QAYDASIZ SKUTER
Təhlükəsizliklə bağlı sərt qanunların tətbiqi halında elektrik skuterləri Bakının müasir simasının bir hissəsinə çevrilə bilər
Müəllif: Sabirə ƏLƏKBƏR
Dünya paytaxtlarının ictimai təhlükəsizlik təhdidləri və infrastrukturun yüklənməsini əsas gətirərək elektrik skuterlərindən istifadəyə sərt məhdudiyyətlər qoyduğu, yaxud onları tamamilə qadağan etdiyi bir vaxtda Azərbaycan tam fərqli yol seçib. Bakıda onlar mikromobillik və gənclərin istirahət mədəniyyətinin rəmzinə çevrilib. Lakin yol qəzalarının sayı, o cümlədən ölüm ilə nəticələnən faciəvi qəzalar getdikcə artır və nəticədə, bir sual aktuallıq qazanır: necə etmək olar ki, innovativ fayda ilə yol təhlükəsizliyi bir-birilə ziddiyyət təşkil etməsin?
Bakı Paris deyil
Nəqliyyat üzrə ekspert Aslan Aslanov haqlı olaraq bildirir ki, Avropada bu sahəyə tətbiq olunan qadağaların səbəbləri əsasən iqlim və infrastruktur xüsusiyyətlərindən qaynaqlanır. Uzun soyuq mövsümlərin olduğu, tez-tez yağışların yağdığı ölkələrdə skuterlərdən ilin bütün aylarında istifadəni mümkünsüz edir. «Azərbaycanda isə vəziyyət fərqlidir. Son illərdə ölkədə xüsusilə gənclər arasında skuterlər çox populyarlaşıb… Paytaxtın avtomobillərin hərəkəti sıx olan rayonlarında onlar insanların daha sürətli hərəkət etməsinə imkan verir. Odur ki, yaxın gələcəkdə onların qadağan ediləcəyi gözlənilmir», - deyə ekspert bildirib.
Həqiqətən də, isti iqlim və paytaxtın mərkəzi rayonlarında sıxlığın azaldılması zərurəti şəhər mühitində skuterlərin faydalılığını artırır. Onlar qısa məsafələr üçün şəxsi avtomobillərə daha sürətli, ucuz və ekoloji təmiz alternativ yaradır.
Təhlükəsizlik
Lakin yol qəzalarının sayının artımı ilə skuterlərdən istifadənin müsbət tərəflərinin üzərinə kölgə düşür. Bakı ilə bağlı xəbərlərdə mütəmadi olaraq skuterlərin qurbana çevrildiyi, yaxud toqquşmalara səbəb olduğuna dair məlumatlara rast gəlinir. İşıqforun qırmızı işığına məhəl qoymamaq, avtomobillərin arası ilə təhlükəli manevrlər etmək, lazımi qoruyucu vasitələrdən istifadə etməmək skuteri rahat hərəkət vasitəsindən yüksək riskli obyektə çevirir. Xüsusilə insanların sıx olduğu ərazilərdə vəziyyət daha kritikdir. Onların həddindən artıq sürətlə hərəkət etməsi piyadalar üçün təhlükə yaradır. Burada mədəniyyətin səviyyəsinin lazımi həddə olmaması, əsas hərəkət qaydalarına əməl edilməməsi məsələsi də var. Bir çox hallarda skuter idarəçiləri qadağanedici nişanlara əhəmiyyət vermir, gəzinti zonalarına daxil olur. Demək, faciəvi nəticələr qaçılmazdır.
Uşaqlar yollarda
Problemin ən ağrılı tərəfi skuterlərin uşaqlar və yeniyetmələr tərəfindən geniş istifadə olunmasıdır. Üstəlik, bu hala Bakının avtomobillərin hərəkəti sıx olan rayonlarında çox rast gəlinir. Təcrübəsi, vəziyyəti qiymətləndirmək bacarığı olmayan uşaqlar hərəkətin ən həssas iştirakçılarına çevrilir və mümkün yol qəzası zamanı onların aldıqları zədələr çox vaxt ölüm, yaxud əlilliklə nəticələnir.
Azərbaycan qanunvericiliyində vacib addım atılaraq, skuterlər «kiçik elektrik nəqliiyat vasitəsi» (gücü 1kVt-dək, çəkisi 55 kiloqramadək) kimi təsnif edilib. Onların idarə olunması üçün isə minimal yaş həddi müəyyənləşdirilib – 14 yaş. «Yol hərəkəti haqqında» Qanuna edilmiş bu dəyişikliyin məqsədi skuter sürücülərini hüquqi müstəviyə çəkmək, onları velosipedçilərlə eyni kateqoriyaya aid etmək idi. Lakin sosial məsuliyyətsizlik qarşısında qanun sanki «sınıb». Bu gün küçələrdə yaşı 14-dən az olan uşaqların sərbəst şəkildə skuter idarə etdiklərini görmək mümkündür. Onların yol hərəkətinin iştirakçısına çevrilmələri əlbəttə ki, həm də valideynlərin laqeydliyinin nəticəsidir.
Mənəvi və hüquqi məsuliyyət
Hazırda Azərbaycan qanunvericiliyinə bu sahə ilə bağlı aşkar boşluq var. Söhbət valideynlərə qarşı birbaşa və sərt inzibati təsir mexanizminin olmamasından gedir. 14 yaşadək uşağın vurduğu zərərin vətəndaş məsuliyyəti valideynlərə aid olsa da, bu, postfaktum xarakteri daşıyır və faciələrin qarşısının alınmasında işə yaramır. Önləyici əngəlin yaradılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik vacibdir.
Nəzarətin sərtləşdirilməsinə dair təkliflərdə valideynlər üçün konkret və ciddi inzibati cərimənin tətbiqi nəzərdə tutulur. Cərimə 14 yaşına çatmamış uşağa skuter verməyə, uşağın yol hərəkətinin iştirakçısına çevrilməsini əngəlləməməyə görə tətbiq edilməlidir. Bundan başqa, ekspertlər təklif edirlər ki, yetkinlik yaşına çatmamış övladı xüsusi qoruyucu vasitələr olmadan skuter idarə edən valideynlərə də inzibati cərimə tətbiq olunsun, eyni zamanda hüquq-mühafizə orqanlarına uşağın qanuni nümayəndəsi gələnədək skuteri müsadirə etmək hüququ verilsin.
Yeri gəlmişkən, zədələnmələrlə mübarizədə qoruyucu vasitələrdən istifadə ilə bağlı məsələnin hüquqi tənzimlənməsi də önəmli aspektlərdəndir. «Yol hərəkəti haqqında» Qanunda «kiçik elektrik nəqliyyat vasitəsi» velosipedlə eyniləşdirildiyindən, moped və motosiklet sahibləri üçün mövcud olan kaskadan istifadə tələbi çox vaxt skuter sürücülərinə tətbiq edilmir.
Lakin nəzərə almaq lazımdır ki, bəzi skuterlərin sürəti saatda 25 km və daha yüksək olur. Nəticədə, qəza zamanı kaskanın olmaması çox vaxt kəllə-beyin travmasına, hətta ölümə aparıb çıxarır. İstər istifadəçilərin, istərsə də onların valideynlərinin laqeydliyi bu kateqoriyalı nəqliyyat vasitələri üçün qoruyucu vasitələrindən istifadəni tələb edən aydın qanunvericilik normasının olmamasının nəticəsidir.
Bu vəziyyəti avtomobillərdə təhlükəsizlik kəmərinin istifadəsi ilə müqayisə etmək olar: o, passiv qoruma vasitəsi olsa da, əksər ölkələrdə (o cümlədən Azərbaycanda) kəmərdən istifadə sadəcə təklif yox, ciddi tənzimlənən normadır və bu normaya əməl edilməməsinə görə cərimə nəzərdə tutulur.
Demək, bu problemin həlli üçün İnzibati Xətalar Məcəlləsinə xüsusi əlavənin edilməsi vacibdir. Bəli, elektroskuter və velosiped sürücüləri, xüsusilə yetkinlik yaşına çatmayanlar üçün kaskadan istifadə məcburi olmalı, eyni zamanda bu tələbə əməl etməyən uşaqların valideynləri üçün də ciddi inzibati cərimələr nəzərdə tutulmalıdır. Yəni praktik olaraq, dövlət bu insanların təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürməli, minimal müdafiəni tövsiyə etməklə kifayətlənməməli və məcburi etməlidir.
Bu qaydaların İnzibati Xətalar Məcəlləsində təsbit edilməsi mövcud yaş məhdudiyyəti və digər qaydaların hüquqi normaya çevrilməsinə imkan yaradacaq.
Yetkin skuter istifadəçilərinin məsuliyyəti də eyni dərəcədə vacibdir. Böyüklər də çox vaxt velosiped üçün ayrıca yolun olduğunu nəzərə almır, səki və ya avtobus zolaqları ilə hərəkət edir, üstəlik, bu zaman kaska taxmırlar. Bu isə gənclər üçün pis nümunə olmaqla yanaşı, həm də həmin şəxslərin özlərinə təhlükə yaradır.
Beləliklə, İnzibati Xətalar Məcəlləsində skuterlərin səkilərlə hərəkəti (xüsusi ayrılmış zonalar istisna olmaqla) və qoruyuculardan istifadə edilməməsinə görə cərimə tətbiqi nəzərdə tutulmalıdır. Skuter sürmə mədəniyyətini tələb olunan səviyyəyə məhz bu yolla qaldırmaq mümkündür.
Medalın iki üzü
Digər yandan şəhər infrastrukturunun inkişafını müsbət məqam kimi qeyd edə bilərik. Bakıda velosipedlər üçün ayrıca zolaqlar yaradılıb, qanunvericiliyə edilmiş dəyişikliyə görə bu yollar həm də skuterlərin hərəkəti üçündür. Lakin infrastruktur təhlükəsizliyi təmin etmir. Bir çox istifadəçi isə xüsusi ayrılmış yolların olduğunu belə, nəzərə almır. Odur ki, sadəcə bu yolları yaratmaqla kifayətlənmək yox, onların ardıcıllığını, məntiqliliyini də təmin etmək, həmçinin skuterlərin məhz həmin yollardan istifadəsinə nəzarət təmin olunmalıdır. Xüsusilə piyada zonaları yaxın ərazilərdə sürət rejiminə nəzarət də vacib məqamlardandır.
Sərt tənzimləmə
Azərbaycan mikromobilliyin faydasını anlayaraq, Avropadakı məhdudiyyət və qadağa yolunu seçmir. Bu, doğru seçimdir. Lakin təcili və sərt tənzimləyici tədbirlər, valideynlərin məsuliyyəti, həm azyaşlı, həm də yetkin skuter istifadəçilərinin intizamlılığı təmin olunmadan vəziyyəti idarə etmək mümkün deyil. Elektroskuterlər Bakının müasir simasının bir hissəsinə çevrilə bilər. Amma bu, gündəlik yol qəzaları ilə bağlı faciəvi xəbərlərlə müşayiət olunmamalıdır. Uğurun açarın balanslı yanaşmadadır: infrastrukturun inkişafı, sərt qanunvericilik və ən əsası fərdi məsuliyyət.
Bakı yolayrıcındadır: nizam-intizam, məsuliyyət və cəza yolu seçilərsə, skuterlər təhlükəsiz, faydalı şəhər nəqliyyatına çevrilər. Seçim aydındır: mikromobilliyin gələcəyinə əsas investisiya qanun və nizam-intizam olmalıdır.
MƏSLƏHƏT GÖR:



28

