9 Yanvar 2026

Cümə, 05:37

VAŞİNQTONUN GEDİŞİ

«C5+1» ABŞ-nin yumşaq güc və strateji təsir alətinə çevrilir

Müəllif:

15.11.2025

Mərkəzi Asiya ölkələri dövlət müstəqilliklərini qazandıqları dövrdən bu yana heç zaman dünyanın güc mərkəzlərinin diqqətinə indiki qədər düşməmişdilər. İndi bu regionun ətrafında burada tədricən öz siyasi və iqtisadi mövcudluqlarını gücləndirməyə çalışan dövlətlər zənciri formalaşır ki, bu da Mərkəzi Asiyanı qlobal rəqabətin əsas qovşaqlarından birinə çevirir. Bu istiqamətdə ən fəal və ardıcıl xətti ABŞ nümayiş etdirir. O, region dövlətləri ilə əməkdaşlıq vasitələrini şaxələndirir, bu bölgədə təsir imkanlarını artırmağa çalışır.

Bu mənada, noyabrın 6-da Vaşinqtonda keçirilən «Mərkəzi Asiya+ABŞ» sammiti son onilliklər ərzində Vaşinqtonun «C5+1» formatına institusional dərinlik və strateji istiqamət vermək cəhdlərinin ən ciddi nümunəsi sayıla bilər. İndi Vaşinqton onu sadəcə bəyanatlar platformasından uzunmüddətli tərəfdaşlıq mexanizminə çevirməyə çalışır. Hədəf regionun infrastruktur, enerji, rəqəmsal və iqtisadi mühitinin transformasiyası, Mərkəzi Asiya dövlətlərinin rəqib xarici təsirlərə qarşı dayanıqlılığının möhkəmləndirilməsidir.

 

Formatın təkamülü

«C1+5» formatının əsası 2015-ci ildə BMT Baş Assambleyası zamanı qoyulub. ABŞ Mərkəzi Asiyanın beş dövləti ilə müntəzəm məsləhətləşmələrə məhz bununla başlayıb. Formatın yaradılması regionda Çin və Rusiyanın fəallığı artırmalarına cavab olaraq baş verib və iqtisadiyyat, nəqliyyat, enerji kimi sahələrdə əməkdaşlığın inkişafına yönəlib. O vaxtdan format tədricən siyasi bəyanatlardan praktik əməkdaşlığa keçib. Ötən illər ərzində orada yer alan ölkələrin nazirləri və liderləri səviyyəsində təxminən 10 tammiqyaslı görüş keçirilib. Son illərdə bu formatda təmaslar intensivləşsə də, Vaşinqton sammiti onun ən məzmunlu və institusionallıq baxımından formalaşmış mərhələsi sayıla bilər.

Vaşinqton sammitində region ölkələrinə təşəbbüslər paketi təqdim olunub. Təkliflər birbaşa ABŞ administrasiyası tərəfindən prezident və aidiyyəti qurumlar səviyyəsində irəli sürülüb. Əslində, burada söhbət tək bir sənəddən yox, region ölkələri ilə işgüzar danışıqlardan, ikitərəfli görüşlərdən, işgüzar nahar formasında keçirilən ümumi sessiya zamanı təqdim olunmuş proqram və layihələr seriyasından gedir. Vaşinqton format üzvlərinə bu platformada infrastruktur, enerji və rəqəmsal təşəbbüslər siyahısını təqdim edib, müəyyən sahələrin qrantlar, investisiyalar və texniki əməkdaşlıq yolu ilə maliyyələşdirilməsinə hazır olduğunu bildirib.

Vaşinqton sammiti Mərkəzi Asiya bölgəsinin genişmiqyaslı transformasiyalardan keçdiyi bir şəraitdə baş tutub. Rusiya 2022-ci ildən sonra burada iqtisadi və siyasi təsirini əhəmiyyətli dərəcədə itirib, Çin kreditləşmə, logistika marşrutları və rəqəmsal texnologiyaların ixracı ilə mövqeyini fəal şəkildə gücləndirib, Türkiyə və Avropa İttifaqı isə enerji və nəqliyyat layihələrində iştirakını artırıb. Bu dəyişikliklər Vaşinqton üçün nadir imkanlar pəncərəsi yaradıb. Bundan istifadə edən Amerika Mərkəzi Asiya ölkələrinə uzunmüddətli əməkdaşlıq modelini təqdim etmək qərarına gəlib. Bu model Birləşmiş Ştatların prioritetlərinə əsaslanır və investisiyalar, texnoloji tərəfdaşlıq, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsini əhatə edir.

 

İqtisadiyyat, nəqliyyat, kibertəhlükəsizlik

Sammitin maliyyə baxımından əsas nəticəsi ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi Korporasiyası və İxrac-İdxal Bankı vasitəsilə 3 milyard dollara qədər vəsaitin ayrılması qərarı olub. Bu vəsait infrastrukturun keyfiyyətinin yaxşılaşdırılmasına yönəldiləcək. Söhbət xüsusilə son illərdə Avropa ilə Asiya arasında malların tranzitində əhəmiyyətli yer tutan trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun müasirləşdirilməsindən gedir. Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarının genişləndirilməsi, Özbəkistan və Qırğızıstanda dəmir yolu seqmentlərinin ötürücülük qabiliyyətinin artırılması, logistika axınlarının rəqəmsallaşdırılması və yüklərin real vaxt rejimində izlənməsi üçün texnoloji həllərin tapılması görülməsi planlaşdırılan işlər arasındadır.

Vaşinqton trans-Xəzər marşrutunu öz layihəsinə struktur olaraq inteqrasiya etməyə, onu rəqabət qabiliyyətli, xarici risklərə davamlı layihəyə çevirməyə çalışır. Çünki amerikalılar regional iqtisadiyyatın yeni konfiqurasiyasının məhz nəqliyyat əlaqələri vasitəsilə formalaşdırıla biləcəyini anlayırlar. O, TRIPP marşrutuna da tam uyur. Cənubi Qafqazda bu layihənin infrastruktur həlləri perspektivli siyasi planlarla bağlıdır və regionda postmünaqişə gündəliyi çərçivəsində siyasi münasibətlər sisteminin transformasiyasına yönəlib. Odur ki, marşrutun müasirləşdirilməsi yalnız iqtisadi təşəbbüs kimi deyil, həm də ABŞ-nin regiondakı siyasi maraqlarını möhkəmləndirəcək alət kimi qiymətləndirilir. Hər halda, görüş zamanı ABŞ Prezidenti Donald Trampın TRIPP layihəsinə xüsusi diqqət ayırması təsadüf deyildi. Ağ Ev sahibi onu region ölkələri arasında ticarət və əməkdaşlığın gücləndirilməsi amili kimi təqdim edib. TRIPP marşrutunu qlobal layihə adlandıran Tramp bildirib ki, o, hər bir ölkəyə fayda gətirəcək. Yaradılmış infrastruktur sayəsində Azərbaycan Orta Dəhlizin əsas elementinə, Mərkəzi Asiya ölkələri üçün strateji tərəfdaşa çevrilib. Bu, istər Vaşinqtonun qiymətləndirmələrində, istərsə də regional yanaşmalarda öz əksini tapır.

Razılaşmaların digər vacib hissəsi iqlim və su layihələri ilə bağlıdır. ABŞ suvarma sistemlərinin bərpasına, quraqlıqla mübarizəyə, su axınlarının transsərhəd idarəçiliyinin yaxşılaşdırılmasına 150 milyon dollaradək vəsait ayırmağa hazırdır. Bu, torpağın erroziyası, mövsümi su təminatının pozulması, iqlim dəyişiklikləri ilə üzləşən Qırğızıstan, Tacikistan və Özbəkistan üçün həyati əhəmiyyət daşıyır. Məlumdur ki, Mərkəzi Asiya dünyada su çatışmazlığından əziyyət çəkən əsas regiondandır. Odur ki, Vaşinqton bu problemin həllində də ciddi rol oynamaq istəyir.

 

Sammitin praktik nəticələri

Görüşün nəticələri haqda danışarkən ABŞ-dən ən böyük və strateji baxımdan ən əhəmiyyətli razılaşma paketlərindən birini Qazaxıstanın aldığı xüsusi vurğulanmalıdır. Belə ki, Vaşinqton uran və kritik əhəmiyyətli mineralların alışını artırmaq niyyətini ifadə edib. Bu, onun müdafiə-sənaye kompleksi və enerji sektoru üçün təchizatın şaxələndirilməsi zərurəti ilə bağlıdır. Məlum olduğu kimi, uran istehsalında dünya lideri məhz Qazaxıstandır və onunla əlaqələrin möhkəmləndirilməsi Vaşinqton üçün Çinlə bu sahədə rəqabət baxımından da əhəmiyyət daşıyır.

ABŞ ilə Kiberdayanıqlılıq Mərkəzinin yaradılması haqda da razılığa gəlinib. Bu mərkəz kritik infrastrukturun, o cümlədən enerji sistemlərinin, maliyyə şəbəkələrinin və dövlət məlumat bazalarının qorunması üzrə mütəxəssislərin hazırlanması platforması olacaq. Vaşinqton, həmçinin Qazaxıstanın enerji şəbəkələrinin müasirləşdirilməsinə maraq göstərir. Bu, yükün daha bərabər paylanmasını təmin etməli, ölkənin Çin və Özbəkistana ixrac potensialını artırmalıdır.

ABŞ-dən ikinci böyük fayda alan ölkə Özbəkistandır. Vaşinqton bu ölkədə sənayenin rəqəmsallaşdırılmasına, dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə, günəş enerjisinin inkişafına, pilot hidrogen klasterinin yaradılmasına investisiya yatırmağa hazır olduğunu təsdiqləyib. ABŞ Daşkəndi regionda iqtisadi modernləşmənin əsas tərəfdaşı kimi qiymətləndirir. Bundan başqa, tərəflər ikinci rəqəmsal təhlükəsizlik mərkəzinin yaradılmasına dair də razılığa gəlib. Bu dəfə əsas hədəf maliyyə sistemlərinin qorunması, banklarda kibertəhlükəsizliklə bağlı mütəxəssislərin hazırlanmasıdır. Bu, hazırda bank sektorunda miqyaslı islahatlar aparan Özbəkistan üçün xüsusilə əhəmiyyətlidir.

Qırğızıstan əsasən hidroenerji, suvarma və su sistemlərinin müasirləşdirilməsilə bağlı paketlər əldə edib. ABŞ bu ölkədə kiçik SES-lərin müasirləşdirilməsini, kanalların bərpasını, köhnəlmiş infrastruktur səbəbi ilə 40%-ə çatan su itkisini azaltmaq niyyətindədir. Bununla yanaşı, tekstil sektoruna dəstək (mümkün GPS rejiminin bərpası ilə bəzi məhsullar üzərində tariflərin azaldılması və ya ləğvi) ABŞ bazarlarına ixracın stimullaşdırılması və ölkənin iqtisadi bazasının genişləndirilməsi üçün vacib vasitə sayılır. Həmçinin Vaşinqtonla korrupsiya ilə mübarizə üçün kadrların, kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması proqramı da razılaşdırılıb. Dövlət idarəçiliyi islahatları kontekstində bu da xüsusi əhəmiyyət daşıyır.

Tacikistanla razılaşmalar da əsasən infrastruktur yönümlüdür. Suvarma şəbəkələrinin bərpası, su təsərrüfatı sistemlərinin müasirləşdirilməsi, Amurdərya hövzəsi üzrə layihələrin dəstəklənməsi nəzərdə tutulan işlərdəndir. İqlim dəyişiklikləri və ölkənin mürəkkəb coğrafi şəraitini nəzərə alsaq, bunlar ciddi əhəmiyyət daşıyan işlərdir. ABŞ Tacikistanla hidroenerji infrastrukturunun müasirləşdirilməsində, o cümlədən SES-lərin səmərəliliyinin artırılmasında iştirakı da müzakirə edir ki, bu da qış aylarında enerji çatışmazlığını əhəmiyyətli dərəcədə azalda bilər.

Müzakirələrin vacib hissələrindən biri də Tacikistan-Əfqanıstan sərhədində logistika axınlarının və təhlükələrin monitorinqi sistemlərinin yaradılması ilə bağlı olub. Səbəb Əfqanıstanın şimal vilayətlərində sabitliyin çox zəif olmasıdır.

Türkmənistana gəlincə, o, uzun illər sonra ilk dəfə Qərb şirkətlərinin qaz yataqlarının işlənməsində, qaz nəqli infrastrukturunun müasirləşdirilməsində iştirakını nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bu, Vaşinqton üçün Türkmənistanın enerji aktivlərinə çıxış imkanı, Avropaya alternativ marşrutlarla qaz tədarükü şansı deməkdir. Nəqliyyat dəhlizinin genişləndirilməsi çərçivəsində ABŞ Türkmənbaşı limanının müasirləşdirilməsində iştiraka da hazırdır. Buraya konteyner terminalının genişləndirilməsi, təhlükəsizlik sistemlərinin quraşdırılması daxildir. Bu işlərin görülməsi Türkmənistanın Orta Dəhlizdəki rolunu artıracaq.

Beləliklə, Vaşinqton sammiti göstərib ki, Mərkəzi Asiya ölkələri xarici iqtisadi əlaqələri şaxələndirməyə çalışır, bu kontekstdə ABŞ ilə münasibətləri gücləndirir, eyni zamanda Çin, Rusiya və Aİ ilə əməkdaşlıqdan da imtina etmir. ABŞ üçün isə sammit iqtisadi, infrastruktur və texnoloji iştirak vasitəsilə bölgədə mövcudluğunu artırmaq, eyni zamanda Çinin təsirlərini məhdudlaşdırmaq üçün alətlər qazanmaq imkanı olub.

Bununla yanaşı, «C5+1» formatı ilk dəfə olaraq maliyyə öhdəlikləri ilə dəstəklənən institusional struktura çevrilib. İndi ona ABŞ-nin regionda infrastrukturun, enerji sektorunun müasirləşdirilməsində əsas memarlardan biri kimi çıxış etməsinin mexanizmi kimi yanaşılır. Bu, uzunmüddətli perspektivdə regionda mal, enerji resursları, texnologiya və maliyyə axınının konfiqurasiyasına dəyişə, Mərkəzi Asiyada yeni güc balansının formalaşması üçün əsas yarada bilər.



MƏSLƏHƏT GÖR:

46