9 Yanvar 2026

Cümə, 05:29

POSTMÜNAQİŞƏ DÖNÜŞÜ

Yenilənən Qafqazda Gürcüstan-Ermənistan dialoqu

Müəllif:

15.11.2025

2025-ci il bütünlükdə Cənubi Qafqaz üçün dönüş nöqtəsi olub. 8 avqust Vaşinqton sammitindən sonra region münasibətlərin ehtiyatlı, lakin nəzərəçarpacaq dərəcədə yenidən dəyərləndirilməsi mərhələsinə qədəm qoyub, regional dinamika tədricən qarşıdurmalar mərhələsindən imkanlar pəncərəsinə doğru yönəlməyə başlayıb. Başqa sözlə, təxminən 30 il ərzində gündəliyi müəyyən etmiş münaqişə artıq yerini diplomatiyaya, nəqliyyat əlaqələrinə və iqtisadi praqmatizmə verməkdədir.

Belə bir vəziyyətdə tarixən sıx, amma heç də həmişə sadə olmayan münasibətlərə malik iki qonşu – Gürcüstan və Ermənistan ənənəvi qonşuluq münasibətlərini həqiqi strateji tərəfdaşlığa çevirmək üçün unikal şans qazanıb. Onlar arasında dialoq indi yeni postmünaqişə reallığının bir hissəsinə çevrilir. Hər halda, regionda uzun illər sonra ilk dəfədir ki, risklərdən çox sülh imkanları haqqında danışmaq mümkündür. Tbilisi üçün bu, dialoq və tranzit platforması imkanlarını gücləndirmək, İrəvan üçün isə yeni geologistik marşrutlara çıxış, iqtisadi dayanıqlılığın gücləndirilməsi, regional zəifliyin aradan qaldırılması şansıdır.

Sülh müqaviləsinin imzalanmasını fəal şəkildə dəstəkləyən Gürcüstan tərəfi bildirir ki, «sabit və təhlükəsiz Cənubi Qafqaz bölgənin bütün ölkələrinin ortaq hədəfidir». Münaqişənin ağrılı nəticələrini yaşayan Ermənistan üçün isə Tbilisi ilə dayanıqlı münasibətlərin qurulması təkcə siyasi deyil, həm də iqtisadi zərurətə çevrilib. Çünki onun Qara dənizə, Avropaya və dünya bazarlarına çıxışı məhz Gürcüstan ərazisindəndir.

Böyük «Qafqaz yenilənməsi» fonunda ən praqmatik və konstruktiv təsir bağışlayan dialoq məhz Gürcüstan-Ermənistan dialoqudur. Burada siyasət, iqtisadiyyat, təhlükəsizlik və nəqliyyat-logistika komponentləri vahid kompleks kimi çıxış edir. Tərəflər xoş niyyəti konkret əməkdaşlıq mexanizminə çevirməyə çalışırlar – energetikadan tutmuş, nəqliyyat dəhlizlərinədək.

 

Yeni postmünaqişə balansı

Ermənistanla Azərbaycan arasında sülh sazişi mətninin paraflanması və onun reallaşdırılması istiqamətində səylər oyun qaydalarını dəyişir. Bu proses sadəcə, münaqişənin başa çatması prosesinin bir mərhələsi deyil. O, Cənubi Qafqazın tarixində yeni bir səhifənin başlanğıcıdır. İndi region üç əsas istiqamətdə yenidən formalaşır. Birinci istiqamət sülh və təhlükəsizlikdir. Bu istiqamətdə Gürcüstan öz ərazilərində mövcud olan münaqişələrin həlli imkanını qazanır. Hərbi insidentlər riski azalır, bu isə biznes və nəqliyyat baxımından regionun cəlbediciliyini artırır. İkinci istiqamət nəqliyyat və logistika sahəsidir. Burada Zəngəzurdan tutmuş, Orta Dəhlizə qədər yeni marşrutlar formalaşır. Nəhayət, üçüncü istiqamət iqtisadi kooperasiyalardır. Bölgəyə yeni investisiyaların yatırılması fonunda Ermənistanla Gürcüstan öz iqtisadi maraqları ilə bir-birinə rəqib olan tranzit layihələri arasında balans axtarır.

Bakı ilə İrəvanın sülh razılaşmasının həyata keçirilməsi mexanizmlərini işləyib hazırlamaqla məşğul olduqları bir vaxtda Tbilisi özünü «sabitləşdirici» ölkə kimi göstərməyə çalışır. Gürcüstanlı analitik Vaxtanq Maysaya deyir: «Azərbaycanla Ermənistan arasında sülh yalnız onların qələbəsi deyil. Bu, bütünlükdə Qafqazın geosiyasi dalandan çıxması üçün şansdır».

Bu məntiq özünü Ermənistanla münasibətlərdə də aydın şəkildə göstərir. Tbilisi ilə İrəvan siyasi təmasları artırır, iqtisadi əlaqələri möhkəmləndirir, birgə nəqliyyat təşəbbüslərini müzakirə edir. Tərəflər 2024-cü il yanvarın 24-də Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalamaqla ilk dəfə olaraq situativ deyil, sistemli davamlı əməkdaşlığa sadiqliklərini ortaya qoyublar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib: «Biz strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq. Yeni imkanlar açılır. Biz, həmçinin Gürcüstanla sərhədlərin delimitasiyası prosesini davam etdirməliyik».

Ermənistanın baş naziri Nikol Paşinyan isə yeni əməkdaşlıq formatını belə şərh edib: «Elə bir dövrə daxil oluruq ki, Cənubi Qafqaz münaqişələr arenası deyil, əməkdaşlıq məkanına çevrilə bilər. Ermənistanla Gürcüstan bu yolda təbii müttəfiqlərdirlər».

 

Siyasət və təhlükəsizlik

2025-ci il Ermənistan-Gürcüstan münasibətlərində strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından bir növ «saatların tutuşdurulması» ilə başlayıb. Yanvarda iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü sessiyası keçirilib, bunun ikitərəfli münasibətlərə yeni impuls verdiyi xüsusi vurğulanıb. Bunu baş nazir Paşinyan da təsdiqləyib. «Ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması… dövlətlərarası münasibətlərə yeni dinamika gətirir», - deyə o, bildirib.

Gürcüstan tərəfi də bu münasibətləri dərinləşdirməyə hazır olduğunu təsdiqləyib. Tbilisi qeyd edir ki, ikitərəfli əlaqələr «əldə olunan irəliləyişlər baxımından əhəmiyyətli dərəcədə inkişaf edib, üstəlik, onların daha da genişləndirilməsi üçün böyük potensial var».

Beləliklə, əməkdaşlığın rəsmi bazası möhkəmləndirilib: qarşılıqlı öhdəliklər bəyan olunub, institusional çərçivə müəyyənləşdirilib, hədəflər qoyulub.

Ermənistanla Azərbaycan arasında münaqişənin davam etdiyi üç onillik ərzində beynəlxalq aktorlar və öz strukturlarını, beynəlxalq QHT-lərini yerləşdirmək üçün məkan kimi Gürcüstanı seçiblər. Bu gün isə Tbilisi inersiya ilə özünü Ermənistanla Azərbaycan arasında tranzit və dialoq platforması, eləcə də vasitəçi kimi təqdim edir. 2025-ci ilin oktyabrında Gürcüstanın büdcə layihəsində qeyd olunurdu ki, ölkə Azərbaycanla Ermənistan arasında «istənilən aktual məsələnin müzakirəsinə ev sahibliyi etməyə hazırdır».

Bütün bunlarla yanaşı, İrəvan üçün regional dayanıqlılığın, nəqliyyat əlaqələrinin açıq saxlanılmasının təmini həm də təhlükəsizlik elementinə çevrilir. Gürcüstanla əməkdaşlıq onun coğrafi təcrid riskini də azaldır.

Amma Ermənistan-Gürcüstan münasibətlərində həll olunmamış məsələlər də qalmaqdadır. Onlardan ən çətini sərhədlərin delimitasiyası prosesidir. Burada ciddi ziddiyyətlər var. İndi tərəflər bu prosesə təkan verilməsinin vacibliyini vurğulasalar da, onun nə vaxt aktivləşəcəyi hələ bəlli deyil.

Bundan başqa, geosiyasi baxımdan Rusiya, İran və Çinin önəmli rolu davam etməkdədir. Belə bir vəziyyətdə Tbilisi ilə İrəvan mövqelərini qətiləşdirməzlərsə, «məcburi rollar»ın ifaçılarına çevrilə bilərlər ki, bu halda da Cənubi Qafqaza Cənubi Qafqaza təsir kanallarının açılması, bölgədə arzuolunmaz «qonaqlar»ın peyda olması qaçılmaz hal ala bilər. Bundan başqa, Tbilisi-İrəvan formatına Ermənistan tərəfindən Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması üçün vacib olan şərtlərini hələ də yerinə yetirməməsi də öz təsirini göstərir.

Bütün bunlar Gürcüstan-Ermənistan tərəfdaşlığını sadəcə ikitərəfli əlaqələrdən Cənubi Qafqaz regionunun miqyaslı şəkildə yenidən formalaşması prosesinin tərkib hissəsinə çevirir.

 

İqtisadiyyat

2025-ci ilin yanvar-may aylarına olan məlumata görə Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi təxminən 280,3 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,4% azdır. Gürcüstandan Ermənistana ixrac 11,9% azalıb (əsasən avtomobil reeksportunun azalması üzündən), Ermənistandan Gürcüstana ixrac isə əksinə, 10,3% artıb.

2025-ci ildə Ermənistanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 5,3 milyon dollar təşkil edib. Halbuki bir il əvvəl bu rəqəm 6,9 milyon dollar idi. Tərəflər arasında pul köçürmələrinin həcmi də azalıb.

Turizm sahəsində cüzi də olsa, irəliləyiş var. Gürcüstan üçün Ermənistan turizm gəliləri baxımından üçüncü ölkədir. 2025-ci ildə oradan bu ölkəyə 390788 nəfər səfər edib. Bu, bir il əvvəlki göstəricidən 0,8% çoxdur.

Ümumilikdə iqtisadi münasibətlərdə göstəricilərin aşağı olmasının bir sıra səbəbləri qeyd olunur. Əsas amillərdən biri Gürcüstandan Ermənistana avtomobil reeksportunun azalmasıdır. Logistika və sərhəd problemləri də bu amillərdəndir: erməni biznesi Gürcüstan sərhədində gecikmələrdən, gücləndirilmiş yoxlamalardan şikayətçidir. Daha bir səbəb regional qeyri-sabitlik və tranzit sahəsindəki qeyri-müəyyənlikdir. Əməkdaşlığın şaxələndirilməsinin lazımi səviyyədə olmaması, birgə miqyaslı iqtisadi layihələrin yoxluğu da aşağı göstəriciləri şərtləndirən amillərdəndir.

Bununla belə, son il ərzində ikitərəfli münasibətlərdə müsbət əlamətlər müşahidə olunmaqdadır. Siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, hökumətlərarası komissiyaların müntəzəm toplanması bu canlanmaya xidmət edir. Hər iki ölkənin rəsmiləri iqtisadi əməkdaşlığı prioritet adlandırırlar. Bu mənada, coğrafi yaxınlıq və təbiət amilləri səbəbilə turizm xüsusi potensiala malikdir.

Ümumilikdə isə Gürcüstan-Ermənistan iqtisadi münasibətləri hazırda «gözləmə» fazasındadır. Formal olaraq ciddi hüquqi baza, yüksək siyasi etimad mövcuddur. Təcrübədə isə iqtisadi əməkdaşlığın inkişafı məhduddur. Vəziyyətin dəyişməsi üçün infrastruktur layihələrinə, inzibati maneələrin aradan qaldırılmasına və yeni regional kontekstin fəal şəkildə dəyərləndirilməsinə ehtiyac var.

 

Nəqliyyat-logistika dəhlizlərinin rolu

Azərbaycanın nəqliyyat-kommunikasiya layihələri sayəsində Gürcüstan Şərqlə Qərb arasında əsas qovşağın bir hissəsinə çevrilib. Qafqaz dağları üzərindən keçən logistikanın da xüsusi əhəmiyyəti var. Ermənistan üçün isə Gürcüstan həm də «dənizə çıxış»dır. Dənizə birbaşa çıxışı olmayan İrəvan üçün Gürcüstan üzərindən nəqliyyat əlaqələri kritik əhəmiyyət daşıyır. Yüklərin məhz Gürcüstan limanları vasitəsilə hərəkəti Tbilisi-İrəvan logistika zəncirinin əhəmiyyətini artırır. Tərəflər görüşlər zamanı gömrük-sərhəd maneələrinin aradan qaldırılmasının vacibliyini təkrar-təkrar vurğulayır.

Ermənistan da öz növbəsində, Gürcüstan üçün cənuba və şərqə əlavə marşrut rolunu oynaya bilər. Belə ki, Ermənistanın Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) xəttinə çıxış əldə etməsindən sonra Gürcüstan tranzit qovşağına çevrilə, bununla da, iqtisadi əhəmiyyətini daha da artıra bilər. Bu, iki ölkə arasında quru yolları, dəmir yolları, sərhəd prosedurları kimi ortaq təşəbbüslərin yeni regional balans fonunda sürətlənəcəyi istisna olunmur. Azərbaycan, Türkiyə və İran üzərindən keçən alternativ marşrutlarla rəqabət güclənir. Odur ki, Gürcüstan üçün yük daşımalarının maya dəyəri və çatdırılma müddəti baxımından üstünlüyü qoruya bilməsi çox önəmlidir.

Beləliklə, Ermənistanla Azərbaycan arasında sülh prosesi logistikanın yeni istiqamətləri üçün də imkanlar açır. İndi bölgədə multidəhlizin yaranması ön plana çıxır. Odur ki, Gürcüstan-Ermənistan əməkdaşlığının gələcəyi üçün nəqliyyat-logistika istiqaməti əsas təkanverici qüvvəyə çevrilə bilər. Əgər konkret layihələr reallaşdırılarsa, inzibati/sərhəd maneələri aradan qaldırılarsa, bu sektorun əməkdaşlığın inkişafında əsas istiqamətə çevrilməsi mümkündür.

 

Yaxın 1-2 il üçün proqnoz

Qeyd olunan tendensiyalar Ermənistan-Gürcüstan münasibətlərində bir sıra gözləntilər yaradır. Yüksək səviyyəli ikitərəfli təmasların qorunub saxlanacağı gözlənilir. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə danışıqlarda da müəyyən irəliləyişlər mümkündür. Logistika və sərhəd maneələrinin aradan qaldırılması halında ticarət və investisiya artımı mümkün görünür. Bu halda bir-iki iri layihənin (logistika mərkəzinin, birgə müəssisələrin yaradılması kimi) ortaya çıxması da mümkündür. Lakin infrastruktur sıçrayışı olmayacaqsa, inkişaf yəqin ki, zəif olaraq qalacaq.

Belə bir vəziyyətdə Ermənistan ərazisindən nəqliyyat marşrutlarınun (Zəngəzur dəhlizi - TRIPP) reallaşdırılması tranzit axınına yol aça bilər. Bu istiqamətdə qazanılacaq uğur həm Gürcüstan, həm də Ermənistanın regional əhəmiyyətini ciddi şəkildə artıracaq.

 

Nəticə…

2025-ci ildə Gürcüstan-Ermənistan münasibətlərini keçid dövrünü yaşayan, lakin perspektivi olan əməkdaşlıq kimi qiymətləndirmək mümkündür. Bir yandan yeni institusional çərçivə və bəyan edilmiş strateji hədəflər var, digər tərəfdən isə iqtisadi göstəricilər qarışıqdıp, nəqliyyat-logistika potensialı hələ tam açılmayıb, regional mühit isə dəyişməkdədir. «Yaxşı niyyətlər»in real faydaya çevrilməsi üçün isə məhz nəqliyyat-logistika layihələrinin reallaşdırılmasına, inzibati/sərhəd maneələrinin aradan qaldırılmasına ehtiyac var. Siyasət əməkdaşlıq üçün çərçivə yaradır, lakin real üstünlüklər iqtisadiyyatda və logistikada qazanılır.



MƏSLƏHƏT GÖR:

68