TAKTİKA DƏYİŞİR, HƏDƏF QALIR
ABŞ «rejim dəyişikliləri»ndən imtina edir. Bəs müharibələr?
Müəllif: Natiq NAZİMOĞLU
ABŞ-nin xarici siyasətində yeni kursun ştrixləri müşahidə olunur. O, əvvəlki administrasiyaların dünya arenasındakı fəaliyyətinə xas bir sıra elementlərdən imtina olunmasını nəzərdə tutur. Bununla yanaşı, Vaşinqtonun əsas strateji hədəfi dəyişməz qalır – ABŞ-nin qlobal liderliyinin möhkəmlənməsi.
Yeni kurs
Əslində söhbət Qərb dünyasının lideri olan Birləşmiş Ştatların taktikasının (heç olmasa qismən) yenidən nəzərdən keçirilməsindən gedir. Bu liderliyə həm ənənəvi rəqib olan Rusiya, həm də «soyuq müharibə» dövrünün sözləri ilə desək, «üçüncü dünya», başında Çinin dayandığı yeni güc mərkəzləri meydan oxuyur. Donald Tramp administrasiyasının Avropanı Vaşinqtonun iradəsinə tabe etməyə yönəlmiş addımları ABŞ-nin çoxqütblü dünyanın yaranmasının qarşısını almaq üçün istifadə etdiyi vasitələrdən biridir. Lakin bunun qarşılığında digər strateji regionlarda (Yaxın Şərq, Afrika, Latın Amerikası) Qərbin, xüsusilə də Amerikanın təsirindən qorunmaq üçün yeni diplomatik elementlərin ortaya çıxdığı da müşahidə edilir. Belə bir vəziyyətdə Ağ Ev rəsmi şəkildə bildirir ki, ABŞ-nin «həyati maraqları»nın təmini üçün güc tətbiqinə üstünlük verildiyi dövrlər artıq arxada qalıb.
Vaşinqtonun xoşagəlməz hesab etdiyi rejimlərin devrilməsinə yönəlmiş, pik nöqtəsinin təxminən 25 il əvvəl yaşandığı təcrübəsi müsəlman Şərqinin bir sıra ölkələrində hakimiyyət sisteminin faktiki iflici ilə nəticələnib. Söhbət qlobal Qərbin hökmranlığına təhdid yaradan regionlardan birindən gedir. Məlum olub ki, bu dağıdıcı təcrübə Birləşmiş Ştatların yalnız taktiki maraqlarına cavab verə bilərdi. Onun strateji maraqlarının reallaşdırılması üçün isə bu, ciddi maneə imiş. Bugünkü vəziyyət göstərir ki, ABŞ administrasiyası bu siyasətə ciddi dəyişikliklər etməyə meyillidir və indi strateji əhəmiyyətli regionlarda geosiyasi proseslərə nəzarətin qeyri-hərbi üsullarla həyata keçirilməsinə üstünlük verilir.
Bu kontekstdə Ağ Evin Yaxın Şərq siyasətini həyata keçirən şəxslərdən biri, ABŞ-nin Türkiyədəki səfiri və Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrakın fikirləri diqqətəlayiqdir. O, Bəhreynin paytaxtında təşkil olunmuş «Manama Dialoqu-2025» adlı konfransda açıq şəkildə bildirib ki, «biz iyirmi səkkiz rejimin süqutunu və iyirmi səkkiz fəlakəti görmüşük». Dolayısı ilə Barrak sözügedən təcrübənin faydasız olduğunu dilə gətirib. Diplomat deyib ki, Vaşinqton bundan sonra ölkələrə və xalqlara konkret ideoloji model və ya siyasi inkişaf formatı sırımaq niyyətində deyil.
Amerikanın yeni yanaşmasının nümunələri kimi, Cənubi Qafqaz və Yaxın Şərqdə gedən proseslərə nəzər salmaq olar. ABŞ bu regionlarda nəqliyyat-kommunikasiya, ticarət-iqtisadi inteqrasiyanın yeni sistemini formalaşdırır – təbii ki, özünün iştirakı və vasitəçiliyi ilə. Tramp administrasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, Qəzzadakı hərbi münaqişənin həlli təşəbbüsləri bunun bariz nümunəsi sayıla bilər. Bu təşəbbüslər nəticəsində avqustun 8-də Vaşinqtonda, oktyabrın 13-də Şarm əl-Şeyxdə müvafiq sazişlər imzalanıb.
«Azərbaycan, Ermənistan və Türkiyə yaxınlaşma yolundadırlar və eyni istiqamətə yönəliblər», - deyə Barrak Manamada məmnunluqla qeyd edib. Yaxın Şərqdə yaşananlara gəlincə, diplomat deyib ki, «Türkiyə ilə İsrail bir-biri ilə müharibə etməyəcək. Fikrimcə, bu, baş verməyəcək. Siz Xəzər dənizindən Aralıq dənizinədək uzanan ittifaqın formalaşdığına şahid olacaqsınız».
Barrak bildirib ki, bunlar Prezident Trampın «şahmat lövhəsindəki bütün fiqurların düzülüşünü dəyişməsinin nəticəsidir». «İndi bu, hər yerdə baş verir», - deyə səfir qeyd edib. Bəs doğurdanmış Vaşinqtonun yeni strategiyası – güc tətbiqindən incə diplomatiyaya keçid, yalnız sülh əməkdaşlığı və vasitəçiliyə yönəlmiş səylər «hər yerdə» tətbiq olunacaq? Məsələn, İsrailin iyunda İranla apardığı 12 günlük müharibədən ABŞ-nin birbaşa iştirakı Tramp administrasiyasının həyata keçirdiyi yeni xarici siyasət kursunda sadəcə, bir istisna idimi?
Ağ Evin strategiyanı tam dəyişdiyinə şübhə yaradan daha bir məqam Vaşinqtonun son zamanlar bir sıra ölkələr və regionlarla bağlı bəyanatlarıdır. Görünür, həmin bölgələrdə ABŞ-nin yeni strategiyası «işə yaramır». Demək, «rejimlərin dəyişdirilməsindən imtina» taktikasında istisnalar hər zaman ola bilər. Bu isə o deməkdir ki, ABŞ dünya liderliyini möhkəmləndirmək kimi uzunmüddətli strateji məqsədinə çatmaq işində hərbi vasitələrdən tam imtina etməyi düşünmür.
Venesuelanı, Nigeriyanı və digərlərini nə gözləyir?
ABŞ mediası Ağ Evin Venesuelaya qarşı mümkün hərbi əməliyyatlara hazırlaşdığını yazır. Hazırlıq birbaşa Trampın Latın Amerikasındakı narkokartellərlə mübarizədə istifadə edilməsi üçün ABŞ ordusunun səlahiyyətlərinin genişləndirilməsinə dair fərmanı ilə başlayıb. Bu strategiya çərçivəsində hələ avqustun sonlarında Venesuela sahillərinə bir sualtı qayıq və döyüş gəmilərindən ibarət dəniz hərbi birliyi göndərilib. İndi isə Donald Trampın müşaviri bir neçə mümkün ssenaridən danışırlar. Ssenarilər yalnız narkokartellərə deyil, Venesuela Prezidenti Nikolas Maduronu qoruyan hərbi bölmələrə də zərbələrin endirilməsini nəzərdə tutur. Hər halda, Birləşmiş Ştatların müdafiə naziri Pit Heqsetin ABŞ Silahlı Qüvvələrinin əməliyyatlara, o cümlədən Venesuelada rejimi dəyişməyə hazır olduğuna dair bəyanatı təsadüf deyil. Bu, Vaşinqtonun Karib hövzəsində fəallığı kəskin şəkildə artırmaq, xüsusilə Venesuelaya qarşı atılacaq mümkün addımların yalnız narkokartellərlə mübarizə ilə məhdudlaşmayacağını göstərir. ABŞ tərəfi iddia edir ki, Latın Amerikasında narkotik ticarəti ilə məşğul olan qruplar narkotik maddələri sürətli katerlərlə məhz Birləşmiş Ştatlara daşıyır. Artıq bir müddətdir ki, Amerika ordusu bu karterlərə zərbələr də endirir. Trampın hərbi əməliyyatlara başlanılması ilə bağlı yekun qərarı hələ ki, qəbul etmədiyi deyilir. Lakin ümumilikdə məsələnin müzakirəsi ortada siyasi-iqtisadi amillərin olduğunu təsdiqləyir. Yəni söhbət ABŞ-nin Venesuela hökumətinin siyasətindən narazılığından gedir. Daha dəqiq desək, Karakas malik olduğu zəngin təbii ehtiyatların ABŞ-nin nəzarətinə keçməsinə imkan vermir ki, bu da Vaşinqtonu qıcıqlandırır. Söhbət yalnız neft və qızıldan yox, həm də müasir texnologiyaların istehsalı üçün vacib filizlərdən gedir. Qlobal texnoloji rəqabətin amansız xarakter aldığı bir şəraitdə bu resurslar həyati əhəmiyyət kəsb etməyə başlayıb.
ABŞ-nin Venesuelaya mümkün zərbəsi Monro doktrinası ilə tam uyğunluq təşkil edir. Doktrinanın əsası 1823-cü ilə gedib çıxır. O zaman ABŞ-nin beşinci Prezidenti Ceyms Monro Avropanın müstəmləkəçi dövlətlərini fakt qarşısında qoyaraq bütün Amerika qitəsinin, o cümlədən onun cənub və mərkəzi hissəsinin Vaşinqtonun təsir dairəsi olduğunu bəyan etmişdi. Vaşinqton bu qitədə ona sərf etməyən dövlət başçısını sonuncu dəfə 1989-cu ildə dəyişib. Söhbət Panama lideri Norieqadan gedir. Növbəti belə lider Maduro olacaqmı? Bunu zaman göstərəcək. Lakin artıq əminliklə söyləmək olar ki, Venesuelanın ABŞ tərəfindən getdikcə daha çox təzyiqə məruz qalacağına şübhə yoxdur. Hər halda, onun problemi sadəcə hakimiyyətin narkokartellərlə əlaqəsi ilə bitmir. Belə əlaqələr Latın Amerikası dövlətlərilə bağlı reallığın ağrılı məqamlarından birinə çoxdan çevrilib…
Bu arada, ABŞ-nin hədəfinə tuş gəlmiş daha bir ölkə Nigeriyadır. Tramp bu ölkəni açıq şəkildə hədələyib: «Əgər Nigeriya hökuməti xristianların qətlinə göz yummağa davam edəcəksə, ABŞ artıq biabırçılığa çevrilmiş bu ölkəyə hərbi qüvvə yeridərək, bu dəhşətli cinayətləri törədən terrorçuları məhv etməli olacaq». Ağ Ev sahibi hədə bəyanatını belə yekunlaşdırıb: «Xəbərdarlıq edirik! Nigeriya hökuməti tələssə, daha yaxşı olar!».
Birləşmiş Ştatların müdafiə naziri Pit Heqset prezidentlə razı olduğunu göstərərək, sosial şəbəkəyə Trampın bəyanatının cavab olaraq «Oldu, cənab!» yazıb.
ABŞ «xristianların qətli» dedikdə, «Boko Haram» və «Qərbi Afrika İslam Dövləti» kimi terror qruplaşmalarının əməllərinə işarə edir. Bu qruplaşmalar on ildən çoxdur ki, Nigeriyada saysız-hesabsız hərbi cinayət törədib və törədir. Yerli hökumətin məlumatına görə, bu illər ərzində on minlərlə nigeriyalı terrorçuların qurbanına çevrilib.
Nigeriya Prezidenti Bola Tinubu isə Vaşinqtonun onları fəaliyyətsizlikdə günahlandırması ilə razılaşmır. O, Nigeriyanın digər dinlərə qarşı qeyri-tolerant kimi təqdim olunmasının «ölkənin real vəziyyətini əks etdirmədiyini» söyləyib, hökumətin «bütün nigeriyalılar üçün dini azadlığı, etiqad azadlığını qorumaq üçün ardıcıl və səmimi iş apardığını» bildirib.
Nigeriyanın «milli reallığı», həqiqətən də, özünəməxsusdur. Bu, ilk növbədə, ölkənin 260 milyonluq əhalisinin dini tərkibi ilə bağlıdır. Onun yarısı müsəlman, yarısı xristiandır. Əslində, Nigeriyada dini zəmində açıq düşmənçilik müşahidə olunmur. Məsələn, müsəlman olan dövlət başçısının xanımı Oluremi Tinubu xristian pastordur. Ölkədə bu, adi, heç bir xüsusi məna kəsb etməyən hal kimi qəbul edilir. Məsələ daha çox sosial xarakter daşıyır. Belə ki, ölkənin ayrı-ayrı bölgələrində mütəmadi olaraq müsəlman maldarlarla xristian fermerlər arasında toqquşmalar baş verir ki, bu da əsasən otlaqlara, suya çıxış uğrunda olur. Sırf dini zəmində mübahisələr və ya qarşıdurmalar baş verirsə, onun da qurbanları həm xristianlar, həm də müsəlmanlar olur. Terrorçu qruplaşmaların davamlı olaraq kilsələri və xristianları hədəf seçməsi isə başqa məsələdir və həqiqətdir. Amma ölkədə bir sıra hallarda müsəlmanlar da terror qurbanına çevrilirlər. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin bəyanatında bildirilir ki, Nigeriyada məskunlaşmış terror qruplaşmaları dini mənsubiyyətindən asılı olmayaraq, bütün dinc vətəndaşları hədəf alır – istər xristianları, istər müsəlmanları, istərsə də digər dinlərin nümayəndələrini.
Odur ki, ortaya məntiqli bir sual çıxır: Nigeriyada illərdir əhaliyə qarşı terror hücumları təşkil edən «Boko Haram» və bu kimi digər qruplaşmalar niyə Vaşinqtonun yadına məhz indi düşüb?
Hər halda, Afrika ölkələrinin siyasi və ictimai dairələri hesab edirlər ki, Tramp administrasiyasının Nigeriyaya yönəlmiş hədələrinin əsl səbəbi ölkənin zəngin təbii ehtiyatlarıdır. Nigeriya neft, qaz, qızıl kimi sərvətlərlə zəngindir. İki ölkə prezidentləri arasında görüşün planlaşdırıldığına dair xəbərlər fonunda yaxın vaxtlarda ABŞ ilə Nigeriyanın Vaşinqtonun iqtisadi maraqlarına cavab verən saziş imzalayacaqlarına dair fikirlər yayılıb. Əks halda Amerika «sözdən əmələ keçə», bu ölkəyə qoşun yeridə bilər. Bu, onun üçün həm də Qərbi Afrikada Çin, Rusiya, həmçinin keçmiş müstəmləkəçi nəhənglər olan Böyük Britaniya ilə Fransanı sıxışdırmaq imkanı olardı.
Bütün bunlar göstərir ki, ABŞ-nin ölkələrdə rejimləri dəyişmək siyasətindən imtinası ehtimalı total xarakter daşımayacaq. Üstəlik, Prezident Tramp İsrail-İran müharibəsinə birbaşa müdaxilə nümunəsində göstərib ki, belə hallar onun «sülh prezidenti» imicinə xələl gətirmir.
MƏSLƏHƏT GÖR:



48

