8 Yanvar 2026

Cümə axşamı, 03:31

ERMƏNİSAYAĞI «WIKILEAKS»

Paşinyanın «at gedişi» baş tutdumu?

Müəllif:

15.12.2025

Geniş yayılmış belə bir fikir var ki, açıq siyasət hər zaman bir qədər şou və ictimaiyyət üçün oynanılan oyundur. Söhbət seçkiqabağı kampaniyadan getdikdə isə ictimaiyyət üçün oynanılan bu oyunun çəkisi daha da artır. Siyasi texnoloqlar, çıxış yazanlar və digər məsləhətçilər məhz bu səbəbdən deyirlər ki, seçicilər, xüsusilə də qadın seçicilər daha çox «qulaqla sevir». Odur ki, seçkiqabağı kampaniya zamanı təəssürat yaratmaq, seçicilərə məhz onların eşitmək istədikləri sözləri demək son dərəcə vacibdir. Bundan başqa, onlara rəqiblərin bir-birini sensasion məsələlərdə ifşası, səs-küylü qalmaqallar da xoş gəlir.

Ermənistanda keçiriləcək növbəti parlament seçkisinə hələ kifayət qədər vaxt var. Onun 2026-cı ilin iyununda keçirilməsi nəzərdə tutulub. Lakin ölkədə seçki kampaniyası de-fakto artıq sıxışdırılmağa başlayıb. Bu, prosesin həm qalmaqallı, həm də «baxımlı» keçəcəyini göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan prosesə hücum taktikası ilə başlayıb. O, inzibati resurslardan da istifadə etməklə, təhlükəli rəqiblərinə kifayət qədər ağır zərbələr endirir. Bunun nə qədər uğurlu olduğu isə yalnız gələn ilin yayında məlum olacaq.

 

Sabiq prezidentlər və… keçmiş vasitəçilər üçün «bomba»

Bu siyasi mövsümün ən səs-küylü sensasiyası bəlkə də Ermənistan hökumətinin Qarabağ üzrə aparılmış danışıqlara aid sənədləri dərc etməsi olub. Doğrudur, Azərbaycanın Qarabağda qeyd-şərtsiz qələbə qazanmasından, onun nəticələrini siyasi və diplomatik yollarla möhkəmləndirməsindən sonra keçmiş dövrə aid bütün layihələr və təkliflər ən yaxşı halda yalnız tarixi maraq kəsb edir. Hər halda, Azərbaycan ordusu Xankəndidəki işğalçı xuntanı «zibil yeşiyi»nə atmaqla kifayətlənməyib, həm də müxtəlif formalı Paris və Ki-Uest prinsiplərini, Kazan sənədlərini, eləcə də Madrid təkliflərini də tarixin arxivinə göndərib. Qarabağ mövzusu artıq daxili siyasi məsələ olmaqdan çıxıb. Bakı bu ümummilli məsələni uğurla həll edib, münaqişə səhifəsini çevirib və belə vəziyyətdə Ermənistan hökumətinin Qarabağla bağlı aparılmış danışıqlara dair sənədləri dərc etməsinin Azərbaycanda ciddi müzakirələrə yol açmaması gözlənilən idi.

Bununla yanaşı, sənədlərin ortaya qoyulması ilə vaxtilə Azərbaycanın kapitulyasiyasını təklif etmiş keçmiş vasitəçilərin nüfuzuna da ciddi zərbə dəyib. Xatırladaq ki, keçmiş təkliflər Ermənistan qoşunlarını keçmiş «DQMV» ətrafındakı beş rayondan çıxarmasını, lakin Qarabağın özünü nəzarətdə saxlamasını nəzərdə tutub. Bununla yanaşı, Laçınla Kəlbəcər də Ermənistanın nəzarətində qalmalı idi. Bölgənin yekun statusunun müəyyənləşdirilməsinədək Qarabağ faktiki olaraq ikinci erməni dövlətinə çevrilməli imiş – özünümüdafiə qüvvələri, xarici əlaqələr və s. Təkliflərə əsasən, Azərbaycan geri qaytarılmış beş rayona qaçqınları qaytara bilər, lakin oraya ordu yerləşdirə bilməzmiş. Bölgədə Azərbaycanın yalnız yüngül atıcı silahlarla silahlanmış polis və sərhədçiləri ola bilərmiş. Aydındır ki, bu təkliflərin yerinə yetirilməsi əslində yeni müharibəyə qapı da açacaqdı.

Ermənistanda isə vəziyyət fərqlidir. Orada Qarabağ məsələsi hələ də daxili siyasətin ən ağrılı mövzusu olaraq qalır. Belə bir vəziyyətdə aparılmış danışıqlarla bağlı sənədlərin dərci Paşinyan üçün bir neçə məsələni həll etməli idi. Baş nazir diplomatik arenada əsas mövqelərin ondan əvvəl «təslim edildiyini» göstərməyə çalışır. Yəni regionda yeni müharibənin başlamasına görə günah ölkənin sabiq prezidentləri, bu gün Paşinyanın ən təhlükəli siyasi rəqibləri olan Robert Koçaryan və Serj Sarqsyandadır. Bununla, Paşinyan «xəyanətkar» damğasından qurtulmağa çalışıb.

Bəs bu ermənisayağı «Vikiliks»in real effekti nədən ibarətdir?

 

Müharibə sifarişi kimdən gəlmişdi?

Sabiq prezidentlərin özləri müsahibələr verməyə, bəraət qazanmaq üçün cəhdlər etməyə tələsmirlər. Onların tərəfdarları isə artıq Paşinyana onun günahlarını xatırladırlar. Məsələn, erməni TG-blogerlərdən olan Andranik Ovannisyan deyir: «2019-cu ilin avqustunda Paşinyan «Stepanakert»ə gedir, orada mitinq keçirir və «Artsax Ermənistandır, nöqtə!» şüarını səsləndirir. Əliyev bu faktdan istifadə edərək danışıqlar prosesini dayandırır, İrəvanı destruktiv addımlar atmaqda günahlandırır. 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində toqquşma baş verir, Paşinyan bu toqquşmanın iştirakçılarını təntənəli şəkildə təltif edir, gərginliyi daha da artırır. 2020-ci ilin avqustunda Nikol Paşinyan və Armen Sarqsyan (Ermənistanın sabiq prezidenti) Sevr müqaviləsinin 100 illiyinə həsr olunmuş konfransda iştirak edirlər. Bu, faktiki olaraq, Türkiyəyə qarşı açıq təxribat idi. Məqsəd nə idi?».

Bənzər fikirləri 44 günlük müharibə bitər-bitməz BBC-yə müsahibə verən erməni əsilli amerikalı tarixçi və diplomat Jirayr Libaryan da səsləndirmişdi.

Bununla yanaşı, Ermənistan siyasi elitasının bütün nəsilləri üçün son dərəcə xoşagəlməz daha bir məqam var. Qarabağ nizamlanmasının hüquqi bazası hələ 1990-cı illərin əvvəllərində formalaşmışdı və o, Ermənistan üçün heç nə vəd etmirdi. Birincisi, Cənubi Qafqaz ölkələri mövcud sərhədləri çərçivəsində tanınmışdı, Azərbaycana münasibətdə isə bu sərhədlərə Qarabağ da daxil idi. İkincisi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi var idi. Vasitəçilərin qəbul edilə biləcək və bilməyəcək müxtəlif təkliflərindən fərqli olaraq, onlar hüquqi qüvvəyə malik sənədlər idi.

Bütün bunlarla yanaşı, 1997-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Azərbaycanla razılığa gəlməyə çalışmışdısa, sonrakı hakimiyyət komandaları – Koçaryan, Sarqsyan və Paşinyan hökumətləri son savaşadəkki dövrdə nə danışıqlar aparmağı, nə də hətta vasitəçilərin təkliflərində yer alan beş rayonun boşaldılmasına belə, cəhd edirdilər. İrəvanda düşünürdülər ki, bir müddət də keçdikdən sonra Bakı təmas xəttini yeni sərhəd kimi tanımaq məcburiyyətində qalacaq.

İrəvanda Kazan sənədləri, Madrid prinsipləri və sairə qəfil «sevgi» artıq uduzulmuş savaşdan sonra baş qaldırmışdı. «Yeni ərazilər uğrunda yeni müharibə» kimi planlaşdırılan savaşdan.

Bütün bunlarla yanaşı, qeyd olunanlar fonunda sözügedən sənədlərin dərci, əlbəttə ki, Ermənistan cəmiyyətinin şüurunda inqilabi dəyişikliklərə yol açılması üçün kifayət deyil. Orada seçicilərin əksəriyyəti əvvəlki mövqeyində qalır.

 

Nikol Paşinyanın ikinci cəbhəsi

Söhbət Ermənistanın hazırkı baş nazirinin kilsəni nəzarətə götürmək cəhdindən gedir. Artıq bununla bağlı yol xəritəsi də dərc edilib: hökuməti katolikos II Qaregini vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. Artıq baş nazirin tərəfdarları onu dünyəvi adı ilə çağırırlar – Ktriç Nersisyan. Katolikosun yerinə müvəqqəti icraçı təyin olunmalı, ardınca isə erməni kilsəsinə yeni başçı seçkisi keçirilməlidir. Paralel olaraq hökumət ruhanilərdən maliyyə şəffaflığı tələb etməyə də başlayıb.

Bundan başqa, N.Paşinyan hesab edir ki, litrugiyanın başlamasından əvvəl Ermənistanın dövlət himni səsləndirilməlidir.

Lakin bütün bunlar məsələnin görünən tərəfidir. Reallıqda ölkədə artıq bir neçə baş keşiş, hətta Eçmiədzin kargüzarlıq idarəsinin rəhbəri belə, həbs olunub. Bununla paralel olaraq, Paşinyan kilsə daxilində öz «alternativ cəbhəsi»ni formalaşdırır, II Qaregini vəzifədən kənarlaşdırmaq planını dəstəkləməyə hazır olan keşişlərlə görüşlər keçirir.

Baş nazirin bu yolla revanşistlərin dayaqlarına zərbə vurmağa çalışdığını düşünmək cazibəli gəlir. Amma bu görüşlərdə iştirak edənlər arasında erməni kilsəsinin «Artsax yeparxiyası»nın rəhbəri, baş keşiş Vratanes Abramyan da var idi. Məlum olduğu kimi, bu yeparxiya Azərbaycan ərazilərinin işğalından və «miatsum» oyununun başlamasından sonra yaradılıb. Qarabağın azad olunmasından və işğalçı xuntanın süqutundan sonra isə Eçmiədzin onu ləğv etməyib. Bəlkə də baş nazir kilsə daxilində öz tərəfdarlarından ibarət cəbhənin formalaşdırılmasında hansı keşişlərə arxalanacağını xüsusi seçmir. Amma belə «səhlənkarlıq» düşünmək üçün əsas verir. Üstəlik, onun bütün mühüm ictimai institutları nəzarətə götürmək niyyəti ortadadır. Baş nazir hələ müharibədən əvvəl Ermənistan Konstitusiya Məhkəməsini uğurla hökumətin tabeliyinə keçirib. Bu prosesdə növbəti mərhələ kilsədir. Nəhayət, aydındır ki, bütün bu işlərin sonunda həlledici amil «Vətəndaş Müqaviləsi»nin gələn il keçiriləcək parlament seçkisində qazanacağı uğuru və ya üzləşəcəyi uğursuzluq olacaq.

 

Eçmiədzindən Gümrüyədək

Bu yaxınlara qədər elə təəssürat yaranırdı ki, Nikol Paşinyan revanşistlərin, ən əsası isə kilsə dairələrinin mövqelərinə sarsıdıcı zərbə endirə bilib. Katolikosun iqamətgahının və Eçmiədzin monastırının yerləşdiyi Vağarşapatda keçirilən yerli seçki hazırkı baş nazirin tərəfdarlarının qələbəsi ilə başa çatıb. Müxalifət guya seçkidən əvvəl dairənin sərhədlərinin dəyişdirildiyini, bununla da, Paşinyan tərəfdarlarının çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin dairəyə əlavə olunduğunu bildirsə də, bu, baş nazirin düşərgəsindəki sevinci azaltmayıb.

Amma ictimai rəydə tam qələbəyə hələ çox var. Bunu Paşinyanın ölkənin ikinci böyük şəhəri olan Gümrüyə səfəri də təsdiqləyib – gümrülülər hökumət başçısını etirazla qarşılayıb. Bundan əvvəl isə Paşinyanın tərəfdarları Gümrüdə seçkini uduzmuş, mer postuna müxalifətçi Vardan Qukasyan seçilmişdi. Doğrudur, hazırda istər Qukasyan, istərsə də onun müavini həbsdədirlər. Amma bu, şəhərdəki ümumi vəziyyəti dəyişmir. Aydındır ki, bu şəhərdə elektoratın əhvalını kilsədən çox buradakı Rusiya hərbi bazası formalaşdırır. Hər bir halda, Ermənistanda ictimai rəy uğrunda mübarizə yeni qızışır və bu mübarizənin getdikcə daha kəskin xarakter alacağı aydın görünür.



MƏSLƏHƏT GÖR:

53