5 Dekabr 2025

Cümə, 08:21

İNQİLABDAN TƏMİZLƏMƏYƏ

Ermənistanda seçki gündəliyini formalaşdıran daxili parçalanmalar və xarici maraqlar

Müəllif:

01.11.2025

Ümumxalq səsverməsinə hazırlıq çox zaman rəsmi seçki kampaniyasının başlamasından xeyli əvvəl start götürür. Uduzmuş partiyalar «səhvləri üzərində işləyir», qaliblər isə verdikləri vədləri mümkün qədər yerinə yetirməyə çalışır, növbəti seçkilərə necə çıxacaqlarını planlaşdırırlar. Səsvermə yaxınlaşdıqca isə partiyalararası danışıqlar, blokların yaradılması, namizədlər siyahısının dəqiqləşdirilməsi, artıq heç də ABŞ-yə xas olmayan praymerizlərin təşkili başlayır…

Ermənistanda rəsmi seçki kampaniyasının başlamasına hələ çox var. Səsvermə 2026-cı ilin iyun ayında təşkil olunmalıdır. Lakin ölkədə vəziyyət indidən kifayət qədər gərgindir. İndi bu ölkədə çox şey elə bu səsvermədən asılı olacaq.

 

Hərb, ya sülh?

Ermənistanın müasir tarixində bəlkə də ilk dəfə «sülh partiyası» ilə «müharibə partiyası», daha dəqiq desək, «revanşistlər partiyası» arasında real güc yarışı gözlənilir. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz, onu «sülh göyərçini» adlandırırdılar. O zaman buna müəyyən əsaslar da var idi. Hər halda, ölkənin əvvəlki rəhbərlərindən, hərbi cinayətkarlar statusu qazanmış «Qarabağ klanı»nın liderləri Robert Koçaryan və Serj Sarqsyandan fərqli olaraq, Paşinyanın əli qana batmamışdı. Bu üzdən də onun hakimiyyətə gəlişi sülh prosesinin irəliləyə biləcəyinə ciddi ümidlər yaratmışdı. Amma təəssüf ki, reallıqda bu, özünü doğrultmadı. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra daha çox «qırğı» siyasəti yürütməyə başladı, bu isə yeni müharibəyə səbəb oldu. Nəticədə, Ermənistan həmin müharibəni uduzdu, Azərbaycan işğal altındakı torpaqlarını azad etdi və sülhü öz şərtləri ilə irəli sürdü: ərazi iddialarından imtina, ərazi bütövlüyünün tanınması və s.

Ermənistanda artıq 2021-ci ildə keçirilmiş seçkidə Paşinyan seçicilərinə «Şuşa və Hadrutu geri qaytarmaq» vədi verirdisə, bu gün vəziyyət tamamilə fərqlidir. Antiterror əməliyyatı və Vaşinqton danışıqları sonrası baş nazir artıq sülh, əməkdaşlıq, sərhədlərin tanınması, ərazi iddialarından imtina haqda danışır. O, seçkiyə də elə bu prinsiplərə əsaslanan platforma ilə çıxacaq.

2026-cı ildə Ermənistanda parlament seçkisi ilə yanaşı, referendum da keçiriləcək. Xatırladaq ki, ölkənin hazırkı konstitusiyasında Qarabağa birbaşa ərazi iddiaları yer alır. Azərbaycan isə sülh müqaviləsinin imzalanması üçün bu iddianın aradan qaldırılmasını tələb edir. Doğrudur, İrəvanda tez-tez bəyan edirlər ki, referendumun təşkili Bakının tələbilə yox, Ermənistanın öz qərarı ilə həyata keçiriləcək. Amma istənilən halda, çox şey Ermənistan seçicilərinin bu qərara münasibətindən asılı olacaq. Unutmaq olmaz ki, hazırda ölkədə revanşistlər Paşinyanla mübarizə aparmaq əzmində olduqlarını nümayiş etdirir, onu «xain», «türk agenti» və s. adlandırırlar.

Bununla yanaşı, bir çox əlamətlər göstərir ki, Nikol Paşinyanla «mübarizə aparmaq» istəyənlər yalnız daxildə deyil, həm də Moskvadadır. Onlar bu ölkənin başında Rusiyaya daha loyal şəxsi görmək istəyirlər.

 

Revanşistlərin şansı

Nikol Paşinyana qarşı kifayət qədər rəngarəng cəbhə formalaşıb. Burada daşnaklar da yer alır, «Qarabağ klanı»nın qalıqları da. Serj Sarqsyanın «respublikaçılar»ı da, «Şərəfim var» kimi iddialı ada malik yeni partiyalar da. Amma qarşı tərəfdə ortaya çıxacaq aşkar lider yoxdur. Yəni onlar narazı kütlənin səsini toplayacaq konkret ad, imic ətrafında birləşə bilmirlər.

Müxalif cəbhədə «Qarabağ klanı»nın liderləri Robert Koçaryanla Serj Sarqsyan hələ də əsas roldadırlar. Xüsusilə Ermənistanın ikinci prezidenti Koçaryan hazırkı baş nazir üçün əsas təhlükə sayılır. O, təcrübəli siyasi oyunçu olmaqla yanaşı, ciddi maliyyə imkanlarına da malikdir. Üstəlik, Koçaryanın Moskvadan dəstək aldığı da bəllidir. Düşünmək olar ki, bu, hakimiyyətə qayıtmaq üçün kifayət edə bilər. Hər halda, Koçaryan davamlı olaraq gündəmə gəlir, müsahibələr verir, mətbuat konfransları keçirir və bununla da, seçicinin onu unutmasına imkan vermir…

Lakin sabiq prezidentin ictimai dəstəyi onu Paşinyanın qarşısına çıxaracaq dərəcədə deyil. «Kabab inqilabı» ilə hakimiyyətə gəlmiş Paşinyan şəhər əhalisi arasında hələ də populyarlığını qoruyub saxlayır. Üstəlik, Ermənistanda insanlar «qarabağlılar»ın kriminal diktaturası illərini yaxşı xatırlayır və o illərə qayıtmaq istəmirlər.

Belə bir vəziyyətdə, şübhəsiz ki, Koçaryanın rəhbərliyi «kölgə»də edərək, önə öz namizədini çıxarmaq imkanı da ola bilər. O, oğlu Levonu parlamentə də salmışdı. Amma siyasətdə belə oyunların baş tutacağını söyləmək çətindir.

 

Siyasi səhnəni təmizlənməsi

Ola bilsin ki, erməni müxalifəti məhz bu səbəbdən yeni lider axtarışındadır. Bir müddət əvvəl bu liderin kim ola biləcəyi haqda fikirlər də yaranmışdı. Söhbət ölkənin ikinci böyük şəhəri olan Gümrünün meri Vardan Qukasyandan gedir. O, bu ilin aprelində keçirilmiş yerli seçkidə hakim «Vətəndaş müqaviləsi» partiyasının namizədinə əminliklə qalib gəlmişdi. Bu qələbənin ardından keçirdiyi ilk mətbuat konfransındaca iki qalmaqallı bəyanat verən Qukasyan birincisi, Ermənistanın Rusiya və Belarus İttifaq Dövlətinə qoşulmasını dəstəklədiyini, ikincisi isə 2026-cı ilin parlament seçkisinə qatılaraq, baş nazir postunu tutmağa çalışacağını demişdi. O zaman İrəvan yeni merin bu fikirlərini susqunluqla qarşılasa da, sonradan o, rüşvət ittihamı ilə həbs edilib. Bu hadisə, yəni yeni seçilmiş merin, üstəlik, müxalifətçi namizədin həbsi Azərbaycanda baş versəydi, bunun avropalı siyasətçiləri, hüquq müdafiəsi təşkilatlarını nə qədər qəzəbləndirəcəyi təsəvvür oluna bilər. Lakin Qukasyanla bağlı hadisə tam sükutla qarşılanıb. İrəvanı insan hüquqlarının pozulmasına görə günahlandıran yoxdur. Onları nəinki Azərbaycanın işğal olunmuş ərazilərində bəşəriyyət əleyhinə törədilmiş cinayətlərə görə günahlandırırlar, hətta Ermənistan rəhbərliyinin 2008-ci il martın 1-də İrəvan küçələrində etirazçıları güllələməsi belə, cəzasız qalıb. Odur ki, Qukasyanın hərbi bu kontekstdə «xırda məsələ»dən başqa bir şey deyil. Bunu Marşal Baqramyan küçəsi 226 ünvanında da yaxşı bilirlər və ondan kart-blanş kimi istifadə edirlər. Bəli, aydındır ki, Gümrü merinin həbsi Paşinyanın siyasi səhnəni təmizləmə siyasətinin bir mərhələsidir. Ermənistanın baş naziri nəinki sülhsevər, həm də demokrat kimi təqdim olunur. Amma seçki ərəfəsində o, inzibati resurslardan istifadə ilə kifayətlənmir, siyasi rəqiblərini də ard-arda həbsə atdırır. Vardan Qukasyan bu nümunələrdən yalnız biridir. Xatırladaq ki, erməni əsilli rusiyalı oliqarx, «Ermənistanın İvanişvilisi» adlandırılan Samvel Karapetyan da həbsdədir.

Görünən odur ki, Moskva da «Qarabağ klanı»nın mümkün revanşına çox ümid etmədiyi üçün Ermənistan üçün «İvanişvili variantı» hazırlamaq qərarına gəlibmiş. Bəlkə də, bu plan artıq hazırdır. Yəqin ki, bu işdə ilk namizəd Ruben Vardanyan idi. Hər halda, plan açıq görünürdü: Rusiyadan Qarabağa qayıdış, separatçı layihənin dirçəldilməsi cəhdləri, oradan isə İrəvana «siyasi yürüş». Amma bu variant tam iflasa uğrayıb. 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatı ilə separatçı layihə tam çöküb, Vardanyan isə saxlanılaraq Bakıya gətirilib. Növbəti namizəd, «Taşir» qrupunun və «Ermənistan Elektrik Şəbəkəsi» şirkətinin rəhbəri Samvel Karapetyan isə İrəvanda həbs olunub. Nikol Paşinyan eyni qətiyyətlə erməni kilsəsinin başçıların qarşı da hücumlara başlayıb. O, bu işi istər informasiya savaşı, istərsə də məhkəmə qərarları ilə görür. Görünür, baş nazir özünü 2026-cı ilin yayınadək gözlənilməz hadisələrdən qorumağa çalışır. Bəs ona qarşı olanlar iyunu gözləyəcəklərmi? Axı onların yayda istəklərinə çatacaqlarına zəmanət yoxur.

 

Doxsanıncı illərə qayıdış?

Bir çox əlamətlər göstərir ki, Paşinyanın rəqibləri meydana daha tez çıxa bilər. Robert Koçaryanın «sürüşkən çevriliş» cəhdi ortadadır. Rəqiblər baş nazirə qarşı artıq bu gün kifayət qədər «silahlı yumruq» ilə çıxış edə bilərlər. Bu, ilk növbədə, Qarabağdan Ermənistana köçmüş şəxslərdir. Artıq İkinci Qarabağ müharibəsi iştirakçılarından Paşinyana qarşı dəstələr yaradılması cəhdləri müşahidə olunur. Məsələn, onların medallarını Müdafiə Nazirliyinin pilləkənlərinə atmaları formasında təşkil etdikləri aksiyanı xatırlamaq kifayətdir. Amma ABŞ-də Vyetnam müharibəsi veteranları bu hərəkətlə iştirak etdikləri kampaniyanın ədalətsizliyinə etiraz etmişdilərsə, erməni veteranları qəzəbləndirən hökumətin onların mübarizə prinsiplərini dəstəkləməməsi, ümumiyyətlə, bu mübarizənin boşa getməsi idi.

Çoxları Qarabağdan qaçarkən özləri ilə orada kifayət qədər çox olan silahlardan da gətirib. Bu gün Ermənistanda «Yerkrap» və ya VOMA kimi yarımhərbi birləşmələr kifayət qədərdir. Amma ən önəmlisi, hökumət qanuni silahlı strukturların, xüsusilə ordunun ona tam loyallığına da əmin deyil.

Paşinyanın erməni generallarla münasibətləri əvvəldən yaxşı olmayıb. O, baş nazirliyi dövründə orduda dəfələrlə «təmizləmə» aparıb, bir neçə general həbs edilib. Xatırladaq ki, onların arasında evindən konserv qutuları, əsgər geyimləri, təcili yardım maşını, hətta yas çələngi tapılmış Manvel Qriqoryan kimi məşhur general da var. 44 günlük müharibədən sonra isə Paşinyanın rəhbərlik etdiyi hökumət yerli hərbi komandirlərə, hərbçilərə qarşı bir sıra məhkəmə prosesləri təşkil edib, onlara qarşı səhlənkarlıq, döyüş mövqelərini tərk etmə və s. ilə bağlı ittihamlar irəli sürülüb. Baş nazir bununla həm də müharibədəki məğlubiyyətin məsuliyyətini onların üzərinə atıb. Bütün bunlar, əlbəttə ki, orduda narazılıq yaratmaya bilməzdi.

Ermənistanın hərbi dairələrində rusiyapərəst əhvalın güclü olduğu da bəllidir. Rusiyanın xüsusi xidmət orqanlarının Ermənistanda hələ də kifayət qədər fəal olduqlarını nəzərə alsaq, ölkədə hərbi üsyan ehtimalını da istisna etmək olmaz. Bu halda sonda Mərkəzi Seçki Komissiyası yeni hakimiyyətin istədiyi nəticəni asanlıqla elan edə bilər.

Belə ssenari, şübhəsiz ki, sülh prosesinin irəliləməsi üçün ciddi əngəl yaradar. Amma bu halda da itirəcək əsas tərəf məhz Ermənistan olacaq.



MƏSLƏHƏT GÖR:

61