞ Yaxın Şərqə hərbi aviasiya, həmçinin yanacaq dolduran təyyarələr göndərir. Maraqlıdır ki, Vaşinqton bu cür addımları 12 günlük müharibə ərəfəsində də atmışdı. İndi Amerikanın «USS Nimitz» aviasiya gəmisinin Cənubi Çin dənizindən Fars körfəzinə doğru istiqamət aldığı da məlumdur. Hərbi ekspertlərin fikrincə, bu, onu  göstərir ki, ABŞ aviasiyası İrana birbaşa zərbələr endirmək niyyətində deyilsə belə, ən azı yeni müharibənin başlayacağı təqdirdə İsraili İranın raket və PUA hücumlarından qorumağa hazırlaşır.

Bundan başqa, Pentaqonun ölkənin hərbi rəhbərliyilə təcili iclas keçirdiyi də məlum olub. Toplantıda hərbi nazir Pit Hegset mahiyyəti «müharibə aparmaq və qələbəyə hazırlaşmaq» olan yeni strategiyanı təqdim edib. Demək, Vaşinqton İrana qarşı özünün deyil, İsrailin belə həyata keçirəcəyi mümkün hərbi əməliyyatlara cəlb olunacağını istisna etmir.

Görünən odur ki, artıq İranın özündə də yeni hərbi eskalasiya riskini dərk edirlər. Hər halda, ali dini liderə yaxın rəsmi media İsrail və ABŞ ilə yeni miqyaslı qarşıdurma ehtimalının yüksək olduğunu yazır. Onlar əhalini «düşmənlə çətin müharibəyə hazır olmağa», daxili birliyi gücləndirməyə çağırırlar.

Beləliklə, münaqişəyə cəlb olunan tərəflərdən heç biri hərbi toqquşma ehtimalını istisna etmir. Bu ehtimal həm də Fələstin-İsrail atəşkəsi, Qəzzada müharibənin sona çatması fonunda gündəmə gəlir. Yəni indi yəhudi dövlətinin yeni hərbi əməliyyatlara başlaması üçün əl-qolu açıqdır. Dünya birliyi isə Qərblə İran arasında danışıqların bərpasında maraqlıdır, çünki Yaxın Şərqdə yeni miqyaslı müharibənin qarşısını yalnız bu yolla almaq olar. Sülh üçün şansın olub-olmadığı isə yəqin ki, qarşıdakı bir neçə ayda bilinəcək.



MƏSLƏHƏT GÖR:

51