26 Dekabr 2025

Cümə, 21:34

BİRLİKDƏ, YOXSA AYRI?

Prezident seçkisinin nəticəsi vahid Bosniya və Herseqovinanın gələcəyini sual altına qoyub

Müəllif:

01.12.2025

Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikasında keçirilmiş növbədənkənar prezident seçkisində separatçı baxışları ilə tanınan Sinişa Karan qalib gəlib. Maraqlı olan odur ki, istər Bosniya və Herseqovinanın özü, istərsə də bütün Balkan regionu üçün fəsadlara yol aça biləcək bu hadisə perspektivi heç zaman birmənalı qiymətləndirilməmiş, skeptik münasibətin olduğu Deyton sazişinin imzalanmasının 30 illiyi ilə eyni vaxta təsadüf edib.

 

Dodik və Karan

Seçkinin qalibi Sinişa Karan Serb Respublikasının elm, texnologiya və ali təhsil naziri, sabiq daxili işlər naziri və eks-prezident Milorad Dodikə ən yaxın şəxslərdən hesab olunur. Dodik «Müstəqil Sosial-Demokratlar İttifaqı» (SNSD) partiyasının rəhbəridir. O, 2010-2018-ci illərdə və 2022-ci ilin noyabrından respublika prezidenti postunu tutub, lakin 2025-ci il avqustun 6-da vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb onun BMT-nin Bosniya və Herseqovina üzrə ali nümayəndəsi Kristian Şmidtin qərarını tanımaması olub. Xatırladaq ki, 1992-1995-ci illər Bosniya müharibəsinə son qoyan məhz Deyton sülh sazişi çərçivəsində yaradılmış bu institut olub. Xatırladaq ki, söhbət Yuqoslaviyanın parçalanması ilə baş vermiş, həmin dövr üçün İkinci Dünya müharibəsindən sonra Avropanın ən qanlı münaqişəsindən gedir. 1992-ci il 29 fevral-1 mart tarixlərində Bosniya və Herseqovinada müstəqilliklə bağlı referendum keçirilib, lakin serb əhalinin böyük əksəriyyəti onu boykot edib. Belə bir vəziyyətdə serblər Belqrad və Yuqoslaviya ordusu tərəfindən dəstəklənmiş, yaranmış qarşıdurma müharibəyə çevrilmiş və 300 mindən artıq insanın ölümünə səbəb olmuşdu. Həmin dövrdə bir sıra Bosniya şəhərlərində – Serebrenisada, Zvornikdə, Vışeqradda və s. soyqırımı və kütləvi qətllər törədilmişdi.

Bölgədə sülhə yalnız 1995-ci il noyabrın 21-də ABŞ-nin Ohayo ştatındakı Deyton hərbi bazasında sülh sazişi mətninin razılaşdırılması ilə nail olunmuşdu. Sənəd elə həmin ilin dekabrında Parisdə Bosniya və Herseqovina, Serbiya və Xorvatiya prezidentləri tərəfindən imzalanmış, bununla da, Deyton sazişi adlandırılan bu razılaşmaya əsasən Bosniya və Herseqovina iki entitetə (inzibati vahid) bölünmüşdü – əsasən serblərin yaşadığı Serb Respublikası və müsəlman xorvatların daha sıx məskunlaşdığı Bosniya və Herseqovina Federasiyası. Xüsusi statusa malik Brçko dairəsi isə hüquqi baxımdan həm Federasiyanın, həm də Serb Respublikasının tərkib hissəsi sayılsa da, faktiki olaraq beynəlxalq idarəetmə altındadır və onunla bağlı real səlahiyyətlər ali nümayəndənin əlində cəmləşib.

Bosniya və Herseqovinanın 3,5 milyondan artıq əhalisinin təxminən üçdə biri Serb Respublikasında yaşayır. Ölkə ərazisinin təxminən yarısı da onun payına düşür. Odur ki, serb siyasi dairələrinin separatçı iddiaları Bosniya və Herseqovinanın ərazi bütövlüyü üçün mənfi nəticələrə yol aça bilər.

Serb separatçı hərəkatının lideri məhz Dodik hesab olunur. O, Serb Respublikasının prezidenti olduğu dövrdə daim ali nümayəndəyə və onun geniş səlahiyyətlərə malik ofisinə (OHR) qarşı çıxıb. Qeyd edək ki, sözügedən ofisin səlahiyyətlərinə yüksək vəzifəli dövlət məmurlarının işdən çıxarılması hüququ da daxildir. Dodik hətta ali nümayəndənin qərarlarının rəsmi qəzetdə dərcindən imtina edərək, bunu «Serb Respublikasının Bosniya və Herseqovinadan ayrılacağı» ilə əsaslandırıb. Şmidt isə prezidentin bu qərarını dərhal ləğv etməklə yanaşı, ofisin qərarlarını icra etmədiyi üçün Dodiklə bağlı cinayət işi açdırıb. 2023-cü ilin dekabrında başlayan məhkəmə prosesi Dodiklə bağlı hökmün çıxarılması ilə yekunlaşıb: 1 il müddətinə azadlıqdan məhrumetmə və 6 il müddətinə siyasi vəzifə tutmaq qadağası! Sonradan Bosniya və Herseqovina məhkəməsi həbsi pul cəzası ilə əvəzləsə də, siyasi fəaliyyət qadağası qüvvədə qalıb. Nəticədə, Mərkəzi Seçki Komissiyası Dodiki prezident vəzifəsindən kənarlaşdırıb. Buna baxmayaraq, Dodik Serb Respublikasında gedən siyasi proseslərə ciddi təsirini qoruyub saxlayır. 2025-ci il oktyabrın 18-də muxtariyyətin müvəqqəti rəhbəri yenə də onun tərəfdarı Ana Traşiç Babiç olub. Noyabrın 23-də isə Dodikin partiyasının namizədi Sinişa Karan Serb Respublikasının yeni prezidenti seçilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 51%-ni Karan toplayıb. Onun əsas rəqibi, Serb Demokrat Partiyasından olan Branko Blanuşuya təxminən 48% seçici səs verib. Səsvermədə seçici fəallığının cəmi 35% olduğu bildirilir. Bunla yanaşı, müxalifət «demoqrafik manipulyasiyalar», «kənar təsirlər», «səsvermənin gedişinə nəzarətin çökməsi» yolu ilə nəticələrin saxtalaşdırıldığını bildirərək, seçkinin nəticəsini tanımaqdan imtina edib.

Lakin fakt faktlığında qalır: hakim partiya hakimiyyətini qoruyub saxlamağı bacarıb. Seçkidə Dodikin nümayəndəsi qələbə qazanıb və sabiq prezident onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan hər kəsin indi «iki Dodik»lə üz-üzə qaldığını məmnunluqla bəyan edib.

 

Deyton sazişinin taleyi necə olacaq?

Karanın Serb Respublikasının yeni prezidenti seçilməsi onların Bosniya və Herseqovinadan ayrılmaq səylərini davam etdirəcəkləri anlamına gəlir. Dodikin sözləri ilə desək, «ayrılmaq onun və partiyasının əsas hədəfidir». Demək, digər entit – Bosniya və Herseqovina Federasiyası ilə danışıqlar çətin olacaq, daha da önəmlisi, Ali Nümayəndə Ofisi (OHR) ilə münasibətlərdə gərginlik davam edəcək. İndi SNSD təmsilçiləri növbədənkənar prezident seçkisinin nəticəsinə istinadla bir fikri tam açıq ifadə edirlər: «OHR Serb Respublikasında xoş qarşılanmır». Belə bir vəziyyətdə OHR-in ilk gündən Deyton sazişinin tətbiqi ilə məşğul olduğunu nəzərə alsaq, sual yaranır: bu tarixi sənədin taleyi necə olacaq?

Bosniya və Herseqovinada (həm də yalnız serblər arasında deyil, həm də bosniyalılar (müsəlmanlar) və xorvat siyasi və ictimai dairələrində) Deyton sülh sazişinə yenidən baxılması zərurəti haqda fikirlər getdikcə artmaqdadır. Bu fikirdə olanlar əsas kimi «sazişin istifadə müddətinin bitdiyini», «yenilənməyə ehtiyacın olduğunu» bildirirlər. Sazişin Bosniya və Herseqovinada çətin siyasi struktur formalaşdırdığı sərt tənqid olunur. Dövlətin iki hissəsini zəif mərkəzi hökumət birləşdirir, hökumət «hamını qane edən» siyasi qərarların qəbulu və icrasında ciddi çətinliklər yaşayır. Nəticədə həm daxili, həm də xarici siyasət zərər görür. Bu işlərdə Bosniya və Herseqovinada dövlət hakimiyyətinin ən ali orqanı olan Prezidiumda konsensus tələb edilir. O, üç üzvdən ibarətdir: bir bosniyalı, bir xorvat və bir serb. Onların hər biri dörd il müddətinə ümumxalq səsverməsi ilə seçilir. İlk iki üzvü Bosniya və Herseqovina Federasiyasının əhalisi, üçüncü üzvü isə Serb Respublikası sakinləri seçir. Üzvlər Prezidiuma növbə ilə səkkiz ay müddətinə sədrlik edirlər. İndi Serb Respublikasında separatçı kursun güclənməsi ilə Deyton sazişi əsasında formalaşmış konstitusion düzən dağılmaq təhlükəsi ilə qarşılaşıb. Bəs bu halda nə baş verəcək?

Deyton sazişinin müəllifləri və «təkanvericilər»i – ABŞ və aparıcı Avropanın dövlətləri – bu sistemin dağılmasında maraqlı olmadıqlarını gizlətmirlər. Bu, başadüşüləndir, çünki bütün problemlərə baxmayaraq, 30 il əvvəl müharibənin dayandırılmasına məhz bu sənəd imkan verib. Onun əsasında müasir Bosniya və Herseqovina dövlətinin iki entitdən ibarət olması nə qədər süni görünsə də, faktiki 30 ildir ölkə sülh və sabitlik şəraitində yaşayır. Sazişin pozulması Bosniya və Herseqovinanın parçalanması ilə nəticələnə bilər ki, bu da yalnız ölkə üçün yox, bütünlükdə region üçün ciddi qeyri-sabitlik amilinə çevrilər. Mümkün qarışıqlığın yaranacağı halda məsələyə ənənəvi olaraq Rusiya tərəfindən dəstəklənən Serbiyanın, eləcə də Aİ və NATO üzvü olan Xorvatiyanın qarışması da qaçılmazdır.

Serb Respublikasının yeni prezidenti Karan Bosniya və Herseqovinadan ayrılmaq məsələsinə belə münasibət bildirib: «Serb xalqı yekun qərarını verdi. O, xalqın iradəsini dəyişməyə çalışan istənilən əcnəbiyə və qəsbkara «yox» dedi!»

Bosniya və Herseqovinanın bütövlüyünün tərəfdarları indi yalnız bir şeyə ümid edirlər: 23 noyabr seçkisinin qalibi Serb Respublikasının prezidenti kürsüsündə bir ildən də az müddətdə qalacaq. Çünki 2026-cı ilin oktyabrında Bosniya və Herseqovinada ümumxalq seçkisi keçiriləcək, nəticədə, üç Prezidium üzvü, həmçinin Serb Respublikası və Bosniya və Herseqovina Federasiyasına prezidentlər seçiləcək.

Beləliklə, Serb Respublikasında növbədənkənar prezident seçkisi ilə möhkəmlənmiş tendensiyanın dəyişməsi ehtimalı hələ də mövcuddur. Üstəlik, burada Qərb mərkəzlərinin iradəsi kimi ciddi geosiyasi amil də var. Deyton sazişinin müəllifləri öz «övlad»larından belə asanlıqla imtina edərlərmi?



MƏSLƏHƏT GÖR:

33