«ARZU» XÜLYAYA QARŞI
Hakim partiya qalib gəlir, Avropa tənqid edir, «qızılgül inqilabı»nı təkrarlamaq cəhdləri isə məğlub olur
Müəllif: NURANİ
Dünyanın əksər ölkələrində bələdiyyə seçkisi xüsusi emosiya doğurmur. Bu seçki yerli hakimiyyət orqanlarını formalaşdırmaq üçün keçirilir və odur ki, qlobal hadisə sayılmır. Yəni bələdiyyə seçkisində söhbət sırf yerli məsələlərdən gedir. Başqa sözlə desək, bələdiyyə seçkisi bir növ ictimai rəyin öyrənilməsidir. Adətən, bu seçkilərdən sonra təhlillər mərhələsi başlayır. Xüsusilə nəticələrdən narazı olan partiyalar «səhvlər üzərində iş»ə başlayır, ekspertlər və analitiklər öz versiyalarını irəli sürür və s.
Lakin Gürcüstanda bələdiyyə seçkisi istisna təşkil edib. Etiraz aksiyaları, Prezidentin Sarayına hücum, dövlət çevrilişi cəhdilə bağlı ittihamlar – ölkədə ciddi gərginlik hökm sürür. Gürcüstan hakimiyyəti radikal müxalifəti «xarici ölkələrin agenturası» adlandırır, onların Avropa ölkələri tərəfindən idarə olunduqlarını iddia edir. Avropalılar isə Gürcüstan rəhbərliyini demokratiyanı pozmaqda günahlandırır, onu dolayısı ilə Rusiya ilə hədsiz yaxınlıqda ittiham edir.
Bakı ilə Tbilisi arasında strateji tərəfdaşlıq mövcuddur. Azərbaycan Gürcüstan iqtisadiyyatının əsas investorlarındandır. Azərbaycanın əsas ixrac boru kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu məhz bu ölkənin ərazisindən keçir. Odur ki, Bakı qonşu ölkədə sabitliyin, əmin-amanlığın olmasında son dərəcə maraqlıdır. Bakı-Tbilisi münasibətləri ayrı-ayrı siyasətçilərin deyil, məhz dövlətlərin münasibətidir. Bu münasibətlər elə səviyyəyə çatıb ki, daxili siyasi proseslər vəziyyətə yalnız müəyyən qədər, məhdud təsir göstərə bilər. Hər bir halda, Azərbaycanda Tbilisidən gələn olduqda dramatik xəbərləri çox diqqətlə izləyirlər.
Hakim partiya qalibdir, amma…
Oktyabrın 4-də keçirilmiş seçki hakim «Gürcü arzusu» partiyasının inamlı qələbəsi ilə başa çatıb. Onun nümayəndələri praktik olaraq, bütün bələdiyyələrə seçiliblər. «İstisnasız olaraq, 64 bələdiyyənin hər birində və bütün şəhərlərdə bizim mer namizədlərimiz və partiya siyahısından olan insanlarımız orta hesabla 75% dəstək qazanıblar», - deyə Gürcüstanın Baş naziri İrakli Kobadixde bildirib.
Əlbəttə, istəyən burada hansısa mənfi məqam tapa bilər. Məsələn, seçkidə seçici fəallığı rekord həddə aşağı olub – 50%-dən də az. Ölkənin iki əsas müxalifət partiyası – «Vahid Milli Hərəkat» və «Dəyişikliklər uğrunda» partiyaları seçkini boykot edib. Xatırladaq ki, onların hər ikisi ölkənin hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşviliyə yaxın siyasi təşkilatlardır.
Bundan başqa, Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Kaya Kallas və genişlənmə, şərq qonşuluğu, Ukraynanın bərpası üzrə avrokomissar Marta Kosun birgə bəyanatında deyilir ki, Gürcüstanda bələdiyyə seçkisi «müxalifətə qarşı hərtərəfli repressiya şəraitində» keçirilib. Onların sözlərinə görə, Gürcüstanda «müstəqil mediaya qarşı aylardır aparılan reydlər, vətəndaş cəmiyyətinə qarşı qəbul olunan qanunlar, müxalifətçilərin və fəalların həbsi, eləcə də seçki qanunvericiliyinə hakim partiyanın maraqlarına uyğun edilən dəyişikliklər ədalətli seçkinin keçirilməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırıb». Tbilisinin seçkinin gedişini izləməyə beynəlxalq müşahidəçiləri buraxmaması isə «prosesin şəffaflığına kölgə salıb».
Bununla yanaşı, Kallas ilə Kos həm Gürcüstan hakimiyyətini, həm də müxalifəti «təmkinli olmağa» çağırıblar. Lakin səsvermənin nəticələri elan olunar-olunmaz, radikal müxalifət nümayəndələri Rusiya bayraqlarının yandırıldığı mitinqlərin təşkili ilə kifayətlənməyərək, Prezident Sarayını ələ keçirməyə cəhd göstəriblər. Onların qarşısına çıxan polis gözyaşardıcı qazdan istifadə edib, ən fəal müxalifətçilər – opera müğənnisi Raata Burçuladze, sabiq baş prokuror Murtaz Zodelava, İrakli Nadiradze, Paata Manjqaladze və Laşa Beridze saxlanılıblar. Hakimiyyət onları az qala, dövlət çevrilişi cəhdində ittiham edir.
«Qızılgül»ün ləçəkləri töküldü, tikanları qaldı
Baş nazir İrakli Kobaxidze Prezident Sarayının ələ keçirilməsi cəhdini şərh edərkən bildirib ki, sabiq dövlət başçısı Mixail Saakaşvilinin «Vahid Milli Hərəkat» partiyası ölkədə «maydan» təşkil etmək istəyir. «Belə cəhdləri edənlərin hər biri cəzalandırılacaq», - deyə Kobaxidze qeyd edib. Amma əslində söhbət «maydan»dan deyil, 2023-cü ildə Saakaşvilinin hakimiyyətə gəlməsilə nəticələnmiş «qızılgül inqilabı»nın təkrarlanması cəhdindən gedir.
Amma müxalifətin budəfəki cəhdi baş tutmayıb. Çoxlarının istehza ilə dediyi kimi, «bir çaya iki dəfə girməzlər». Xüsusilə siyasətdə də eyni üsuldan iki dəfə istifadə mümkün deyiil. 2003-cü ildə Gürcüstanda dəyişikliklər yetişmişdi və Saakaşvili korrupsiya ilə mübarizə, Qərb tipli demokratiya və islahatlar şüarı ilə xalqın dəyişiklik ümidi kimi ortaya çıxmışdı. Lakin on il sonra – 2013-cü ildə o, hələ prezident olarkən seçkini uduzub və bu məğlubiyyətin də təbii ki, öz səbəbləri var idi.
Müşahidəçilər Gürcüstanda 2021-ci ildə yaşamış hadisələri xatırladırlar. Həmin il də ölkədə bələdiyyə seçkisi keçirilirdi. O zaman barəsində axtarış elan olunmuş Saakaşvili gizli şəkildə Gürcüstana qayıtdı. Sabiq prezident ümid edirdi ki, tərəfdarları seçkini böyük üstünlüklə qazanacaq, nəticədə, o, xalqın qarşısına qalib kimi çıxacaq, hakimiyyət onu həbsə atmağa cürət etməyəcək. Çünki bu halda hökumət istər daxildə, istərsə də Qərbdən təzyiqlərə məruz qalacaq. Lakin müxalifət həmin seçkidə məğlub oldu, Saakaşvili isə dərhal saxlanılaraq, azadlıqdan məhrum edildi.
Bu gün ekspertlərin də qeyd etdiyi kimi, Gürcüstanda müxalifət düşərgəsi parçalanmış vəziyyətdədir. 2003-cü ildə hakimiyyətə qarşı müxalifətin kifayət qədər geniş koalisiyası çıxış edirdisə, indi vəziyyət tam fərqlidir. Prezident Sarayına hücuma münasibət hətta müxalifət düşərgəsində belə, birmənalı deyil. Məsələn, Gürcüstanın hələ də özünü «qanuni dövlət başçısı» sayan sabiq prezidenti Salome Zurabişvili Paata Burçuladzeni, Murtaz Zodelavanı, həmçinin «Azadlıq meydanı» müxalifət hərəkatının digər liderlərini «təxribatçı», «hakimiyyətin agenti» adlandırıb. Zurabişvili hesab edir ki, bu şəxslər gürcü xalqının dinc etirazını gözldən salmağa çalışırlar. Xatırladaq ki, Zurabişvili vaxtilə Saakaşvilinin komandasında xarici işlər naziri vəzifəsini tutub.
Bir sözlə, Gürcüstanın siyasi səhnəsində «inqilabi qızılgüllər» çoxdan solub və indi onların yalnız «tikanları» qalıb. Yeni inqilab cəhdini xalq sadəcə olaraq, dəstəkləməyib. Yəni müxalifətin Prezident Sarayını ələ keçirmək cəhdinə nə yetərli siyasi, nə də ictimai dəstək olub.
Bu yerdə seçki sonrakı zorakılıqları pisləməyə tələsməyən avropalı diplomatlara bəzi suallar yaranır: onlar Prezident Sarayına hücumu «demokratiyanın təzahürü» sayırlarmı? Yoxsa bu, tam başqa məsələdir? Axı, məsələn, Vaşinqtonda Kapitoliyə hücum cəhdi polis tərəfindən sərt tədbirlərlə qarşılanmış, iştirakçılar həbs oluranar ciddi şəkildə cəzalandırılmışdılar. O vaxt heç kimin ağlına Co Bayden administrasiyasını «demokratiya çatışmazlığı»nda günahlandırmaq gəlməmişdi. Bəs Gürcüstanda bənzər hala necə yanaşılmalıdır?
«Gürcü arzusu» «Avropa xülyaları»na qarşı
Bir müddət əvvələdək Gürcüstan Cənubi Qafqazın Avropaya «ən çox inteqrasiya etmiş» ölkəsi sayılırdı. Tbilisidə ölkənin NATO və Avropa İttifaqına üzv olmaq niyyəti açıq şəkildə bəyan edilir, Aİ ilə müxtəlif sazişlər imzalanırdı. Bunun qarşılığında Gürcüstana çox cazibədar sayılacaq «mükafat» da verilmişdir – vizasız rejim. Lakin sonra vəziyyət dəyişdi. Əvvəlcə Tbilisiyə mübahisəli məsələlərdən olan LGBT mövzusunda təzyiqlər başladı. Daha sonra Ukrayna müharibəsinin başlaması ilə Tbilisidən Rusiyaya qarşı «ikinci cəbhə» açması istənildi, antirusiya sanksiyalarına qoşulması tələb olundu. Tbilisi bu tələbləri rədd etdi. Birincisi, ona görə ki, ölkənin iqtisadi reallıqları bu addımları atmağa imkan vermir. İkincisi və daha önəmlisi, 2008-ci ilin «beş günlük müharibə»si zamanı qərbli müttəfiqlərin Gürcüstana lazımi dəstəyi göstərmədiyini burada hamı yaxşı xatırlayır. O zaman Qərb bu ölkəni, sadəcə, növbəti «yenilənmə»yə qurban verdi və bu, yalnız «aysberqin görünən tərəfi» idi.
Bu reallıqlar açıq şəkildə dilə gətirilməsə də, fakt faktlığında qalır. 1990-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində belə, «Avropaya inteqrasiya» ifadəsi postsovet məkanının auditoriyası üçün sehrli təsirə malik idi. Aİ də öz növbəsində, sanki hər imkanda bu bölgənin Avropa hissəsində yerləşən ölkələrin gələcəkdə ittifaqa qoşula biləcəyinə eyham vururdu. Bu, təbii ki, «bu gün və ya sabah» baş verməyəcəkdi. Əvvəlcə tələb olunan islahatlar aparılmalı idi. Bu məqsədlə «Şərq Tərəfdaşlığı» adlı xüsusi proqram da yaradılmışdı. Məlum olduğu kimi, bu proqramın iştirakçıları sırasında Azərbaycan da var idi. Lakin Bakı «Şərq Tərəfdaşlığı» çərçivəsində təklif olunan inteqrasiya layihələrindən ilk gündən imtina edib. Məsələ ondadır ki, Azərbaycan öz suverenliyini nə Brüssel, nə Moskva, nə də hər hansı başqa güc mərkəzi ilə bölüşmək niyyətindədir. Bu səbəbdən, o, qeyri-müəyyən «assosiasiya» haqda danışmaqdansa, Aİ ilə «strateji tərəfdaşlıq sazişi»nin imzalanmasına üstünlük verib. Proqramın digər iştirakçıları olan Gürcüstan, Moldova və Ukrayna isə Avropaya inteqrasiya yolunu seçmişdilər.
Lakin çox keçmədən «oyun qaydaları» dəyişib. Aİ-də «genişlənməyə moratorium» mövzusu gündəmə gəlib və bununla da postsovet məkanı ölkələrinin «Avropa ailəsi»nə qoşulması məsələsi qeyri-müəyyən müddətə təxirə salınıb. Buna baxmayaraq, Avropa tərəfdaş ölkələrin daxili və xarici siyasətinə müdaxilə, onlara necə hərəkət etməli olduqları haqda diqtə etmək hüququnu özündə saxlayıb.
Nəticədə, bu gün yalnız Gürcüstanda deyil, digər ölkələrdə də «Avropa məyusluğu» hissi getdikcə güclənir. Buna bariz nümunə Moldovada 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkisi və referendumdur. Səsvermədə seçicilərin qarşısına «Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyirsinizmi?» sualı qoyulmuşdu və bu suala müsbət cavab verənlərin sayı cəmi 50%-dən bir qədər artıq olub. Moldovada Avropa arzusu»na bu qədər spektik münasibətin ola biləcəyi gözlənilmədiyindən, referendumun nəticəsi hər kəsi ciddi şəkildə təəccübləndirib.
Gürcüstanda isə 2008-ci il hadisələri, Rusiyanın tikanlı məftillər çəkdiyi sərhədlər, avropalı tərəfdaşların 2008-ci ildəki «dəstəyi» heç kim tərəfindən unudulmayıb. Belə bir vəziyyətdə Tbilisinin haqlı narahatlığı qarşısında Aİ-nin qısqanclıq, tənqid kampaniyası başlatması təəccüblü deyil. Nəticə isə tam məntiqlidir: artıq «Avropaya inteqrasiya» şüarı əvvəlki sehrini itirib və bu səbəbdən də Avropa Gürcüstanda növbəti seçkini də uduzub.
MƏSLƏHƏT GÖR:




88

