29 Yanvar 2026

Cümə axşamı, 17:22

SON DAMLA

Azərbaycan Maliyyə Nazirliyi “S&P Global Ratings” ilə ödənişli əməkdaşlıqdan imtina səbəbini açıqlayıb

Müəllif:

15.12.2025

Dekabrın 6-da kifayət qədər maraqlı bir məlumat yayıldı. Belə ki, “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın milli və xarici valyuta öhdəlikləri üzrə uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və hətta reytinq proqnozunu “stabil”dən “müsbət”ə dəyişib. Ardınca isə S&P-nin məlumatında qeyd edilir ki, agentlik emitentin xahişi ilə reytinqləri geri çəkib. Nə üçün? İndi nə olacaq? Bütün bu suallara ətraflı cavabı qeyd edilən emitent - Azərbaycan Maliyyə Nazirliyi verib.

 

Münasibətlərin devalvasiyası

Maliyyə Nazirliyi və ümumilikdə Azərbaycan hökumətinin beynəlxalq reytinq agentlikləri ilə əlaqələrinin tarixi kifayət qədər mürəkkəbdir.

Hər şey 2016-cı ilin yanvarında başlayıb. Əvvəlcə S&P, sonra da “Fitch” və “Moody's” Azərbaycanın milli və xarici valyutalarda uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BBB-/A-3”dən “BB+/B”yə stabil proqnozla endiriblər. Beləliklə, ölkənin reytinqi investisiya səviyyəsindən aşağı salındı.

Xatırladaq ki, bu, manatın iki devalvasiyasından sonrakı dövr idi, 1 yanvar 2015-ci ildən 21 yanvar 2016-cı ilə qədər milli valyuta dollara nisbətən dəyərinin 52%-ni itirmişdi. Reytinq agentliyinin ekspertlərinin proqnozları ürəkaçan deyildi: bir çox sektorlarda həm tənəzzül, həm də böhranlar gözlənilirdi.

Bununla belə, o vaxt Maliyyə Nazirliyi dərhal reytinqin azaldılmasına etiraz edərək bəyan edib ki, neft və neft məhsullarının qiymətlərinin aşağı düşməsi fonunda dərhal Azərbaycanın kredit reytinqini aşağı salan S&P, bu təbii resursların qiymətləri artdığı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya reytinqini bərpa edəcəyinə ümid edir.

Azərbaycan iqtisadiyyatı bütün mənfi proqnozların əksinə olaraq, heyrətamiz dərəcədə sürətli və struktur dönüş nümayiş etdirib: bir neçə il ərzində ölkə nəinki maliyyə sistemini sabitləşdirib, hətta qeyri-neft sektorunun keyfiyyətli artımı üçün təməl qoyub.

Artıq 2018-ci ilə qeyri-neft ÜDM-i 1,8%, 2019-cu ildə isə iqtisadiyyatın ümumi artımının 2,2% olduğu halda daha 3,3% artıb. 2016-cı ildə 12%-i keçən inflyasiya, pul-kredit siyasətinin sərtləşdirilməsi və maliyyə nəzarətinin gücləndirilməsi sayəsində 2018-2019-cu illərdə 2,3-2,8%-ə qədər azalıb. Eyni dövrdə dərin turbulentlik yaşayan bank sektoru problemli kreditlərin payını, demək olar ki, iki dəfə azaldıb ki, bu da iqtisadiyyata olan etimad və dayanıqlılığın bərpasının əsas amillərindən biri olub. Bu gün məhz bu dövrü Azərbaycanın daha şaxələndirilmiş inkişaf modelinin başlanğıc nöqtəsi hesab edirlər.

Lakin artıq təxmin edə biləcəyiniz kimi, beynəlxalq reytinq agentlikləri bütün bu nailiyyətləri nədənsə nəzərə almır və ölkənin investisiya reytinqini ildən-ilə yeniləməkdən imtina ediblər.

“Azərbaycan iqtisadi böhrandan sonra, xüsusilə də borc problemlərini uğurla həll edib, valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb, ona görə də ölkəmizin reytinqi artırılmalıdır”, - hələ 2019-cu ildə ovaxtkı maliyyə naziri Samir Şərifov qeyd etmişdi. Növbəti illərdə də Maliyyə Nazirliyindən oxşar bəyanatlar səslənmişdi.

 

İkisi birinə qarşı

Azərbaycan Prezidenti İlham Əliyev də təxminən bir il əvvəl bu məsələ ilə bağlı mövqeyini bildirib. “Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən, hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”, - dövlət başçısı vurğulamışdı.

Bu istiqamətdə ilk müsbət addımlar “Fitch” tərəfindən atılmışdı. 2022-ci ildə agentlik Azərbaycanın beynəlxalq kredit reytinqi üzrə proqnozu “stabil”dən “müsbət”ə yüksəltmişdi. O, 2024-cü ilin iyulunda, nəhayət, ölkəyə xarici valyutada uzunmüddətli defolt reytinqini “BBB-“ səviyyəsində sabit proqnozla təyin edib. “Suveren reytinqin 8 ildən sonra investisiya səviyyəsinə qaytarılması və reytinq üzrə proqnozun “stabil” olaraq müəyyən edilməsi, şübhəsiz ki, makroiqtisadi və monetar siyasətin, institusional islahatların, investisiya mühitinin yaxşılaşdırılmasının, dövlət borcunun aşağı səviyyədə olmasının beynəlxalq qiymətləndirilməsinin təzahürüdür”, - agentliyin bəyanatında vurğulanırdı.

Maliyyə Nazirliyi öz növbəsində digər iki agentliyi də oxşar mövqe tutmağa və Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiqləməyə çağırmışdı. “Yenə də o fikirdəyəm ki, reytinq agentlikləri Azərbaycana kifayət qədər həssas yanaşırlar. Müəyyən mənada xəsislik nümayiş etdirirlər”, -S.Şərifov maliyyə naziri kimi son müsahibələrindən birində bildirmişdi.

Müsbət cavab 2025-ci ilin yayında “Moody's”dən gəlib. Agentlik Azərbaycanın suveren kredit reytinqini müsbət proqnozla “Ba1”dən “Baa3”ə qaldırıb. Beləliklə, ölkəyə investisiya dərəcəli reytinq verilib.

Agentlik məlumatında qeyd edilirdi ki, reytinqin artırılması Azərbaycanın iqtisadiyyatın və fiskal siyasətin neft-qaz sektorundan asılılığını azaltmaq, xarici şoklara baxmayaraq, davamlı makroiqtisadi sabitliyi qorumaq istiqamətində səylərinin nəticəsidir. Ayrıca olaraq, investisiyaların cəlb edilməsi, nəqliyyat-logistika infrastrukturunun inkişafı, Qarabağ və Şərqi Zəngəzurun davamlı bərpası istiqamətində səylər qeyd edilib. Bütün bunlar iqtisadi diversifikasiyaya töhfə verir.

S&P isə bu fonda ölkənin göstərilən nailiyyətlərini və rəqiblərinin mövqeyinin korreksiyasını bir daha nəzərə almayıb. Agentliyin Azərbaycana qarşı ədalətli mövqe tutmasına yönəlmiş cəhdlərin nəticəsiz qalması nəhayət Maliyyə Nazirliyini radikal addım atmağa sövq edib.

 

Məntiqli seçim

Beləliklə, Azərbaycan faktiki olaraq “S&P”nin xidmətlərindən imtina edib, halbuki o, öz son proqnozunda reytinq proqnozlarını “stabil”dən “müsbət”ə dəyişməyə razılıq vermişdi. Daha ətraflı hesabatlarda, ümumiyyətlə, ölkədəki iqtisadi vəziyyətə kifayət qədər müsbət qiymət verilmişdi.

“Azərbaycan reytinqi olan ölkələr arasında ən güclü suveren balanslardan birini saxlayır. Dövlət Neft Fondu tərəfindən idarə olunan əhəmiyyətli aktivlər, dövlət idarəetmə orqanlarının dayanıqlı xalis aktiv mövqeyi və aşağı dövlət borcu əhəmiyyətli amortizasiya qabiliyyətini təmin edir və karbohidrogen qiymətlərindəki dəyişkənlikdən iqtisadiyyatı qorumağa kömək edir. Bu ehtiyatlar hətta neft yataqlarının tükənməsi və qaz hasilatının sabitləşməsi səbəbindən iqtisadi artımın mülayim qalmasına baxmayaraq, makroiqtisadi sabitliyi dəstəkləyir”, - agentliyin hesabatında qeyd edilib.

S&P 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 4,7%-ə, ÜDM-in artım səviyyəsinin isə 1,7%-ə düşəcəyini proqnozlaşdırır.

Bəs bu statistikanı nəzərə alaraq Azərbaycana investisiya reytinqi verməyə nə mane olub?

Maliyyə Nazirliyi S&P ilə bağlı qərarını kifayət qədər açıq şəkildə şərh edərək, ilk növbədə qeyd edib ki, Azərbaycan agentliklə müqavilə öhdəlikləri xaricində əməkdaşlığı davam etdirməyi planlaşdırır. Yəni, “unsolicited rating” modeli üzrə - ödənişli müqavilə bağlamadan qarşılıqlı fəaliyyət saxlanacaq.

Maliyyə Nazirliyinin məlumatına görə, beynəlxalq təcrübədə üç aparıcı reytinq agentliyindən ikisinin qiymətləndirilməsi geniş tətbiq olunan institusional təcrübədir. Son 5 il ərzində Azərbaycanın suveren kredit reytinqi iki agentlik (“Fitch” və S&P) tərəfindən rəsmi müqavilə üzrə ödənişli əsasda və 1 agentlik (“Moody`s”) tərəfindən müqavilə öhdəlikləri olmadan, yəni hər hansı ödəniş etmədən qiymətləndirilib.

“Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyillər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody`s” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəlib. Belə ki, agentliklər tərəfindən “BBB-“ və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib”, - qurumun məlumatında vurğulanıb.

Maliyyə Nazirliyinin məlumatında əlavə olunub ki, Azərbaycan bundan sonra yalnız iki agentliklə - “Fitch” və “Moody`s” ilə ödənişli əsasda əməkdaşlıq edəcək, S&P ilə isə müqaviləsiz və ödənişsiz qarşılıqlı fəaliyyət davam etdiriləcək.

Nazirlik, həmçinin bəyan edib ki, növbəti illərdə də suveren kredit reytinqinin qiymətləndirilməsi sahəsində aparıcı beynəlxalq reytinq qurumları ilə işini davam etdirəcək ki, Azərbaycanın iqtisadi göstəricilərinin əsaslı və davamlı artımı kredit reytinqlərində öz əksini tapsın.

S&P-nin hesabatı ilə, demək olar ki, eyni vaxtda “Fitch Ratings”in rəyi də dərc olunmuşdu. Agentlik Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini “BBB-“ səviyyəsində stabil proqnozla yenidən təsdiqləyib.

S&P ətrafında baş verən hadisələr və “Fitch” və “Moody's”ə yenidən oriyentasiya fonunda qeyd etmək vacibdir ki, Azərbaycan artıq öz daha çevik və adekvat risk qiymətləndirmə sistemini yaratmağa doğru hərəkət edir. Mərkəzi Bank tərəfindən Milli Kredit Reytinqləri Mexanizminin işlənib hazırlanması, faktiki olaraq, ölkənin real iqtisadi tendensiyaları ilə tez-tez ziddiyyət təşkil edən nəticələr çıxaran xarici qiymətləndiricilərdən çoxillik asılılığa cavab olub. Yeni vasitə şəffaf, obyektiv və milli maliyyə landşaftına daha yaxşı uyğunlaşdırılmış reytinq qiymətləndirmə modelini formalaşdırmağa imkan verəcək. Risklərin daha dəqiq təsnifatı öz növbəsində borc götürmə xərclərinin azalmasına və daha rəqabətli bank mühitinin formalaşmasına kömək edəcək. Bu, uzunmüddətli perspektivdə Azərbaycanın suveren maliyyə dayanıqlılığını gücləndirəcək və beynəlxalq agentliklər tərəfindən subyektivizmi aradan qaldırmağa yardım göstərəcək.



MƏSLƏHƏT GÖR:

46