8 Yanvar 2026

Cümə axşamı, 03:31

VAŞİNQTON ÖZÜNƏ QAPANIR

ABŞ dünya düzəninin memarı rolundan imtina edir

Müəllif:

15.12.2025

Son dövrlərdə beynəlxalq gündəmdə ən çox müzakirə olunan məsələlərdən biri ABŞ-nin qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyasıdır. Ölkədə bu qəbildən olan son sənəd hələ Co Bayden administrasiyası dövründə – 2022-ci ildə qəbul olunmuşdu və bu gün o, artıq aktuallığını itirərək, keçmişin qalığı sayılırdı.

Baydenin strategiyası Birləşmiş Ştatları demokratik müttəfiqlər şəbəkəsinin mərkəzi bəndi kimi təsvir edirdi. Bu şəbəkə avtoritar dövlətlər, ilk növbədə, Çin və Rusiya ilə dəyərlər və texnologiyalar mübarizəsi aparır. Donald Tramp isə hesab edir ki, artıq Vaşinqton qlobal düzəni dəstəkləməyə borclu olmayan, suveren həyatını yaşamalı dövlətdir. O, diqqəti daha çox ABŞ-nin yerləşdiyi regiona yönəldir, miqrasiya siyasətini sərtləşdirir, Çinlə münasibətləri ideologiyadan uzaqlaşdırır, müttəfiqlərin, xüsusilə də Avropadakı tərəfdaşların rolunu sırf praqmatik kateqoriyalar əsasında yenidən nəzərdən keçirməyə çalışır. Müvafiq olaraq, iki sənəd arasında fərq kosmetik yox, konseptual xarakter daşıyır. Yəni söhbət ABŞ-nin dünya sistemindəki rolu ilə bağlı iki fərqli modeldən gedir: qlobal düzənin memarı, yoxsa güclü, lakin ilk növbədə regiona və suverenliyə köklənmiş oyunçu?

 

Təhlükəsizliyə yeni yanaşma

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası son dövrlərin ən səciyyəvi xarici siyasət sənədlərindən birinə çevrilib. Tramp faktiki olaraq, seçkiqabağı vədini xarici siyasətin, hərbi strategiyanın və daxili siyasətin prioritetlərini təsbit edən hüquqi sənədin qəbulu ilə həyata keçirib. Qlobal liderliyə, liberal düzənin müdafiəsinə, geniş müttəfiqlik öhdəlikləri sisteminə yönəlmiş əvvəlki strategiyadan fərqli olaraq, yeni versiya nəinki keyfiyyətcə sərt milli praqmatizmə, «öncə Amerika» prinsipinə dönüşdür, həm də qlobal idarəçi vəzifəsindən üstün tutulan təhlükəsizlik maraqlarına, iqtisadi dayanıqlılığa, sosial balansın qorunmasına diqqətin rəsmiləşdirilməsidir. Sənəd Vaşinqtonun beynəlxalq sistem üzərində qeyd-şərtsiz himayədarlığı dövrünün başa çatdığını, xarici siyasətin ölkə ərazisinə, əhalisinə, iqtisadiyyatına birbaşa təhdidlərin qarşısının alınmasına yönəlməli olduğunun əksidir. Bu baxımdan resursların uzaq regionlardan Qərb yarımkürəsinə cəlb olunmasının vacibliyi xüsusi vurğulanır. Sərhədlərin qorunması, miqrasiya axınlarına nəzarət, transmilli cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə mübarizə milli təhlükəsizliyin əsas istiqamətləri kimi təqdim olunur. Sənəd, eyni zamanda Monro doktrinasını müasir şəraitdə yenidən şərh edir, Latın Amerikası ilə Karib hövzəsini ABŞ-nin həyati maraq zonası, eyni zamanda xarici oyunçularla potensial rəqabət meydanı kimi önə çəkir.

Sənədin xarici siyasət bölməsində qlobal güc mərkəzlərinə münasibətdə təmkinli, lakin prinsipial olaraq fərqli yanaşma ortaya qoyulur. Çinlə sistemli rəqadət davam edir, lakin burada əsas vurğu hərbi deyil, iqtisadi, texnoloji və ticarət sahələrinə edilir. Vaşinqton təchizat zəncirlərinin qorunmasına, strateji istehsalın ölkəyə qaytarılmasına, yüksək texnologiyalar üzərində nəzarətin gücləndirilməsinə çalışır. Bununla yanaşı, xüsusilə Hind-Sakit okean regionunda hərbi üstünlüyün qorunub saxlanılması vacib hesab olunur. Bu amil Tayvan məsələsi ilə bilavasitə əlaqələndirilir və bura potensial gərginlik nöqtəsi kimi qiymətləndirilir.

Bu gün artıq Çinin avtoritar ölkə olub-olmadığı amerikalılar çox da maraqlandırmır. ABŞ rəhbərliyi Pekinə hansı qaydalarla yaşamalı olduğunu diktə etmək niyyətində deyil. İndiki yanaşma açıq və praqmatikdir: Çin istədiyi kimi inkişaf edə bilər, əsas şərt odur ki, ABŞ-nin maraqlarına zərər vurmasın. Halbuki, bir müddət əvvələdək Co Bayden administrasiyası Çin rəhbərliyinin «avtoritar xarakteri» haqda bəyanatlar verirdi. Görünən odur ki, artıq bu ritorika da keçmişdə qalıb.

Rusiyaya münasibətdə də təxminən bənzər dəyişikliklər müşahidə edilir. Yeni strategiyada ritorikanın əvvəlki illərlə müqayisədə xeyli yumşaldığı hiss olunur. Burada Rusiya artıq əsas qlobal düşmən kimi təqdim edilmir. Əksinə, sənəddə strateji rəqabətlə yanaşı, strateji sabitliyin qorunması, birbaşa hərbi qarşıdurmadan qaçılmasının vacibliyi də önə çəkilir, Ukrayna münaqişəsi isə daha çox ABŞ üçün resurs itkisi yaradan amil kimi qiymətləndirilir, onun tezliklə başa çatdırılmasının vacibliyi vurğulanır. Bu münaqişənin Avropadakı müttəfiqlik öhdəlikləri yükünü artırdığı da qeyd olunur. İndi Rusiya Vaşinqton üçün «mütləq şər» obrazında çıxış etmir, ayrı-ayrı qlobal problemlərin həllində məcburi tərəfdaş kimi qəbul edilir. Donald Tramp özü də dəfələrlə Vladimir Putin haqqında hörmətlə danışıb ki, bu da bir sıra hallarda onun müttəfiqlərində aşkar çaşqınlıq və siyasi narahatlıq yaradıb.

 

Avropa artıq prioritet deyil

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasının açıqlanması Avropa üçün ağrılı bir həqiqət anına çevrilib. Çünki o, onilliklər boyu «trans-Atlantik həmrəylik» adı altında pərdələnən, lakin mahiyyət etibarilə söhbətin getdikcə daha çox faktiki asılılıqdan getdiyini üzə çıxarıb. Avropa uzun illər ərzində təhlükəsizliyini «strateji arxayınlıq» rejimində qurulmuşdu. Burada müdafiə öhdəliklərinin əsas hissəsi, kəşfiyyat işi, logistika və nüvə çəkindiriciliyi Vaşinqtona həvalə olunmuşdu. Belə vəziyyətdə Avropa öz təhlükəsizliyini təmin etməkdən çox bu sahədə prioritetləri başqalarının əli ilə formalaşdırmağa alışmışdı, ABŞ-nin hərbi, siyasi və maliyyə resursları isə zəmanətli, tükənməz dayaq kimi qəbul olunurdu. İndi yeni strategiya bu məntiqdən imtinanı institusional səviyyədə rəsmiləşdirir. NATO üzrə müttəfiqlərdən daha ciddi müdafiə, maliyyə və siyasi məsuliyyət daşımaq tələbi Avropada təhlükəsizliyin Vaşinqtonun qlobal liderliyinin törəməsi kimi mövcud olduğu əvvəlki modelin çöküşü deməkdir. Artıq avropalı tərəfdaşlara Birləşmiş Ştatların strategiyasının qeyd-şərtsiz dayağı kimi baxılmır, onlara getdikcə daha müstəqil aktorlar kimi yanaşılır. Yəni onların real qabiliyyəti Vaşinqtonla əməkdaşlığın dərinliyinin, keyfiyyətinin əsas meyarına çevrilir. Başqa sözlə, hər zamankı «biz qoruyuruq, siz uyğunlaşırsınız» məntiqi «əvvəlcə özünüzü təmin edirsiniz, sonra biz hansı formada əməkdaşlıq edəcəyimizə qərar veririk» məntiqi ilə əvəzlənir.

Sənəddə Avropa İttifaqı ölkələrində gedən daxili sosial-siyasi proseslərə tənqidi münasibət də yer alır. Miqrasiya siyasəti, eynilik böhranı, inteqrasiya problemləri və sosial gərginliyin artması açıq cəmiyyətin qaçılmaz yan təsiri kimi deyil, dövlətlərin dayanıqlılığını daxildən sarsıdan strateji zəiflik kimi qiymətləndirilir ki, bu da Vaşinqtonun Avropaya etibarlı, uzunmüddətli dayaq kimi inamının azaldığını göstərir. Elə bu amilin özü də ABŞ-nin Avropanın təhlükəsizliyinin əsas, qeyd-şərtsiz təminatçısı rolundan uzaqlaşması üçün obyektiv zəmin yaradır.

Yeni strategiyanın dərcindən sonra Avropada ciddi səs-küyün, rezonansın yaranmasının səbəbi də budur. Uzun illər arxayın, qayğısız şəraitdə yaşamış qitə birdən-birə yalnız hərbi büdcənin artırılması üçün deyil, həm də alışılmış strateji rahatlıq modelinin çöküşü perspektivi ilə qarşı-qarşıyadır. Hər halda, Avropaya onilliklər boyu təhlükəsizliyini, demək olar ki, pulsuz nemət kimi qəbul etdiyi, təhlükəsizliyin xarici aktorlar tərəfindən təmin olunduğu modeldən imtina təklif edilir. Bu isə təkcə müdafiə xərclərinin artması yox, həm də hərbi planlaşdırmanın, müdafiə sənayesinin, enerji dayanıqlılığının və strateji təchizat zəncirləri məntiqinin tamamilə yenidən qurulması zərurəti deməkdir.

Daha geniş mənada Amerikanın yeni strategiyası Avro-Atlantik konsensusun təməlini sarsıdır. İndi Avropa ölkələri ağrılı muxtariyyət yolunu seçmək, əvvəlki himayənin hansısa qalıqlarını siyasi güzəştlər hesabına qoruyub saxlamaq, yaxud hər kəsin fərdi zəmanət axtaracağı parçalanmış təhlükəsizlik sisteminə keçməsi arasında seçim etməlidirlər. Beləliklə, Avropanın geosiyasi subyektlik fonunda başqasının hesabına yaşamaq rahatlığı dövrü başa çatır. Yeni reallıqda bu arxayınlıq sistemli zəifliyə, təhlükəsizliyi başqalarının əli ilə təmin etmək istəyi isə birbaşa siyasi risklər mənbəyinə çevrilir.

 

Milli təhlükəsizliyin daxili siyasi və iqtisadi ölçüləri

O da vurğulanmalıdır ki, daxili təhlükəsizlik məsələsini xarici təhdidlərlə eyni səviyyəyə qaldırır. Miqrasiya, demoqrafik dinamika, mədəni dayanıqlılıq, sərhədlərin qorunması və daxili axınlara nəzarət milli təhlükəsizliyin ekzistensial elementlər elan olunur. Sənəddə sosial və eynilik əsaslarının aşınmasının dövlətin uzunmüddətli resurs səfərbərliyi qabiliyyətini zəiflətdiyi, bunun isə birbaşa müdafiə qabiliyyəti və iqtisadi rəqabət gücünə mənfi təsir göstərdiyi bildirilir. Bu kontekstdə sərhəd nəzarətinin gücləndirilməsi, sərt miqrasiya siyasəti və transmilli cinayətkar şəbəkələrlə mübarizə Vaşinqtonun daxili məkanın xarici və daxili pozucu amillərdən qorunması üçün həyati zərurətlər sırasına daxil edilir.

Diqqətçəkən məqamlardan biri də odur ki, Donald Tramp hələ ilk prezidentliyi dövründə də ölkənin Meksika ilə cənub sərhədini daxili təhlükəsizliyin əsas amillərindən biri kimi nəzərdən keçirirdi. Əsas diqqət bu sərhəddən axınların qarşısının alınmasına, divar tikintisinə, miqrasiya prosedurunun sərtləşdirilməsinə və sərhədin qeyri-qanuni keçilməsi hallarında güc tətbiqinə yönəlmişdi. Yeni şəraitdə bu mövzu daha da aktuallaşıb. ABŞ artıq beynəlxalq cinayətkarların «ev»i olmaq niyyətində deyil. Hər halda, Ağ Ev belə deyir. Görünür, vaxtilə əfsanəvi ekranlarda Çak Norris tərəfindən canlandırılmış cəsur döyüşçü obrazı yenidən dəbə minir.

Strategiyanın iqtisadi tərəfinə gəlincə, o da önəmli yer tutur və milli təhlükəsizlik anlayışı ilə əlaqələndirilir. Sənəddə qlobal iqtisadi qarşılıqlı asılılığın əvvəlki modelindən – şərtsiz fayda kimi qiymətləndirilən yanaşmadan imtina, idarə olunan iqtisadi açıqlıq konsepsiyasına keçid nəzərdə tutulur. Əsas diqqət enerji, mikroelektronika, hərbi texnologiyalar, logistika və reindustrializasiyanın stimullaşdırılması üçün tarif, investisiya və sanksiya alətlərindən fəal istifadə məsələlərinə yönəlib. Beləliklə, iqtisadi siyasət təhlükəsizlik siyasətinin davamı kimi təsbit edilir və uzunmüddətli geoiqtisadi rəqabətin tərkib hissəsinə çevrilir.

Ümumilikdə ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası onun «dünyanın hakimi» və qlobal düzənin universal təminatçısı rolundan imtinasını rəsmiləşdirir. Artıq Vaşinqton hansı ölkənin «kifayət qədər demokratik» olduğunu müəyyənləşdirməyə, haradasa abstrakt dəyərlər naminə güc tətbiqinin zəruri olduğuna qərar verməyə çalışmır. O, ideoloji təzyiq təcrübəsindən uzaqlaşır, digər dövlətlərin daxili işlərinə müdaxiləni xarici siyasətin norması kimi görməkdən imtina edir, bununla da illər boyu müdaxilələrə, sanksiyalara, idarə olunan böhranlara bəraət qazandıran siyasi messianizm dövrü başa çatır. Bu isə siyasi modellərin güc yolu ilə qəbul etdirilməsinin legitimliyini obyektiv olaraq azaldır. Yeni şəraitdə dövlətlər ABŞ ilə münasibətləri daha praqmatik və bərabərhüquqlu əsaslarla, dəyərlər diktəsi, ideoloji şantaj, xoşniyyətli bəhanələr altında daimi müdaxilə təhlükəsi olmadan qurmaq üçün real imkan qazanırlar.



MƏSLƏHƏT GÖR:

24