29 Yanvar 2026

Cümə axşamı, 17:26

QƏRBƏ DÖNÜŞ

Moskvadan Brüsselə: Ermənistanın yeni trayektoriyası

Müəllif:

15.12.2025

Dekabrın əvvəlində Brüsseldə «Avropa İttifaqı-Ermənistan» Tərəfdaşlıq Şurasının 6-cı iclası keçirilib. İclasda İrəvanla Brüssel qarşılıqlı əlaqələr üzrə yeni «strateji gündəliyi» təsdiqləyiblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsi Kaya Kallas əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən hüquq və məhkəmə sistemlərində islahatlar, demokratikləşmə, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, ticarətin şaxələndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə də ediblər.

Brüssel niyyətini gizlətmir: 2025-ci il Azərbaycanla sülh prosesi fonunda Aİ-Ermənistan münasibətləri üçün dönüş ili olmalıdır. Avropa İrəvana maliyyə və texniki yardımların göstəriləcəyini artıq bəyan edib. Ona xüsusilə «Dayanıqlılıq və artım planı» adlı proqram çərçivəsində dəstək göstərilməsi nəzərdə tutulur. Proqramın ümumi büdcəsi təxminən 270 milyon avrodur ki, onun da əsas hissəsini qrantlar təşkil edir. Bundan başqa, Aİ Ermənistana «sülhün qorunması və dayanıqlılığın artırılması» üçün 15 milyon avro da ayıracaq. Bu vəsaitin, məsələn, minaların təmizlənməsi, mütəxəssis hazırlığı kimi işlərə xərclənməsi planlaşdırılır.

Beləliklə, bu Brüssel mərhələsi sadəcə diplomatik tədbir yox, faktiki olaraq münasibətlərə yenidən başlanılması kimi qiymətləndirilə bilər. Yəni tərəflər əvvəlki nisbətən ehtiyatlı «tərəfdaşlıq» modelindən daha dərin və iddialı strategiyaya keçirlər.

Həqiqətən, maraqlı və diqqətəlayiq prosesdir. Bakı dağıdılmış ərazilərindən qovduğu Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi çıxış edir, Aİ ilə hazır sülh sazişinin paraflanmasından sonra təcavüzdən zərər çəkmiş ölkə ilə deyil, 30 il ərzində Azərbaycan torpaqlarını, yeraltı sərvətlərini istismar etmiş işğalçı ilə əməkdaşlığa başlayır, ona investisiya yatırır. Yeri gəlmişkən, Brüssel danışıqlarında 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş sammitdə əldə olunmuş razılaşmanın ruhuna zidd xeyli anti-Azərbaycan ritorikası da yer alıb. Məsələ o həddə çatıb ki, Azərbaycanın Xarici İşlər Nazirliyi «Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün Strateji Gündəlik» ilə bağlı açıqlama verməyə məcbur olub. «Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir», - deyə XİN-in açıqlamasında bildirilir: «Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır».

 

Rusiya əvəzinə «Avropa çətiri» Ermənistana nə verə bilər?

Əgər Ermənistan həqiqətən yeni strategiyada göstərilən istiqamətlər üzrə hərəkət etməyə başlayarsa, davamlı islahatlar apararsa, bu, onun üçün bir sıra imkanlar aça bilər. Aİ ilk növbədə məhkəmə sistemində islahatların, insan haqlarının və qanunun aliliyinin dəstəklənməsinə köklənəcək. Bu cür təzyiq və institutların demokratikləşdirilməsi respublikanın imicini dəyişə, köhnə elitaların təsirinin azaldılmasına, vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, dövlətə olan etimadın artırılmasına kömək edə bilər. Ermənistan üçün Avropa investisiyaları da əhəmiyyətli rol oynayacaq və ölkə iqtisadiyyatının inkişafını stimullaşdıracaq. Qrantlar, infrastruktur layihələrinə yatırımlar, energetika, ixracın şaxələndirilməsi və s. Ermənistan üçün iqtisadiyyatın müasirləşdirilməsi, ənənəvi bazarlardan asılılığın azaldılması və xarici investorların cəlbi şansıdır. Bu halda enerji və nəqliyyat sahəsində şaxələndirməyə getmək imkanı da yaranacaq. Hər halda, Aİ Ermənistanın enerji şəbəkələrini Avropa sistemləri ilə birləşdirəcək proqramlara, nəqliyyat və logistika infrastrukturunun inkişafına diqqət ayırır. Bu, strateji zəifliyin azalması, bir istiqamətdən asılılığın aradan qaldırılması, region daxilində və Avropa ilə daha çevik əlaqələr demək olacaq.

Daha bir imkan isə sivil beynəlxalq əlaqələrin qurulması məsələsidir. Avropanın layihələrində, proqramlarında iştirak, tərəfdaşlıq, yarmılara çıxış. Bu, Ermənistanın müxtəlif sahələrdə Avropa ilə və regional əməkdaşlığa daha açıq olmaq istəyini göstərəcək.

Ümumilikdə «Avropa çətiri» sadəcə rəmzi əhəmiyyət daşımır. O, Ermənistan üçün hiss olunan siyasi subyektlik formalaşdırmaq, əvvəlki ittifaqlardan asılılığı azaltmaq üçün bir alətdir.

 

Bəs Moskva? Bu dönüş Ermənistana nə vəd edir?

Aydındır ki, İrəvanın bu gedişi Moskvanın diqqətindən kənarda qala bilməz. Rəsmi açıqlamalarda artıq qeyd olunur ki, Ermənistanın Aİ ilə yaxınlaşması onun Rusiya ilə iqtisadi və hərbi-siyasi inteqrasiya layihələrində (Aİİ, KTMT və s.) iştirakı ilə ziddiyyət təşkil edir.

Bəs bu vəziyyət Rusiya üçün hansı anlama gəlir? Birincisi, təsir imkanlarının itirilməsi. Söhbət Moskva üçün Cənubi Qafqazda mövcudluğun əsas elementindən gedir. Ermənistan getdikcə Qərbə yaxınlaşacaqsa, Rusiya bölgədəki ənənəvi dayaq nöqtəsini itirmək riski ilə üzləşə bilər. Bu, həm də «Rusiya çətiri»nin əbədi təhlükəsizlik təminatı olmadığı mesajını da verəcək. İkincisi, strateji əhəmiyyətin itirilməsi. Geosiyasi plastiklik nümayiş etdirən İrəvan Rusiya üçün «bufer zona» rolunu azalda, eyni zamanda Aİ-nin «forpost»una çevrilə bilər. Üçüncüsü, rəqabətin artması. Aİ, ABŞ və digər qərbli tərəfdaşlar Ermənistana yatırımları artırmaqla, bu istiqamətdə səylərini gücləndirməklə Cənubi Qafqazda təsir imkanlarını yüksəltməyə ümid edə bilərlər ki, bu da regionda Moskvanın ənənəvi hökmran mövqeyini əlbəttə ki, zəiflədəcək.

Bir sözlə, baş verənlər Ermənistan üçün xarici siyasi oriyentasiyanı dəyişmək şansıdırsa, Rusiya üçün keçmiş müttəfiqinə münasibətini yenidən nəzərdən keçirməsi üçün səbəbdir.

 

Avropa niyə Gürcüstana deyil, Ermənistana üstünlük verir?

Bir sıra parametrlərə görə Gürcüstan Avropaya Ermənistandan daha yaxındır. O, daha sabit demokratik institutlara malikdir, cəmiyyətin Avropaya inteqrasiya tələbi daha güclüdür və Tbilisinin «Avopa yolu» ilə bağlı tarixçəsi daha aydındır. Buna baxmayaraq, görünən odur ki, Aİ-nin strateji seçimi Ermənistandır. Niyə?

Burada diqqəti çəkən ilk amil geosiyasi hesablamalardır. Ermənistan Avropa, Rusiya, İran və Qafqaz arasında mühüm qovşaqdır. Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı Vaşinqton razılaşması Ermənistanı Şərq-Qərb nəqliyyat kommunikasiyalarının subyektinə çevirir. Odur ki, İrəvanın xarici siyasətdəki bu dönüşü Brüsselə regionda təsir imkanlarını artırmaq, mürəkkəb və qeyri-sabit Cənubi Qafqaz məkanında bir növ, «körpü» rolunu oynamaq imkanı qazandıra bilər.

İkinci səbəb İrəvanın çevikliyidir. O, Gürcüstandan fərqli olaraq, Rusiya əleyhinə açıq ritorikadan istifadə etmir, «Rusiya çətiri»nin altında Şərqlə Qərb arasında balansı saxlamaqla, tədricən çıxmağa çalışır. Belə praqmatik yanaşma isə İrəvanı, əlbəttə ki, Aİ üçün daha cəlbedici edir.

Üçüncü səbəb institusional quruculuğa sıfırdan başlamaq imkanının mövcudluğudur. Gürcüstanla müqayisədə Ermənistan Avropaya inteqrasiya ilə bağlı mürəkkəb gözləntilərlə, uğursuzluqlarla daha az yüklənib. Aİ ona iqtisadiyyatını, institutlarını və qanunvericilik bazasını yenidən qurmaqda kömək etməklə, «yeni səhifədən» daha itaətkar müttəfiq qazana bilər. İslahatların uzun illər davam etdiyi və dəyişkən nəticələr verdiyi ölkələrdə buna nail olmaq daha çətindir.

Nəhayət, erməni dövləti 100 ildən artıq, ermənlik isə 200 ildən artıq müddətdə Cənubi Qafqazda Rusiyanın əlində alət olub. İndi bu «forpost»un itirilməsi Avropa və ümumilikdə Qərb tərəfindən Rusiyanın zəiflədilməsi baxımından çox vacib amil kimi qiymətləndirilir.

Bütün bunlarla yanaşı, Avropa bu prosesi Ermənistanın sürətlə Aİ üzvünə çevrilməsi yolu kimi görmür. Burada söhbət daha çox ortamüddətli strategiyadan gedir: islahatlar, əməkdaşlıq və tədricən yaxınlaşma. Aİ-nin əsas məqsədi sürətli, lakin riskli bəyanatlar yox, sabitlik və mərhələli quruculuqdur.

 

Mümkün risklər, çətinliklər və «suayrıcılar»

Ermənistanın Aİ ilə yaxınlaşma yolu, əlbəttə ki, hamar olmayacaq. Buna daxildə rusiyapərəstlərin, revanşistlərin və müxalifətin ciddi müqaviməti gözləniləndir. Xüsusilə ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə və elitanın yenidən formalaşdırılması ağrılı proseslər sayılır. Bu, təbii ki, köhnə rejimə aid qüvvələrin müqaviməti, mühafizəkar yanaşmalar və saxta vətənpərvərlik əhvali-ruhiyyəsi ilə üzləşəcək.

Rusiyanın reaksiyasını da proqnozlaşdırmaq çətin deyil. Təzyiqlər, diplomatik zərbələr, dezinformasiya cəhdləri, hibrid hücumlar və s. Bu gedişlərin miqyası, əlbəttə ki, İrəvanın Avropaya nə dərəcədə yaxınlaşacağından asılı olacaq. Brüsseldən artıq xəbərdarlıqlar eşidilməkdədir: xüsusilə Ermənistanda parlament seçkisinin keçirilməsi ərəfəsində Rusiya xeyli fəaldır və Aİ Moskvanın bu ölkənin daxili işlərinə müdaxiləsini yolverilməz sayır. Bununla yanaşı, Aİ Ermənistanın Rusiyaya müqavimət göstərməsi üçün ona maliyyə yardımı və siyasi dəstək də təklif edir.

Mümkün geosiyasi qeyri-sabitlik də mümkün risklər sırasındadır. Ermənistan iki münaqişəli bölgəsi olan Gürcüstanla həmsərhəddir. Gürcüstanın Lars sərhəd-keçid məntəqəsini Ermənistan mallarının tranzitinə qapatması Tbilisinin monopoliyanı itirmək, Zəngəzur dəhlizilə bağlı qısqanclıq hissləri fonunda daha intensiv hal ala bilər. Bundan başqa, İrəvanın İranla münasibətləri də çətinləşə bilər. Bütün bunlar, əlbəttə ki, ölkənin sabit inkişafına maneə yarada biləcək amillərdir. Aİ-nin dəstəyi şübhəsiz ki, vacibdir. Lakin uzunmüddətli dayanıqlıq üzərində işlənilməzsə, bu dəstək kifayət etməyəcək. Həmin dayanıqlılığa aparan yol ilə qonşu Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafından keçir.

İslahatlar kontekstində əhalinin dəyişən gözləntiləri də nəzərə alınmalıdır. Vəd olunan dəyişikliklər – iqtisadi inkişaf, investisiya axını, həyat səviyyəsinin yüksəlməsi – baş verməzsə, məyusluq arta bilər. Bu halda «qərbpərəst» qüvvələr koalisiyası dəstəyini itirəcək, ölkə yenidən qeyri-sabitliyə sürüklənəcək.

 

Ermənistan seçki qarşısındadır

Mirzoyanın Brüssel səfəri adi diplomatik missiyadan xeyli böyük hadisədir. Onu himayədarın dəyişməsinin rəmzi, xarici və daxili siyasətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək mümkündür. İrəvan bu fürsəti düzgün dəyərləndirərsə, «Avropa gündəliyi»nə keçid ehtiyatla reallaşdırılarsa, islahatlar aparılar, institutlar möhkəmləndirilər, iqtisadiyyat, həmçinin xarici əlaqələr şaxələndirilərsə, ölkə tədricən «Rusiya çətiri»nin kölgəsindən çıxa bilər.

Avropa üçün isə bu, Cənubi Qafqazda təsir imkanlarını gücləndirmək, regionda onun mövcudluğunu təmin edəcək tərəfdaş qazanmaq cəhdidir. Yeri gəlmişkən, bu istiqamətdə ilk addım artıq atılıb: Azərbaycanla sərhədə Aİ-nin müşahidə missiyası yerləşdirilib. Halbuki orada artıq uzun müddətdir ki, sakitlikdir. Bu, öz-özlüyündə həm də Rusiya üçün açıq siqnaldır: Moskvanın xarici siyasəti böhran yaşayır, keçmiş müttəfiqlər istiqaməti dəyişir və alışılmış təsir zonası dağılır.

Ermənistanın Aİ-yə doğru yönəlməsi yeni böhran, daxili parçalanma, etimadsızlıq və xarici təhdidlərin artması risklərini də yaradır. Tərəfdaşlarla münasibətlərdə ziddiyyətlər, davamlılığın olmaması, öhdəliklərin icrasında ləngimələr bu riskləri daha da artırır. İndiki mərhələdə bir şey aydındır: Ermənistandan bəyanatlar yox, razılaşmaların, üzərinə götürdüyü öhdəliklərin, ilk növbədə isə Azərbaycan qarşısında götürülmüş öhdəliklərin ardıcıl və real şəkildə icrası tələb olunur.



MƏSLƏHƏT GÖR:

73