TAXIL VASİTƏSİLƏ SÜLH
Azərbaycan Ermənistan üçün tranzit yolu açır: Yerevan imtahandan keçə biləcəkmi?
Müəllif: Tofiqaxanım QASIMOVA
Azərbaycan noyabrın 8-də Qarabağda qazandığı Qələbənin beşinci ildönümünü təntənəli şəkildə qeyd edib: şərbi parad, bayram konsertləri… və əlbəttə ki, beş il əvvəl yaşanmışların xatıranması ilə. Bu haqda kifayət qədər yazılıb, Şuşanın Daşaltı qayalıqları istiqamətində gedən necə dəhşətli döyüşlər sayəsində, demək olar ki, əlbəyaxa döyüşlə azad olunduğundan çox danışılıb. Qarabağdakı erməni hərbi birləşmələri məhz bu əməliyyatdan sonra «atəş kisəsi»ndə qalmışdılar. Onların bu «kisə»dən çıxmaq şançları yox idi. Belə ki, Qarabağın tacı sayılan Şuşa həm də üstün mövqeyə malik, mühüm yolların kəsişdiyi bir yüksəklikdir. Şuşaya nəzarətin ələ alınması sadəcə, vəziyyəti dəyişməmişdi - müharibənin taleyi artıq həll olunmuşdu.
Azərbaycan da öz sülh gündəliyini hələ Qarabağ dağlarının başı üzərində partlayışların tüstüsü istər məcazi, istərsə də sözün əsl mənasında çəkilməmiş irəli sürmüşdü. Müharibədən sülhə keçid müasir tarixdə görünməmiş sürətlə baş vermiş, nəhayət, sülh üzərində gələcək qurmaq şansı yaranmışdı. Bakının təşəbbüsü əlbəttə ki, dərhal nəticə verməmişdi. Azərbaycanın «yol xəritəsi»nə əsasən prosesə tamhüquqlu start yalnız 2025-ci ilin avqustunda, Vaşinqton danışıqlarından, Azərbaycanın diplomatiya sahəsində də qəti qələbəsinin təsdiqlənməsindən sonra verilib.
Sülh prosesinin «yerdə» işə məhz Qələbənin beşinci ildönümü ərəfəsində və yenə də Azərbaycanın təşəbbüsü ilə işə düşməsinnin yəqin ki, həm də bir rəmzi mənası var.
«Taxıl dəhlizi» Azərbaycanın gözü ilə
Bakının hərbi parada hazırlaşdığı günlərdə Ermənistanda maraqlı hadisə yaşanıb. Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistana Azərbaycan ərazisindən keçməklə çatmış taxıl dolu qatarı şəxsən qarşılayıb və bu münasibətlə həmvətənlərini təbrik edib.
Xronologiyanı xatırlayaq. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edib. O, səfər zamanı qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə keçirdiyi birgə mətbuat konfransında Bakının Ermənistana yük daşımalarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. «Qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir», - deyə İlham Əliyev bildirib.
Artıq noyabrın 5-də buğda ilə dolu 15 vaqon Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə Azərbaycan sərhədini keçərək Ermənistanın Dalarik stansiyasına yola düşüb. Bununla da Bakı sülh gündəliyinə sadiqliyini daha bir addımla təsdiqləyiğ. Prezidentin sözügedən bəyanatı ilə tranzitiə faktiki startın verilməsi arasındakı vaxtın qıçalığı Azərbaycan liderinin sadəcə, «söz xətrinə söz» demədiyini bir daha ortaya qoyub. Bakı beynəlxalq arenada sözü ilə əməli üst-üstə düşən etibarlı tərəfdaş nüfuzunu da məhz buna görə qazanıb.
Ərzaq təhlükəsizliyinin və nəqliyyat siyasətinin incəlikləri
Qədim dövrlərdə hər hansı ərazidə yaşayış üçün əsas təminat demək olar ki, yalnız münbit torpaqların mövcudluğu olub. Zaman dəyişdikcə insanlar ilk baxıqşdan həyat üçün şəraitin olmadığı düşünülən əraziləri – səhraları, dağları, tundraları və s. də mənimsəməyə başlayıb. Bu isə həmin ərazilərdə yaşamağa imkan verən qida mədəniyyətini və qidalanma vərdişini formalaşdırıb.
Müasir dünyada ərzaq təhlükəsizliyi dedikdə heç də yalnız insanın süfrəsinə gələn hər şeyin «qapının ağzında» yetişdiyi anlamı vermir. İstehsal, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı çoxdan ticarətə çevrilib. Neft, elektronika, tütün, pomidor, balıq sataraq əvəzində təkcə banan və avokado yox, həm də taxıl və ya süd almaq çoxdan ayıb sayılmır.
Ermənistan coğrafi səbəblərlə kənd təsərrüfatı üçün yararlı torpaqları çatmayan ölkələrdəndir. Odur ki, o, taxılı idxal etmək məcburiyyətindədir. İrəvanın bu ümidi son dövrlərədək yalnız Rusiya-Gürcüstan sərhədindəki «Yuxarı Lars» keçid məntəqəsindən keçən ağırtonnajlı yük maşınlarına idi. Bu isə heç də ən etibarlı marşrut deyil. Belə ki, müxtəlif təbiət hadisələri – sel, qar və s. üzündən bu yol tez-tez bağlanır. Üstəlik, məşhur Hərbi Gürcüstan yolunun ötürücülük qabiliyyəti də çox məhduddur. Bir müddət əvvəl alternativ olaraq, Rusiyanın Azov dənizindəki «Qafqaz» limanı ilə Gürcüstanın Poti limanı arasında bərə hərəkətinin təşkil olunacağı deyilirdi. Amma bu, əvvəla çox baha başa gəlir, ikincisi, bu marşrut üçün dənizdən hava xəbərlərini gözləmək lazımdır, üçüncüsü isə bu gün Azov dənizi hərbi əməliyyatlar zonasına çevrilib.
Nəzəri baxımdan Ermənistana taxıl yükünü Azərbaycan ərazisi ilə də çatdırmaq mümkün idi. Amma bu, son dövrlərədək yalnız məhz nəzəri olaraq mümkün idi. Ermənistanla Azərbaycan arasında münaqişənin davam etdiyi illərdə Bakı məlum səbəbdən nəinki Ermənistana gedən yolları bağlamış, hətta Gürcüstandan öz ərazisi ilə bu ölkəyə tranzit yüklərinin daşınmasına belə, imkan vermirdi. Həmin illərdə bu işi yalnız qaçaqmalçılıq yolu ilə görmək olardı. Əgər Ermənistan bazarlarında Azərbaycan məhsulları aşkarlanırdısa, bu, həmin ölkədə ciddi qalmaqallara səbəb olurdu. Belə hallar isə həqiqətən yaşanırdı: əvvəlcə Azərbaycan pomidoru, sonra çay, quru süd, şokolad, alma… Alma ilə bağlı özünəməxsus rekord da qeydə alınmışdı. Onların üzərində «Product of Azerbaijan» yazılır, meyvələrin yığıldığı qutulara “DaD” konserninin etiketləri yapışdırılırdı. Ekspertlər bildirirdilər ki, bu almalar böyük ehtimalla əvvəlcə gürcüstanlı alverçilər tərəfindən alınır, sonradan Sadaxlı bazarında erməni ticarətçilərə satılırmış. Amma hər bir halda, ötən illərdə belə hallar yalnız bu cür kiçik sövdələşmələr şəklində mümkün idi və onunla heç bir halda ərzaq təhlükəsizliyi kimi miqyaslı məsələləri həll etmək olmazdı. Belə bir vəziyyətdə Azərbaycanın Ermənistana öz ərazisindən tranzit daşımalarına icazə verməsi İrəvan üçün əsl «xilasedici halqa»ya çevrilib. Üstəlik, Bakının öz təşəbbüsü ilə…
Xatırladaq ki, bütün bunlar Ermənistanın həlledici parlament seçkisinə hazırlaşdığı dövrə təsadüf edir. 2026-cı ilin iyununda təşkil olunacaq səsverməyə cəmi bir neçə ay qalır. Belə bir şəraitdə Ermənistandakı revanşist qüvvələr «taxıl dəhlizi»nin açılmasını, əlbəttə ki, pis xəbər kimi qarşılayıblar. Hər halda, bu, İrəvanın sülh prosesindən konkret və real dividendlə çıxdığının göstəricisidir. Üstəlik, bu, qış ərəfəsində, Gürcüstan sərhədində əsas problemlərin başlayacağı bir zamanda baş verir.
Odur ki, revanşistlər, əlbəttə ki, «mənzərəni korlamaq» üçün əllərindən gələni edirlər. Doğrudur, onların «ağırçəkili» fiqurları bu haqda susmağa üstünlük verir, önə müxtəlif «bloger»ləri, «müstəqil ekspertlər»i və bu qəbildən olan digər şəxsləri çıxarırlar. Onlar Ermənistana taxıl qatarının məhz 8 noyabr ərəfəsində çatmasını istehza ilə qarşılayır, baş nazirə isə «Arsaxın itirildiyini» xatırladırlar.
Məlum olduğu kimi, Ermənistan 2020-ci ilin payızınadək Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayıb və bu 20%-ə həm də ən məhsuldar kənd təsərrüfatı torpaqları daxil olub. İrəvan bütün işğal dövründə, əlbəttə ki, həmin torpaqları tam əkib-becərə bilməyib. Amma hər bir halda, işğalçı rejim həmin ərazilər vasitəsilə özünü birtəhər təmin edir, Ermənistana belə kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl göndərirdi. Lakin indi Azərbaycan həmin torpaqları azad edib. Nəticə aydındır. Ərzaq təhlükəsizliyini başqa dövlətin torpaqlarının işğalına bağlamaq nə qədər ağıllı və uzaqgörən addım idi? Sual ritorikdir. Revanşistlər bir neçə il əvvəl «Arsaxın blokadası» haqda çığırtılar fonunda Azərbaycandan gələn yük maşınlarının qarşısının kəsilməsini də yada salırlar. Amma indi Ermənistanda belə çağırışlara məhəl qoyan çox azdır. İrəvan yaxşı anlayırdı ki, Bakının bu jesti cavabsız qoyula bilməz. Odur ki, baş nazir Nikol Paşinyan qısa müddət sonra deyib: «Bir daha bəyan edirəm ki, Ermənistan Marqara-Kornidzor avtomobil yolu ilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana tranzit daşımalarını istər bu gün, istər sabah təmin etməyə hazırdır. Biz buna tam hazırıq. Əgər yarım saat ərzində Kornidzor və ya Marqara keçid məntəqəsinə yük maşını yaxınlaşarsa, biz oranı xidmətlə təmin etməyə hazırıq».
Amma bu, heç bir halda adekvat cavab sayıla bilməz. Ermənistanın Türkiyə ilə sərhədi hələ bağlıdır, tranzit üçün təklif etdiyi marşrut isə aşırımlı dağlıq ərazidir. Bu yolun böyük hissəsi il ərzində hava şəraiti üzündən bağlı olur. Üstəlik, Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında tranzitin təmini haqda öhdəliyi də var. Bu, ilk olaraq 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamədə əksini tapıb. İlk layihəyə əsasən Meğri və ya Zəngəzur dəhlizi adlandırıla biləcək ərazi ilə quru və dəmir yolu əlaqəsi yaradılmalı, onun təhlükəsizliyi isə Rusiya sərhədçiləri tərəfindən təmin edilməli idi. Bu qərardan cəmi bir neçə gün sonra Moskva yol üzərində postlar qurmağa hazır olduğunu da bildirmişdi. Lakin Ermənistan bu öhdəliyini yerinə yetirmək istiqamətində heç bir addım atmayıb. Bu gün isə artıq TRIPP – «Tramp marşrutu» gündəmdədir. Amma İrəvan hələ də nə tikinti işləri aparır, nə də hər hansı siyasi qərar verir.
Beləliklə, top Ermənistan tərəfdədir. Odur ki, Bakı İrəvandan daha aydın və ciddi cavab addımları gözləməkdə tam haqlıdır.
MƏSLƏHƏT GÖR:


79

