YENİ AVRASİYA ARXİTEKTURASI
Azərbaycan yeni regional konfiqurasiyanın əsas elementlərindən birinə çevrilir
Müəllif: İlqar VƏLİZADƏ
Noyabrın ortalarında əsl tarixi hadisə baş verib. Söhbət Qafqaz dağlarından Altay dağlarınadək uzanan geniş bir məkanın geosiyasi strukturunu əhəmiyyətli dərəcədə dəyişməyə qadir hadisədən gedir. Noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formatın tamhüquqlu iştirakçısı statusunu qazanıb. Yeddi il ərzində regionun beş ölkəsini birləşdirmiş məsləhətləşmə formatı ilk dəfə olaraq, genişləndirilib. Sammitə sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən elan olunan bu qərar sadəcə formatın «beşlik»dən «altılığa» çevrilməsi kimi texniki məsələ deyil. Bu, Mərkəzi Asiyanın yeni dövrə qədəm qoymasının rəmzidir. Bu yeni dövrdə regional sərhədlər coğrafiya ilə deyil, funksionallıq, qarşılıqlı əlaqələr və ümumi strateji məntiqlə müəyyənləşir. Məsləhətləşmə strukturu ilk dəfə olaraq ənənəvi Mərkəzi Asiya regionundan kənarda yerləşən, lakin tarixi, mədəni, logistika və iqtisadi bağlar səbəbi ilə bölgənin təbii tərəfdaşı olan ölkəni özünə daxil edib.
Yeni regionun iqtisadiyyatı, energetikası və logistikası
Məlum olduğu kimi, bu məsləhətləşmə strukturunun yaradılması ideyasını 2017-ci ildə Şavkat Mirziyoyev irəli sürüb. Bu səbəbdən də, onun Azərbaycanın formatın tamhüquqlu üzvünə çevrilməsi haqda bəyanatı hadisəyə əlavə siyasi anlam da verib. Bu format mövcud olduğu illər ərzində region liderlərinin qeyri-rəsmi ünsiyyət meydançasından institusional mexanizmə çevrilib. Bu çərçivədə dövlətlər iqtisadi, ticari, təhlükəsizlik və strateji inkişafın ən önəmli məsələləri ilə bağlı mövqelərini uzlaşdırırlar. Azərbaycanın buraya qoşulması bu transformasiyanın davamı sayıla bilər. Bu, faktiki olaraq, vəziyyətə sadəcə olaraq, rəsmiyyət qazandırıb. Belə ki, Bakı bundan öncə də bu çərçivədə baş verən proseslərdə fəal iştirak edirdi. 2023-cü ildən başlayaraq, Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının görüşlərində mütəmadi iştirak edib, nəqliyyat-logistika marşrutları, enerji layihələri, investisiya mexanizmləri və regional inkişafın dayanıqlılığı kimi əsas istiqamətlər üzrə qərarların formalaşdırılmasının mərkəzində yer alıb.
Baş verənlərin iqtisadi tərəfi aydındır. Son illərdə Azərbaycan isə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi sürətlə artır və getdikcə daha mürəkkəb struktur alır. Özbəkistan və Qırğızıstanla ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb, Qazaxıstana münasibətdə isə bu göstərici tarixi maksimuma yaxınlaşıb. Ümumi ticarət dövriyyəsinin 1,5 milyard dollar təşkil etməsi ilk baxışdan zəif təsir bağışlasa da, bölgə ölkələrinin iqtisadiyyatında gedən dərin transformasiya, onların xarici əlaqələri genişləndirmələri fonunda bu, sadəcə, bir başlanğıcdır. Bu gün tərəflər epizodik əməkdaşlıqdan qarşılıqlı tamamlayıcılığa əsaslanan dayanıqlı sistemə keçir, ticarətdə uzunmüddətli artım trendinə ümid bəsləyirlər. Odur ki, yaxın illərdə bu qarşılıqlı ticarətin dəfələrlə artacağı gözlənilir. Çünki bunun üçün əsas artıq formalaşıb – investisiya alətləri, infrastruktur layihələri, yenilənən nəqliyyat dəhlizləri və birgə istehsal sahələri.
Bu kontekstdə əsas amillərdən biri də Azərbaycanla Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış ikitərəfli investisiya fondlarıdır. Bu fondların ümumi nizamnamə kapitalı təqribən 1 milyard dollara yaxındır. Vəsaitin böyük hissəsi xammal emalı, aqrar-sənaye kompleksi, maşınqayırma, yüngül sənaye, logistika və turizm sahələrində onlarla layihənin icrasına yönəldilib. Qeyd edilən fondlar sadəcə maliyyə strukturları deyil, həm də yeni istehsal zəncirlərinin yaradılması üçün platformaya çevrilməklə, iqtisadi dayanıqlılığın artırılması, kooperasiyanın keyfiyyətcə yeni mərhələyə çıxarılması amilidir.
Bu yeni modeldə logistika mühüm yer tutur. Region fəal şəkildə müasir nəqliyyat infrastrukturu formalaşdırmaqdadır. Bu, daxili bazarları Xəzər dənizi, Cənubi Qafqaz, Türkiyə və digər marşrutlar vasitəsilə xarici bazarlarla birləşdirir. Bakı limanının gücünün artırılması, Aktau və Türkmənbaşı limanlarının müasirləşdirilməsi, Əndicanda, Daşkənddə, Almatıda, Bişkekdə logistika qovşaqlarının inkişafı, həmçinin dəmir yolu və avtomobil yollarının ötürücülük qabiliyyətinin artırılması vahid nəqliyyat məkanının formalaşdırılması üçün baza yaradır. Mərkəzi Asiya artıq Avrasiyanın daxili regionu olmaqdan çıxaraq, beynəlxalq logistikanın fəal qovşağına, Azərbaycan isə bu strukturun əsas halqalarından birinə çevrilir.
Eyni zamanda «yaşıl enerji» sektoru da inkişaf etməkdədir. Azərbaycan və Mərkəzi Asiya ölkələri günəş və külək elektrik stansiyalarının tikintisi proqramlarını həyata keçirir, yeni enerji sistemləri arasında əlaqə yaradır, «yaşıl enerji»nin Avropaya nəqli mexanizmlərini müzakirə edir, bununla da, gələcək enerji keçidi üçün təməl yaradırlar. Bu istiqamət getdikcə əhəmiyyətini artırır. Çünki uzunmüddətli perspektivdə regionun rəqabət qabiliyyətinin əsas dayaqlarından biri məhz «yaşıl enerji» olacaq.
Səfərlərdən real inteqrasiyaya
İqtisadi əlaqələrin artırılması görünməmiş diplomatik fəallıqla da müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev son üç ildə Mərkəzi Asiya ölkələrinə 14 səfər edibsə, bu region ölkələrinin liderləri 23 dəfə Bakıda olublar. Bu, sadəcə, qarşılıqlı marağı yox, həm də sistemli strateji dialoqa keçidi nümayiş etdirir. Əgər tərəflər arasında əməkdaşlıq bir vaxtlar epizodik xarakter daşıyırdısa, bu gün o, müntəzəm görüşlər, koordinasiya olunmuş siyasi təşəbbüslər, müqavilə-hüquq bazasının ardıcıl şəkildə müasirləşdirilməsi üzərində qurulub. Bu baza enerji və nəqliyyatdan tutmuş, müdafiə sənayesi, mədəniyyət, rəqəmsal inteqrasiyayadək, demək olar ki, bütün sahələri əhatə edən təxminən altı yüz sənəddən ibarətdir. Nəticədə, uzunmüddətli əməkdaşlığın proqnozlaşdırılmasını təmin edən geniş hüquqi təməlin formalaşdırıldığını söyləmək mümkündür.
Son sammitin mühüm elementlərindən biri də ticarət-iqtisadi gündəlik olub. Bu, faktiki olaraq, regionun gələcək inkişafını müəyyənləşdirir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Mərkəzi Asiya ölkələri arasında hazırda 11,5 milyard dollar olan qarşılıqlı ticarət dövriyyəsi həcminin 20 milyard dollara çatdırılması hədəflənib. Region son yeddi ildə bu həcmi iki dəfə artırıb və indi qarşıya daha iddialı hədəflər qoyulub. Burada söhbət yalnız həcmin artırılmasından yox, həm də modelin keyfiyyətcə də dəyişməsindən gedir. Regiondaxili ticarət ənənəvi olaraq, xammala əsaslanıb. Lakin bu gün daxili ticarətdə dərin emal məhsullarının, maşınqayırmanın, kənd təsərrüfatının, tekstil və qida sənayesinin payı artır. Eyni zamanda yeni logistika marşrutları yaranır, qarşılıqlı investisiyalar artır, yarımfabrikatların, komponentlərin və hazır məhsulların ölkələr arasında dövr etdiyi birgə klasterlər formalaşır.
Özbəkistan sammitdə ticarətin asanlaşmasına hesablanmış geniş tədbirlər paketi ilə çıxış edib. Oraya gömrük prosedurlarının rəqəmsallaşdırılması, sertifikatların vahid şəklə salınması, sərhədlərdə «vahid pəncərə» sisteminin yaradılması, lisenziyaların qarşılıqlı tanınması, istehsalçıların vahid kataloqunun formalaşdırılması, dövlət qurumlarının, həmçinin ticarət-sənaye palatalarının rəqəmsal platformalarının inteqrasiyası daxildir.
Qazaxıstan nadir torpaq metalları sahəsinin inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb. Qırğızıstan investisiya kooperasiyasının genişləndirilməsinə diqqət çəkib, Tacikistan innovativ təhsil mərkəzinin yaradılmasını təklif edib, Türkmənistan isə enerji şəbəkələrinin müasirləşdirilməsinin, regional enerji arxitekturasının formalaşdırılmasının vacibliyini vurğulayıb. Bütün bu təkliflər Mərkəzi Asiyanın artıq ayrı-ayrı iqtisadiyyatların məcmusu kimi deyil, istehsalın, nəqliyyatın, ticarətin və təhlükəsizliyin vahid məkanı kimi görməyə başladığını təsdiqləyir.
Təhlükəsizlik bir sistem kimi
Sammitin əsas siyasi nəticəsi Mərkəzi Asiyanın regional təhlükəsizlik, sabitlik və dayanıqlı inkişaf Konsepsiyasının qəbulu olub. Sənəd risklərin qiymətləndirilməsi və onların qarşısının alınması üçün tədbirlərin müəyyənləşdirilməsinə vahid yanaşma çərçivəsində bu dövlətləri birləşdirən ilk strateji aktdır. O, pərakəndə təşəbbüslərdən institusional modelə keçidi nəzərdə tutur. Burada təhlükəsizlik məhdud mənada deyil, kompleks şəkildə başa düşülür, infrastruktur, iqtisadi, logistika, humanitar, iqlim və texnoloji amillərin məcmusu kimi qiymətləndirilir. 2026-2028-ci illər üçün risklərin kataloqu və onların qarşısının alınması tədbirləri ölkələrin böhranlar zamanı fəaliyyət koordinasiya etməsinə, regional sistemlərin dayanıqlılığının möhkəmləndirilməsinə imkan verəcək praktiki çərçivə yaradır.
Azərbaycanın bu mexanizmə qoşulması isə onun potensialını əhəmiyyətli dərəcədə artırır. Bakı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin idarə olunması, rəqəmsal infrastruktur və transsərhəd layihələri sahəsində böyük təcrübəyə malikdir. Odur ki, məsləhətləşmə formatı onun timsalında imkanların genişləndirilməsinə, bütünlükdə regional sistemin dayanıqlılığının möhkəmləndirilməsinə imkan verən əlavə resurs qazanır.
Baş verənlər fonunda aydın görünür ki, Mərkəzi Asiya artıq xarici oyunçuların rəqabət meydanı olmaqdan çıxaraq, öz daxilində yeni geosiyasi və geoiqtisadi birlik yaradan müstəqil güc mərkəzinə çevrilir. Azərbaycan da bu formatın əsas elementlərindən birinə çevrilərək Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və xarici bazarla birləşdirən bənd rolu oynayır.
Bir sözlə, Asiya xəritəsində yeni konfiqurasiya formalaşır – nəqliyyat marşrutları, enerji axınları, birgə istehsallar, investisiya mexanizmləri və strateji qərarların koordinasiyası qarşılıqlı əlaqələrin əsasına çevrilir. Məhz buna görə də Daşkənddə qəbul olunmuş qərarların onilliklər boyu regionun inkişafını müəyyənləşdirəcək, ümumi maraqlar, qarşılıqlı fayda və uzunmüddətli sabitlik üzərində qurulan dayanıqlı əməkdaşlıq platformasının yaradılmasında yeni tarixi mərhələnin başlanğıcı olacağını söyləmək mümkündür.
MƏSLƏHƏT GÖR:




60

