9 Yanvar 2026

Cümə, 05:29

MÜHARİBƏ ASTANASINDA

Nigeriya və Venesuelada hərbi əməliyyatların keçirilməsi ehtimalı nə qədərdir?

Müəllif:

15.11.2025

Bir ölkənin zəngin təbii resurslara malik olması yaxşıdır, ya pis? Fars körfəzinin «neft monarxiyaları»nın dəbdəbəsi, Norveçin rifahı bir çoxlarının gözləri qarşısındakı nümunələrdir. Amma bu, hər zaman belə olmur. Əvvəla, ekspertlərin də qeyd etdikləri kimi, təbii resurslarla yanaşı, yaxşı idarəçilik də vacibdir. Əks halda külli miqdarda pulun, sadəcə olaraq, nümayişkaranə dəbdəbə ilə sovrulması riski var. Yaxud daha pisi – bu sərvətlər talan olunaraq oliqarxların ciblərinə axa bilər. Hər halda, belə nümunələr də kifayət qədərdir – şah dövrünün İranından tutmuş, Syerra-Leonedə yarımleqal mədənlərdən çıxarılan almazların vətəndaş müharibəsinin maliyyələşdirilməsində istifadə olunmasınadək.

Nəhayət, qiymətli xammalın onun mövcud olduğu ərazilərin ətrafında «siyasi hərarət»i dəfələrlə yüksəltdiyi də bəllidir. Bu gün buna inanmaq çətin olsa da, hələ iki əsr əvvəl… quş peyini uğrunda müharibə gedirdi. Amerikanın kəşfindən sonra Avropa kartof, qarğıdalı kimi yerli kənd təsərrüfatı bitkiləri ilə tanış olmuşdu və onlar heç də yalnız süfrələrə rəng qatmırdı. Bu bitkilər Avropadakı məhsullardan qat-qat çox kaloriyə malik idilər. Amma onların yetişdirilməsi üçün torpağın mütəmadi olaraq azotlu gübrələrlə «qidalandırılması» tələb olunurdu. Bu gübrələr isə məhz quş peyinindən əldə edilirdi. Bəli, Cənubi Amerikada bu quş peyini uğrunda müharibələr gedirdi. Həm də çox ciddi müharibələr. Döyüşlər həm də guano yataqlarından əmələ gələn selitra (çili selitrası) yataqları uğrunda da gedirdi.

Orta əsrlərdə «duz müharibələri» də alovlanmışdı. Hamıya lazım olan duza hər yerdə rast gəlinmirdi və Avropa iqlimi onun dəniz suyundan alınması üçün o qədər də əlverişli deyildi. XX əsrin əvvəllərindən isə artıq neft uğrunda vuruşurdular. İlk neft müharibələrindən biri məhz Azərbaycan ətrafında baş qaldırmışdı. Bu haqda açıq danışılması ənənəsi olmasa da, Leninin «Bakını almaq bizim üçün son dərəcə vacibdir» məzmunlu teleqramı düşünmək üçün kifayət edəcək əsasdır. Daha bir nümunə: 1967-ci ildə o zaman Portuqaliyanın müstəmləkəsi olan Anqolada neft tapılır və Lissabon diktatoru Salazarunun köməkçiləri bu xəbəri sevinc içərisində ona çatdırırlar. Deyilənə görə xəbəri alan diatator iki əli ilə başını tutaraq «Ay Allah! Bircə bu çatmırdı!» deyib.

Tale elə gətirib ki, illər sonra zəngin təbii sərvətlərə malik, lakin yerli hökumətlərin ağılla idarə edə bilmədikləri daha iki ölkə «qaynar nöqtə»yə çevrilib.

 

Nigeriyadan Venesuelayadək

ABŞ Prezidenti Donald Tramp Nigeriyanı hərbi zərbələrlə hədələyib. O, yerli hökumətin xristian əhalinin təqibinə, qətllərinə son qoymayacağı təqdirdə, Vaşinqtonun bu addımı ata biləcəyini bildirib. Tramp ölkəsinin Nigeriyaya bütün maliyyə və hərbi yardımları dayandırmağa hazır olduğunu da söyləyib. «Müdafiə Nazirliyimizə mümkün hərbi əməliyyatlara hazırlaşmağı əmr edirəm. Zərbə endirmək qərarı versək, bu, sürətli və amansız olacaq – terrorçu dəstələrin sevimli xristianlarımıza etdikləri hücumlar kimi. Xəbərdarlıq: Nigeriya hökuməti, tələs!», - deyə D.Tramp «Truth Social» sosial şəbəkəsində yazıb.

ABŞ-nin müdafə naziri Pit Heqset dövlət başçısına dərhal cavab verib: «Oldu, cənab! Nigeriyada və istənilən başqa yerdə günahsız xristianların öldürülməsinə dərhal son qoyulmalıdır. Müdafiə Nazirliyi əməliyyatlara hazırlaşır. Ya Nigeriya hökuməti xristianları qoruyacaq, ya da biz bu dəhşətli vəhşilikləri törədən islam terrorçularını məhv edəcəyik».

Nigeriya əhalisi arasında müsəlmanlarla xristianların sayı demək olar ki, bərabərdir. Hökumət xristianlara qarşı təqib siyasəti aparmır. Lakin məsələn, «Boko Haram» kimi qruplaşmalar tez-tez onları hədəf alır.

Nəhayət, ABŞ artıq bir neçə həftədir Venesuelaya qarşı da hərbi əməliyyatların mümkünlüyünə dair müzakirələr aparır. Burada isə söhbət xristianların qorunmasından getmir. Karakas narkotik ticarətində ittiham olunur. Vaşinqton Karib dənizində narkotik daşıyan katerlərə raket zərbələri endirildiyinə dair mütəmadi xəbər yayır. Lakin Konqress Trampın Venesuelaya qarşı hərbi addımlar atmasına icazə verən qətnaməni qəbul etməyib. İstənilən halda, yaşananlar olduqca narahatlıqverici hadisələrdir.

Karib dənizində narkotik daşıyan katerlərə zərbələrin endirilməsi, əlbəttə ki, effektiv təsir bağışlayır. Amma bu tədbirlərin narkotik ticarəti ilə mübarizədə nə qədər effektiv olduğu sualı açıq qalır. Birincisi, bütün katerləri yaxalamaq mümkün deyil. İkincisi, narkotik kartelləri qaçaqmalçılıq üçün yeni yollar axtaracaq. Məsələn, onlar daşımaları kruiz gəmilərinin yük yerlərindən istifadə etməklə həyata keçirərlərsə, həmin gəmiləri vurmaq mümkün olmayacaq. Üçüncüsü, dördüncüsü… və s. Odur ki, sual yaranır: bəlkə «təmizləmə» əməliyyatına birbaşa Venesueladan başlanılmalıdır?

 

«Xristianlar» və «narkotiklər» yazılır, «neft» oxunur?

Beləliklə, Tramp Venesuela və Nigeriyaya hərbi müdaxilə ehtimallarından danışır. Söhbət ciddi neft ehtiyatına malik iki ölkədən gedir. Venesuela, ümumiyyətlə, bu göstəricidə dünya lideridir. Odur ki, Vaşinqtonu əslində xristianların müdafiəsi və ya narkotik ticarəti ilə mübarizə yox, neftin maraqlandırdığına dair də ciddi mülahizələr var. Xüsusilə bu gün dünya neft bazarında ciddi rəqabətin getdiyi məlumdur. Vaşinqtonun Rusiyanın yanacaq-enerji kompleksinə planlı şəkildə sanksiyalar tətbiq edir. «Lukoyl» və «Rosneft» getdikcə «boğulur», Hindistan və Çin Rusiya neftindən imtina edir. Belə bir vəziyyətdə Trampı, əslində, neftin maraqlandırdığı haqda fikirlər ən azı absurd görünmür.

Amma bu «ənənəvi» izah nə qədər realdır? Nigeriyanı kənara qoyaq – onunla bağlı bir bəyanatdan başqa heç nə yoxdur. Ən azı hələlik. Venesuela və Karib dənizi ətrafında gərginlik isə açıq-aşkar sürətlə artmaqdadır.

Hər şeydən əvvəl realist olaq: Latın Amerikasında narkotik qaçaqmalçılığı ABŞ üçün, həqiqətən də, böyük problemdir, Venesuela isə vəziyyəti düzəltmək üçün tədbir görmək istəmir. Daha önəmlisi, Uqo Çaves və Boliviyanın keçmiş Prezidenti Evo Moralesin dövründən bu yana burada koka yarpaqlarının çeynənməsi yenidən bir kulta çevrilib. Bu, Latın Amerikasının qədim ənənələrindəndir. Üstəlik, söhbət o qədər geniş yayılmış ənənədən gedir ki, alimlər hələ də vəhşi koka tapmaqda çətinlik çəkir. Amma əsas məsələ bundadır ki, koka yarpaqlarının böyük hissəsi kokainə çevrilir və əsasən ABŞ bazarlarına çıxarılır. Üstəlik, narkotik ticarəti regiondakı bir çox radikal və terror qruplaşmalarının maliyyələşdirilməsinə sərf olunur. Söhbət Maduro kimi «Solivar sosialistləri»nin himayə etdikləri qruplaşmalardan gedir.

Məsələnin daha bir aspekti var. Venesuela Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir. Ölkə ərazisində artıq Rusiya raketləri belə, yerləşir. Aydındır ki, bu, Vaşinqton üçün qəbuledilməzdir. Amma bu, Donald Trampın Venesuelaya qarşı miqyaslı hərbi əməliyyatlara başlamağa cəsarət etməsi üçün kifayətdirmi?

 

Kağız üzərində hər şey gözəl görünürdü…

Belə qərarın qəbulu sülhməramlı imicindən imtina, demək olardı ki, bu da sadə məsələ deyil. Üstəlik, «miqyaslı hərbi əməliyyat» dedikdə, söhbətin dəqiq olaraq nədən getdiyi bəlli deyil. ABŞ-nin narkokartellərin plantasiyalarına zərbələr endirməsi başqa məsələdir, hər hansı ölkənin ərazisinə quru qoşunlarının yeridilməsi, orada hakim rejimin dəyişdirilməsi və s. başqa.

Hərbi baxımdan belə əməliyyatın ABŞ üçün çətinlik yaratmayacağını düşünmək olar. Birləşmiş Ştatlar kimi ölkə üçün Venesuela ordusunun müqavimətini qırmaq çətin məsələ deyil. Bu halda Karakasa Rusiyanın hava hücumundan müdafiə sistemləri də kömək etməz. Ukrayna müharibəsi göstərir ki, Rusiya PUA-larını məhv etmək mümkündür. Bu halda Moskvanın Venesuelaya gözlənilən səviyyədə dəstək verib-verməyəcəyi özü də açıq sualdır. Birincisi, Ukrayna müharibəsinin getdiyi bir vaxtda onun Maduroya ayıracaq vaxtı yoxdur, ikincisi, Moskva üçün Vaşinqtonla birbaşa toqquşmaya getmək çox risklidir.

Vaşinqtona gəlincə, onun üçün əsas çətinliklər siyasi meydanda olacaq. 1999-cu ilədək Venesuela adi Latın Amerikası partokratiyası idi. 1999-cu ildə polkovnik-leytenant Uqo Çavesin prezident seçilməsi ilə ölkədə «bolivarçı sosializm» elan olunub, neft dollarlarının birbaşa sosial proqramlara yönəldilməsinə başlanılıb, ölkədə şəhər yoxsulları üçün «görünməmiş səxavət» siyasətinə start verilib. Pul yardımı, müxtəlif subsidiyalar, mebellər və texnika ilə təchiz olunmuş pulsuz mənzillər – Venesuelada sanki sosial cənnət yaradılmışdı. Amma bir müddət sonra hər şey çöküb. Durmadan bahalaşan neft davamlı şəkildə ucuzlaşmağa başlayıb, sosial proqramların maliyyələşməsi üçün vəsait qalmayıb. Mütəxəssislər hələ o zaman xəbərdarlıq edirdilər ki, neft gəlirlərinin birbaşa büdcəyə əlavə edilməsi yolverilməzdir, çünki qiymət çox qeyri-sabitdir. Lakin Venesuela bu amili nəzərə almamışdı. Nəticədə, onun cəzası ağır oldu. Amma sosial proqramları ləğv etmək də mümkün deyildi. Nəticədə, «pul maşını» işə salınsa da, vəziyyətin düzəlməsinə bu da kifayət etmədi.

Sözügedən siyasətin «ata»sı Uqo Çaves 2013-cü ildə vəfat edib. Ondan sonra ölkənin başına həmin vaxtadək vitse-prezident olmuş Maduro keçib. Bununla da, «sosial cənnət» «cəhənnəm»ə çevrilib. Ölkədə inflyasiya dördrəqəmli ədədlərlə ölçülür, yerli valyutanın çap edilməsi üçün kağız belə, tapılmır. Nəticədə, kağız valyuta qarşılığında alınmalı olurdu, amma buna da valyuta tapılmır. Təbii resurslarla ən zəngin ölkədə əsl aclıq yaşanır. Xəstəxanalarda dərman çatışmır, metroda bilet yoxdur, çünki onun çapı üçün kağız tapılmır, cinayətkarlıq rekord həddə çatır. Venesuela vətəndaşları son illərdə dəfələrlə soyğunçuluğa məruz qaldıqlarını etiraf edirlər.Gözləntilərə baxmayaraq, turizm də, demək olar ki, sıfıra düşüb. Hər halda, heç kim pul ödəyərək bıçaqlanmaq istəmir. İddia olunur ki, Maduro seçkiləri yalnız saxtakarlıq hesabına qazanır.

Düşünmək olar ki, belə vəziyyətdə Maduro hakimiyyətini kiçik bir təkanla yıxmaq olar. Amma məsələ o qədər də asan deyil. Venesuelada hakimiyyətin öz dəstəyi var. Ordu, polis, hətta iri cinayətkar qruplar. Onların hər biri hakimiyyətdən öz «payı»nı alır. Bu strukturlar əhaliyə ərzaq paylanmasına nəzarətə də cəlb olunublar. Onların özlərinin aldıqları «pay» qarşılığında Maduroya sadiq olmaları təəccüblü deyil. Üstəlik, ölkə müxalifəti hər hansı parlaq, xarizmatik liderə malik deyil, bu rola iddialıların isə populyarlığı və populizmi çatmır.

Vaşinqtonda artıq açıq deyirlər ki, demokratiyanı güc yolu ilə təmin etmək olmur. Yəni ABŞ kimisə öz gücünə hakimiyyətə gətirə bilər, amma onu hökumətin başında saxlamaq çətindir. Hərbi əməliyyatlara qarşı əsas arqumentlərdən biri də məhz budur.

Belə bir vəziyyətdə bir məqamı da unutmaq olmaz: vəziyyətin müharibə istiqamətində getməsinə yalnız ABŞ-nin deyil, küncə sıxışdırılmış Maduronun mümkün addımları da yol aça bilər.



MƏSLƏHƏT GÖR:

43