MÜQAVİLƏSİZ NƏZAKƏT
Çin Fransanın üzünə gülərək öz oyununu oynayır
Müəllif: İrina XALTURİNA
Avropa İttifaqı ilə Çin arasında münasibətlər uzun müddətdir ki, kifayət qədər mürəkkəb xarakter daşıyır. Bəzi müşahidəçilərin fikrincə, bu münasibətlərin səviyyəsi son illər tarixin ən aşağı həddinə enib. Fransa Prezidenti Emmanuel Makronun dekabrın 3-5-də Çinə etdiyi səfər məhz bu səbəbdən Qərb mediası tərəfindən daha çox Paris-Pekin münasibətləri deyil, Aİ-Çin münasibətləri kontekstində qiymətləndirilib. Hesab olunur ki, səfərin məqsədi tərəflər arasında qarşılıqlı anlaşma imkanlarının araşdırılması olub.
Makron tərəfdaşlıq arzulayırsa, Pekin Avropanı sınayır
«Biz istəyirik ki, Avropaya Çinin böyük tərəfdaşı kimi, hörmətlə yanaşılsın», - deyə Makron hələ səfərdən əvvəl bildirmişdi. Səfərə hazırlıq dövründə yayılan şərhlərdən isə belə görünürdü ki, bu təşəbbüsün uğurlu alınacağına inam yüksək deyil. Ehtimal olunurdu ki, Fransa Prezidenti Pekinlə bərabərhüquqlu oyun qura bilməyəcək.
Demək olar ki, belə də olub. Səfərin nəticələri yumşaq desək, məhdud alınıb. Çin lideri Si Cinpin diplomatiya ustası olduğunu bir daha nümayiş etdirərək, Çin-Aİ anlaşılmazlıqları fonunda Pekin-Paris münasibətlərinin nisbətən sabit olduğunu göstərib. Fransa tərəfinin Avropa-Çin münasibətlərinin sağlam və dayanıqlı inkişafına töhfə vermək niyyətində olduğuna, tərəflərin dialoq və əməkdaşlığı davam etdirməsinin vacibliyi haqda fikirləri Pekində məmnunluqla qarşılanıb. «Sinxua» agentliyinin məlumatına görə, tərəflər qlobal idarəetmənin gücləndirilməsi, iqlim və ekoloji çağırışlara birgə cavab, dinc xarakterli atom sahəsində tərəfdaşlıq, kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq, həmçinin Ukrayna və Fələstindəki vəziyyətlə bağlı birgə bəyanat yayıb.
Təxminən eyni mövzu Çin Xalq Respublikasının sədri Cinpinin Avropaya ötən il etdiyi səfər zamanı da gündəmə gəlmişdi. Yeri gəlmişkən, bu, Çin liderinin təxminən son beş ildə Avropaya ilk səfəri idi. Səfər çərçivəsində o, Fransa, Serbiya və Macarıstana baş çəkmişdi. Ekspertlərin fikrincə, bu, Avropa ölkələrinin Çinin qlobal gündəliyini qəbul etməyə hazır olub-olmadıqlarının Pekin tərəfindən yoxlanılması cəhdi idi. Həmin vaxt Parisdə təxminən 15 kommersiya müqaviləsi və tərəfdaşlıq razılaşmaları imzalanmışdı.
Pekində keçirilmiş görüşə gəlincə, tərəflər arasında 12 əməkdaşlıq sazişi imzalanıb ki, bu da o qədər də ciddi təsir bağışlamır. Halbuki, Yelisey sarayının sahibini səfər zamanı «Veolia», «Suez», EDF, «Andros» və «Airbus» daxil olmaqla, 35 nəhəng konsernin rəhbərləri müşayiət edirdilər. Üstəlik, tərəflər arasında ən çox gözlənilən razılaşma da imzalanmayıb. Söhbət 500 ədəd «Airbus» təyyarəsinin satışına dair razılaşmadan gedir.
Bu, real vəziyyəti bir daha ortaya qoyur: tərəfər guya dostluğa və əməkdaşlığa hazır kimi göirünsələr də, Çinlə Fransa, daha geniş mənada isə Aİ arasında dərin anlaşılmazlıqlar qalmaqdadır. «Köhnə dünya» Pekini balanssız ticarətdə, haqsız rəqabətdə, avropalıların bazara girişini məhdudlaşdırmaqda günahlandırır, həmçinin Çin texnologiyalarının təhlükəsizliyinə şübhə ilə yanaşır.
Əsas problem isə ticarətdə balanssızlıqdır. Əslində bu problem hələ əsrin əvvəlində yaranıb. O zaman Çin Avropa bazarlarını (yalnız onu yox) ucuz mallarla doldurmuşdu, lakin Avropa biznesi ucuz işçi qüvvəsinə görə bu vəziyyətdən narazılıq etmirdi. «Made in China» ucuz, keyfiyyəti aşağı olan gündəlik tələbat mallarının rəmzinə çevrilmişdi. Avropa və Amerikanın turist suvenirləri də demək olar ki, tamamilə Çin istehsalı idi. Lakin illər keçdi və Çin məhsulları yalnız kəmiyyəti və qiyməti ilə deyil, keyfiyyəti ilə də üstünlük qazanmağa başlayıb. Artıq Çin smartfonları, avtomobilləri, geyimi və kosmetikası almaqdan heç kim utanmır.
Bundan başqa, Çin günəş panelləri, elektrik avtomobilləri kimi malların ixracında da aşkar liderdir. Nəticədə, Aİ Çindən daha çox alır, nəinki Pekin Aİ-dən. Bu üzdən ticarət defisiti 300 milyard avronu aşıb. 2024-cü ildə yalnız Fransanın Çinlə ticarət defisiti 47 milyard avroya çatıb. Fransadan Çinə invetisiya axını da əks istiqamətdəki axını xeyli üstələyir.
Avropa Pekini «qeyri-sağlam rəqabət»də də günahlandırır. Çünki bu ölkədə dövlət müəssisələri dəstələyir, xüsusilə nadir torpaq metalları tədarkündə «inhisarçılıq hökm sürür». Bu, Qərb üçün xüsusi problemdir, çünki nadir torpaq metalları bütün yüksək texnologiyalı məhsulların, silah sistemlərinin istehsalında aparıcı rol oyrayır. Həqiqətən də, artıq Çin bu cür həssas sahələrdə faktiki olaraq öz şərtlərini diktə edə bilir.
Bu vəziyyət xüsusilə Birləşmiş Ştatları narahat edir. Məsələ ondadır ki, bu sahədə Vaşinqton Çinlə bilavasitə rəqabət aparır, Avropa isə ənənəvi olaraq, Amerikanın Çin texnologiyalarının inkişafını məhdudlaşdırmaq cəhdlərini dəstəkləyir. Bu, özünü Qərb texnologiyalarının ötürülməsinə qoyulan məhdudiyyətlərdə, iqtisadi və təhlükəsizlik səbəbilə Çin mallarından qorunmaq cəhdlərində də göstərir. Lakin son ildə baş verənlər Çinin ABŞ ilə ticarət savaşında nəinki geri çəkilmədiyini, əksinə, daha da irəli getdiyini ortaya qoyub. Bu nəhənglərin savaşında Avropa ən son cərgədə yer alır. Vaşinqton Çin mallarını ABŞ bazarlarından kənarlaşdırdıqda onlar Avropaya yönəlir. Bununla yanaşı, Tramp tərəflər arasında fərq qoymayaraq, Avropa mallarına da Çin malları ilə eyni tarifləri tətbiq edir. Nəhayət, avronun möhkəmlənməsi Avropada idxal mallarını ucuzlaşdırır, ixracı isə bahalaşdırır.
Təbəssümün arxasındakı dərin ziddiyyətlər
Maraqlıdır ki, Makron Fransaya qayıtdıqdan dərhal sonra Çinlə gömrük tarifləri məsələsini qaldırıb. Prezident deyib ki, Çin avropalılara qarşılıq göstərərək ticarətdə balanssızlığı aradan qaldırmazsa, «yaxın gələcəkdə sərt tədbirlər görməyə məcbur olacağıq». Makron bu halda ABŞ kimi, Çin məhsullarına rüsum tətbiq olunacağını istisna etməyib. «Çin Avropanın sənaye və innovasiya modelinə – tarixən maşınqayırma və avtomobil istehsalına əsaslanmış modelə zərbə vurur», - deyə Fransa Prezidenti «Les Échos» qəzetinə müsahibəsində bildirib. Medianın yazdığına görə, ümumilikdə Aİ xarici investorlar üçün qaydaları sərtləşdirməyi planlaşdırır: «Çin şirkətləri yerli işçilərə gəlirlərini bölüşmürsə, texnologiyalarını açıqlamırsa, Avropanın açıq bazarında üstünlük qazana bilməməlidirlər».
Brüssel bəzi məhsullar üçün «Made in Europe» («Avropada istehsal olunub») hədəf göstəricisini 70%-ə çatdırmaq imkanlarını da nəzərdən keçirir.
Belə ciddi təhdidləri, Fransanın davamlı siyasi böhran içərisində və Makronun özünün də siyasi gələcəyinin sual altında olduğunu nəzərə alsaq, Çinin nümayiş etdirdiyi isti qəbul əslində Şərqə xas simvolizm və istehza ilə doludur. Məsələn, Makronun Çinin böyüklüyünə görə dördüncü şəhəri olan, ölkənin mədəni və sosial baxımdan ən açıq şəhəri sayılan Çenduya dəvət edilməsi xüsusi diplomatik jest kimi qiymətləndirilir. Müşahidəçilər bildirirlər ki, «Avropanın ikinci iqtisadiyyatının başçısı üçün edilmiş bu jest Pekinin Aİ ilə münasibətlərdə Parisə göstərdiyi diqqətin nümayişi idi».
2027-ci ilədək Çindən Fransaya 2 pandanın çatdırılması haqda da razılıq əldə olunub. Onlar Fransa heyvanxanasından Çenduya qaytarılacaq pandaları əvəzləyəcək. Razılaşma Fransa Prezidentinin xanımı Brijit Makronun Çenduda Böyük panda mühafizəsi və araşdırma mərkəzini ziyarət etdiyi vaxt imzalanıb. Pandalar Çin və Fransa xalqları arasında dostluğun rəmzi, həmçinin iki ölkəni birləşdirən körpü adlandırılıblar. Xanım Makronun pandalarla məşğul olduğu vaxtda Fransanın dövlət başçısı Siçuan Universitetində tələbələr tərəfindən lap rok musiqisi ulduzu kimi, böyük coşqu ilə qarşılanıb. Bu hadisə Çinin «Xiaohongshu», «Sina Weibo» sosial şəbəkələrində əsas mövzuya çevrilib. #Macron həştəqi ilə paylaşımlar milyonlarla baxış toplayıb. Bununla yanaşı, sosial mediada «mem»lər də yayılıb. Məsələn, «Makron Fransaya qayıtdıqda çox kədərlənəcək, çünki orada onun populyarlığı azdır. Yerli tələbələr ona heyran deyil» və s. kimi.
Səfərin nəticələrini özünəməxsus şəkildə ümumiləşdirən «The Financial Times» yazıb ki, «Makron Çinə «Hermes»ə məxsus ipək şərflər aparıbsa, geri panda vədi ilə qayıdıb». Qəzet yazır ki, liderlər arasındakı mehriban münasibət belə, «iki ölkə arasında artan gərginliyi ört-basdır edə bilməyib».
Beləliklə, görünən odur ki, Makron Si Cinpini Avropanın, xüsusilə də onun ölkəsinin qlobal səhnədə inamlı mövqeyə malik olduğuna inandıra bilməyib. Birincisi, iqtisadi baxımdan Aİ-nin Çinə təsir imkanı, demək olar ki, yoxdur. Burada söhbət yalnız təhdidlərdən gedə bilər. İkincisi, inandırıcı olmaq üçün həqiqətən bir olmaq, kollektiv güc nümayiş etdirmək lazımdır.
Pekin Avropanı ABŞ-nin zəif müttəfiqi kimi görür
Brüsseldə yaşanan son hadisələrin çoxu birliyə xidmət etmir. Bu, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasındakı fikir ayrılıqlarına da aiddir. Amerikanın Avropadakı müttəfiqi bu gün hər zamankından daha etibarsız təsir bağışlayır. Fevralda Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Münhendə verdiyi bəyanatı hər kəs yaxşı xatırlayır. O, hazırda Avropanın təhlükəsizliyi üçün ən ciddi təhdidin Çin və ya Rusiyadan yox, «daxildən» qaynaqlandığını bildirmişdi.
ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında da Avropa sərt tənqid olunur: «…Avropanın qarşısında duran ən ciddi problemlər Aİ və digər transmilli strukturların fəaliyyəti, siyasi azadlıq və suverenliyin zəifləməsi, miqrasiya siyasəti nəticəsində qitənin dəyişməsi və parçalanması, senzura və siyasi müxalifətə təzyiq, doğum göstəricisinin azalması, milli kimliyin və özünəinamın itməsi kimi amilləri əhatə edir». Bununla yanaşı, bildirilir ki, ABŞ-nin «qitədə hər hansı rəqibin hökmranlığına imkan verməmək, uğurlu rəqabət aparmaq üçün məhz güclü Avropaya ehtiyacı var».
Eyni zamanda Tramp həm Rusiya, həm də Çinlə danışıqlar aparır, bu prosesdə Aİ-nin mövqeyi Brüsselin arzuladığı qədər nəzərə alınmır. Digər yandan Pekin Avropanı ABŞ-dən kifayət qədər uzaqlaşa bilməyən,Vaşinqtona tabe olan zəif, parçalanmış, siyasi liderlikdən, qətiyyətdən məhrum aktor sayır. «The Financial Times» yazır ki, «Pekin Avropanın birlik problemi onun Çindən ucuz və keyfiyyətli malların gətirilməsinə yeni maneələrin yaradacağı nəticələrin öhdəsindən gəlməsinə imkan verməyəcək». Prinsipcə, «Parçala və hökm sür!» strategiyası Pekini tam qane edir. Odur ki, Çin ikitərəfli formatların, məsələn, Fransa Prezidenti kimi qonağı ən yüksək səviyyədə qəbul etməyin, ona hörmət göstərməyin əleyhinə deyil. Bu, təbii ki, 27 ölkədən ibarət Aİ-də nüfuzunu artırmağın daha bir yoludur.
Maraqlıdır ki, yaxın xzamanlarda Almaniyanın xarici işlər naziri və Böyük Britaniyanın baş naziri də Çinə səfər edəcək və onların hər birinin öz gündəliyi var. Pekinin onlarla da Makronla olduğu qədər mehriban, nəzakətli davranacağına şübhə yoxdur.
MƏSLƏHƏT GÖR:



28

