9 Yanvar 2026

Cümə, 21:17

ADAPTASİYA VƏ DAYANIQLILIQ

Azərbaycan kiçik və orta biznes ekosistemini gücləndirərək iqtisadi və ekoloji tarazlığa üstünlük verir

Müəllif:

15.11.2025

Dünya iqtisadiyyatında artan turbulentlik və qlobal bazarların qeyri-sabitliyi şəraitində kiçik və orta sahibkarlığın (KOB) dayanıqlılığı məsələsi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.

ADB-nin Bakıda təqdim olunan “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025”(ASM 2025) adlı yeni hesabatı göstərib ki, inklüziv iqtisadi artımın təmin edilməsində və xarici şoklara adaptasiyaya yönəlmiş milli strategiyalarda əsas element məhz KOB sektoru olur. Bu baxımdan Azərbaycan da KOB ekosisteminin gücləndirilməsi üzrə tədbirləri artırır, maliyyə dayanıqlılığına, rəqəmsal transformasiyaya və “yaşıl keçid”ə üstünlük verir.

 

Qlobal çağırışlar fonunda

ASM 2025-in təqdimatında ADB-nin Yaponiya üzrə icraçı direktoru Şiqeo Şimidzu qeyd edib ki, mövcud qlobal çağırışlar dünya ölkələrinin hökumətlərini KOB-un inkişafı üçün strategiya və yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur edir. Onun sözlərinə görə, bu zaman əsas problemlərdən biri KOB-ların miqyası və fəaliyyəti haqqında etibarlı məlumatların olmamasıdır.

“Belə məlumatların çatışmazlığını nəzərə alaraq, ASM etibarlı məlumat bazası yaratmaq vəzifəsini öz üzərinə götürüb. İndi siyasət hazırlayanların milli KOB inkişaf proqramlarını planlaşdırıb icra etdikləri zaman istifadə edə biləcəkləri vacib resursa malikik”, - Ş.Şimidzu vurğulayıb.

Ekspertin fikrincə, sistematik məlumat mənbəyinin yaradılması biznesə dəstək üçün səmərəli alətlərin hazırlanmasının əsas şərtidir. Lakin qarşıda hələ çox iş var.

“Məlumat bazası artıq yaxşıdır, lakin doldurulmalı olan boşluqlar qalır. Qlobal iqtisadi qeyri-müəyyənlik dərinləşdikcə, daha dolğun məlumat bazası həm milli, həm də regional səviyyədə dayanıqlı və inklüziv iqtisadi artımın qurulması üçün getdikcə daha çox lazım olan sübutlara əsaslanan siyasətə əhəmiyyət verə bilər”, - ADB-nin nümayəndəsi bildirib.

Bu, qlobal ticarətin üzləşdiyi yüksək qeyri-müəyyənlik dövründə daha da vacibdir. Tarif müharibələrindən tutmuş geosiyasi münaqişələrə qədər hər şey ölkələrin ölçüsü və artım siyasəti daxil olmaqla, iqtisadi şəraitdən asılı olaraq KOB-lara təsir edir. “Lakin KOB-lar milli iqtisadiyyatda əsas rol oynadığına görə, qlobal çağırışlar hökumətləri dayanıqlı və həyat qabiliyyətli artım ekosisteminin formalaşmasını təmin etmək üçün onların inkişafına dair strategiya və yanaşmaları yenidən nəzərdən keçirməyə məcbur edir”, - Ş.Şimidzu iddia edir.

Təqdimatın ikinci əsas spikeri - ADB-nin aparıcı iqtisadçısı Şiqehiro Şinozaki regionda kredit tendensiyalarının müxtəlifliyinə diqqəti cəlb edib. “Kiçik və orta müəssisələr inkişaf etməkdə olan Asiya və Sakit Okean regionunda bazar formalaşdırırdı, lakin bu, 2024-cü ildə bank kreditlərinin ümumi həcminin orta hesabla 16,9%-ni təşkil etməklə, milli ÜDM-in 10,7%-nə bərabər olmaqla çox kiçik idi. KOB kreditlərinin orta hesabla 53%-i xidmət sahəsinin payına düşürdü, ardınca sənaye və kənd təsərrüfatı gəlirdi”, - Ş.Şinozaki bildirib.

İqtisadçı qeyd edib ki, kredit resurslarının bölgüsü regionlar üzrə əhəmiyyətli dərəcədə fərqlənir və xarici şoklara məruz qalma səviyyəsindən, habelə müvafiq hökumət tədbirlərindən asılıdır.

Onun sözlərinə görə, 2020-2024-cü illər ərzində müxtəlif ölkələrdə dinamika fərqli olub: bəzi iqtisadiyyatlarda KOB kreditləşdirilməsinin payında azalma, digərlərində isə fəal dövlət dəstəyi sayəsində artım müşahidə olunub. “Azərbaycan və Ermənistan kimi bəzi ölkələrdə KOB kreditlərinin payı tədricən azalırdı ki, bu da iri şirkətlərin kreditləşdirilməsinin genişlənməsi ilə üst-üstə düşürdü. Digər ölkələrdə, məsələn, Özbəkistanda isə əksinə, yeni yaradılan Biznesin İnkişafı Bankı vasitəsilə maliyyələşdirməyə dövlət dəstəyinin gücləndirilməsi sayəsində KOB kreditlərinin payı artırdı”, - o bildirib.

ADB-nin aparıcı iqtisadçısı kredit portfellərinin keyfiyyətinə xüsusi diqqət yetirib və yeni risklərə işarə edib. “Belə ki, problemli KOB kreditlərinin onların ümumi kredit həcminə nisbəti 2020-ci ildə pandemiya zamanı 8,7%-ə yüksəldikdən sonra azalıb, sonra isə 2023-cü ildə 7% səviyyəsində sabitləşib. Lakin 2024-cü ildə yenidən 7,6%-ə qalxıb. Ümumilikdə problemli kreditlərin payı Qafqazda və Mərkəzi Asiyada azalmağa davam edir, lakin Cənubi Asiyada, həmçinin Cənub-Şərqi Asiya və Sakit Okean regionunda artır”, - Ş.Şinozaki vurğulayıb.

Yəni pandemiyadan sonra ümumi bərpa tendensiyası fonunda kiçik və orta biznes geosiyasi risklərdən və qlobal bazardakı struktur dəyişikliklərindən həssas olaraq qalır. Bu, region ölkələrindən, o cümlədən Azərbaycandan KOB-ların maliyyə dəstəyi mexanizmlərinin gücləndirilməsi və iqtisadi adaptasiya alətlərinin təkmilləşdirilməsi prosesini davam etdirməyi tələb edir.

 

Azərbaycan konteksti

Bu fikirlə Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov da razıdır. O bildirib ki, gələcəkdə müəssisələrin uğurunu onların dayanıqlılığı və adaptasiya qabiliyyəti müəyyən edəcək.

Onun sözlərinə görə, son illərdə ölkədə dövlət xərclərinin şəffaflığının və hesabatlılığının artırılması KOB-ların inkişafına töhfə verib. “Biz kiçik biznesə vergi güzəştləri və güzəştli maliyyələşdirmə təqdim etməyə, rəqəmsal transformasiyanı təşviq etməyə və qadınlar və gənc sahibkarlar üçün bazarlara çıxış imkanlarını genişləndirməyə çalışırıq”, - A.Kərimov bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov əlavə edib ki, kiçik və orta biznes sadəcə iqtisadi qurumlar deyil, həm də innovasiya və inkişafı hərəkətə gətirən “cəmiyyətin nəbzidir”. “Azərbaycanda biz KOB-ları inklüziv rifah və innovasiyaların əsası, iqtisadi potensial və sosial tərəqqi arasında körpü kimi görürük. KOBİA təcridə deyil, tərəfdaşlığa inanır. Bizim məqsədimiz hər bir kiçik biznesin irəli getməsidir”, - o vurğulayıb.

Bununla yanaşı, stimullaşdırıcı ekosistemin yaradılması və bankların real sektorla qarşılıqlı əlaqəsinin artırılması üzrə səylərə baxmayaraq, Azərbaycanda əlavə dəyərin formalaşmasında KOB-ların töhfəsi məhdud olaraq qalır.

Bu zaman banklar maliyyə resurslarına çıxışın təmin edilməsində əsas rol oynamağa davam edirlər. Hesabatda qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək kiçik və orta biznesə verilən kreditlər daxil olmaqla, verilmiş biznes kreditlərinin həcmini azı 16,5 milyard manata çatdırmağı hədəfləyib.

AMB-nin Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirovun sözlərinə görə, KOB kreditləri ümumi kredit portfelinin təxminən 25%-ni və bankların biznes portfelinin 47%-ni təşkil edir. “Bu, bankların real iqtisadiyyat sektoru ilə artan qarşılıqlı əlaqəsini göstərir. Lakin kredit dövründə dəyişikliklər olduqda, KOB-lar maliyyələşdirmə cəlb etməkdə çətinliklərlə üzləşə bilərlər”, - R.Tahirov qeyd edib.

Onun fikrincə, sistem məhdudiyyətlərindən biri sahibkarlar arasında maliyyə savadlılığının kifayət qədər olmamasıdır. “Mikro, kiçik və orta müəssisələr arasında apardığımız sorğular göstərir ki, onların təxminən üçdə biri kreditorlar tərəfindən təklif olunan maliyyə məhsulları haqqında məhdud və ya qeyri-kafi biliklərə malikdirlər. Bu, əlbəttə, uyğun məhsul seçimində və kreditorlarla səmərəli əməkdaşlıqda onların imkanlarını məhdudlaşdırır”, - o izah edib.

Girov təminatı ilə bağlı problemlər də eyni dərəcədə ciddi maneə olaraq qalır. "Mikro, kiçik və orta müəssisələr, xüsusilə regionlarda, 80%-dən çox kreditin girov təminatı altında verilməsinə baxmayaraq, likvid təminat baxımından məhdudiyyətlər yaşayırlar. Bu o deməkdir ki, bəzən hətta həyat qabiliyyətli kiçik müəssisələr likvid girovları olmadığı üçün sistemdən kənarda qala bilərlər”, - R.Tahirov qeyd edib.

 

KOB-ların “yaşıl keçid”i

Bundan əlavə, bu sektorda maliyyə menecmenti və şəffaflığı aşağı səviyyədə qalır ki, bu da risklərin qiymətləndirilməsini çətinləşdirir və borclanmanın dəyərini artırır. Mühasibat uçotu və audit infrastrukturunun inkişaf etməməsi, risk bölgüsü mexanizmlərinin zəifliyi və girov alınması prosedurlarının kifayət qədər səmərəli olmaması sektora təzyiqi gücləndirir və əlçatan maliyyələşdirmə kəsiri formalaşdırır.

Mərkəzi Bank öz tərəfindən kredit fəallığını stimullaşdırmaq üçün prudensial tənzimləmə alətlərini tətbiq edir. Belə ki, Azərbaycanda KOB-lar üçün risk dərəcəsi üzrə aktivlər 50% təşkil edir ki, bu da beynəlxalq standartlarla müqayisədə ən yumşaq rejimlərdən biridir.

Eyni zamanda AMB banklarla kreditləşdirmə strategiyalarını və biznes modellərini uyğunlaşdırmağa kömək edərək fəal dialoq aparır. R.Tahirov hesab edir ki, maliyyə qurumları üçün borcalanların qiymətləndirilməsində riskyönümlü yanaşmanı inkişaf etdirmək vacibdir. “Bu şəraitdə onlar yalnız kommersiya kreditləşdirilməsini deyil, müəssisələrin kredit qabiliyyətini və məlumatların etibarlılığını qiymətləndirəcəklər. Bundan əlavə, ölkənin audit və mühasibatlıq institutlarının gücləndirilməsi mühüm elementdir. Ənənəvi olaraq, zəmanətlər kimi dövlət dəstəyi alətləri KOB layihələrinin risklərini azaltmaq üçün vacib vasitələrdir”, - tənzimləyici orqanın nümayəndəsi əmindir.

Sektorun maliyyə dayanıqlılığını monitorinq etmək məqsədilə AMB müntəzəm olaraq KOB portfellərinin stress-testlərini keçirir. “Belə stress-testlər yaranan risklərin əvvəlcədən müəyyən edilməsi üçün vacibdir. Bunlar KOB-ların maliyyələşdirməyə çıxışını genişləndirmək üçün istifadə etdiyimiz ümumi qəbul edilmiş alətlərdir”, - R.Tahirov bildirib.

Mərkəzi Bankın fəaliyyətində yeni istiqamətlərdən biri də sahibkarlığın dəstəklənməsinin əlavə aləti ola biləcək bank sığorta modelinin hazırlanmasıdır. KOB-ların sistemli inkişafının mühüm addımı da sektorun problemlərinin həllində idarələrarası yanaşmanı nəzərdə tutan maliyyə inklüzivliyi strategiyasının hazırlanması olub. R.Tahirov söyləyib ki, bu strategiyanın əsas məqsədi maliyyələşdirmə məsələlərinin həlli üçün bir deyil, bir neçə dövlət qurumunun məsuliyyət daşımasından ibarətdir.

KOB-ların gələcəkdə nəzərə almalı olduğu daha bir məqam da öz fəaliyyətlərində ekoloji normalara riayət etməkdir.

“Azərbaycanda və dünyada KOB-ların yaşıllaşdırılmasında qarşılaşdığımız ilk problem yenə də məlumat, “yaşıl texnologiya”lar və "yaşıl maliyyələşdirmə" alətləri haqqında bilik çatışmazlığıdır. KOB-lar üçün ikinci problem isə xərclərdir. “Yaşıl texnologiya”lar adətən ənənəvi texnologiyalardan daha bahadır”, - R.Tahirov vurğulayıb. Məhz buna görə də kiçik biznesin “yaşıl layihələri”ni qiymətləndirmək üçün müəyyən edilən tələblər onların real imkanları ilə mütənasib olmalıdır.

Hər halda, artıq bu ildən AMB maliyyə qurumlarından “yaşıl” və dayanıqlı portfelləri haqqında məlumat tələb edəcək. R.Tahirovun sözlərinə görə, qlobal səviyyədə tənzimləyici orqanlar dayanıqlılığın və emissiyaların qiymətləndirilməsi mexanizmlərini sadələşdirməyə çalışırlar: “Bazarda müxtəlif həllər formalaşır, şirkətlər və təchizatçılar öz yanaşmalarını təklif edirlər, açıq məlumat mənbələrindən aktiv istifadə olunur. Məsələn, KOB-ların emissiya profilini qiymətləndirmək üçün kommunal xidmətlərdən məlumat alma təcrübəsi genişlənir”. Bu baxımdan Azərbaycan “yaşıl maliyyələşdirmə” prinsiplərini inkişaf etdirərək və kiçik biznesin ekoloji transformasiya prosesində iştirakını stimullaşdıraraq, beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıq edir.

Bir sözlə, Azərbaycanda kiçik və orta biznesin inkişafı təkcə maliyyə stimulları deyil, həm də şəffaflığın artırılmasına, biznes mədəniyyətinin yaxşılaşdırılmasına və sahibkarlığı dəstəkləyən infrastrukturun gücləndirilməsinə yönəlmiş institusional islahatlar tələb edir. Çünki uzunmüddətli perspektivdə məhz KOB-lar regional iqtisadiyyatın “yaşıl artımı”nın və rəqəmsal transformasiyasının katalizatoru ola bilər.



MƏSLƏHƏT GÖR:

49