5 Dekabr 2025

Cümə, 09:03

QƏZZA: KÖVRƏK SÜLH

Beynəlxalq birlik israillilərlə fələstinlilər arasında müharibənin bərpasını əngəlləyə biləcəkmi?

Müəllif:

01.11.2025

Qəzza sektorunda Şarm əl-Şeyxdə keçirilmiş sammitdə əldə olunmuş sülh razılaşmasına ümumilikdə əməl edilir. Lakin İsrailin bu Fələstin anklavına vaxtaşırı endirdiyi zərbələr, həmçinin radikal HƏMAS qruplaşmasının taleyinin hələ də qeyri-müəyyən qalması bölgədə real və dayanıqlı sülhün bərqərar olduğunu söyləməyə imkan vermir.

 

SAXAL-ın zərbələri və HƏMAS-ın tunelləri

ABŞ Prezidenti Donald Trampın sülh planı əsasında əldə olunmuş razılaşmaya əsasən HƏMAS 737 gün girov saxladığı israilliləri azad edib. İsrail isə öz növbəsində, 250 fələstinli məhbusu və bilavasitə Qəzzada saxlanılan 1718 nəfəri sərbəst buraxıb, həmçinin qoşunlarını «sarı zona» adlandırılan xəttədək geri çəkib. Bununla belə, anklavın 50%-dən çoxu hələ də İsrail Müdafiə Ordusunun (SAXAL) nəzarəti altındadır.

Qeyd edək ki, ABŞ administrasiyasının təklif etdiyi sülh nizamlanması planı HƏMAS-ın tərk-silah olunmasını da nəzərdə tutur. Birləşmiş Ştatların regiondakı tərəfdaşları olan Türkiyə, Misir və Qətər Vaşinqtonla birlikdə İsraillə HƏMAS arasında atəşkəsin təminatçısı kimi çıxış edirlər. Bu mənada, onlar da öz üzərlərinə Fələstin qruplaşmasının «qonşu ölkələrə və onların əhalisinə təhdid yaratmayacağı»na dair öhdəlik götürüblər. Razılaşmanın bu müddəası İsrailin maraqlarına tam uyğundur. Belə ki, yəhudi dövlətinin başladığı son miqyaslı hərbi əməliyyatlara səbəb 2023-cü il oktyabrın 7-də məhz HƏMAS-ın İsrail ərazisinə hücumu olmuşdu. Bu hücumun ardından əməliyyatlara başlayan İsrail hədəfinin HƏMAS-ın tam şəkildə darmadağın edilməsi, Qəzza sektorunda onun çoxillik hakimiyyətinə son qoyulması olduğunu bildirirdi.

Yəhudi dövləti indi, atəşkəs razılaşmasının imzalanmasından sonra belə, bildirir ki, bundan sonra Qəzza sektorunda HƏMAS olmamalıdır. Tərəflər arasında 2025-ci il oktyabrın 10-da atəşkəs elan edilsə də, İsrail ordusu hələ də anklava vaxtaşırı zərbələr endirir. SAXAL rəhbərliyi bildirir ki, bu, HƏMAS-ın hərbi fəallığının boğulması, onun döyüşçülərinin «sarı zona» xəttini keçməsinin qarşısını almaq məqsədi daşıyır. İstənilən halda, atəşkəsin əldə olunmasından sonra da insan tələfatı davam edir və bu dövrdə həlak olmuş fələstinlilərin sayı onlarla, yaralıların sayı isə yüzlərlədir. Ümumilikdə isə İsrailin hərbi əməliyyatları nəticəsində 68 mindən artıq insanın öldüyü, 170 mindən çox insanın isə yaralandığı bildirilir.

Yəhudi dövlətinin bu addımları ABŞ tərəfindən dəstəklənib. Bu mənada, müşahidəçilər bir məqama xüsusi diqqət çəkir: İsrail ordusunun hücumlarından biri – Rəfah şəhərinə zərbələr ABŞ-nin HƏMAS-ın «qaçılmaz hücum»a hazırlaşdığına dair bəyanatından dərhal sonraya təsadüf edib. Bu zaman hücum ehtimalının olduğu obyektdə fələstinli əhalinin yaşadığı da vurğulanırdı ki, bu da fələstinlilərin öz daxilində HƏMAS-ın hakimiyyətinə qarşı ciddi müqavimətin olduğuna dair xəbərlərlə əlaqələndirilir.

Gələn məlumatlara əsasən, HƏMAS yalnız inzibati mərkəzi Rəmallahda yerləşən Fələstin Milli Administrasiyasına rəhbərlik edən FƏTH hərəkatına deyil, həm də Qəzza sektorunun özündə fəaliyyət göstərən ayrı-ayrı silahlı qruplaşmalara qarşı mübarizə aparır. Məsələn, «Əbu Şababın xalq qüvvələri» adlı qruplaşma HƏMAS tərəfindən fələstinlilər arasında parçalanma yaratmaqla İsrailin maraqlarına xidmət etməkdə ittiham olunur. «Həmasçılar» bildirirlər ki, Qəzzada onların hakimiyyətinə qarşı olan bu cür qruplaşmalar İsrail tərəfindən silahlandırılır və maliyyələşdirilir.

Bu arada, İsrail HƏMAS-ın hakimiyyətinə tamamilə son qoyulması üçün qəti tədbirlərin davam etdiriləcəyini bildirir. Yəhudi dövlətinin müdafiə naziri İsrael Kats orduya «tunellərin məhv olunmasını «sarı zona»dakı əsas vəzifəyə çevirmək» göstərişini verib. Onun sözlərinə görə, «strateji məqsəd Qəzzanın tamamilə delimitasiyası, yəni terrorçu tunellərinin – hansı ki, 60%-i hələ də salamatdır – məhv edilməsi, HƏMAS-ın silahsızlaşdırılmasıdır».

Bütün bunlar onu göstərir ki, İsraillə HƏMAS arasında mübarizə hələ başa çatmayıb. Bu baxımdan, Qəzzaya beynəlxalq təhlükəsizlik qüvvələrinin göndərilməsi məsələsi xüsusi aktuallıq daşıyır. Müharibənin yenidən avlovlanmasına imkan verməmək üçün bu, vacibdir.

 

Anklava kimin hərbçiləri girəcək?

Qəzza sektoruna İsraillə HƏMAS arasında atəşkəsin qorunmasına kömək məqsədi ilə beynəxalq qüvvələrin yerləşdirilməsi məsələsi Donald Trampın sülh planında əksini tapmış məqamlardan biridir. Bəs bu qüvvələr hansı ölkələrin hərbçilərindən ibarət olacaq? Görünən odur ki, bu, hazırda ciddi müzakirə olunan mövzulardandır. Bölgəyə öz qoşunlarını göndərməyə hazır olan bir sıra ərəb və Avropa ölkələrinin adları çəkilir. Trampın açıqlamalarından məlum olur ki, ABŞ öz qoşunlarını Qəzzaya göndərmək haqda düşünmür. Birləşmiş Ştatların dövlət katibi Marko Rubio isə İsrailə səfəri zamanı bildirib ki, beynəlxalq qüvvələr «beynəlxalq qüvvələrin tərkibi İsrailin razılıq verdiyi ölkələrin nümayəndələrindən ibarət olmalıdır». Təl-Əviv isə açıq şəkildə bildirir ki, müharibədən sonrakı Qəzzada nizamlama prosesində iştirakına qətiyyən razılıq verməyəcəyi ölkələrin sırasında ilk yerdə Türkiyə gəlir. İsrailin xarici işlər naziri Gideon Saar deyib ki, İsrail Türkiyə Silahlı Qüvvələrinin Qəzza sektoruna gəlməsilə barışmaq niyyətində deyil. «Oraya öz silahlı qüvvələrini göndərmək istəyən və ya buna hazır olan ölkələr ən azı İsrailə münasibətdə ədalətli olmalıdırlar», - deyə nazir qeyd edib.

Bununla yanaşı, Qəzza sektorunda atəşkəsin əldə edilməsində digər ölkələrlə birlikdə həlledici rol oynamış Türkiyə İsrailin Fələstin siyasətini tənqid edən tək dövlət deyil. Bu gün demək olar ki, dünyanın əksər ölkələri Ankaranın bu mövqeyini bölüşür. Bu fakt BMT-nin müvafiq sənədlərində də əksini tapıb – həmin sənədlərdə İsrail Qəzza əhalisinə qarşı soyqırımı törətməkdə günahlandırılır. Beynəlxalq Ədalət Məhkəməsi belə, İsrailin işğalçı dövlət kimi öhdəliklərinə dair məsləhət xarakterli qərar qəbul edib. Qərarda bildirilir ki, yəhudi dövləti beynəlxalq humanitar hüquq normalarına əməl etməyə, o cümlədən əhalini ərzaq, su, yaşayış yeri, yanacaq, tibbi yardım və digər həyati əhəmiyyətli vasitələrlə təmin etməyə borcludur.

Haaqa Tribunalının İstanbul Universitetində BMT-nin Fələstin üzrə keçmiş xüsusi məruzəçisi, professor Riçard Falkın sədrliyi ilə keçirilmiş iclasını ayrıca qeyd etmək lazımdır. Orada qəbul olunmuş bəyanatda deyilir ki, «İsrail sionizm üstünlüyü ideologiyasına əsaslanaraq, Qəzza əhalisinə qarşı genişmiqyaslı aparteid sistemi çərçivəsində soyqırımı həyata keçirir». Təl-Əviv müxtəlif soyqırımı üsullarını həyata keçirməkdə günahlandırılır: «qəsdən qida və su verilməsindən imtina etməklə, aclıq, ərzaq çatışmazlığı yaratmaq», «evlərdə kütləvi qətllər törətmək», «ekoloji fəlakət yaratmaq», «səhiyyə infrastrukturunu, avadanlıqlarını və tibb işçilərini məqsədyönlü şəkildə məhv etmək və hədəfə almaq», «reproduktiv qətl» (doğumların qarşısının alınması, gələcək həyatları, təhlükəsiz doğuş imkanlarını məhdudlaşdırmaq yolu ilə fələstinlilərin reproduktiv sağlamlığına məqsədli, sistemli zərər vurmaq), «akademik potensialın məhvi» (məktəb və universitetlərin dağıdılması, tələbə və müəllim nəslinin məhvi, susdurulması, sürgünə məruz qoyulması ilə Fələstinin intellektual gələcəyinin məhv olunması).

Şübhəsiz ki, bu cür siyasi və beynəlxalq-hüquqi nəticələr İsrailin beynəlxalq arenadakı imicinə ciddi zərbə vurur, bu isə ənənəvi olaraq yəhudi dövlətini dəstəkləyən Avropa ölkələrinin belə, onun ünvanına tənqidi münasibəti xeyli sərtləşdirməsinə səbəb olur. Nəticədə, bu vəziyyət İsrailin ona qarşı «ədalətli münasibət» göstərən ölkələri müəyyənləşdirməsini çətinləşdirir. Halbuki Qəzza sektoruna beynəlxalq təhlükəsizlik qüvvələrinin göndərilməsindən asılı vəziyyətə düşmüş sülh prosesinin taleyini həm də bu seçim müəyyənləşdirməlidir.

Beləliklə, atəşkəsə baxmayaraq, Qəzzanın taleyi hələ də olduqca qeyri-müəyyəndir. Bu qeyri-müəyyənlik yalnız İsrailin Baş naziri Binyamin Netanyahu hökumətinin məhv edəcəyinə and içdiyi HƏMAS qruplaşmasının gələcəyi ilə bağlı deyil. İsrail-Fələstin probleminin həlli ümumilikdə bir sıra fundamental problemlərlə üz-üzədir. Buraya Qüdsün statusu, İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrinin taleyi (bu arada, Knesset artıq bu ərazinin ilhaqına dair qanun layihəsini birinci oxunuşda qəbul edib), nəhayət, müstəqil Fələstin dövlətinin yaradılması kimi məsələlər daxildir. İsraillə Fələstinin bütün bu məqamlarla bağlı mövqeləri tam ziddiyyət təşkil edir və bu ziddiyyət Qəzzada əldə edilmiş atəşkəs razılaşmasının uzunmüddətli sülhə doğru atılmış ciddi addım kimi qəbul olunmasına mane olur.



MƏSLƏHƏT GÖR:

31