YAŞIL VƏ AĞILLI
Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri təcrübəsi ölkədə şəhərsalmanın yeni konsepsiyasının formalaşmasına kömək edir
Müəllif: Ağasəf NƏCƏFOV
Vətən müharibəsindəki qələbədən beş il ötür. Bu qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda minlərlə kilometr avtomobil yolu çəkilib, üç aeroport tikilib, energetika və kommunal sahələr bərpa edilib, hazırda yaşayış, sosial və sənaye obyektləri inşa edilir. Bu genişmiqyaslı tikinti işləri yerli inşaatçı və podratçıların fəaliyyətini dəstəkləyib, tikinti materiallarının istehsalını artırmağa kömək edib və bütün sahənin inkişafının hərəkətverici qüvvəsi olub.
Görülmüş işlərin miqyası və yeni trendlər V Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (“Rebuild Karabakh 2025”), həmçinin III Milli Şəhərsalma Forumunda (NUFA3) nümayiş etdirilib.
Birgə səylər
“Builki V “Rebuild Karabakh” sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik”, - Azərbaycan Prezidenti İlham Əliyevin “Rebuild Karabah 2025” sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.
Xəzər İnşaat Həftəsi forumlarına tükənməz maraq dünya tikinti materialları istehsalçılarının, tikinti xidmətləri təchizatçılarının, qabaqcıl texnologiyaların tərtibatçılarının, layihə və konsaltinq firmalarının azad edilmiş ərazilərdəki milyardlarla dollarlıq layihələrdə podratçı kimi iştirak etmək istəyini aydın göstərir. Bu, böyük “Qarabağ tikintisinin” Xəzər regionu üçün misli görünməmiş həcmini nəzərə alsaq, təəccüblü deyil: 2021-2025-ci illərdə bərpa işlərinə ayrılmış büdcə vəsaitləri 23 milyard manatdan çox qiymətləndirilir. Bu, heç də son hədd deyil, çünki uzunmüddətli planda 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərinə qayıtması üçün ərazilərin abadlaşdırılması dayanır.
Podrat işlərində Türkiyə şirkətləri liderlik edir, onlar avtomobil və dəmir yollarının, aeroportların, kommunal və enerji infrastrukturlarının tikintisi və avadanlıq tədarükü üzrə müqavilələrin əksəriyyətini həyata keçirirlər. Türkiyə biznesi həmçinin mineral ehtiyatlarının, qızıl və mis yataqlarının mənimsənilməsi, turizm, kənd təsərrüfatı emalı, geyim istehsalı və s. sahələrin inkişafı üçün çoxlu sayda investisiya təklifləri ilə çıxış edib.
Enerji şəbəkələri və yarımstansiyaların inkişafında isə İtaliya podratçıları fəaldır, Rusiya və Belarus şirkətləri isə yük nəqliyyatının xidməti və aqroşəhərciyin tikintisi üzrə layihələr həyata keçirirlər. Özbəkistan, Qazaxıstan, Böyük Britaniya, Macarıstan, İsrail, Pakistan sahibkarlarından da bir sıra təkliflər var: ümumilikdə 40-dan çox ölkədən.
Lakin işğaldan azad edilmiş torpaqlardakı “tikinti meydançası” ən çox onlarla yerli MTK-nı (mənzil-tikinti kooperativləri), həmçinin podrat və nəqliyyat qurumlarını beş ildir ki, işlə təmin edir. Üstəlik, bu kapital tutumlu işlər əsas tikinti materiallarının istehsalının artımını stimullaşdıran drayver rolunu oynayıb: o cümlədən artan dövlət sifarişləri hesabına.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə yerli müəssisələr tikinti materiallarının istehsalını 12,6% artırıb, 2023-cü ildə bu göstərici 31,8%-ə qalxıb, 2024-cü ildə isə 16,9% səviyyəsində qalıb. 2025-ci ilin nəticələri hələ yekunlaşmayıb, lakin üç rüb ərzində tikinti materialları istehsalının həcmi artıq 1 milyard manatı keçib.
Diqqətəlayiq haldır ki, yerli müəssisələr istehsalı artıraraq anbar ehtiyatlarını doldurub. Bu da onlara tədarükləri çevik idarə etməyə və artıq məhsulları xaricə satmağa imkan verib. “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) İctimai Birliyinin sədri Ramiz İsayevin sözlərinə görə, 2023-cü ildə tikinti materialları ixracı təxminən 60 milyon dollar, 2024-cü ildə isə 68,5 milyon dollar təşkil edib ki, bu da 14,2%-lik artım deməkdir. O qeyd edib ki, 2025-ci ilin yekununa görə isə keçənilki göstəricidən 20%-dən çox artım ola bilər.
Onun sözlərinə görə, bu, sahənin daxili tələbatın artması fonunda dinamik inkişafı ilə bağlıdır: “Əsas tələbat beton, sement, armatur, izolyasiya materialları, kərpic, kafel və metal konstruksiyalara müşahidə olunur: tələbatın böyük hissəsi ölkə daxilindəki böyük infrastruktur layihələri, o cümlədən “Böyük Qayıdış” proqramı, həmçinin Gürcüstan və Mərkəzi Asiya ölkələrindən sifarişlərlə bağlıdır”.
İqlimədavamlı və sağlam şəhərlər
Qarabağ regionunun dirçəlişinin ikinci mərhələsində diqqət yaşayış və sosial infrastrukturların tikintisi, həmçinin dövlət-özəl tərəfdaşlıq çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün iş yerlərinin yaradılması məqsədilə xidmət və istehsal obyektlərinin açılmasına yönəlib. Burada işlər kifayət qədər çoxdur. Belə ki, hazırda 300 mindən çox əhalisi olan 8 şəhər və 90 kəndin baş planları təsdiq edilib.
Bu gün vətəndaşlar azad edilmiş 6 şəhər və 22 kəndə qayıdıblar. Keçmiş məcburi köçkünlərin qəbulu prosesi ən fəal şəkildə mənzil tikintisinin aparıldığı Şuşa, Zəngilan, Füzuli, Ağdam, Laçın rayonlarında həyata keçirilir. 2027-ci ilin əvvəlinə qədər burada on minlərlə mənzil və fərdi yaşayış evinin inşası planlaşdırılır.
Azərbaycanın ən yeni tarixində ilk dəfə olaraq Qarabağ regionunda işlər ən qabaqcıl şəhərsalma metodlarının tətbiqi ilə aparılır. Burada əsas prinsip kimi müasir rəqəmsal və “yaşıl həllər”dən, o cümlədən kommunal və yaşayış sektorlarının, eləcə də ictimai nəqliyyatın idarə edilməsində “ağıllı şəhər” konsepsiyasının mexanizmlərindən istifadə etməklə enerji səmərəli şəhər və kəndlərin inkişafı müəyyən edilib.
Son illərin nailiyyətləri və bu sahədə qabaqcıl həllərin tətbiqi perspektivləri əvvəlcə Xankəndidə, daha sonra isə NUFA3 panel iclaslarının keçirildiyi Bakıda müzakirə edilib. Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı ilə təşkil edilmiş forumda 60-dan çox ölkədən təxminən 400 nümayəndə iştirak edib. Bu il NUFA3 tədbirləri “İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə” şüarı altında keçirilib.
“BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür”, - İlham Əliyevin NUFA3 iştirakçılarına müraciətində bildirilir. Dövlət başçısı vurğulayıb ki, ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir: “Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir”.
Baza prinsiplər
Qarabağ regionunun bərpası prosesi dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik məsələləri və memarlıq layihələndirməsində və şəhər mühitinin idarə edilməsində müasir texnologiyaların istifadəsi ilə bağlıdır. Burada yeni yanaşmalar sınaqdan keçirilir: rəqəmsal planlaşdırma, enerji səmərəli tikinti, bərpa olunan enerji mənbələri və təbii landşaftların memarlıq məkanına inteqrasiyası.
Azərbaycanın şəhərsalma siyasətinin strateji istiqaməti ekoloji cəhətdən təhlükəsiz, dayanıqlı və rahat şəhər mühitinin formalaşdırılmasına yönəlib. Şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, enerji səmərəli infrastrukturun inkişafı, balanslaşdırılmış urbanistik ekosistemin yaradılması məsələlərinə xüsusi diqqət yetirilir.
Forum zamanı əyanilik üçün “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının həyata keçirildiyi Zəngilan rayonunun Ağalı, Füzuli rayonunun Dövlətyarlı kəndləri, eləcə də Xocalı şəhəri “ağıllı yaşayış məntəqələri”nin formalaşması nümunələri kimi göstərilib. Bu yaşayış məntəqələrində və ümumiyyətlə, Qarabağda postsovet məkanında ilk dəfə olaraq kommunal sektorun və tullantıların idarə edilməsinin rəqəmsallaşdırılması elementləri kütləvi şəkildə tətbiq edilir, “yaşıl generasiya” istifadə olunur.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin sözlərinə görə, Ağalı kəndi dayanıqlı həllər və “yaşıl texnologiya”lar baxımından etalondur. Bu gün burada bu sahədə bütün işləri müqayisə etmək üçün özünəməxsus bençmark (obyektiv qiymətləndirmə üçün test toplusu) formalaşdırılıb.
Şuşa, Xankəndi, Xocalı, Ağdam, Laçında yanğın təhlükəsizliyi və təbii fəlakətlər barədə xəbərdarlıq sistemlərində ən yeni texnologiyalar fəal istifadə olunur, “ağıllı parkinq”lər, avtobus dayanacaqları və s. ilə şəhər nəqliyyatının inteqrasiya edilmiş idarəetmə mərkəzləri yaradılır. Mənzil tikintisində ekoloji materiallar, həmçinin IoT-texnologiyaları (“ağıllı ev”) kütləvi tətbiq olunur.
Bərpa olunan enerji mənbələri Qarabağın yaşayış məntəqələrinin əsas enerji mənbəyi kimi görünür. Elektrik enerjisinin ən səmərəli bölüşdürülməsi Şuşa şəhəri ərazisində formalaşdırılıb: şəhərdə LED işıqlandırma istifadə olunur, günəş batareyalarının kütləvi quraşdırılması və s. həyata keçirilir.
Enerji səmərəliliyi prinsipi azad edilmiş ərazilərdə çoxmərtəbəli və fərdi evlərin tikintisinin əsas parametri kimi qəbul edilib. Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi A, B, C, D, E enerji səmərəliliyi kateqoriyalarını qəbul edib. Xüsusilə Azərbaycanda artıq C-dən aşağı kateqoriyalı evlərin istismarı qadağan edilib, Qarabağ regionunda da aşağı kateqoriyalı evlərin tikintisinə icazə verilməyəcək. Eyni zamanda biznes subyektləri binaların enerji səmərəliliyini yaxşılaşdırmağa, qənaətli işıqlandırma, isitmə, kondisioner sistemlərini tətbiq etməyə, istilik izolyasiyasını yaxşılaşdırmağa və s. stimullaşdırılır.
Azad edilmiş ərazilərdə əlçatan ictimai məkanların, təhlükəsiz nəqliyyat mühitinin, ekoloji cəhətdən təmiz istirahət zonalarının və təhsil mərkəzlərinin yaradılması şəhər və kənd inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilir.
“Bu gün Qarabağ regionunda təkcə dağıdılmış şəhərlər bərpa olunmur, həm də sıfırdan dayanıqlı və intellektual yaşayış mühiti yaradılır: sakinlər xəstəxanalara, məktəblərə, uşaq bağçalarına və xidmət məntəqələrinə 15 dəqiqəyə çata biləcəklər, bu, ekoloji və səmərəli həyat tərzinə töhfə verən “15 dəqiqəlik şəhər modelidir”, - Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, yeni qəsəbələr əsas magistral və tranzit xətləri boyunca tikilir ki, bu da sakinlərin iş yerlərinə, logistika mərkəzlərinə və sənaye zonalarına çıxışını asanlaşdırır, həmçinin yerli sahibkarlığı stimullaşdırır. Belə yanaşma büdcəyə qənaət edir və sakinlər üçün rahatlıq təmin edir.
Şübhəsiz, şəhərsalma və urbanizasiya mühitinin formalaşması sahəsində qabaqcıl texnologiyalar və nou-hau Qarabağ regionunun dirçəliş proqramının əsas prinsipinə çevriləcək. Burada qazanılmış təcrübə tədricən bütün ölkə üzrə oxşar yanaşmaların tətbiqi üçün əsasa çevrilir, vahid şəhərsalma baxışını – “yeni Azərbaycan şəhəri” konsepsiyasını formalaşdırır.
MƏSLƏHƏT GÖR:







23

