SONSUZ YARIŞ
Yeni nüvə texnologiyaları yarışı qarşılıqlı çəkindirmə konsepsiyasını yaşamaq uğrunda savaşa çevirir
Müəllif: İrina XALTURİNA
«Soyuq müharibə»nin başa çatmasından və yeni beynəlxalq təhlükəsizlik arxitekturasının qurulmasından sonra belə bir fikir formalaşmışdı ki, artıq nüvə müharibəsi mümkün deyil, çünki bu, qarşılıqlı məhvetmə deməkdir. Lakin XXI əsr özünün yeni texnologiyaları ilə bu konsepsiyaya düzəlişlər edib və edir. Artıq söhbət kimin daha çox nüvə başlığına malik olmasından yox, onları hədəfə çatdıracaq vasitələrin nə qədər «ağıllı», «davamlı» olmasından gedir. Müvafiq olaraq, indi «ikinci zərbə» və ya «ikinci şans» adlanan mərhələdə kimlərin sağ qala biləcəyi, kimlərin daha effektiv fəaliyyət göstərmək imkanına sahib olacağı daha aktualdır.
Eyni zamanda bu, tətbiqetmə üfüqlərini də genişləndirir. Üçüncü Dünya müharibəsinin klassik çərçivədə deyil, nüvə silahının mümkün lokal tətbiqi ilə baş tuta biləcəyindən danışılır. Bu səbəbdəndir ki, Rusiya ilə NATO ölkələrinin Ukraynadakı qarşıdurması fonunda dünya birliyi nüvə sınaqlarının bərpasına dair müzakirələrin getdikcə artdığına şahidlik edir. Qarşılıqlı çəkindirmə sisteminin qaydaları sürətlə pozulur, faktiki olaraq, nüvə silahlanmasında yeni mərhələ başlayır. O da aydındır ki, yeni «oyun qaydaları»nın yaradılmasına aparan keçid dövrü çox təhlükəli ola bilər…
Moratoriumdan imtina?
ABŞ Prezidenti Donald Tramp oktyabrın sonlarında bəyan edib ki, o, Pentaqona digər ölkələrlə «bərabər əsasda» nüvə silahı sınaqlarına başlanılmasını tapşırıb. Dövlət başçısının sözlərinə görə, bu gün Birləşmiş Ştatlar dünyada ən böyük nüvə arsenalına malik dövlətdir: «Rusiya ikinci yerdədir, Çin isə xeyli geridə olsa da, beş il ərzində bizə çata bilər».
Rusiya Prezidenti Vladimir Putin isə buna cavab olaraq, ölkəsinin Təhlükəsizlik Şurasının noyabrın 5-də keçirilən toplantısında Xarici İşlər və Müdafiə nazirliklərinə, xüsusi xidmət orqanlarına və bir sıra mülki qurumlara nüvə silahı sınaqlarına mümkün hazırlıqla bağlı təkliflərin hazırlanmasını tapşırıb. Putin deyib ki, Moskva Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsinin yaratdığı öhdəliklərə tam əməl etsə də, müqavilənin digər iştirakçılarının sınaqlara başlayacaqları təqdirdə Rusiya da adekvat tədbirlər görməlidir. Moskvada hesab edirlər ki, Vaşinqtonun nüvə sınaqları moratoriumundan istinası qlobal strateji sabitlik sisteminin dağıdılması istiqamətində addım olacaq.
Xatırladaq ki, Rusiya nüvə doktrinasını ötən il rəsmən dəyişidirib. Oraya «istənilən qeyri-nüvə dövlətindən nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə gələcək təcavüzə cavab vermək imkanı» ifadəsi əlavə olunub. Beləliklə, Rusiya özünün və ya Belarusun suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradacaq adi silahlı hücumun qarşısının alınması üçün belə, nüvə silahından istifadə hüququnu özündə saxlayır.
Nüvə zərbələri ssenarilərinin məşqi
Nüvə komponentləri olmadan keçirilən sınaqlara kifayət qədər tez-tez rast gəlinir. Burada qeyri-adi heç nə yoxdur. Məsələn, ABŞ mütəmadi olaraq qitələrarası ballistik raket olan «Minuteman III»nü sınaqdan keçirir. «Şəhər qatili» ləqəbi daşıyan bu raket Birləşmiş Ştatların nüvə triadasının yerüstü komponentinin əsas silahıdır. «Minuteman III» sonuncu dəfə Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından buraxılıb və 6700 kilometrdən çox məsafə qət edərək Marşall adalarında yerləşən raket əleyhinə müdafiə sınaq poliqonu yaxınlığında yerə düşüb. Eyni zamanda oktyabrda Şimal dənizi üzərində NATO hərbçiləri ABŞ-nin strateji bombardmançıları ilə Rusiyaya qarşı real nüvə zərbələrinin mümkün ssenarisinin məşqini keçiriblər.
Moskva isə öz növbəsində, məhdudiyyətsiz uçuş məsafəsinə malik, nüvə enerji qurğusu ilə təchiz olunmuş “Burevestnik” raketinin sınağının başa çatdığını bəyan edib. Daha sonra – noyabrın 4-də Putin «Poseydon» (mahiyyətcə nüvə və termonüvə bombası daşıyan sualtı qayıq-dron) və «Burevestnik»in yaradıcılarının təltifolma mərasimində bildirib ki, artıq «Oreşkin» raket kompleksinin də seriya istehsalına başlanılıb və nüvə mühərrikli növbəti nəsil qanadlı raketlərin hazırlanmasına start verilib. Onların gələcəkdə hipersəs sürətinə malik olacağı gözlənilir.
Bundan başqa, V.Putin 2026-cı ildə ağır qitələrarası «Sarmat» raketlərinin ordunun istifadəsinə veriləcəyini, onların 1988-ci ildən istifadədə olan «Vayevoda»ları əvəzləyəcəyini də bildirib. Bütün bunlar yerüstü «Yars» qitələrarası ballistik raketlərin və «Sineva» sualtı ballistik raketlərin buraxılışı fonunda baş verir.
Maraqlıdır ki, Rusiyanın ən yeni silah sistemlərinin sınaqlarının keçirildiyinə dair bəyanatından cəmi üç gün sonra qəflətən mətbuata ABŞ-nin «AGM-181A» adlı ultra-gizli nüvə başlıqlı qanadlı raketləri haqda məlumat «sızıb». Söhbət «Long Range Stand-off» proqramı çərçivəsində düşmənlə təmas olmadan tətbiq olunan uzaqmənzilli raketdən gedir. Bununla yanaşı, Birləşmiş Ştatların Almani ərazisinə «Dark Eagle» ortamənzilli ballistik raketlər yerləşdiriləcəyi də məlum olub. Onlar Rusiyanın mərkəzinə cəmi 6-7 dəqiqəyə çata bilər.
Gözlənildiyi kimi, ABŞ ilə Rusiya bir-birlərini diqqətlə izləyirlər. Rusiyanın bu sahədəki inkişafını reklam etməsi Vaşinqtonda narahatlıq yaradırsa, NATO-nun yalnız texniki hazırlığı yoxlamaqla kifayətlənməyərək onun ərazisinə mümkün nüvə zərbəsi ssenarisini məşq etməsi Moskvanı narazı salır. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi Müqaviləsində yerdə, kosmosda, yerin altında və suyun altında hərbi və ya dinc məqsədlərlə hər hansı nüvə partlayışının qadağan olduğu bildirilir. Nüvə silahı daşıyıcılarının nüvə başlığı olmadan sınaqdan keçirilməsi buraya aid deyil. Odur ki, Vaşinqton və Moskvanın «nüvə sınaqlarının bərpası» dedikdə, konkret nəyi nəzərdə tutduqları tam aydın deyil.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov «ABŞ-nin «Burevestnik» və «Poseydon»un nüvə enerjisi qurğusu ilə sınaqdan keçirilməsini nüvə silahı sınağı kimi qəbul etməsi mümkündürmü?» sualına cavabında deyib: «Söhbət nüvə partlayışından deyil, daşıyıcı vasitədən gedir. Bu, nüvə mühərrikidir və bunlar tam fərqli mövzulardır».
Bununla yanaşı, mütəxəssislər daim vurğulayırlar ki, nüvə partlayışlarının kompüterlə modelləşdirilərək həyata keçirilməsi real sınaqlardan daha etibarlı məlumat verir. Hər halda, ABŞ 1992-ci ildən bu yana əsl nüvə sınağı keçirməyib. Bəzi məlumatlara görə, hazırda Vaşinqtonun sınaq poliqonlarının hazırlığı, kadr çatışmazlığı, həmçinin uranın zənginləşdirilməsilə bağlı problemləri də var.
Bəzi məlumatlara görə, ABŞ artıq taktiki nüvə silahları sahəsində də geri qalır, çünki son illərdə onun hərbi-sənaye kompleksi daha çox gəlir gətirən adi silahların istehsalına köklənib. 1970-ci ildən istifadədə olan «Minuteman III» raketləri də sadəcə, müasirləşdirilir.
Triadanın üçüncüsü
ABŞ və Rusiyanın qiyabi şəkildə nüvə yarışı ilə məşğul olduqları bir vaxtda ortaya daha bir real oyunçu çıxıb – Çin. Belə ki, Pekin 1980-ci illərdən bu yana ilk dəfə təlim döyüşü başlığı ilə təchiz olunmuş «DF-31AG» raketini Sakit okeanın cənub hissəsindən beynəlxalq sular istiqamətində buraxdıqdan sonra, 2024-cü ilin sentyabrında qitələrarası ballistik raket sınağı da həyata keçirib. Son məlumatlara görə, artıq Çin ərazisinə yerləşdirdiyi qitələrarası ballistik raketlərin sayına görə həm ABŞ-ni, həm də Rusiyanı qabaqlayır. Onun 462 belə raketə malik olduğu bildirilir (ABŞ-də 400, Rusiyada isə 333 belə raketin olduğu güman edilir). Çinin illik istehsal etdiyi döyüş başlıqlarının sayına görə də bütün nüvə dövlətlərini qabaqladığı deyilir. Ölkənin hazırkı rəhbəri Si Cinpin dövründə ÇXR-in nüvə arsenalı hər hansı digər dövrlə müqayisədə daha sürətlə böyüyüb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatında bildirilir ki, hazırda Çin ən azı 600 nüvə başlığına malikdir. Üstəlik, o, 2023-cü ildən başlayaraq hər il bu ehtiyatını daha 100 ədəd artırır. İnstitutun hesabatında deyilir ki, ÇXR 2035-ci ilədək təxminən 1,5 min döyüş başlığı əldə edəcək. Hazırda isə dünyadakı bütün nüvə başlıqlarının 90%-i ABŞ və Rusiyanın payına düşür. Qərb mediası yazır ki, ümumi nüvə başlıqlarının sayına görə Rusiya ABŞ-ni bir qədər qabaqlayır, lakin yerləşdirilmiş raket-nüvə qurğularının sayında ilk yeri Birləşmiş Ştatlar tutur.
Yenə də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2020-ci ilin yanvarınadək ABŞ-nin arsenalında 5800, Rusiyanın arsenalında isə 6375 nüvə başlığı olub. Ekspertlərin qiymətləndirməsinə görə Birləşmiş Ştatların Avropadakı taktiki nüvə bombalarının ümumi sayı ən azı 100 ədəddir. Bununla yanaşı, istər Amerika, istərsə də Rusiya yeni növ nüvə sursatlarının hazırlanması üzərində də işləyir. Üstəlik, kiçik modullu reaktorların qurulması sahəsində də rəqabət artır. Əlbəttə, yerüstü və kosmosdan idarə olunan raketdən müdafiə sistemləri, eləcə də peyk əleyhinə silah sahəsindəki yarış da öz yerində.
Bütün bu yaşananların fonunda silahsızlaşma müqaviləsinin taleyi sual altına düşüb. Tramp hələ ilk prezidentliyi dövründə Strateji Hücum Silahları Müqaviləsinin uzadılmasına dair danışıqlardan imtina etmişdi. Ekspertlər bildirirdilər ki, Vaşinqton o zaman sənədə Çinin də qoşulmasını, həmçinin Rusiyanın bütün yeni silahlarının siyahıya alınmasını tələb edirmiş. Doğrudur, Trampdan sonra hakimiyyətə gələn Co Bayden müqavilənin müddətini beş il uzadıb. Lakin prosesin bundan sonra necə gedəcəyi hələ ki, bəlli deyil. Rusiya müqavilədə iştirakını hələ 2023-cü ildə dayandırıb. Sentyabrda isə Putin ABŞ-ni müqavilənin müddəti bitdikdən sonrakı bir il ərzində həmin sənəddəki məhdudiyyətlərə könüllü əməl etməyə çağırıb.
Bu gün hər şeydən əlavə, Çinin artan imkanları Trampı getdikcə daha çox narahat edir. Bununla yanaşı, rusiyalı ekspertlər Ağ Ev rəhbərinin Fransa və Böyük Britaniyanın sözügedən sənədə cəlb olunmasını istəmədiyini bildirirlər. Məsələ ondadır ki, ABŞ-nin azaltmalı olduğu döyüş başlıqlarının bir hissəsini bu ölkələrə ötürə biləcəyi deyilir.
İndi Vaşinqton moratoriumu pozaraq real silah sınaqlarına başlayarsa, bu digər nüvə dövlətlərində domino effekti yarada bilər. Bu halda Çinin Lobnor poliqonunda sınaqları bərpa edəcəyi, ardından isə Hindistanla Pakistanın da ümumi prosesə qoşulacaqları istisna deyil.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu bildirir ki, nüvə silahına malik 9 dövlət – ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya – ümumilikdə 12241 nüvə başlığına malikdir.
Maraqlıdır ki, Trampın ABŞ müdafiə nazirinin nüvə çəkindirməsi, kimyəvi və sioloji müdafiə siyasəti və proqramları üzrə köməkçisi vəzifəsinə namizəd irəli sürdüyü Robert Kadlek ölkəsinin taktik nüvə silahlarına nəzarət sahəsində Rusiya ilə razılaşma imzalamaq istəyini dilə gətirib. Qeyd edək ki, hazırda bu məsələ heç bir ikitərəfli və ya çoxtərəfli sənədlə tənzimlənmir.
Göründüyü kimi, «soyuq müharibə» dövrünün ənənəvi nüvə çəkişməsi modeli, yəni strateji balansın yalnız ABŞ ilə SSRİ arasındakı qarşıdurma ilə müəyyənləşdiyi sistem daha mürəkkəb, çoxqütblü sistemlə əvəzlənir. Bu yeni sistemdə Amerika və Rusiya ilə yanaşı, Çin də yer alır. Yeni texnoloji inkişaf isə məsələni daha da qəlizləşdirir. XXI əsrin ilk rübü sona yaxınlaşarkən bütün nikbin proqnozlara rəğmən, nüvə rəqabəti dünyanın 1960-cı illərdən bu yana görmədiyi riskləri yaradır. Adıçəkilən üç dövlətin hər biri texnoloji və strateji baxımdan geri qaldığını düşünərək, danışıqlar masası arxasına əyləşməkdənsə, «təqib»ə üstünlük verir.
Süni intellektin getdikcə daha geniş tətbiqi ilə erkən xəbərdarlıq peyklərinin sıradan çıxarılması və ya nüvə qüvvələrini idarəetmə sistemlərinin sındırılması imkanları çəkindirmə məntiqinin özünü təhlükə altına qoyur, bu isə böhranlı vəziyyətlərdə «avtomatik eskalasiya» risklərini artırır. Dünya çox təhlükəli dövrdən keçir. Bu mərhələdə istənilən düşünülməmiş və razılaşdırılmamış addım bəşəriyyət üçün fəlakətə yol aça bilər.
MƏSLƏHƏT GÖR:



72

