26 Dekabr 2025

Cümə, 21:34

G20: AFRİKANIN ZAMANI

Bəyannamələrlə başlayıb suallarla bitən sammit

Müəllif:

01.12.2025

Noyabrın 22-23-də 17 il sonra ilk dəfə Afrika qitəsində, konkret desək, Cənubi Afrika Respublikasında (CAR) keçirilən «Böyük iyirmilik» (G20) ölkələrinin sammitindən sonra orta açoxsu suallar, ziddiyyətlər və qeyri-müəyyənlik qalıb. Beynəlxalq münasibətlər sistemində əsaslı yenidənqurma mərhələsinin yaşandığını nəzərə alsaq, bu gün G20 formatının qlobal siyasətin aktual məsələlərinin həllində effektiv olduğunu söyləmək çətindir. Məsələ ondadır ki, lap əvvəldən beynəlxalq iqtisadi-maliyyə sisteminə dair məsələlərin həlli üçün yaradılmış G20 çox böyük olduğundan, burada həddindən artıq çox maraq toqquşması var. Elə bu səbəbdəndir ki, başa çatmaqda olan il ərzində ABŞ, Rusiya və Çin liderləri bu çərçivədə görüşə qatılmaqdan imtina edib, Birləşmiş Ştatların isə ümumiyyətlə, heç bir nümayəndəsi bu müzakirələrə qatılmayıb. Eyni addımı Argentina, Meksika, İndoneziya və Səudiyyə Ərəbistanı da atıb.

Yohennesburqda keçirilən «Sammit-2025» həm də onunla fərqlənib ki, formalaşmış təcrübənin əksinə olaraq, tədbirin yekun bəyannaməsi müzakirələrin sonunda deyil, əvvəlində qəbul edilib. Üstəlik, o, heç də bütün iştirakçılar tərəfindən dəstəklənməyib.

Forumun müsbət tərəflərinə gəlincə, ən kasıb qitənin qlobal siyasətdə rolunun artacağını söyləmək mümkündür. Bir çox Afrika mediası da son sammitin nəticələrini məhz bu prizmadan işıqlandırır.

 

«Afrika daim nəsə yenilik gətirir»

«Bizim görüşümüz geosiyasi və geoiqtisadi rəqabətin, qeyri-sabitliyin güclənməyi, münaqişə və müharibələrin kəskinləşməsi, bərabərsizliyin dərinləşməsi, qlobal iqtisadi qeyri-müəyyənliyin, parçalanmanın artması fonunda keçirilir», - deyə yekun bəyannamədə bildirilir. Bu sözlər bu gün istənilən beynəlxalq institut və təşkilatın görüş kontekstini kifayət qədər yaxşı ifadə edir. Bununla yanaşı, tərəflər «ümumi çağırışların kollektiv şəkildə aradan qaldırılması üçün çoxtərəfli əməkdaşlığın vacibliyinə inandıqlarını» da vurğulayıb, hər kəsi aktual beynəlxalq problemlərin həllinə səsləyiblər. Bu kontekstdə xüsusilə təbii fəlakətlərə qarşı davamlılığın artırılması, onlara reaksiya tədbirlərinin təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə daha fəal qlobal addımların atılması tövsiyə olunur. 122 bənddən ibarət bəyannamədə müharibələrin dayandırılmasının, terrorçuluğun bütün təzahürləri ilə mübarizənin, qaçqınların hüquqlarına riayət olunmasının vacibliyi də vurğulanır.

Mətnin əhəmiyyətli bir hissəsi iqtisadi inkişaf, sənayeləşmə, infrastruktur və səhiyyə sahələrinə investisiyalar, inklüziv artım və davamlı inkişaf, məlumatların idarə olunması, innovasiyalar, məşğulluq, bərabərsizliyin azaldılması, ərzaq təhlükəsizliyi kimi məsələlərə həsr olunub. Beynəlxalq maliyyə sistemlərində islahatların aktuallığı, ədalətli enerji keçidlərinin təmini, vacib minerallarla təchizatın təmin olunması, həmçinin aşağı gəlirli ölkələrdə məqbul borc yükünün qorunmasının vacibliyi də diqqət mərkəzindədir. Sənəddə xüsusi olaraq vurğulanır ki, təşkilatın kritik əhəmiyyətli minerallar üzrə qrupu Afrika ölkələrinin öz təbii sərvətlərindən daha çox maliyyə əldə etməsinə şərait yaradılması üzərində işləmək niyyətindədir.

Liderlər, həmçinin süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək barədə də razılığa gəliblər: onun potensialı tam açılmalı, buradan əldə ediləcək üstünlüklər ədalətli şəkildə bölüşdürülməli, risklər azaldılmalı, bu zaman isə bütün ölkələrin ehtiyacları və mövqeləri nəzərə alınmalıdır.

Bəyannamədə beynəlxalq ictimaiyyətin ən kasıb üzvlərinin problemlərinə nisbətən daha çox diqqət ayrılıb. Məsələn, sənəddə vurğulanır ki, hazırda 600 milyondan çox afrikalının elektrik enerjisinə çıxışı yoxdur. Bundan başqa, G20 liderləri BMT Təhlükəsizlik Şurasının tərkibi ilə bağlı «islahatların aparılması» prinsipinə sadiqliklərini bildiriblər. Onlar əmindirlər ki, bu qurumda Afrika, Asiya-Sakit okean regionu və Latın Amerikası təmsilçiliyinin artırılması şərtdir.

Maraqlıdır ki, ABŞ tərəfinin «ardıcıl və qəti etirazlarına» baxmayaraq, CAR Prezidenti Siril Ramafosa iqlim böhranından bəhs edilən bəyannamənin qəbulunda israr edib. ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bunu «utancverici» adlandırsa da, Ramafosanın mətbuat katibi sənədə «yenidən baxılmayacağını» bildirib. Yekun sənədin sammitin əvvəlində qəbul olunmasına isə CAR Prezidenti belə münasibət bildirib: «Afrika daim nəsə yenilik gətirir».

Hər halda, yəqin ki, ev sahibi nəzərəçarpacaq dərəcədə nikbin əhvali-ruhiyyədə olması nəticəsində ABŞ-nin boykotuna rəğmən, birgə bəyannamə qəbul edilib ki, bu da uğur sayıla bilər. Yerli mediada şərhlərin əksəriyyəti belədir ki, sammitin tonunu amerikalıların yaratdıqları boşluq yox, CAR-ın liderliyi və bütünlükdə Afrikanın artan özünəinamı müəyyənləşdirib. CAR özü bu sammiti «çoxtərəfliliyin zəfəri» kimi qiymətləndirir. Yerli müşahidəçilər hesab edirlər ki, qitə burada həlli, xilası tələb olunan ənənəvi problem kimi yox, qlobal həllərin hərəkətverici qüvvələrindən biri kimi çıxış edib. Xüsusilə vurğulanırdı ki, Yohannesburqda keçirilən «Böyük iyirmilik» (G20) sammitinin gündəliyi Afrika fəlsəfəsi olan ubuntunun prizmasından qurulmuşdu (zulu dilində «insanlıq» mənasını verir) – bu, mədəni cəhətdən dərin köklərə malik dünyagörüşüdür və o, xalqların təcrid yolu ilə deyil, məhz əməkdaşlıq və qarşılıqlı asılılıq sayəsində inkişaf etdiyini, çiçəkləndiyini qəbul edir. Bütün bunlar isə ictimai, sosial, ekoloji və mənəvi kontekstlərin birləşməsi kimi başa düşülür.

 

Afrikadan Floridaya

Amma ev sahibliyinin nikbin əhvali-ruhiyyəsini sammitin heç də bütün iştirakçıları bölüşmür. Məsələn, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, G20 «təhlükəsizlik sahəsində qlobal böhranların öhdəsindən gələ bilmir və bu, onun mövcudluğunu təhlükə altına qoyur». Makron geosiyasi sahədə ümumi standartların əldə olunmasının çətinliyinə diqqət çəkərək deyib ki, «yəqin ki, «iyirmilik» öz dövrünün sonuna yaxınlaşır». «Biz geosiyasətdə elə mərhələ yaşayırıq ki, bu masa arxasında – o cümlədən burada olmayan üzvlərlə də birlikdə – böyük beynəlxalq böhranları həll etmək çətindir», - deyə Fransanın dövlət başçısı qeyd edib. O, təbii ki, Ukrayna müharibəsini və Yaxın Şərqdəki vəziyyəti nəzərdə tutub.

ABŞ Prezidenti Donald Tramp artıq qeyd olunduğu kimi, sammitə qatılmayıb. Çünki o, CAR hakimiyyətini respublikada ağdərililərin hüquqlarını pozmaqda günahlandırır. Sammitdə Vaşinqtonu vitse-prezident Cey Di Vnesin təmsil edəcəyi gözlənilsə də, toplantıya 3 həftə qalmış Tramp onun administrasiyasından CAR-a heç kimin getməyəcəyini bəyan edib. Bu üzdən, CAR Prezidenti G20-yə sədrliyi şəxsən ABŞ nümayəndəsinə ötürə bilməyərək, postunu öz sözləri ilə desək, «boş kürsü»yə təhvil verib.

Bununla belə, gözlənildiyi kimi, birliyin 2026-cı il sammiti Mayamidə keçiriləcək. Tramp artıq onun möhtəşəm tədbir olacağını, deyib, ABŞ torpaqlarında «Böyük iyirmiliyin legitimliyinin bərpa olunacağına ümid etdiyini» söyləyib.

Müşahidəçilər isə artıq Vaşinqtonun birliyə sədrliyinin necə olacağına dair müzakirələrə başlayıblar. Tramp ümumilikdə dünya ÜDM-in 85%-ni təmin edən ölkələri bir araya toplamaq imkanından necə istifadə edəcək? Ağ Ev sammit üçün necə bir gündəlik formalaşdıracaq? Hər halda, hamı bilir ki, Ağ Evin hazırkı administrasiyasının çoxtərəfli formatlara münasibəti mənfidir. Tramp daha dar çərçivəli və konkret fəaliyyətə üstünlük verir. Bununla belə, hər şey, yəqin ki, həmin dövrdə ABŞ-nin daxili vəziyyətindən və qlobal gündəlikdən asılı olacaq.

Qlobal gündəliyə gəlincə, ehtimal edilir ki, ona gələn il də Yaxın Şərqdəki vəziyyət, Ukraynada yaşananlar və Vaşinqton-Pekin münasibətləri ciddi təsirini göstərəcək. Bu arada, Tramp 2026-cı ildə Rusiya və Çin liderlərini «məmnuniyyətlə qarşılamağa hazır olduğunu» bəyan edib.

Hər halda, Ağ Evin rəhbəri üçün danışıqlar, razılaşmalar platforması kimi «Böyük iyirmilik»dən istifadə maraqlı olacaq. Odur ki, G20-nin ömrünü başa vuracağı ehtimalı çox azdır. Amma bunun əsas səbəbi birliyi daha güclü, real qərarlar qəbul edən struktura çevirmək istəyi yox, dəyişikliklərin mənasız olduğu hazırkı şəraitdə hansısa yenilik tapmağın mümkünsüzlüyüdür. Düzgün yanaşma olarsa, hər bir tərəf özü üçün fayda qazana bilər.

Bu il CAR özünə və qitəyə lazım olan diqqəti cəlb etməyi bacarıb. Tramp isə dünyanın ən güclü və inkişaf etmiş ölkəsinin lideri kimi, hər şeydən əvvəl öz məqsədini güdəcək.

Ümumi elan olunmuş hədəflərə gəlincə, onlar konkret vəziyyətə və kontekstdə uyğun tənzimlənəcək. G20-nin inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında dialoq üçün əsas platforma kimi qalması isə çətindir. Buna nə onun formatı uyğundur, nə liderlərin mövqeyi, nə də beynəlxalq vəziyyət.



MƏSLƏHƏT GÖR:

31